İsmayil Hikmətin anadilli Azərbaycan ədəbiyyatı
konsepsiyasında Qazi Bürhanəddinin yeri
F.Köçərlinin
1925-1926-cı illərdə nəşr olunan "Azərbaycan
ədəbiyyatı tarixi materialları" kitabından - ilk ədəbiyyat
tariximizdən cəmi iki il sonra 20-ci illərdə Azərbaycanda
elm və təhsil sahələrində ardıcıl və məhsuldar
çalışan böyük türk alimi İsmayıl Hikmətin
iki cilddən ibarət "Azərbaycan ədəbiyyatı
tarixi" kitabı (Bakı. Azərnəşr,
1928) işıq üzü gördü. Kitab
orta əsrlər Azərbaycan ədəbiyyatını zəngin
ilk qaynaqlar əsasında araşdıran sistemli tədqiqat
kimi yazılsa da, həmin illərdə siyasi rejimin antitürk
siyasəti onun geniş yayılmasına və təbliğinə
imkan vermədi. Miqyassız zəhmətin
məhsulu olan bu əsər türkçülük
konsepsiyası ilə yazıldığı üçün
kəskin tənqidə məruz qaldı. Orta
əsrlər anadilli ədəbiyyatımız haqqında bu
fundamental tədqiqat öz tarixi funksiyasını yerinə
yetirmək imkanlarından məhrum edildi. Ədəbiyyat
tarixi kimi çox ciddi novator keyfiyyətlərə malik olan bu
əsərin ədəbiyyat tarixçiliyimizin sonrakı
inkişaf mərhələlərində öz sağlam ənənələri
ilə iştirakı imkanları məhdudlaşdırıldı.
Yalnız müstəqillik ərəfəsi və
dövründə kitaba və ümumiyyətlə, İ.Hikmətin
tədqiqatlarına münasibətin loyallaşması və
qismən də olsa diqqətin artmasını, N.Şəmsizadə
və F.Ağayevin onun haqqında əhatəli tədqiqatlarla
çıxışını, İ.Həbibbəylinin, Azər
Turanın yazılarında alimin irsinə münasibətin
istiləşməsini müşahidə edirik. Bütün
bunlarla bərabər, İ.Hikmətin xüsusilə anadilli ədəbiyyatımızla
bağlı araşdırmalarının çox əhatəli
və konseptual öyrənilməsinə, itirilmiş
haqqının geri qaytarılmasına ehtiyac var.
Müstəqillik dövründə yaranan ədəbiyyat
tarixlərində belə onun orta əsrlər ədəbiyyatına
baxışları tarixilik prinsipi ilə və obyektiv şəkildə
qiymətləndirilmir. Orta əsr sənətkarlarına
münasibətdə İ.Hikmətin adı ya unudulur, ya da tədqiqatçıların
ümumi sırasında çəkilir. Əksərən
və ən yaxşı halda onun araşdırmaları
sıradan tədqiqatlar fonunda dəyərləndirilir. Bu və bu tipli əsərlərdə İ.Hikmətin
tədqiqatlarına inkarçı münasibət yoxdur, ciddi
tənqidi baxış da yer almır. Lakin
İ.Hikmətin orta əsrlər ədəbiyyatına, onun
ayrı-ayrı nümayəndələrinin
yaradıcılığına baxışlarındakı əsaslı
konsepsiya fərqinə də diqqət yetirilmir. Alimin təhlilləri təqdir olunanda da, tənqid
olunanda da onun baxış bucağının digər
bütün tədqiqatçılarınkından prinsip
etibarilə fərqlənməsi diqqəti çəkmir.
Onun təsəvvüf ədəbiyyatına tənqidi
münasibətinin fərqli konseptual baxışdan irəli gəlməsi
heç bir halda ədəbiyyatşünaslığı
düşündürə bilmir.
Müasir ədəbiyyatşünaslığımızdan
belə bir fikir keçir ki, təriqət ədəbiyyatını
"orta yüzilliklər ədəbi meydanının məhsulları
içərisindən götürsək, meydan çox yoxsul,
bəsit və miskin görünər" (Y.Babayev. Azərbaycan ədəbiyyatı
tarixi [XIII-XVIII əsrlər]. Bakı.
Elm və təhsil, 2014, s.135).
Bu
mülahizəyə orta əsrlər ədəbiyyatı
üzrə bütün tədqiqatçıların şərik
ola biləcəyi halda, İ.Hikmətin
tamam fərqli və əslində əks məntiqlə
düşünə biləcəyinin fərqinə
varılmır. Elə ona görə də
müstəqillik dövrü ədəbiyyatşünaslığının
ədəbiyyat tarixinə münasibətdə İ.Hikmətin
konsepsiyasına ayrıca, xüsusi bir diqqət yetirməsinin
zəruriliyi dərk oluna bilmir. İ.Hikmətin
əks məntiqinin mahiyyətini necə başa düşmək
olar? Sualın cavabını və
ümumiyyətlə, alimin anadilli ədəbiyyat
konsepsiyasının mahiyyətini Qazi Burhanəddin
yaradıcılığına baxış bucağını
izah etməklə aydınlaşdırmağa
çalışaq.
İ.Hikmət
Qazi Bürhanəddinin həyatının çox hissəsini
qazilikdə keçirməsinə, yəni
daşıdığı vəzifə etibarilə dinə
bağlı bir insan olmasına, "dinin həyat üzərində
dərin bir hökmü bulundığı zaman"da
yaşamasına rəğmən "özündən əvvəl
və sonra gələn bir çox şeyxlər və hətta
şahlar qədər belə dini ədəbiyyata
bağlaşmadığı", qənaətindədir. Ümumiyyətlə, alim araşdırmalarında
Q.Bürhanəddinin yaradıcılığını dini
dünyagörüşündən uzaq tutmağa
çalışır. Bu mənada
şairin açıq-aşkar dini
dünyagörüşü mövqeyindən
yazılmış bəzi əsərlərinin belə dini
mahiyyətdən uzaq olması haqqında iddiası ilə
razılaşmaq olmaz. Onun nümunə göstərdiyi
tuyuğlarda
Q.Bürhanəddinin Allaha inancının
bütövlüyü, İslam dininə bütün
varlığı ilə bağlılığı aşkar
görünür.
