Avtobioqrafik
qeydlər AİLƏ
Ailə - Xorxe Luis Borxesin
avtobioqrafik qeydlərindən bir parça
İlk
xatirələrimin bulanıq, asta-asta axan Rio-de-la-Plata
çayının qərb - dayım Fransisko Aedonun
villasında uzun, qayğısız yay aylarını
keçirdiyimiz Montevideoyla, yoxsa şərq sahiliylə - Buenos-Ayreslə
bağlı olduğunu deyə bilmərəm. Mən 1899-cu
ildə, bu şəhərin mərkəzində, Suipaça
küçəsiylə Esmeralda küçəsinin
arasında yerləşən Tukuman küçəsində,
anamın valideynlərinə məxsus balaca, sadə evdə
doğulmuşam. O vaxtın əksər evləri kimi bizim evmizin də
yastı damı, "saquan" adlandırılan uzun,
tağlı dəhlizi, hovuzu (suyu burdan işlədirdik) və
iki patiosu vardı. Deyəsən, biz tezliklə Palermo qəsəbəsinə
köçmüşdük, çünki mənim ilk xatirələrim
məhz ora ilə bağlıdır - iki patiolu başqa bir ev, bağ, yel mühərrikiylə işləyən
su nasosu və bağdan sonra düzənlik. Palermo
qəsəbəsi görkəmsiz şimalda yerləşirdi -
biz Palermoda Serrano küçəsiylə Qvatemala küçəsinin
tinində yaşayırdıq - və oranın sakinləri
Palermoda yaşadığını deməyə
utanırdı, dumanlı şəkildə sadəcə bunu
deyirdilər ki, biz Şimalda yaşayırıq. Biz küçəmizdəki azsaylı ikimərtəbəli
evlərdən birində yaşayırdıq, ətrafımızda
əsasən birmərtəbəli evlər və düzənlik
vardı. Mən tez-tez bu qəsəbəni
gecəqondular rayonu adlandırıram, amma bu sözü
amerikanların işlətdiyi mənada işlətmirəm.
Palermoda kasıb, amma tərbiyəli, belə deyək,
hörmətli adamlar yaşayırdı. Həmçinin
"kompadritos", "kumanki" adlandırılan,
bıçaq oynatmaqda şöhrət qazanmış banditlərin
Palermosu da vardı, amma bu Palermo çox sonralar xəyalımda
özünə yer edə bildi, çünki o vaxtlar ailəmiz
var gücüylə - və çox uğurla onlardan
qaçırdı. Qonşumuz Evaristo Karryeqo isə
münasibət saxladığımız adamlardan idi, o,
Argentinanın birinci şairi idi və
qarşısındakı adamın ədəbi
imkanlarını başa düşürdü. Mənə
qalanda isə, qapalı ev şəraitində
yaşadığım üçün kompadritosun
varlığından heç xəbərim də yox idi.
Atam Xorxe Qilyermo Borxes hüquqşünas idi. Etiqadına
görə filosof-anarxist, Spenserin ardıcılıydı.
Normal müasir dillər məktəbində
psixologiya dərsi deyirdi, mühazirələrini Uilyam Ceymsin
qısa psixologiya dərsliyindən istifadə edərək,
ingilis dilində oxuyurdu. Anası Frensis
Heyzlem Staffordşir qraflığında, Nortumberlend
qraflığından gəlmə ailədə
doğulduğu üçün atam ingilis dilini yaxşı
bilirdi. Nənəmi Cənubi Amerikaya kifayət
qədər qeyri-adi hadisələr zənciri gətirib
çıxarmışdı. Fanni Heyzlemin böyük
bacısı italyan-yəhudi əsilli mühəndis Xorxe
Suaresə ərə getmişdi, Xorxe Suares Argentinaya ilk
konkanı gətirən adam idi, o,
arvadıyla burda məskunlaşandan sonra Fannini də
yanlarına dəvət etmişdilər. Suareslə
bağlı bir lətifə yadıma düşür.
