Türk xalqları ədəbiyyatı
dövrləşməsi - Azərbaycandan
baxış
Türk xalqları ədəbiyyatı adətən
"İslamöncəsi (Qədim dövr)" və
"İslamsonrası" şəklində iki böyük
dövrə (qrupa) bölünərək şərh olunur. Biz bu
yazıda yeni bölgü təklif edirik. Bizcə,
türk xalqları ədəbiyyatını ən ümumi
şəkildə üç böyük dövrə (qrupa)
bölmək məqsədəuyğundur:
I dövr
- ən qədimdən Yunus Əmrəyədək
(dövrünədək);
II
dövr - Yunus Əmrədən (dövründən) I
Dünya savaşınadək;
III dövr - I Dünya savaşından günümüzədək.
Bəri başdan vurğulayaq ki, türklər
İslamdan öncə də dinlər qəbul edib, bu dəyişimlər
ədəbiyyata, mədəniyyətə dərindən
nüfuz edib.
Din dəyişimini bir dövr kimi götürməkdənsə,
bütün dinlər dövründə öz estetikası ilə
işıq sütunu kimi ucalan türk ədəbiyyatının,
türk ruhunun, türk dilinin özünü, onun digər
kateqoriyalara təsirləri ilə birgə, müəyyənləşdirdiyi
dövrləri qəbul etmək daha düzgündür. Bəlkə
mübaliğəli kimi görünə bilər ancaq
idrakı çətin deyil ki, əgər İslamdan sonra
başqa bir səmavi din gəlmiş (yayılmış)
olsaydı, əcdadımız zəruriyyət
yarandığı təqdirdə onu da qəbul etmiş ola bilərdi. Yəni biz dövləti
müqəddəs bilmişik və dövləti, dövlətçiliyi
qorumaq, yaxud dövləti böyütmək, xalqın mədəniyyətini
yeni dünyabaxışı ilə zənginləşdirməkçün
din dəyişikliyinə gedə bilmişik. İslamı son səmavi din olaraq qəbul etdiyimiz
üçün din dəyişmə mövzusu da
qapanmış sayıla bilər. Əlbəttə,
biz bilirik ki, İslamı qəbul etməmiş, yaxud öz
ilkin dini inanc sistemində qalmış türklər də
(türk xalqları da) var; İslam bütün türk
xalqlarının böyük çoxluğunun qəbul etdiyi,
geniş yayılmış din olduğu üçün əsasən
onun üzərinə vurğu edilir.
Başqa
bir məqama diqqət edək: İnsanın
yaradılışdan sonrakı törəyişi
(çoxalması) dini ədəbiyyatlarda necə təqdim
olunur? - qardaşın bacı ilə evlənməsi,
insanın cinlə evlənməsi və s. yolu ilə, bizim
yaradıcı əcdadımızsa törəyişi
(çoxalmanı) kişinin ağacın köksündən
çıxan gözəllə evlənməsi şəklində
"modelləşdirib"! - Bu daha əxlaqlı
baxış deyilmi? - Bax, bu dini təsəvvürlərdən
fərqli (üstün), türk ədəbiyyatının,
türk ruhunun və əxlaqının özünü, onun
digər kateqoriyalara təsirlərini, estetikasını
göstərməkdədir.
I
dövr:
Bura qədim dövr ədəbi örnəklərindən
tutmuş, Yunus Əmrə yaradıcılığınadək
olan dövrə aid seçmə ədəbi abidələr,
mətnlər daxildir.
İdeya-məzmun,
poetik biçimcə özəllik daşıyan qədim
türk eposu, qədim türk şeiri, o cümlədən
türk maniçi və buddist şeiri, qədim türk nəsri,
o cümlədən türk maniçi və buddist nəsri,
ardınca "Orxon-Yenisey"dəki, Mahmud
Kaşqarlının "Divanü
Lüğat-it-Türk"ündəki bədii mətnlər,
"Dədəm Qorqudun Kitabı", "Manas", Yusif
Balasaqunlunun "Qutadqu Bilik"i, Əhməd Yüqnəkinin
"Atəbətül-Həqaiq"i, Xoca Əhməd Yəsəvinin
"Divani-Hikmət"i, Nizami Gəncəvinin, Mövlana Cəlaləddin
Ruminin, eləcə də Yunus Əmrənin əsərləri
I dövrə aiddir. (Yeri gəlmişkən,
"Atəbətül-Həqaiq" ATATÜRK Mərkəzi
tərəfindən 2018-ci ildə nəşr edilib. Xoca Əhməd Yəsəvinin "Divani-Hikmət"i
isə Milli Məclisin Mədəniyyət Komitəsi və Mədəniyyət
Nazirliyi tərəfindən nəşrə hazırlanır.