Ancaq
İ.Hikmətin Q.Bürhanəddini "dini cərəyan"
nümayəndələri, yəni təsəvvüfə
bağlı sənətkarlar sırasında təqdim etməsinə
baxmayaraq, onun bu şairi "dini cərəyan" nümayəndəsi
- təsəvvüfün birbaşa ifadəçisi kimi
görməyə çətinlik çəkməsində
böyük həqiqət var. İ.Hikmətə görə,
Q.Bürhanəddinin bəzi şeirlərində "təsəvvüf
rəngi" görünür, "təsəvvüfə
yaxınlaşma" var, lakin tədqiqatçı belə bir
qəti qənaətdədir ki, "heç bir zaman təsəvvüf
Qazi Bürhanəddində bir qayə olaraq görülməmişdir".
Orta əsrlər
Azərbaycan şeirində təsəvvüfün iki mərhələdən
keçdiyini önə çəkən, birinci mərhələyə
şərti olaraq "dini cərəyan", ikinci mərhələyə
"elmi cərəyan" adı verən İ.Hikmət əsərlərindəki
təsəvvüf əlamətlərinə görə
Q.Bürhanəddini olsa-olsa "elmi cərəyan"
nümayəndəsi kimi görməyin
mümkünlüyündən söz açır,
yaradıcılığında "təsəvvüfü
aşkar göstərən parçaları", işlətdiyi
"təlmihləri və təşbihləri" nəzərə
alaraq, onun "təriqətpərəst və təlqinatçı
bir şair" olmadığını, "təsəvvüfün"
onda "ancaq bir elm bəzəyi" olması qənaətini
irəli sürür. Bu qənaətlə
şairi "elmi cərəyan" nümayəndəsi hesab
etməyin mümkünlüyü fikrini dövriyyəyə
buraxırsa da, son nəticədə belə bir qənaətə
gəlir ki, Q.Bürhanəddin "tamamilə o çərçivənin
içində qalmayır".
İ.Hikmətin bədii mətnə həssas münasibəti
onun Q.Bürhanəddini bədii təfəkkürünün
tipi ilə özündən əvvəl və hətta sonra gələn
sənətkarlardan əsaslı şəkildə fərqləndirməsində
aşkar görünür. Alim hesab edir ki,
"Qazi Bürhanəddin sadə Azəri türk ədəbiyyatında
deyil, ümumtürk ədəbiyyatında tək
qalmış, növi şəxsinə münhəsir bir
şairdir". Bu mülahizə
Q.Bürhanəddinin dövrünün ümumtürk, eləcə
də Azərbaycan ədəbiyyatında tam novator bir şair
olmasını işarələyir. Bu novatorluq, İ.Hikmətin
tədqiqatlarına görə, ilk növbədə,
şairin şeirdə fars zehniyyətinə
müqavimətindən doğulur. Tədqiqatçı
şairin şeirlərindən misal gətirərək
onların "nə mənalarında, nə ədalarında,
nə şəkil və sənətlərində əcəm
üsulu, tərifdə mübaliğələr və
süniliklər görülür" deməklə, onun fars poetik düşüncə sistemindən
uzaqlaşmaq imkanlarını vurğulayır. İ.Hikmət
bu cəhətə xüsusi dəyər verir. Ona görə
ki, milli tarixi ədəbi prosesin bu hərəkətində fars poetik təfəkkür tipindən
imtinanın əsaslı başlanğıcını
görür. Tədqiqatçının bu
müşahidələri müstəqillik dövrü ədəbiyyatşünaslığının
mülahizələrində də təsdiqini tapır. N.Cəfərov deyəndə ki, "...panteist
estetika Q.Bürhanəddinin poetik sistemini izah etmək
üçün kifayət etmir, çünki Q.Bürhanəddin
qədim türk poetik təfəkkürünü də
yaşadır" (Seçilmiş əsərləri. Beş cilddə. II cild. Bakı. Elm, 2007, s.26), Y.Babayev
xüsusi vurğulayanda ki, "Bürhanəddin təriqət
şairi deyil" (Göstərilən əsəri. s.290), biz
analitik elmi təhlildən doğan bu qənaətləri
İ.Hikmətin fikirlərinin təsdiqi kimi başa
düşməklə bərabər, şeirdə ənənəvi
təfəkkür tipindən imtina prosesinin elmi ümumiləşdirilməsi
kimi qəbul edirik.
İ.Hikmətə görə, Q.Bürhanəddin
şeirinin novatorluğunu təyin edən aparıcı cəhətlərdən
biri onun həyatiliyidir. Şairin şeirlərində
bütün hissi yaşantı və duyğuların, fikirlərin
mənbəyi həyatdır. Həyatilik tədqiqatçıya
görə, Q.Bürhanəddin şeirinin ona görə qiymətli
tərəfidir ki, bu xüsusiyyət şairin
yaradıcılığına türk məişətinin,
türk yaşayış tərzinin, türk ruhunun gəlişinə
və aparıcı mövqe qazanmasına vəsilə olur.
Başqa sözlə, məntiq budur ki, türk
şeirinin qövmi-xəlqi xüsusiyyət kəsb etməsi
üçün o, birinci növbədə ənənəvi
zehniyyətdən ayrılmalıdır ki, sonra da həyata
nüfuz etmək imkanı qazansın.