Entre-Rios əyalətində, general Urkisanın "saray"ına dəvət olunmuş Suares,
ehtiyatsızlıq edərək generalı, bu əyalətin əliqanlı
diktatorunu kart oyununda udmuşdu. Oyundan sonra Suaresin həyəcanlanmış
dostları ona demişdilər ki, əgər bu əyalətdə
atlı tramvay yolu çəkdirmək istəyirsə,
onda hər axşam generala müəyyən miqdarda
qızıl sikkə uduzmalıdır. Urkisa o qədər
pis oyunçu idi ki, Suares təyin olunmuş məbləği
uduzmaq üçün xeyli əziyyət çəkməli
oldu.
Fanni Heyzlem polkovnik Fransisko Borxeslə Paranada, Entre-Rios əyalətinin
baş şəhərində rastlaşmışdı. Bu, 1870-ci və
ya 1871-ci ildə, "montoneros" dəstəsinin - Rikardo
Lopes Xordanın başçılığı altında birləşmiş
silahlı qauçoların şəhəri mühasirəyə
aldığı vaxt baş vermişdi. Alayın
qabağınca at belində gedən Borxes şəhəri
müdafiə edən əsgərlərə
başçılıq edirdi. Fanni Heyzlem onu evlərinin
yastı damından görmüşdü, həmin axşam
köməyə gələn hökumət qoşunu şərəfinə
bal təşkil olunmuşdu. Fanniylə polkovnik o balda görüşdülər,
rəqs etdilər, bir-birini sevdilər və tezliklə evləndilər.
Atam iki qardaşın kiçiyi idi. O, Entre-Riosda
doğulmuşdu və tez-tez hörmətli ingilis
xanımı olan nənəmə deyirdi ki, mən
entrerialı deyiləm, çünki "pampada
mayalanmışam". Nənəm isə əsl ingilis təmkini
ilə cavab verirdi: "Düzü, sənin nədən
danışdığını başa düşmürəm".
Amma atam düz deyirdi, çünki babam
keçən əsrin yetmişinci illərində Buenos-Ayres əyalətinin
şimal və qərb sərhədlərində ordu
komandanı idi. Uşaqlıqda Fanni Heyzlemdən
həmin illərin sərhəd həyatına aid xeyli əhvalat
eşitmişəm. Onlardan biri mənim
"Döyüşçüylə əsir qızın əhvalatı"
hekayəmdə əksini tapıb. Yadımdadır ki, nənəm
Simon Kolikeo, Katriel, Pinsen və Namunkura kimi olduqca qəribə
adları olan çoxlu hindu qəbilə
başçıları ilə söhbət etmək
imkanı qazanmışdı. Babam polkovnik Borxes
1874-cü ildə, vətəndaş müharibəsi
dövründə həlak oldu. Onda onun
qırx bir yaşı vardı. La-Verde ətrafında,
olduqca çətin müharibə şəraitində onun
qoşunları məğlub olmuşdu, babam əynində ağ ponço, sağ qalmış on-on iki əsgərinin
müşayiəti ilə düşmən cəbhəyə
doğru gedəndə reminqton markalı tüfəngdən
açılan iki güllə ilə
öldürülmüşdü.
O vaxt bu tüfənglər Argentinada təzə-təzə
istifadə olunurdu və hər səhər üzümü
qırxdığım ülgüclərlə babamı
öldürən tüfəngin eyni marka adını
daşıması fikri beynimi qıcıqlandırır.
Fanni Heyzlem mütaliə həvəskarı idi. Yaşı artıq səksəni
haqlayanda ətrafındakı adamlar hərdən onun
könlünü xoş etmək üçün deyirdilər
ki, indi Dikkens və Tekkerey səviyyəsində yaza bilən
yazıçılar yoxdur, onda nənəm cavab verirdi: "Mənsə
daha çox Arnold Bennetti, Qolsuorsini və Uellsi bəyənirəm".
