Azadlığın nəğməsini
yazanlar
Ulu babalarımız millət, dövlət olmaq yolunda
çox mübarizələrə sinə gərib, bizə fəxr
edə biləcəyimiz keçmiş miras qoya biliblər. Tarixin
ağır sınaqlarından keçən, parçalara
ayrılan qədim yurdumuzun başına gələn faciələrin
səbəbini öyrənmək, həmin dövrdə
hansı hadisələrin cərəyan etdiyini incəliyinə
qədər bilmək baş verənlərin mahiyyətini bizə
daha yaxşı başa salır. O zaman mühakimələr,
qınamalar daha ədalətli şəkildə olur. Bu baxımdan tariximizin hər dövrünü
özündə əks etdirən söz mirasına
böyük ehtiyac var.
Bu gün tariximizin bir çox dövrləri haqqında
güvənə biləcəyimiz mənbələr elə də
çox deyil.
Ona görə də bu qəbildən olan kitablar
çox dəyərli və oxunması vacibdir.
İyirmidən çox kitabın müəllifi olan
yazıçı-jurnalist Sabir Şahtaxtının
"Azadlıq nəğməsi" romanını oxuduqdan
sonra bu düşüncəm daha da möhkəmlənir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü
ildönümünə həsr olunan romanda otuz ilini geridə
qoyduğumuz müstəqilliyimizə gələn yol və
azadlıqdan sonrakı ilk illərdəki ictimai-siyasi ab-hava hərtərəfli
şəkildə təsvir olunur.
Kitabı diqqətlə oxuyan oxucu ötən əsrin
1980-ci ilinin sonlarından başlayaraq Azərbaycanın
ictimai-siyasi, eləcə də cəmiyyətin sosial-psixoloji həyatında
hansı hadisələrin cərəyan etdiyini incə detallarına
qədər gözündə canlandıra bilər.
Vətənlə dialoq
"Ah, Vətən,
Vətən... Canımdan çox sevdiyim Vətən!
Qışın şaxtasında əsən küləyin də
məni isindirirdi, Vətən! Axı haradan biləydim ki,
doğulduğum gün sənin milli faciə günün
olacaq, Vətən?..".
Əsər
qəhrəmanın öz daxili dünyasında Vətəni
ilə danışması, doğum günü olan 20
Yanvarın qanlı tarixə çevrilməsinin verdiyi
iztirabdan doğan "qınama" ilə başlayır. Təbii ki, bu təəssüf hissi ad günü ilə
bağlı deyil. Öz
övladlarının ruhunu isindirən Vətənin acı
taleyindən, başına gələnlərin
qarşısını ala bilməməkdən doğan bir fəryaddır.
Əminəm ki, çoxlarımız bu fikrin mahiyyətinə
vardıqdan sonra doğma yurddan uzaqda, isti evimizdə olsaq belə,
içimizi üşüdən soyuqluğun səbəbini
daha yaxşı anlaya bilərik.
Oxucuda elə bir fikir yaranmasın ki, müəllifin
Şahvə adını verdiyi qəhrəmanı çətinliklər
qarşısında aciz qalan, sızıldayan bir insandır. Əsəri
oxuduqca Şahvənin timsalında o dövrün mərd,
qorxmaz Azərbaycan oğullarının təsviri ortaya
çıxır.
"Azadlıq
nəğməsi" əsrin əvvəlində itirilmiş
azadlığın yüzilliyin sonunda geri qaytarılması
üçün xalqın hansı keşməkeşlərdən
keçdiyini əsərin qəhrəmanının - Şahvənin
yaşadıqları və dili ilə elə formada
çatdırır ki, sanki 30 il əvvələ
qayıdır və hadisələrin birbaşa iştirakçısına
çevrilirsən.
Hərbi xidmətini başa vurub qayıdan Şahvə
1980-ci ilin sonlarından başlayan Meydan hərəkatının
iştirakçısına çevrilir. Əsərin
həyəcanlı sehri də bu andan başlayır və
sonadək oxucunu tərk etmir.
Şahvə sanki Meydan hərəkatı ilə birlikdə
yenidən doğulur. Müəllif Şahvənin timsalında
gələcək müstəqil Azərbaycanın vətəndaşlarını,
onların düşüncələrini
formalaşdırır. Şahvə tək
deyil. Ətrafında onun kimi
düşünən, ölümün gözünə dik
baxan onlarca insan var.
Müəllif, Şahvəni sınaqlarla dolu həyat
yolunda əsl Azərbaycan qızlarının xüsusiyyətlərini
özündə cəmləşdirən Şölə ilə
qarşılaşdırır.