Tədqiqatçıya görə, Q.Bürhanəddin
şeirinin "türk ədəbiyyatında böyük bir
izi və böyük bir təsiri vardır". İ.Hikmət
Qazi Bürhanəddinə türk ədəbiyyatında niyə
bu qədər mötəbər mövqe ayırır? Ona görə ki, şairin şeirlərində
görünən ideya-məzmun, eyni zamanda forma-janr xüsusiyyətləri
türk şeirinin onun özündən sonrakı yolunu müəyyənləşdirmək
gücündədir. Alim Q.Bürhanəddinin şeirlərində
türk ruhunun özünəqayıdışını
görür, onun müasirlərinin və xələflərinin
əcəm ruhuna qapılmaqdan qopub türk xəlqiyyatını
ifadəyə keçə bilməməsinə
ağrınır: "Lakin nə yazıq ki, özündən
sonra gələn şairlər gərək dil, gərək sənət,
gərək zehniyyət və gərək ilham etibarilə
onun qədər türk ruhuna, türk ənənəsinə
və türk duyğusuna riayət edəməmiş, ərəb-əcəm
sənətinin, islam nüfuzunun böyüməsinə
(sehriyyətə) bağlanıb getmişlərdir". Bu mülahizədə orta əsrlərin türk
şeirinin həm zəif cəhətləri, həm bu zəiflik
sərhədlərini yarıb keçmək cəhdləri, həm
də onu orijinallığa və özünəməxsusluğa
aparan yolun konturları cızılmışdır.
İ.Hikmət
Q.Bürhanəddinin türk şeirinin inkişafına xidmətinin
üç istiqamətini fərqləndirir: "Bəşəri
eşqi ədəbiyyatımıza gətirməsi",
"ilk dəfə olaraq qərb-türk ləhcəsiylə
rübai tənzim etməsi" və nəhayət,
"tuyuğları bizə tanıtmış olması".
Ancaq İ.Hikmətin Q.Bürhanəddin şeirləri ilə
bağlı araşdırmalarında onun türk şeirinin
inkişafına xidmətləri bu qeyd olunan üç cəhətdən
daha əhatəli və çox istiqamətli
görünür.
Azərbaycan
türk şeirində dilin türkləşməsi istiqamətində
Həsənoğlu yaradıcılığından
başlayan proses Q.Bürhanəddində daha əhatəli,
şüurlu və məqsədli bir şəkil alır.
İ.Hikmət Q.Bürhanəddinin dilə münasibətdə
sələflərinin və müasirlərinin
yaradıcılığındakından fərqli gedən bir
prosesi müşahidə edir və müşahidə etdiklərini
türk şeirinə xidmətin, mahiyyətcə isə
türk-Azərbaycan dilini yaşatmağın gerçəkləşən
imkanları kimi dəyrələndirir. İ.Hikmət yazır:
"Əgər dili tədqiq olunursa, kullandığı ərəb
və fars kəlmələri başqa şairlərə nəzərən
çox az və məhduddur. Türk kəlmələrinə
Qazinin ayrıca bir əhəmiyyət verdiyi
görülür". Bu, artıq poetik
dildə bir islahatdır. Ana dilini
yaşatmaq uğrunda mübarizədir. Bir tərəfdən
doğma dili fars dilinin təsirindən
qurtarmaq, o biri tərəfdən doğma dilin potensialını
işə salmaqla ona yüksək poetik dil imkanları
qazandırmaq. Şeirdə fars təsirinin
və fars dilinin tüğyan etdiyi bir zamanda bunu həyata
keçirməyə başlamaq, müasir terminologiya ilə
desək, şairdən həqiqətən vətəndaşlıq
şüuru tələb edirdi.
Şairin
poeziya dilində apardığı bu islahatın heç də
asan olmadığı, türk dilinin poeziya dilinə
çevrilməsinin əsaslı ənənəsi və təcrübəsinin
çatışmadığı bir zamanda şairin buna
şüurlu surətdə getməsi, fars poetik ifadə sistemi
ilə şeir yazmağın daha asan və şairin uğurunu
təmin etməyin mühüm vasitəsi olduğunu dərk
edərək, onu da dərk edərək ki, şeirdəki
türkləşmə sənətkarlığı zəiflədir,
dolayısı ilə şairin poetik imkanlarını məhdudlaşdırır,
bütün bunların hamısına rəğmən
Q.Bürhanəddinin belə bir şeir islahatı ardınca getməsini
İ.Hikmət ona türk şeir tarixində müstəsna
bir mövqe qazandıran cəhət hesab edir.
İ.Hikmətin
təsəvvüf ədəbiyyatına tənqidi münasibəti
türkün həyat tərzinin, xarakterinin və ruhunun tərcümanı
ola bilməməsi ilə
bağlıdır. Tədqiqatçı Q.
Bürhanəddinin yaradıcılığından,
sözün həqiqi mənasında, ona görə
şövqlə danışır, onu yüksək qiymətləndirir
ki, şairin şeirlərinin həyatiliyində türk məişətinin,
türk xarakterinin, türk ruhunun ifadəsini görür.
Şairin tuyuğlarından seçmə nümunələri
təhlilə cəlb edən tədqiqatçı onları
"qəhrəmanlıq şeirləri nümunələri"
hesab edir. Tədqiqatçıya görə, bu şeirlərin
dəyəri ondadır ki, yaşanılmış
duyğuların ifadəsi kimi doğulur və bu
duyğuların mənbəyi türkün qövmi həyatıdır.
İ.Hikmət yazır: "Əski şairlərimizdən haman heç birində biz bu yolda ifadə və
mənayi görəmiriz. Bunlar öz həyatının,
öz təcrübə və sərgüzəştlərinin
birər hekayəsi deməkdir və bunları açıq
bir ürəklə, açıq bir dillə söyləyir".
Bu sözlərlə, İ.Hikmət təkcə
Q.Bürhanəddin şeirinin özünəməxsusluğunu
aşkarlamır. Onu həyəcana gətirən həm də
budur ki, o, şairin bu şeir tərzində türk
şeirinin getməli olduğu yolu görür.