Nənəm 1935-ci ildə, doxsan yaşında öldü və
ölməmişdən bizi çağırıb zəif səslə,
ingilis dilində dedi (o, ispan dilində səhv buraxa-buraxa, sərbəst
danışırdı): "Mən sadəcə
yavaş-yavaş ölən yaşlı qadınam. Bunda əlamətdar və maraqlı heç nə
yoxdur". O, ev əhlinin nə
üçün bu qədər həyəcanlandığını
başa düşmürdü və gec öldüyü
üçün özünə bəraət
qazandırırdı.
Atam olduqca ağıllı adamdı və bütün
ağıllı adamlar kimi mülayim idi. Bir dəfə mənə
dedi ki, əsgərlərə, onların geyimlərinə,
kazarmalarına, bayraqlarına, kilsələrə, rahiblərə
və qəssab dükanlarına diqqətlə baxım,
çünki tezliklə bunların hamısı yoxa
çıxacaq, mənsə gələcəkdə
uşaqlarıma bunların hamısını öz
gözümlə gördüyümü deyə biləcəyəm.
Təəssüf ki, onun peyğəmbərliyi
düz çıxmadı. Atam o qədər sadə adam idi ki, çox güman, gözəgörünməz
olmaq istəyərdi. İngilis əcdadlarıyla fəxr etsə
də, guya bunu ələ salır, uydurma utancaqlıqla deyirdi:
"Bu ingilislər kimdir axı? Olsa-olsa
Almaniyadakı kəndli dəstəsidir".
O,
Şelli, Kits və Suinbernə pərəstiş
edirdi. Onun mütaliə maraqları ikiplanlı
idi. Birincisi, o, fəlsəfə və
psixologiya kitablarını oxuyurdu (Berkli, Yum, Roys və Uilyam
Ceyms). Məhz o mənim üçün
poeziyanın gücünü - sözlərin təkcə
ünsiyyət vasitəsi olduğunu yox, həm də simvol və
musiqi olduğunu açdı. Mən indi
ingilis şeirlərini ucadan oxuyanda anam deyir ki, mən atam kimi
oxuyuram. Həmçinin özüm də
bilmədən mənə birinci fəlsəfə dərslərini
də o vermişdi. Mən hələ lap gənc
olanda atam şahmat taxtasının köməyilə mənə
Zenon-Axilles paradoksunu, ox uçarkən hərəkət etməyən
tısbağanı və hərəkətin
mümkünsüzlüyünü başa
salmışdı. Sonralar, Berklinin
adını çəkməməyə çalışaraq
mənə idealizmin rüşeymlərini də tədris etməyə
çalışmışdı.
Anam Leonor Asevedo de Borxes qədim argentin-uruqvay nəslindən
gəlirdi və doxsan dörd yaşı olmasına baxmayaraq,
hələ də möhkəm, sağlam və əsil-nəcabətli
idi. Mən uşaq olanda dindarlıq qadınlarla
uşaqların öhdəsindəydi; Buenos-Ayresdə əksər
kişilər azadfikirli idi, amma özlərindən
soruşsaydın, yəqin ki, katolik olduqlarını deyərdilər.
Zənnimcə, adamlar haqda yaxşı şeylər
fikirləşmək və güclü dostluq hissləri mənə
anamdan keçib. Bundan başqa, o, həmişə
qonaqpərvərliyi ilə seçilib. Atamın sayəsində
ingilis dilini öyrənəndən bu yana
adətən bu dildə mütaliə edirdi. Anam atam öləndən
sonra əsərləri diqqətlə oxuya bilmədiyini
gördü, diqqətini cəmləşdirmək
üçün Uilyam Saroyanın "İnsanlıq
komediyası"nı tərcümə
etməyə başladı. Tərcümə çap olundu və
anam Buenos-Ayres ermənilər cəmiyyətinin mükafatına layiq görüldü. Nəticədə
anam Hotornun bir neçə hekayəsini, Herbert Ridin incəsənət
haqda olan kitablarından birini, həmçinin Melvilldən,
Virciniya Vulfdan və Folknerdən tərcümələrini
çap etdirdi - adətən o tərcümələri mənim
etdiyimi fikirləşirlər. Anam həmişə
və hər şeydə mənim yoldaşım - xüsusən
korlaşmağa başladığım axır illərdə
- və məni başa düşən, şəfqətli
dostum olub. Uzun illər ərzində,
xüsusən korlaşandan sonra mənim katibəliyimi edirdi -
məktublara cavab verirdi, ucadan mənim üçün
oxuyurdu, diktə etdiyim mətnləri yazırdı, həm də
ölkədaxili və ölkəxarici bir çox səfərlərimdə
mənə yoldaşlıq edirdi. Məhz
anam - o vaxtlar bu haqda fikirləşməsəm də - mənim
ədəbi karyerama sakitcə və uğurla kömək etmişdi.