Şölə sanki çətinliklərlə dolu həyatda
Şahvənin mükafatıdır. Bu mükafatın dəyəri
Şölənin qarşı cinsdən olmasında yox, hərtərəfli
müsbət keyfiyyətlərin cəmləşdiyi bir insan
olmasındadır.
Meydan hərəkatı,
həbs həyatı, yaşanan 20 Yanvar faciəsi, arxasınca
Qarabağ müharibəsi, Şahvənin müharibədə
iştirakı, yaralanması, qısası, baş verən
qanlı hadisələrin birbaşa iştirakçısı
ilə irəliləmək o illəri yaşamış
oxucunun yaddaşını təzələyir, yeni faktlarla
qarşılaşdırır, gənc oxucular
üçün öyrədici missiya daşıyır.
Şahvənin doğum tarixinin - 20 Yanvarın qanlı tarixə
çevrilməsi, ardınca Şölənin doğulduğu
günün Xocalı faciəsi ilə üst-üstə
düşməsi, daha sonra 31 Mart soyqırımının
xatırlanması fonunda bir xalqın tarixində nə qədər
çox qanlı hadisələrin olduğu ortaya qoyulur.
Eyni zamanda, Azərbaycanın iki yerə bölünməsi
faktı yada salınır, uyğur xanıma qarşı olan
hörmət və sevginin timsalında bütün türk
dünyasına qarşı yaxınlıq vurğulanır.
Əsərdə
1989-cu il dekabrın 31-də Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə indiki İranın
Qərbi Azərbaycan vilayəti arasındakı sərhədin
dağıdılması prosesi də təsvir olunur. Xalqın öz çoxillik həsrətini yox etmək
istəyi nə qədər ülvi olsa da, prosesə icazə
verənlərin niyyətlərinin arxasında, əslində,
Naxçıvanın işğal ssenarisinin
dayandığı göstərilir. Ermənilərin
hər hansı bir hücumu qarşısında
Naxçıvanın boşaldılması üçün
"şərait" yaradıldığı, "Bu prosesə
icazə verilməsi sovet hökumətinin məkrli bir
planı olmasa, quş quşluğu ilə o sərhədlərə
yaxın gedə bilməz" fikri vurğulanır.
Romanda ən vacib amil kimi millətdə milli
şüurun önəmini qabardır. Azərbaycan
Xalq Cümhuriyyətinin qurucularının çətinliklərə
baxmayaraq həyata keçirdikləri heyranlıqla yada
salınır. Milli şüura sahib olmaq
üçün tariximizin öyrənilməsinin, doğru
kitabların oxunmasının vacibliyi önə çəkilir.
"Gərək Vətənin dərdinə biganə
olmayasan. Ölkəyə bəla gələndə
hamını haqlayır" fikri biganəliyin bir millət
üçün hansı nəticələri doğurduğuna
diqqət çəkir.
Müəllif əsərdə həm də gözəl
bir təzad yaradır. Əgər Şahvə ata-anası həyatda
olmayan, maddi imkanları zəif biridirsə, onunla eyni müstəviyə
çıxardığı Şölə yüksək vəzifəli
dövlət məmurunun övladıdır. Əsərdə biz Şölənin və onun ailəsinin
timsalında o çətin illərdə millətin müxtəlif
təbəqələrindən olan insanların eyni amal
üçün necə
çırpındığının, narahatlıq
keçirdiyinin şahidi oluruq. Meydan hərəkatı
ilə birlikdə Şahvənin həyatına daxil olan
Şölə sonuna qədər onunla eyni yolda irəliləyir.
Bir haşiyə çıxıb qeyd edim ki, Şahvə
ilə Şölənin hekayəsini oxuyanda İlham və Fərizənin
nakam sevgisini, Meydan hərəkatında iştirakları ilə
bağlı İlhamın ailəsinin dilindən eşitdiklərimi
xatırladım. Şahvə ilə Şölənin bu
mübarizədən sağ və qalib çıxması, Azərbaycanın
azadlığını görməsi oxucuya təsəlli
olur.
Əsərin əsas süjet xətti ilə
yanaşı, ailə dəyərlərimizin müsbət və
incə məqamlarının altından xətt çəkilir.
Müəllif Şölədə insani keyfiyyətlərin
formalaşmasında ailəsinin rolunu önə çəkməklə
bu amilin önəmini vurğulayır. Tarixi hadisələrin
fonunda əsərdə xalqımızın milli xüsusiyyətləri
də qabardılır. Şölə
bütün çətinliklərə baxmayaraq sona qədər
Şahvənin yanında olur. Eynilə
Şahvə də öz sevgisinə sadiq qalır. Hadisələrin eniş-çıxışı,
çətinliklər onu doğru, bütöv insan olmaqdan
yayındırmır.