İ.Hikmət
üçün Q.Bürhanəddinin
yaradıcılığı türk şeirinin fars təsirindən qurtarmasının modeli
idi. Tədqiqatçıya görə, şair
bu modeli həm şeirin mövzu və məzmununda, həm
dilində, həm təsvir və ifadə vasitələrində,
həm də formasında gerçəkləşdirmişdi.
İ.Hikmətin bu mövqeyi sonrakı dövr ədəbiyyatşünaslığında
prinsip etibarilə təsdiqlənir. "Müxtəsər
Azərbaycan ədəbiyyatı tarixi"ndə Azərbaycan ədəbiyyatında
təriqət ədəbiyyatından fərqlənən bir
qolun da meydana çıxmasından söhbət gedir. Bu qolun xalq ədəbiyyatı ilə əlaqələnməsi,
dünyəvi məhəbbətdən bəhs etməsi, dil
sadəliyi, bədii təsvir vasitələri etibarilə təriqət
ədəbiyyatından ayrılması üzərində
dayanılır və əsas bədii istinad mənbəyi kimi
Q.Bürhanəddinin yaradıcılığı
götürülür.
Q.Bürhanəddinin ədəbiyyat tariximizdəki əsas
xidmətlərindən biri kimi türk şeirinin tarixi
janrı olan tuyuğu ədəbi dövriyyəyə daxil etməsi
olmuşdur. Poetik fikrin bilavasitə qövmi həyatla əlaqələnməsi
baxımından Q.Bürhanəddinin tuyuğları ədəbiyyat
tariximizdə həmişə diqqət mərkəzində
olmuşdur. İ.Hikmət tuyuğu əski türk
şeir şəkillərindən biri hesab edir: "Tuyuğ əski
türk şairlərində mərğub bir şəkli-nəzm
imiş". Müasir ədəbiyyat tarixlərində
də onun ilk mənşəyinə görə "heca vəznində,
dördlük formasında türk folklor şeir"inə
bağlılığı təsdiq olunur, eyni zamanda bu ədəbiyyat
tarixlərindən belə bir fikir də keçir ki,
"türkdilli poeziyada tuyuğların əruzda ilk kamil
nümunələri Qazi Bürhanəddinə aiddir" (Azərbaycan
ədəbiyyatı tarixi. Altı cilddə.
III cild. Bakı. Elm, 2009, s.204). Müasir ədəbiyyatşünaslıq
Q.Bürhanəddinin elm aləminə məlum olan
tuyuğlarının hamısından əruz vəznində
yazılmış əsərlər kimi bəhs edir. Lakin İ.Hikmətin məsələyə baxışı
bir qədər fərqlidir. O, xüsusi vurğulayır
ki, "tuyuğların əksəriyyəti "failatün
failatün failat"" vəznindədir (Rəməl bəhri
nəzərdə tutulur - T.S., Y.D.). Fəqət
bəziləri "barmaq hesabı" ilə
yazılmışdır". İ.Hikmət
tuyuğların vəzni ilə bağlı mövqeyini başqa
bir mülahizəsində də ifadə edir: "Könül
istərdi ki, o, bütün tuyuğların heca vəzni ilə
barmaq hesabı ilə yazaydı". Ancaq bir iş var ki,
İ.Hikmətin Q.Bürhanəddinin tuyuğlarının bir
qisminin heca vəznində yazılması haqqındakı fikri
sonrakı tədqiqatlarda, həmçinin ədəbiyyat
tarixlərində öz təsdiqini tapa bilmir. Əslində
Q.Bürhanəddinin heca vəznində tuyuğlarının
olması, daha doğrusu, onun öz tuyuğlarını heca vəznində
yazması haqqında ilk mülahizələri Avropa şərqşünasları
Gibb və Hammer söyləmişlər. Ə.Abid
"Qazi Bürhanəddinin tuyuğları" adlı məqaləsində
yazır ki, "...Gibb və Hammer kibi müştəşriqlər
Bürhanəddinin tuyuğlarını heca vəznində
yazdığı qənaətində bulunmuşlardı".
Ə.Abid hesab edir ki, Avropa şərqşünaslarının
bu fikirlərini türk tədqiqatçısı Şəhabəddin
Süleyman da öz tədqiqatlarında fərqinə varmadan qəbul
etmişdir.
Ə.Abid
bu yanlışğıla yol verilməsini iki səbəblə
əlaqələndirir: Birincisi, Q.Bürhanəddinin Britaniya
müzeyindəki divanının mətninin oxunmasında yol
verilən yanlışlıqlar, ikincisi isə şairin
özünün əsərlərində nəzərə
çarpan vəzn pozuqluğu. Onun fikrincə,
bu iki tip yanlışlıq tuyuğların vəznini
"çox xələldar" etmiş, bu səbəbdən
də həmin əsərlərin heca vəznində
yazıldığı fikri irəli
sürülmüşdür. Tədqiqatçı
düşünür ki, "fəqət bu - tuyuğların
heca ilə yazıldığı haqqında qəti bir
hökmü icab etdirməz". Göründüyü
kimi, Ə.Abid Q.Bürhanəddinin tuyuğlarının
hamısının heca vəznində yazılması fikrinə
qarşı çıxır. Eyni zamanda,
heca vəznində də tuyuğlarının olmasını
qəti şəkildə inkar da etmir. Bu da
diqqətimizi cəlb edir ki, Ə.Abid Şəhabəddin
Süleymanın nüfuzlu bir alim olduğunu da etiraf edir.
Onun nöqteyi-nəzərinə görə, bu
cəhəti nəzərə alanda alimin Q.Bürhanəddinin
heca vəznli tuyuğlarının olmasına dair fikirləri
Gibbdən tuyuğ mətnlərini müqayisəyə cəlb
etmədən aldığı qənaəti önə
çıxır.