Onun babası İsidoro Suares 1824-cü ildə, iyirmi
dörd yaşında Perunun Xunin şəhərində
döyüşün gedişatını dəyişdirmiş
Peru və Kolumbiya kavaleriyasına başçılıq
edirdi. Bu, Cənubi Amerikadakı müstəqillik uğrunda
gedən müharibənin axırıncı
döyüşü oldu. Suares 1835-ci ildən
1852-ci ilə qədər Argentinanı idarə edən Manuelo
Rosasunun ögey qardaşı olsa da, o, sürgün olunub
Montevideoda yoxsul həyat yaşamağı üstün tutdu.
Təbii ki, əmlakı müsadirə olundu və
qardaşlarından biri edam edildi. Ana nəslimin başqa bir nümayəndəsi
1816-cı ildə, konqres rəhbəri olduğu Tukumanda
Argentina Konfederasiyasının müstəqilliyini elan edən
və 1829-cu ildə, vətəndaş müharibəsi
dövründə öldürülən Fransisko de Laprida idi.
Anamın atası İsidoro Asevedo mülki şəxs
olsa da, XIX əsrin altmışıncı və səksəninci
illərində baş tutan vətəndaş müharibələrində
iştirak etmişdi. Yəni mənim hər
iki tərəfdən əcdadlarım hərbçi idi; yəqin,
tanrıların haqlı olaraq məndən əsirgədiyi qəhrəmanlığa
və epik qəhrəmanlara meylim burdan qaynaqlanır.
Uşaqlığımın
böyük hissəsini ev şəraitində
keçirdiyimi artıq demişəm. Bacımla mənim
dostumuz yox idi, buna görə özümüz
üçün iki xəyali dost uydurmuşdum - Kilos və
Vertyak (onları fikirləşmək bizi artıq təngə
gətirəndə anamıza dedik ki, onlar öldü). Gözlərim həmişə zəif olub, eynək
taxmışam və səhhətimin zəif olmağıyla
seçilmişəm. Qohumlarımın əksəriyyəti
hərbçi idi - hətta əmim dəniz zabiti idi - və
heç vaxt hərbçi olmayacağımı bilirdim, buna
görə də əməl adamı yox, kitab adamı
olduğum üçün uşaqlıqdan utanmağa başlamışdım.
Bütün uşaqlığım ərzində
fikirləşmişəm ki, mənim sevilməyim ədalətsizlik
olardı. Xüsusi diqqətə layiq
olmadığımı düşünürdüm,
yadımdadır ki, doğum günlərimdə
utandığımdan bilmirdim nə edim, çünki məni
hədiyyələrə qərq edirdilər, mənsə
bunlara layiq olmaq üçün heç nə etməmişdim
- özümü yalançı kimi hiss edirdim. Bu hissdən
təxminən otuz yaşımda xilas ola
bildim.
Evimizdə adətən ingilis və ispan dilində
danışırdılar. Əgər həyatımın
ən əlamətdar hadisəsinin nə olduğunu
soruşsaydılar, atamın kitabxanasını qeyd edərdim.
Əslinə qalsa, mən hələ də o
kitabxananın hüdudlarından
çıxmadığımı fikirləşirəm.
Mən indi də oranı təsvir edə bilərəm.