"Divani-hikmət"i Azərbaycan dilinə
tam şəkildə, geniş izahlarla birgə ilk dəfə,
şair, ruhaniyyatçı Tural İrfan və bu sətirlərin
müəllifi (Türkiyə və Qazax türkcəsində
nəşrləri, əsərin orijinalını
tutuşduraraq) uyğunlaşdırıb.
I dövrü qapayan Yunus Əmrənin
yaradıcılığı həm xəlqiliyinə, epos
(ozan-aşıq) təfəkkürünü geniş şəkildə
yansıtmasına (milliliyinə), həm də öz
dövrünün və özündən öncəki
dövrün, necə deyərlər... üslubunu -
aparıcı Şərq ədəbi motivlərini, hətta ərəb-fars
mədəniyyətinə dayalı şeir gələnəyini
sənətkarlıqla yansıtmasına görə
seçilib. Ən başlıcası, Yunus Əmrə məhz
doğma dildə yazmasına görə universal (özünəqədərkiləri
"ümumiləşdirən", özündən
sonrakılara yön verən, təsir edən, tarixin hər
iki üzündən möhtəşəm qala bürcü
kimi görünən) bir ədəbi hadisə olaraq
çıxış edir.
Qəbri
həm Anadoluda, həm də Azərbaycanda olduğu sanılan
Yunus Əmrə şəxsiyyətinə və
yaradıcılığına müraciət edənlər
variantlılıqla üzləşə bilir: onda mistika da,
ağıl da, ruhun fizikası da, metafizika da var... Belə bir variantlılıq, XX yüzilin
başlarında Mustafa Kamal Paşa Atatürkə də
şamil edilirdi (qərbçi, türkçü, sosialist,
demokrat və b.). Atatürk özü
"Mevzu-bahis Vatansa gerisi teferruattır" düsturu ilə
bu məsələni ən yaxşı müəyyənliyə
qovuşdurmuş oldu. Əgər Atatürkün
addımları ictimai-siyasi, hərbi müstəvidə və
Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçiddə
variantlılıqlar şəklində təzahür edirdisə,
sözün paşası Yunus Əmrə Səlcuqludan
Osmanlıya keçid dönəminin (ərəfəsinin) ədəbi,
ruhani şəxsiyyətiydi. O dövrdə də, mövzu Vətəndi,
gerisi təfərrüatdı...
Yunus Əmrə (1240-1321, Kiçik Asiya)
Türk-İslam mütəfəkkiriydi, təsəvvüf (və
xalq) şairiydi, sufiydi. Anadoluda türkcə şeirin banilərindən
olan Yunus Əmrənin ustadı Tapduq Əmrə (1210-1215)
Türküstan mürşidlərindən, o mürşidlər
Əhməd Yəsəvidən dərs almışdı.
Nə qəribədir: İslamı Orta Asiyada ərəblər
yaymışdı, Orta Asiyadan Anadoluya Türküstan alpərənlərinin
gəlişini zəruri edən dönəmdə isə ərəblər
tənəzzül içindəydi, İslamın
bayrağını o vaxt və ondan sonra ucaltmaq türklərin
sayəsində mümkün olmuşdur. O zamanlar ruhanilərimiz
şair, şairlərimiz ruhaniydi... II dövr içində
padşah, sultan və sərkərdələrimizin şairliyi
(yaxud şairlərimizin padşahlığı,
sultanlığı, sərkərdəliyi) sayqı ilə
xatırladığımız hadisələr
sırasındadır: Qazi Bürhanəddin, Şah
İsmayıl Xətai, Qanuni Sultan Süleyman və b.
Bəs türklər Orta Asiyadan, Türküstandan
Anadoluya, Yaxın Şərqə gəlmişdi, yoxsa bu,
onların geri dönüşüydümü? - Geri
dönüşüydü. Amma bu dəfə yeni keyfiyyət,
yeni qazanımlarla və əbədi
dönüşüydü!.. Bu yerdə,
türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə
qarşı Urmu nəzəriyyəsini irəli sürən
görkəmli türkoloq alim Firudin Ağasıoğlunun son
30 ildə apardığı araşdırmalarını,
"Doqquz bitik"ini xatırlatmaq istərdim. O əsərlər
İslamöncəsindəki türk kimliyini müxtəlif
aspektlərdən dəyərləndirən və dəyərləndirmələrə
kömək edən sanballı əsərlərdir.