Lakin Ə.Abidin tuyuğ janrı haqqında elə
mülahizələri də var ki, onun müəyyənləşdirdiyi
bu xüsusiyyətlərlə tuyuğun heca vəznində də
yazıla bilməsi tamamilə mümkün görünür. O, bu qənaətdədir
ki, tuyuğların qafiyə sisteminin mükəmməl
cinaslarla müşayiət olunması əski türk
"mani"lərindən gələn xüsusiyyətdir. Eyni zamanda, Ə.Abidin fikrincə, tuyuğların əruzun
"failətin, failətin, failət"
ölçüsündə yazılması da bu janrın əski
on bir hecalı "qoşuq" ənənəsindən tamamən
ayrılmamaq təbəəsindən irəli gəlmişdir".
Ə.Abidin bu fikirlərini əsas alsaq, tuyuğun əski
türk şeiri ənənəsi üzərində meydana
çıxdığını, onda bu şeirin həm qafiyə-cinas,
həm də vəzn əlamətlərinin qorunduğunu və
nəticə etibarilə əski türk şeir ənənəsindən
gələn xüsusiyyətlərin ümummüsəlman və
yaxud fars şeir ənənəsinin təsiri ilə
qarışıq bir formada meydana
çıxdığını düşünmək olar. Məhz bu cəhət Q.Bürhanəddinin
tuyuğlarının həm əruz, həm də heca vəznlərində
yazıla bilməsi ehtimalını artırır. İ.Hikmət Q.Bürhanəddin şeirinin
bütövlükdə türk şeir ənənəsinə
və bilavasitə türk dilinə
bağlılığını şairin estetik
düşüncəsinin xarakterindən irəli gəldiyini
xüsusi vurğulayır. Eyni zamanda
Q.Bürhanəddin zamanının şeirini və şairin
yaradıcılığını nəzərdə tutaraq belə
bir mülahizə də irəli sürür ki, "bir kərə
ərəb və əcəm vəznlərinin, yəni əruzun
türkcəyə tətbiqi yeni və ibtidai olduğundan vəznlərlə
bu xüsusda alışıqlıq, uyğunluq azdır".
Ə.Abidin
son mülahizələrindən, İ.Hikmətin Q.Bürhanəddin
zamanında əruzun anadilli şeirdə təzə-təzə
yer almağa başladığı və bunun kifayət qədər
çətinliklə müşayiət olunduğu, əski
türk şeirindən gələn hecanın əcəm vəzninə
müqavimətini və bütövlükdə şairin
qövmi xüsusiyyətlərə meylini də nəzərə
alsaq, Avropa şərqşünaslarının, türk alimi
Ş.Süleymanın, eləcə də İ.Hikmətin
mülahizələrini büsbütün qəribçiliyə
salmaya bilərik.
Müasir ədəbiyyatşünaslıqda XIV əsr
şeirində heca-əruz münasibətlərinə dair
söylənmiş bəzi mülahizələr, fikrimizcə,
Q.Bürhanəddinin tuyuğlarının hamısının əruzda
yazılması fikrinə müqavimət göstərir. Ə.Səfərli
yazır: "Divanda (Q.Bürhanəddinin divanı - T.S., Y.D.) əruzdan
məqsədəuyğun şəkildə istifadə
olunmuşdur. Amma şeirlərdə imalə və
zihaflar (uzatma və qısaltmalar) çoxdur. Bunun bir səbəbi
də o idi ki, XIV yüzillikdə əruz hələlik ədəbiyyatımızda
(anadilli ədəbiyyatımızda - T.S., Y.D.) sabitləşə
bilməmişdi, heca ilə əruzun hüdudları tam
ayrılmırdı" (Səfərli Ə.,
Yusifli X. Azərbaycan ədəbiyyatı tarixi. Bakı.
Ozan, 2008, s.322). Mahiyyətcə
bu fikir ona gətirib çıxarır ki, Q.Bürhanəddin
tuyuğlarının müəyyən qisminin hecada
yazılması mümkün görünür.
Müasir ədəbiyyatşünaslığın
Q.Bürhanəddin yaradıcılığında
müşahidə ediyi bir cəhət də bu ehtimalı
qüvvətləndirir. Ümumiyyətlə götürəndə,
Q.Bürhanəddinin qəzəllərinin əruzda
yazılması fikri mübahisə doğurmur. Lakin ədəbiyyat tarixi istiqamətində
aparılmış son tədqiqatların birində Q.Bürhanəddinin
heca vəznində yazılmış qəzəllərindən
söhbət gedir. Prof. Y.Babayev şairin "Şəha,
bizə nəzər qılğıl ki, dərvişivü dərvişan",
"Sana ey dilbəri - canı, səlamullah, səlamullah",
"Qanı gözləri badam, qanı sərvi güləndam",
"Eşqin sənin, ey dilbər, içərüdən
içərü" misraları ilə başlayan qəzəllərində
"heca əruzu üstələyir" qənaəti ilə
çıxış edir. O misralarda hecaların say bərabərliyi,
daxili bölgüdəki mükəmməllik, qafiyə
sistemindəki uyğunluqla, eyni zamanda daxili bölgü
hesabına həmin qəzəlləri varsağı-gəraylı
formasında oxumağın mümkünlüyünə
istinadən onları "heca vəzninin tələblərinə
uyğunlaşan poetik örnəklər" kimi dəyərləndirərək
aşağıdakı qənaətə gəlir: "Beləliklə,
biz Q.Bürhanəddinin yaradıcılığında heca vəznli
şeirimizin ilk nümunələrini tapa bilərik. Əlbəttə, bu nümunələrdə əruzun
təsiri də yox deyil, əruzla heca qovuşuq şəkildədir.