Kitabxana ayrıca otaqdaydı, bir neçə
min nüsxəlik kitablar şüşəli şkaflara
düzülmüşdü. Gözlərim
zəif olduğuna görə o vaxtlar tanıdığım əksər
insanların siması yadımda qalmayıb (yəqin ki, babam
Asevedo haqda fikirləşəndə xəyalımda onun
özünü yox, fotoşəklini canlandırıram), amma
Çembers və Britaniya ensiklopediyalarındakı əksər
qravüralar hələ də yadımdadır. Oxuduğum birinci əsər "Heklberri Fin" idi.
Sonra "Bərkiyənlər"i və
"Kaliforniyada möhtəşəm günlər"i
oxumuşdum. Həmçinin kapitan Marrietin
kitablarını, Uellsin "Aydakı ilk
adamlar"ını, Edqar Ponu, Lonqfellonun bircildliyini, "Dəfinələr
adası"nı, Dikkensi, "Don Kixotu", "Tom Braunun məktəb
illəri"ni, Qrimm qardaşlarının
nağıllarını, Lüis Kerrolu, "Cənab Versant
Qrinin macəraları"nı (indi bu kitab unudulub), Bertonun
"Min bir gecə"sini oxumuşdum. O vaxtlar Bertonun
kitabları abırsız səhnələrlə dolu
olduğu üçün qadağan olunmuşdu, buna görə
onları gizlincə, damda oxumaq məcburiyyətində
qalmışdım. O vaxtlar möcüzəyə elə aludə
olmuşdum ki, həmin ədəbsiz yerlər heç
gözümə görünmürdü, mən
nağılları başqa hər hansı bir mənaya
varmadan oxuyurdum. Adını çəkdiyim
bütün kitabları ingiliscə oxumuşam. Buna görə də "Don Kixot"u orijinaldan
oxuyanda məndə pis tərcümə təəssüratı
buraxmışdı. Qarnye nəşriyyatının
qırmızı üzlü, qızılı hərfli cildləri
hələ də yadımdadır. Müəyyən
bir dövrdə atamın kitabxanası dağıldı, bir
müddət sonra "Don Kixot"u başqa nəşrdən
oxuyanda məndə elə hiss yarandı ki, bu, əsl "Don
Kixot" deyil. Sonralar bir dostum mənə
Qarnye nəşriyyatının eyni qravüralarla, eyni şərhlərlə,
eyni çap xətalarıyla dolu nəşrini
bağışladı, bu elementlərin hamısı mənim
üçün kitabın bir parçasıdır, mən əsl
"Don Kixot"u məhz belə görürəm.
İspan
dilində həm də Eduarde Qutyerresin Argetina quldurlarından
bəhs edən çoxlu kitabını - ən
yaxşısı "Xuan Moreyra"dır - və polkovnik
Borxesin ölümünün parlaq təsvir olunduğu "Hərbi
siluetlər" romanını oxumuşdum. Anam
"Martin Fyerro" romanını oxumağımı
qadağan eləmişdi, çünki o romanın ancaq dələduzlar
və məktəblilər üçün olduğunu, həm
də əsl qauçolardan bəhs etmədiyini fikirləşirdi.
O kitabı da gizlincə oxudum. Ernandes Rosasın
tərəfdarı idi, yəni əcdadlarımın
düşmənlərindəndi, buna görə anam ona mənfi
münasibət bəsləyirdi. Eyni zamanda
Sarmentonun "Fakundo"sunu, yunan mifologiyası haqda, daha
sonralar isə qədim Skandinaviya mifologiyasından bəhs edən
xeyli kitab oxudum. Poeziya mənim
üçün ingilis dilində mövcud idi - Şelli, Kit,
Fiscerald və Suinbern atamın sevimli şairləriydi və
tez-tez onların şeirlərindən böyük
parçaları əzbərə oxuyurdu.