Yaxın
Şərqdən Türküstana getdiyi rəvayət edilən
Arslan Babanın (Arslan Bab) Əhməd Yəsəviyə (Xoja
Ahmad Yassaviy; 1093, Sayram - 1166, Yəsi) verdiyi bir xurmadan,
Tanrının sonuncu elçisinin əmanətindən rişələnən
fikir toxumları Türküstan torpağında mayalandı,
Anadolu torpağında böyüdü, ta Balkanlarda belə
bar verdi... Örnəyi, Sarı Saltuk Baba
adı, qəbri Balkanlarda Türküstan alpərənliyinin
möhürüdür...
Anadolu Səlcuqlu İmperiyası dönəmində
(1077-1308) Anadolu coğrafiyasında ərəb/fars İslami ədəbiyyatlarının
təsiri altında gəlişən bir ədəbi mədəniyyət
formalaşmışdı. Bu çərçivədə
Konya mərkəzli Anadolu Səlcuqlu sultanlarının özəlliklə
farsca ədəbi əsərlərin yaradılmasını təşviq
etdiyi bilinməkdədir. Bax, Yunus Əmrə belə bir fonda türkcə yazıb-yaradıb...
Beləliklə,
Yunus Əmrə böyük bir mədəniyyət
epoxasının ifadəçisi, daşıyıcısı
və yeni fazanın yaradıcısıydı!
Onun
dövründə Anadolu torpağı yeni bir dövlətçilik
mədəniyyətinə hamiləydi: Səlcuqlu
İmperiyası öz yerini Osmanlıya verməyə
"hazırlaşırdı"... Dövlət, quruluş
dar gələndə türk xalq(lar)ı
onun küllərindən yeni dövlət inşa etmə təcrübəsinə
malikdir. Bu, din mənsubiyyətinə də
aiddir. Heç təsadüfi deyil ki,
türk xalqlarının böyük əksəriyyəti
bütün səmavi dinləri - hər birini öz
zamanında qəbul edərək inkişaf edib.
Yəsəvidən
öncə orta yüzillər Türk dünyasının ən
böyük mütəfəkkirlərindən Yusif Balasaqunlu
(Yusif Has Hacib; 1019-1077, Qaşqar, Qaraxanlılar dövləti)
var, XII yüzil Qaraxanlılar şairi Əhməd Yüqnəki
(Əhməd ibn Mahmud Yüknəki; Səmərqənd (yaxud
Fərqanə) doğumlu) var; Yəsəvidən Əmrəyədəksə
orta yüzilliklər Şərqinin ən böyük
şairlərindən biri, farsdilli epik ədəbiyyatın ən
böyük romantik şairi, farsdilli epik poeziyaya
danışıq dili və realistik üslub gətirmiş
qüdrətli sənətkar Nizami Gəncəvi var, təsəvvüf
dünyasında tanınmış şair, mövləvi
yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin
tanınmış nümayəndəsi Rumi (Mövlana Cəlaləddin
Bəlxi; 30.09.1207-17.12.1273, Konya, Rum Səlcuqlu dövləti)
var.
Göründüyü
kimi, I dövrə aid edilən abidələr, adlar, əsərlər
türk mədəniyyət axımlarının xəritəsini,
din landşaftını, düşüncə
süxurlarını, fikrə təsir edən ictimai-siyasi,
ideoloji relyefləri göstərir. Və
bütün mürəkkəbliyi (təbiəti) ilə bir
bütöv dövr kimi götürülməsini əsaslı
qılır.
Əgər yeni baxışlar, cərəyanlar, təriqətlər
və s. yaranıbsa, deməli, o vaxtadək olanlar o sənətkarlara
dar gəlib, onlar yeni fikir dünyaları yaratmağa ehtiyac
duyub. Bu tarixi
şəxsiyyətlərin yaradıcılığında
şamanizmdən, Tanrıçılıqdan, digər qədim
Türk inanc sistemlərindən sonuncu səmavi dinə
keçidin izləri var. Bu yerdə, Osmanlının
Balkanlardan çəkilişini poetik dillə ifadə
etmiş olsa da, Yahya Kamal Bəyatlının məşhur
misraları yada düşür "Hala o kızıl
hatıra titrer gözümüzde"...