Lakin gətirdiyimiz misallarda heca tam aparıcı
mövqedədir. Bu isə belə deməyə
əsas verir ki, biz divan ədəbiyyatında heca vəznli
şeirimizin tarixini Xətaidən yox, Qazi Əhməddən
başlaya bilərik" (Göstərilən əsəri.
s.306). Bu məqamda İ.Hikmətin bir ümumiləşdirməsi
yada düşür: "Qazinin qəzəlləri daha
çox əruz ilə yazılmış birər qoşma,
birər divandır". Bu mülahizədəki
"daha çox" ifadəsi və qəzəllərin xalq
şeirinin janrları ilə qovuşuqluğuna dair mülahizələr
onlarda heca vəzninin yerinə işarədir.
Bu mənada Y.Babayevin Q.Bürhanəddin qəzəlləri
üzərində diqqətli müşahidədən
doğan ümumiləşdirmələri İ.Hikmətin
şairin qəzəlləri ilə bağlı qənaətlərinin
müasir ədəbiyyatşünaslıqda inkişaf etdirilməsi,
daha aydın ifadəsi və faktlarla sübutu təsiri
bağışlayır.
Fikrimizcə,
Q.Bürhanəddin qəzəlləri üzərində
aparılan bu diqqətli müşahidə onun tuyuğları
üzərində də aparılarsa, şairin
tuyuğlarının vəzni ilə bağlı Avropa şərqşünaslarının,
türk alimi Ş.Süleymanın, eləcə də
İ.Hikmətin mövqeyinin əsassız olmadığı
meydana çıxa bilər.
Müasir ədəbiyyatşünaslıqda elmi məqalə
səviyyəsində olsa da, tuyuğla bağlı xüsusi
araşdırmaya rast gəlirik. Y.Babayev "Tuyuğ" adlı məqaləsində
"janrın təşəkkülü, təkamülü və
klassik poeziyadakı mövqeyi"ni
araşdırmışdır. Orta əsrlərdə
yaranmış poetik risalələrdə, türk alimlərinin,
o cümlədən M.F.Köprülüzadənin, rus və
dünya şərqşünaslarının, Azərbaycan
alimlərinin fikirlərini ümumiləşdirərək və
təbii ki, öz müşahidə və mülahizələrini
də nəzəri fikir arsenalına daxil edən alim nəticə
olaraq düşünür ki, "tuyuğ əruz vəzninin
rəməl bəhrində, daha konkret şəkildə desək,
bu bəhrin də rəməli-müsəddəsi-məqsur
növündə olur" ("Azərbaycan" jurnalı,
2018, №10, s.200).
Apardığı
ümumiləşdirmələr əsasında janrın
"ilk nəşət qaynağı, poetik forma kimi qida mənbəyi"nin "türk folklorundakı milli şeir
şəkilləri - dördlüklər, xüsusilə də,
qoşuq və manilər" olduğunu qəbul edən tədqiqatçı
tuyuğun orta əsrlər türk ədəbiyyatındakı
formalaşma prosesini aşağıdakı kimi təsəvvür
edir:
"Ancaq bu şeir şəkilləri (qoşuq və
manilər - T.S., Y.D.) heca vəznində idi. Türklər
tarixən farslarla və ərəblərlə qonşuluqda
yaşamış, müəyyən ədəbi-mədəni
ünsiyyət və əlaqədə olmuşlar. İslam dini yayıldıqdan sonra bu əlaqə daha
da sıxlaşdı, qarşılıqlı təsir daha da
gücləndi. Bir sıra ədəbi hadisə, proses və
əlamətlərin sintezi baş verdi:
Heca vəznli türkdilli şeir şəkilləri əruz vəznli
ərəb və fars poeziyasının forma, janr və qəlibləri
ilə üzləşdi. İstər-istəməz,
məqbul görünən bir sıra əlamətləri,
xüsusiyyətləri qəbul etməli oldu. Belə bir qarşılaşma, ədəbi əlaqə
və təsir türkdilli poeziyada bəzi yeni formaların
yaranmasına da səbəb oldu. Tuyuğ
da həmin prosesin məhsulu kimi nəşət tapıb
formalaşdı. Yəni tuyuğun həcmi,
şəkli əlamətləri, qafiyələnmə sistemi
türkdilli poeziyada mövcud idi. Bu əlamətləri
o, milli dildən, onun poetik atmosferindən
götürürdü. Amma həmin formada
ərsəyə gələn şeirlər sözün
müsbət mənasında "əruzlaşmaya" məruz
qaldıqda yeni keyfiyyət qazandı. Belə
bir əlamət yeni poetik şəklin təşəkkülünə
yol açdı" (Göstərilən məqaləsi.
s.198).
Bu mülahizələr, heç şübhəsiz ki,
bütövlükdə türkdilli poeziyada tuyuğ janrının
yaranma və formalaşma prosesini düzgün əks etdirir. Yəni
prosesin təsviri etiraz doğurmur. Lakin bu mülahizələrdə
qəbul etməyə çətinlik çəkdiyimiz bəzi
nüanslar var. Birincisi, tuyuğun yaranmasını ərəb-fars
poeziyası ilə türk şeirinin
"qarşılıqlı təsiri"nin
nəticəsi kimi qəbul etmək çətindir. Fikrimizcə,
bütövlükdə türk, eyni zamanda Azərbaycan
folklorundakı mani və qoşuğun
yazılı ədəbiyyatda tuyuğa transformasiyası ərəb-fars
şeir ənənəsinin türk şeirini öz təsiri
altına alması, milli şeirin ona müqavimətinin zəifliyinin
nəticəsidir. Buna görə də birtərəfli proses
hesab edilməlidir.
İkincisi,
əslində birtərəfli olan, lakin alimin mülahizələrində
qarşılıqlı təsir kimi dəyərləndirilən
prosesin ədəbi hərəkatda dinamikanın müsbətliyi
kimi qiymətləndirilməsi, mani və
qoşuğun türkdilli yazılı poeziyada öz qanuni
yerini tutmasına mane olan "əruzlaşma"nın
müsbət hal kimi qiymətləndirilməsi, müasir ədəbiyyat
tarixçiliyimizdə hökmran olan konsepsiya mövqeyindən
başa düşülən olsa da, türk şeirinin
qazancı kimi dəyərləndirilməsi çətinlik
doğurur.