Şölənin ailəsinin timsalında Azərbaycan
ailəsinə məxsus xüsusiyyətlər təsvir edilir. Şölənin
atası Murad müəllim nazir müavinidir, amma sadə
xalqın nümayəndəsi olan Şahvəyə rəğbət
bəsləyir. Onun qızının
yanında olmasına qarşı çıxmır.
Əksinə, Şahvəni mübarizəsində dəstəkləməklə
doğma Vətənin "Azadlıq nəğməsi"nin yazılmasını nə qədər
çox istədiyinin şahidi oluruq. Təsadüfi
deyil ki, Murad müəllimin polis oğlu da Qarabağ
müharibəsində şəhid olur.
Şölənin atasının nə qədər
xeyirxah və ehtiyacı olanlara yardım etdiyini
görürük. Yardım etmək üçün getdikləri
tək yaşayan bir qadının qapısını döymək
istədikləri zaman Şahvənin tərəddüdünü
gördükdə "Əsas odur ki, qapını döyən
kişi olsun" cümləsi ilə xalqımıza məxsus
dəyəri, incə nüansı geniş şəkildə
təsəvvürümüzdə canlandıra bilir.
Əsərdə baş verənlərin fonunda yaranan
çörək qıtlığı, insanların çəkdiyi
əziyyət, paylaşmaq mədəniyyətini də
görürük. O çətin illərdə Naxçıvana gedən
Şahvə vasitəsilə oradakı əhalinin hansı
çətinliklərə üzləşdiyini, elektrik
enerjisi, təbii qazı olmayan muxtar respublika əhalisinin evini
qızdırmaq üçün hansı vasitələrdən
istifadə etdiyini oxucuya çatdırır. O ağır illərdə
umummilli lider Heydər Əliyevin Naxçıvanda, daha sonra
Bakıda xalqımızın imdadına yetişməsi,
çətin illərdə xalqın ulu öndərə
arxalanması və birlikdə ölkənin ağır vəziyyətdən
çıxması üçün göstərilən səylər
xüsusi vurğulanır.
Əsərin əvvəlindən sonuna kimi yaşanan
ağır hadisələri yüngülləşdirən,
oxucuya təsəlli olan əsas məqamlardan biri Şahvənin
azadlıq sevgisidirsə, ikincisi iki gəncin arasında olan
ülvi məhəbbət, bir-birinə sadiqlik, hörmət və
səmimiyyətdir. Təmiz sevgi bir sütun kimi möhkəm
dayanır, baş verən bütün çətinliklər,
faciələr qarşısında sınmır. Gözəl ailə qurulur. Övlad
həsrəti ailənin təməlini qətiyyən
sarsıtmır, iman və inamın gücü qalib gəlir.
Müəllif sanki iki gəncin həyat yolunun
timsalında Azərbaycanın, xalqımızın faciələr
qarşısında sınmamasını, tükənməz
mübarizəsini və sonunda günəşli günə
çıxmasını paralelləşdirir. Şahvə və
onun düşüncəsində olanların, bu yolda həyatını
qurban verənlərin bir tək istəyi var. Vətəni Azərbaycanı
azad, müstəqil görmək.
Savadlı,
bacarıqlı Azərbaycan gənclərinin dünyanın
texnoloji cəhətdən ən inkişaf etmiş ölkələrindən
biri olan Sinqapurda necə iş tapmasını, Vətəndən
kənarda da milli dəyərlərinə sadiq həyat
sürməsini göstərir. Ürəyi Vətən
eşqi ilə döyünən Şahvə və Şölənin
iki qız övladının məhz may ayında dünyaya gəlməsini,
onların adlarının cümhuriyyətimizin qurulduğu aya
uyğun qoyulmasını mistik simvol kimi qəbul etmək olar.
Övlad həsrətlərinə son qoyulan, maddi vəziyyəti
yaxşı olan Şahvə və Şölə rahat
yaşasalar da, doğma Vətənə dönməyə qərar
verirlər.
Nəhayət,
əsərin əvvəlindən Vətənin "Azadlıq
nəğməsi"nin yazılmasında
birbaşa iştirak edən Şahvə və Şölənin
üzünün gülməsi, azad Azərbaycana dönmə
qərarı oxucuya sevinc dolu köks ötdürə bilir.
Aygün
İBRAHİMLİ
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.14.