Ata tərəfdən
bütün qohumlarım ədəbiyyata bağlı adam olub. Atamın babasının
qardaşı Xuan Krisostomo Lafinur Argentinanın ilk şairlərindən
biri idi, 1820-ci ildə Manuel Belqranonun ölümünə oda
yazmışdı. Atamın əmisi
uşaqlarından biri, mənim də uşaqlıqdan
tanıdığım Alvaro Melyan Lafinur ikinci dərəcəli
şair idi və sonralar Argentina Ədəbiyyat
Akademiyasının üzvü seçildi. Atamın anasının atası Edvard Yunq Heyzlem
Argentinadakı ilk ingilis qəzetlərindən birini -
"Sazern Kross"u (Southern Cross - Cənub xaçı)
çap etdirmişdi, Heydelberq Universitetinin fəlsəfə və
ya ədəbiyyat - dəqiq yadımda deyil - doktoru diplomu var
idi. Heyzlem Oksforda və ya Kembricə iddia edə bilməzdi,
buna görə də Almaniyaya gedib latın
dilində tədris edilən kursu oxudu və doktorluq dərəcəsi
aldı. Deyəsən, o, Paranada vəfat
etmişdi. Atam Entre-Rios əyalətinin
tarixindən yazdığı romanı 1921-ci ildə Mayorka
adasında çap etdirmişdi. Roman
"Kaudilyo" adlanırdı. O, həmçinin
(sonralar məhv etdiyi) oçerk kitabı yazmışdı və
Fisceraldın "Ömər Xəyyam"ını tərcümə
etmişdi. Bundan başqa, atam "Min bir gecə" ruhunda
yazdığı Şərq hekayələrini və
oğlundan ümidini üzmüş atadan bəhs edən
"Heçliyin istiqamətində" dramını da məhv
etmişdi. Atam Argentina şairi Enrike Bançs
stilində yazdığı bir neçə zərif sonetini də
çap etdirmişdi. Mən uşaq olanda
atam kor oldu və elə o vaxtdan ailədə səssiz-səmirsiz
bir fikir yarandı ki, atamın kor olduğu üçün ədəbiyyatda
gerçəkləşdirə bilmədiyi arzularını mən
yerinə yetirməliyəm. Bu,
özü-özlüyündə təbii bir şey kimi qəbul
olunurdu (bu cür inam isə dilə gətirilmiş arzudan daha
güclüdür). Yazıçı
olacağım gözlənilən idi.
Altı, ya da yeddi yaşında yazmağa
başladım. Klassik ispan yazıçılarına,
misal üçün, Migel de Servantesə oxşamağa
çalışırdım. Bundan
başqa, olduqca pis ingiliscədə yunan mifologiyasının,
şübhəsiz ki, Lemprirdən
köçürülmüş dərsliyini
hazırlamışdım. Yəqin ki, bu,
ilk qələm təcrübəm idi. Birinci
hekayəm isə Servantes manerasında yazdığım
olduqca sarsaq cəngavər romanı idi - "La visera
fatal". Bu əsərləri olduqca səliqəli
xətlə dəftərimə yazmışdım. Atam heç vaxt mənim
yaradıcılığıma qarışmayıb. O istəyirdi
ki, buraxdığım səhvləri özüm düzəldim
və bir dəfə mənə demişdi: "Valideynlər
uşaqlarını yox, uşaqlar valideynlərini öyrədir".
Doqquz yaşında Oskar Uayldın "Xoşbəxt
şahzadə"sini ispan dilinə tərcümə etdim və
tərcüməm Buenos-Ayresdə çıxan gündəlik
qəzetlərdən birində, "El Pays"da çap olundu.
Tərcümə sadəcə "Xorxe
Borxes" imzasıyla çap olunduğu üçün
hamı, təbii ki, tərcüməni atamın etdiyini fikirləşdi.
Məktəbdəki ilk günlərimi xatırlamaq məndə
qətiyyən xoş təəssürat yaratmır. Əvvəla
bunu deyim ki, məni doqquz yaşım olanda məktəbə
yazdırdılar. Səbəbi bu idi ki,
atam dönməz anarxist olduğu üçün heç bir
dövlət idarəsinə inanmırdı. Enli
yaxalıqlı köynək geyinib üstündən qalstuk və
eynək taxdığım üçün az
qala hamısı dələduz olan sinif yoldaşlarım məni
dolayır, qıcıqlandırırdı. Məktəbin
adı yadımda deyil, bircə o yadımdadır ki, məktəb
Temza küçəsində yerləşirdi. Atam deyirdi
ki, Argentinada tarix katexizisin yerini tutub, doğrudan da tələb
edirdilər ki, Argentinaya aid hər şeyə baş əyək.