Tədqiqatçı
milli şeir şəkillərinin yazılı ədəbiyyatda
"əruzlaşma"sına münasibətdə
M.F.Köprülüzadənin də mövqeyini əsas
çıxış nöqtələrindən biri kimi alsa
da, qeyd etmək lazımdır ki, böyük türk aliminin
faktı etirafı ilə onu dəyrələndirməsi
arasında əsaslı fərq müşahidə olunur. Məsələ
belədir ki, elə Y.Babayevin gətirdiyi sitatdan bəlli olur
ki, M.F.Köprülüzadə tuyuğun əruz vəzni ilə
yazılmasını birmənalı şəkildə qəbul
etsə də, bu nöqteyi-nəzərdən Gibbin
"çox yanıldığı"nı desə də,
yazılı ədəbiyyatda maninin tuyuğa çevrilməsi
prosesini türk şeirinin hərəkətində müsbət
hal kimi dəyərləndirməyə çətinlik çəkir.
Məsələnin bu tərəfi Y.Babayevin təqdim etdiyi
sitatda aşkar görünən cəhətdir:
"F.Köprülüyə görə tuyuğ səciyyə
etibarilə nə qədər millidirsə, bir o qədər də
"gəlmə"dir. Yəni o heca vəznli dördlüklər
qədər milli sayıla bilməz: "Bu nəzm şəkli
sırf türkcəyə məxsus olmaqla bərabər, məsələn,
varsağı dərəcədə milli bir şəkil
sayılmaz; çünki əruz vəzni ilədir. Mr.Gibb "Osmanlı şeiri tarixində tuyuğu 11
hecalı milli bir nəzm tərzi ədd etməklə
çox yanılıyor" (Göstərilən məqaləsi.
s.201). Həssas oxucu hiss etməlidir ki, manidən
tuyuğa gedən yol M.F.Köprülüzadəni o qədər
də açmır. Çünki o bu
"yol"u millilikdən "gəlmə"liyə gedən
yol kimi təsəvvür edir. Köprülüzadə
tuyuğu "nəzm şəkli sırf türkcəyə məxsus
olmaq", yəni bu janrın kökündə qədim
türk şeir janrlarının durması nöqteyi-nəzərindən
milli hesab etsə də, milli şeir janrının
yazılı ədəbi prosesdəki özgələşməsini
də görür, təbii ki, bu onu razı salmır. Lakin məsələlərə faktların
gözü ilə nəzər salıb qiymətləndirməkdə
məşhur olan, bu mənada böyük nüfuz qazanan alim
obyektiv mövqedən çıxışı vacib sayır.
Prof. Y.Babayevlə M.F.Köprülüzadənin məsələyə
yanaşmaları arasındakı fərq tarixi ədəbi
prosesə baxış konsepsiyaları arasındakı fərqdən
doğur. Y.Babayevin ədəbi-elmi qiymətləndirməsi ədəbiyyat
tarixçiliyimizin sovet dövrü ənənəsindən gəlir.
Köprülüzadə də isə məsələyə
türkçülük mövqeyindən baxış əsasdır.
İ.Hikmətin Q.Bürhanəddin tuyuğlarının əsas
hissəsinin əruzda yazılmasının, onun öz
yaradıcılığında tam şəkildə,
M.F.Köprülüzadənin sözləri ilə desək, gəlmə
təsirdən yazıb qurtara bilməməsinin səbəbləri
haqqında düşüncələri
türkçülük konsepsiyasının mahiyyətinə
aydınlıq gətirir: "Halbuki dildə ərəb və
fars kəlmələri nə qədər çox olursa, vəznə
müvafiq dolayısı ilə ahəng və intizam da
artacağından müvəffəqiyyət daha çox olur.
Lakin Qazi Bürhanəddin bu asan müvəffəqiyyətdən,
görünüşdəki bu sənətdən
qaçmış bir az dutuq və ahəngə
zəif də olsa, türk kəlmələrini vəznə
soxmağa çalışmışdır. Könül
istərdi ki, o, bütün tuyuğlarını heca vəzni
ilə barmaq hesabı ilə yazaydı. Lakin
zamanın qəti ictimai təsirləri ilə ənənəvi
zehniyyətin çənbərindən qurtulub,
başlı-başına o yola getmək də asan deyildir.
Bu qədər var ki, Qazi Bürhanəddinin dili də,
şeiri də, sənəti də xalqın öz malı
olub, onun təbii və səmimi tərcümanlığını
edən xalq ədəbiyyatı ilə lisanı, şeiri və
ədəbiyyatı qeyri-səmimi, yapma, uydurma və çəki
düzənli bir halda bulunub mədrəsələrdə
saraydan qüvvət alan elmi cərəyan arasında bir "həddi-vəsl"
təşkil etməkdədir. Deyə bilərik
ki, Qazi Bürhanəddin dili, fikirləri, hissləri və xəyalları
ilə daha artıq xalqa yaxındır".
Heca vəznində tuyuğlar yazıb yazmamaq məsələsində
M.F.Köprülüzadə və İ.Hikmət əks
qütblərdə dayanmalarına baxmayaraq Q.Bürhanəddinin
tuyuğlarına və ümumiyyətlə tuyuğ
janrına münasibətdə onları birləşdirən
cəhət də vardır. İ.Hikmət
Q.Bürhanəddinin tuyuğlarının hamısının
hecada yazılmamasına təəssüflənir. Hərgah ki, bunun nə üçün belə olduğunu
da, obyektiv səbəbləri də çox yaxşı
başa düşür. M.F.Köprülüzadə
isə tarixi ədəbi prosesdə "nəzm şəkli
sırf türkcəyə məxsus" olan janrların əruzlaşma
hesabına sırf milli olmaq imkanını itirməsinə,
"gəlmə"lik əlaməti kəsb etməsinə təəssüflənir.
