"Söz dünyası"nın işığı

 

Anarın "Söz dünyası" kitabı haqqında

 

Anar xalqımızın təfəkkürünü, folklorunu, düşüncəsini və daxili psixoloji durumunu  dəqiq ifadə edən bir Xalq yazıçısıdır. Yaradıcılığının dil-üslub xüsusiyyətləri Azərbaycan ədəbiyyatı üçün yeni bir məktəbdir. Onun bütün əsərləri xalqımızın keşməkeşli, həm də işıqlı taleyindən bəhs edir. Keçmişə, bugünə və gələcəyə yazıçı münasibəti, düşüncəsi daim bir mətn  kimi  formalaşır.

Neçə gündür Anarın sözdən, əlbəttə, adi sözdən yox, özündə bütöv bir dövrü ifadə edən "Söz dünyası" kitabını oxuyuram. Kitabda yer alan yazıçılar, tənqidçilər, incəsənət, mətbuat xadimləri haqqında müəyyən  məlumatım var, bu, öz yerində, ancaq mənim üçün həmin ədəbi epoxaya Anarın münasibəti maraqlıdır. Görəsən, müəyyən bir tarixi dövr keçmiş, köhnə sovet məkanında geniş  tanınan, dünyanı bilən, dünya çapında yeri olan Anar yaxın iki yüz illiyimizin ictimai fikri haqqında nə düşünür. Ona görə hər səhifəni oxuduqca qeydlər edirəm. Kitabın hər səhifəsində yer alan xalqımızın keçmişibugünü müxtəlif tarixi aspektlərdə verilir. Elə ki, kitabın sonuncu səhifəsini qatladım, beynimdəki fikirlər çək-çevir etdim, ən nəhayət, sonda  "Anar böyük bir tarixdir" fikirinə gəldim. Özüyeni tarix, öyrədən tarix, keçmişə söykənən bugünün tarixi.

"Söz dünyası"nın  birinci, ikinci, üçüncü cildləri ta qədimlərdən bugünə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. Anar ikinci cildi Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük təəssübkeşi və hamısı  ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə həsr edib. Kitab yazıçının M.F.Axundova həsr etdiyi "Sübhün səfiri" və müxtəlif illərdə onun haqqında yazdığı məqalələrlə başlayır. Kitab oxucuya həm ensiklopedik bilik verir, həm də klassiklərimizə müəllifin münasibət və münasibətdəki ədəbi-bədii, ictimai-siyasi baxış sərgilənir.

Cəmiyyətdə, həm də birmənalı qarşılanmayan M.F.Axundovu (o, rus hərb sistemində mayor rütbəsini daşıyırdı) Anar müxtəlif prizmalardan deyil, birbaşa işıqlı cəhətlərindən başlayır. "Mirzə Fətəli Axundov həyatını və ehtiraslı yaradıcılığını doğma xalqını, bütün Şərq xalqlarını oyatmaq məqsədinə həsr etmişdir. O, xalqını bütün xalqlara dostqardaş görmək istəyirdi, milli mədəniyyətimizi ən yüksək ümumbəşəri səciyəyə ucaltmağa can atırdı. İndiki zəmanəmizdən yüz neçə il geridə qalmış uzaqlardan o, nəinki bugünümüzü, hətta qarşıdakı sabahımızı da görürdü, hələ neçə il irəlidə qarşılaşacağımız problemlərdən də soraq verirdi".

Anarın  Axundov haqqında belə  yazmağı, deməyi vacib idi. Axundovu indiyədək heç kim belə təqdim etməmişdi cəmiyyətimizə. Anar  komediya ustasını, ictimai fikir insanının qaranlıq tərəflərini də işıqlandırıb, gələcək nəsillərə ərmağan edir.

Anar təkcə öz aydınlığında qalan şeyləri deyil, ziddiyyətləri araşdırır, düyünləri açır. O, Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Həsən bəy Zərdabi, Firudin bəy Köçərli haqqında düşüncələrini bölüşdürür oxucuyla, zamanla, müasirliklə. Yazdıqlarında Anar həm yazıçı, həm araşdırmaçı, həm publisist, həm də esseist kimi görünür. Fərqi yox, Anar həqiqətləri, olanları, baş verənləri yazır və həm də özü də həmin tarixdə baş verənlərin iştirakçısına çevrilir. Sonra Anar "Əkinçi" qəzetindən, A.A.Bakıxanovun "Gülüstani-irəm" əsərindən söhbət açır. Dediklərin üzərindən onları müasirliklə cilalayır.