Misal üçün, ölkəmizi yaradan
çoxlu ölkələr və uzun əsrlər qala-qala,
bizə ilk növbədə müasir Argentinanın tarixini tədris
edirdilər. Bundan başqa, ispan dilində qanadlı
cümlələr yazmağı öyrədirdilər:
"Aquellos que lucharon roq una patria libre, independiente, gloriosa"
(Azad, sərbəst, şöhrətli həyat uğrunda
vuruşanlar). Nəhayət, mənə Cenevrədə
başa saldılar ki, bu cür yazmaq mənasızdır və
mən həyata öz gözlərimlə baxmalıyam. 1901-ci ildə doğulmuş bacım Nora, təbii
ki, qız məktəbinə gedirdi.
Həmin
illərdə yayı, adətən Buenos-Ayresdən on-on beş mil cənubda yerləşən Adroqedə
keçirirdik, burda bizim öz malikanəmiz vardı -
böyük birmərtəbəli ev, bağ, iki yay evi, yel dəyirmanı
və qonur tüklü ovçarka. Adroqe ucqar,
sakit qəsəbə idi - dəmir barmaqlıqdan hasar çəkilmiş,
qapılarında daş güldanlar olan yay evləri, parklar,
çoxsaylı balaca meydançalardan ayrılan küçələr
və daimi evkalipt qoxusu. Sonralar da onilliklər
ərzində Adroqeyə getməyə davam etdik. Mənim pampa ilə ilk tanışlığım
1909-cu ildə, qohumlarımızın Buenos-Ayresdən
şimal-qərbdə yerləşən San-Nikolasdakı
malikanəsinə gedəndə baş tutdu.
Yadımdadır ki, bizə ən yaxın ev
üfüqdə balaca ləkə kimi görünürdü.
Dedilər ki, bu hüdudsuz düzənlik "pampa"
adlanır, fermalardakı işçilərin Eduardo Qutyerresin
qəhrəmanları kimi əsl qauço olduğunu öyrənəndə
isə, bu, onları gözümdə bir az
da ucaltdı. Mən həmişə
reallıqla tanışlığa kitablardan gəlmişəm.
Bir səhər heyvanları çaya
sürüb ordan da geri qaytaracaq qauçolar ilə getməyimə
icazə verdilər. Bunlar balaca boylu
oğlanlar idi, "bombaças" adlandırılan enli,
sallaq şalvar geyinmişdilər. Onlardan üzə
bilib-bilmədiklərini soruşanda dedilər: "Su heyvanlar
üçün mövcuddur". Anam
eşikağasının qızına gəlincik
bağışladı, oyuncaq böyük karton qutuda idi.
Növbəti il biz ora gedəndə anam
qızın necə olduğunu soruşdu. "Gəlinciyi
elə çox sevir ki", - deyib gəlinciyi bizə göstərdilər,
onu elə qutusundaca divardan asmışdılar. Məlum məsələdir ki, qız gəlinciyə
ancaq baxa bilirdi, oynamağa icazə vermirdilər,
çünki gəlincik çirklənə, sına bilərdi.
Gəlincik itaət olunmalı bir şey kimi
divardan asılmışdı. Luqones
yazırdı ki, Kordovada, hələ mağazalar olmayanda
qauçolar oyun kartlarını şəkil yerinə divardan
asırmışlar. Zənnimcə, o
vaxtlar, yəni hələ Cenevrəyə getməmişdən
qabaq, çox güman ki, şair Askasubinin təsiri ilə
qauço haqda poema yazmağa başlamışdım. Yadımdadır ki, poemada qauçoların istifadə
etdiyi sözlərdən mümkün qədər çox
işlətməyə çalışırdım, amma
texniki problemlər mənim imkanlarımdan daha böyük idi.
Cəmisi bir neçə sətir yaza
bilmişdim.
Xorxe Luis Borxes
Tərcümə: Həmid
PİRİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 11
iyun.- S.16-17.