Hər iki alimin prosesi dəyrələndirməsində
bir-birini tamamlayan cəhətlər ədəbiyyat tarixinə
eyni konsepsiya mövqeyindən yanaşmanın nəticəsi
kimi meydana çıxır.
Ədəbi tarixi prosesi qiymətləndirmənin ən
sağlam və obyektiv elmi yolu həmin prosesin
qanunauyğunluğunu müəyyənləşdirmək və
onu çıxış nöqtəsi olaraq qəbul etməklə
müəyyənləşir.
İ.Hikmət
ən geniş mənada Q.Bürhanəddin
yaradıcılığını belə qiymətləndirir:
"Qazi Bürhanəddin sadə Azəri türk ədəbiyyatında
deyil, ümumtürk ədəbiyyatında tək
qalmış, növü şəxsinə münhəsir bir
şairdir". Niyə, hansı xüsusiyyətləri
ilə? İ.Hikmətin təfsirində sualın
cavabı belədir: İstər "şəkli etibarilə
olsun, mənası, mövzusu və ilhamı etibarilə olsun,
bütün türk ədəbiyyatı içində
eşsiz bir türk sənətkarı"dır. Burada artıq söhbət Q.Bürhanəddinin
öz şeirlərini türkçülük mövqeyindən,
şeiri qövmiləşdirmək prosesini şüurlu olaraq
yaradıcılıq yoluna çevirməsindən gedir. İ.Hikmət Q.Bürhanəddinin simasında ədəbi
prosesin hərəkətini tarixilik prinsipi ilə qiymətləndirir.
"Ənənəvi zehniyyət çəmbərindən
qurtulmağ"ın son dərəcə çətin
olduğu bir zamanda Q.Bürhanəddinin buna getməsi yad zehniyyətə
müqavimət kimi dəyərləndirilir. Bir tədqiqatçı olaraq orta əsrlərin ədəbi
prosesini yad zehniyyətlə qövmi zehniyyətin mübarizəsi
kimi təsəvvür edən İ.Hikmət ədəbi hərəkatda
qövmi xüsusiyyətlərin təzahürünə
xüsusi dəyər verir. Onun
üstünlük qazandığı zamanlara böyük
üstünlük verir. Bu məqamda
İ.Hikmətin ədəbi prosesə münasibəti ilə
Q.Bürhanəddinin ədəbi prosesdəki
iştirakının xarakteri bir-birini tamamlayır. Bu tipli tamamlamalar alimin ədəbi prosesin tarixinə
analitik təhlil vermək imkanlarının göstəricisi
kimi çıxış edir.
İ.Hikmət Q.Bürhanəddinin tuyuğlarının
bir qisminin heca vəzni ilə yazılmasını onun
şeiri türkləşdirmək, yad zehniyyətdən
uzaqlaşdırmaq məqsədindən doğması və
tam qanunauyğun bir hal olması qənaətindədir. Müasir ədəbiyyatşünaslıq
bu qanunauyğunluğun nəticəsini təsdiq etməsə
də, bu qanunauyğunluq yeni axtarışları zəruri
edir.
Y.Babayev
tuyuğ janrının bütün mahiyyətini hərtərəfli
aşkarlamaq üçün onu iki istiqamətdə
araşdırmağın vacibliyi üzərində
dayanır: "1. Janrın özünün nəşət,
təkamül və formalaşma yolunu, prosesini ədəbi-tarixi
baxımdan izləmək; 2. Aparılan araşdırmaları,
deyilən elmi-nəzəri qənaətləri ümumiləşdirmək"
(Göstərilən məqaləsi.s.197). Fikrimizcə,
alimin "janrın təşəkkülü, təkamülü
və klassik poeziyada mövqeyi"ni araşdıran məqaləsi
ikinci istiqaməti əsas götürərək
yazılmış və "tuyuğ isə rəməl bəhrində
daha dəqiqi, rəməli-müsəddəsi-məqsurda qələmə
alınır" hökmü də buna əsasən
çıxarılmışdır. Düşünürük
ki, tuyuğ janrının prosesdəki tarixi yolunun
ardıcıllıqla və təfərrüatı ilə izlənilməsi,
xüsusən Q.Bürhanəddinin tuyuğlarının bu
istiqamətdə araşdırılması onun bu janrda
yazdığı əsərlərin müəyyən bir
qisminin hecada yazılması fikrini təsdiqə təkan verə
bilər.
Bu cür axtarış isə alimin hansı konsepsiyadan
çıxış etməsindən çox
asılıdır. Fikrimizcə, hansı konsepsiya əsasında
axtarış aparmağımızdan asılı olmayaraq
anadilli ədəbiyyat təəssübü öndə
olmalıdır və biz bu anadilli ədəbiyyatda türk
ruhunun ifadəsini axtarmalıyıq, ona daha artıq dəyər
verməliyik. Təriqət ədəbiyyatı
olmadan orta yüzilliklər ədəbi meydanının
"çox yoxsul, bəsit və miskin" görünə
biləcəyi qənaəti söylənərkən məsələnin
başqa bir tərəfi nəzərdən
qaçırılır.
Təriqət ədəbiyyatının estetik
düşüncəni tam şəkildə çevrələmədiyi
mühitdə türk ruhunun tərcümanı olan əsərlərin
yaranacağının mütləqliyini nəzərə almaq
lazım gəlir. Bu isə əks məntiqdir. Həmin məntiqlə hərəkət etdiyimiz
zaman biz tarixi ədəbi prosesin qövmi-xəlqi istiqamətini
daha çox diqqət mərkəzində saxlamalı
olardıq.
Təyyar SALAMOĞLU,
Yədulla DADAŞLI
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.10-12.