Anar Xurşidbanu Natəvan haqqında yazısına belə başlayır. "Elə şəhərlər var ki, onların adı çəkiləndə  qeyri-ixtiyari buya digər şairin adı yada düşür. Elə şairlər var ki, onların adları müəyyən şəhərlərlə qırılmaz surətdə bağlıdır. XIX əsrdə yaşayıb-yaratmış şairə Xurşidbanu Natəvanın adı çəkiləndə dərhal onun doğma şəhəri Şuşa ilə assosiasiya  yaranır. Şuşanı yada salanda isə dərhal Natəvanın adı yada düşür". Yazıçı Natəvan haqqında  yazarkən əslində Şuşanın tarixini yazır, bu sehrli-sirli  şəhərin  enerjisində ulu babalarımızın ruhunu axtarır, tapır, onu gələcəyə təqdim edir. Əlbəttə, bu, vacib məsələdir. Anar XX əsrin əvvəllərində çıxan qəzetlərin məramı və taleyi haqqında yazarkən dövrün ictimai-siyasi mənzərəsini verir. "Molla Nəsrəddin" jurnalından, onun ətrafına toplanan şairlərin hər birindən  ayrı-ayrılıqda bəhs edir. Jurnalın naşiri Mirzə Cəlil haqqında "Anlamaq dərdi" əsərini yazır. Mən deyərdim ki, bu əsər elmlər doktorluğuna bərabər  ondan yüksək akademik bir dissertasiyadır.

1928-ci ldə Tükmənçay müqaviləsinə görə iki hissəyə bölünən və İranın tabeliyində qalan Cənubi Azərbaycan ictimai fikri haqqında Anar "Cənub işıqları"nı yazır. Ədəbi intibahla, ictimai şüurun formalaşması ilə Cənubda yaranan  ədəbi, ictimai hərəkatı, milli ruhu sözlə canlandırır və bununla bağlı "baş verənləri" gələcək nəsillərə çatdırır.

Anar tükçülükdən; Ziyab Göyalpdan tutmuş, Əli bəy Hüseynzadəyə, Salman Mümtaza  bugünün özünə qədər; islamlaşmaq, türkləşmək, milliləşmək dönəmlərini nəzərə çatdırır.

Bütövlükdə "Söz dünyası" kitabında XIX əsrin sonları XX əsr daxil olmaqla XXI əsrin əvvəllərinə qədər maarifçilik, mətbuat, ədəbiyyat məsələləri analitik təhlil edilir. Anar  klassiklərimiz M.Ə.Sabir, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Əliqulu Qəmküsar, M.Şəhriyar, Nazim Hikmət və müasir ədəbiyyatımızda əsasən sovet dövründə formalaşan Qabil, Söhrab Tahir, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev və başqaları haqqında məqalələr yazmış, onların yaradıcılığını təhlil etmiş və əsərlərindəki başlıca xüsusiyyətləri önə çəkmişdir.

Anarın "Söz dünyası"nda başlıca məqsəd ədəbiyyat deyil, ictimai fikirdir, maarifçilikdir. Burda şair Bəxtiyar Vahabzadə də olar bilər, doktor Cavad Heyət də, Səməd Mənsur da ola bilər, Əhməd Cavad da, Sabit Rəhman da. Həmidə Məmmədquluzadə, Nigar Rəfibəyli və Rəsul Rza da kitabın əsas surətlərindəndir. Mirvarid Dilbazi, Süleyman Rüstəm, Mirzə İbarahimov, Ənvər Məmmədxanlı, Çingiz Aytmatov və Heydər Hüseynov, talelər, arzular, çıxışlar, xatirələr... Cəfər Cəfərov, Həmid Araslı,  Abbas  Zamanov, Tofiq Məlikli  və başqaları Anarın qələmində yazıya, düşüncəyə çevrilir. İlyas Əfəndiyev, Elçin, YusifVaqif Səmədoğlular Anarın qələmində ötən əsrin əvvəli ilə görüşürtarix itir, artıq milli düşüncənin tarixi başlayır.

Anarın məqalələri, çıxışları, hətta kurs işikitabda yer alıb. Bu kurs  işini Anar 1957-ci ildə Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyarkən M.F.Axundovun "Aldanmış  ulduzlar" povestindən yazıb. Gözəl də yazıb. Bu günmüasirdir.

Düşünürəm ki, Anarın "Söz dünyası" kitabı ali məktəblər üçün sanballı bir dərslikdir. Bu kitab daim öz sözünü deyəcək. Gələcək nəsillərin yollarını aydınlatmaq üçün keçmişdən və bugündən işıq aparacaqdı.

 

Güləmail MURAD

 

Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.19.