I dövrə aid olan əsərlər, əsasən orta
türk ədəbi abidəsi kimi çıxış edən,
yaxud o enerjini daşıyan əsərlərdir.
Beləliklə,
Yunus Əmrənin şəxsiyyəti və
yaradıcılığı, onun özündən öncəkiləri
ümumiləşdirən, sonrakılara yol göstərən
sənətkarlığını, fars-ərəb dilinin,
poetikasının hakim mövqe qazandığı bir
coğrafiyada/dövrdə məhz doğma türkcədə
(doğma ruhda!) ozan şeirləri yazmasını, habelə
onun yaşayıb-yaratdığı dövrü, Anadolu Səlcuqlusundan
Osmanlıya keçid ərəfəsini dövrlərin
keçidi kimi sərh etməyə əsas verir.
II
dövr:
I dövrün son böyük şairi Yunus Əmrədən
sonrakı dövrdə Türk xalqları ədəbiyyatını
I Dünya savaşınadək yaşayıb-yaratmış
şairlərimizin, yazıçılarımızın əsərləri
və xalq yaradıcılığından seçmə
örnəklər təşkil edir.
Dövrün I Dünya savaşı ilə
qapadılması, türk xalqlarının
yaşadığı doğma coğrafiyada (ümumən
dünyada), həyat və fəaliyyətin, demək olar,
bütün sahələri boyu yeni şəkillənmənin
başlanması ilə əlaqəlidir. - I Dünya savaşı və
sonrasında Osmanlı çöküş ərəfəsində
idi, Azərbaycanda (yaxın Şərqdə) ilk cümhuriyyət
qurulurdu (az sonra türk xalqlarının
çoxunu da zor-xoş içinə alan yeni imperiya (SSRİ)
yaranacaqdı)... Hərbi-siyasi devrimlər baş verir, əlifba,
yeni geyim, yeni çalışma sahələri - bir sözlə,
yeni mədəniyyət axım(lar)ı təcalla
edirdi. Üstəlik, yeni sınırlar cızılır, vətəndaşlıqlar,
ölkə mənsubiyyətləri dəyişilir, yeni xəritələr
tərtib edilirdi... - Demək olar, bütün türk
xalqlarının həyatında yeni dönəm
başlayırdı...
Heç şübhəsiz, belə şəkillənmələr
yaradıcılığın digər sahələri kimi ədəbiyyata
da böyük ölçüdə təsir edib. Bu təsir
özünü həm ideya-məzmunda, həm formada (üslubda,
intonasiya və ritmdə), həm də ədəbiyyatı təmsil
edən yeni nəsillərin meydana gəlməsi, yeni
çağırışların təzahür etməsi ilə
göstərib. Təsadüfi deyil ki, sovet
ədəbiyyatşünaslığında "Böyük
Oktyabr Sosialist İnqilabı"ndan sonra yaranan ədəbiyyat
yeni, ona qədər olanlar isə ya klassika, ya da sadəcə,
köhnə ədəbiyyat sayılırdı.
II dövr, sənayeləşmənin yaranması, bir
sıra böyük elmi kəşflər, fəthlərlə
(təəsüf ki, sonrakı - III dövrdə fəthlərin
yerini istilalar, işğallar almış oldu...) və
bunların ədəbi-bədii yaradıcılığa təsirləri,
yaradıcılığın geniş yayılmasına
texnoloji imkan bəxş etməsi kimi hadisələrlə də
zəngindir.
II dövrə aid edilən əsərlərin bir qisminin
artıq "ayrılma sürəci"ndən
keçmiş əsərlər olması başa
düşüləndir. Bu dövrə aid olan bir sıra qüdrətli söz
ustadlarının adını çəkək: Nəsimi, Nəvai,
Babur, Füzuli, Xətai, Qurbani, Baki (Mahmud Abdülbaki),
Dadaloğlu, Məhtumqulu, Vaqif, Aşıq Ələsgər,
Abay, Mirzə Fətəli Axundov, Nədim, Toktoqul Satıganov,
Tofiq Fikrət, Abdulla Tukay, Şeyxzadə Babiç və b...
III
dövr:
Bu dövr artıq bəlli olduğu kimi, yeni (və ən
yeni) çağımızı əhatə edir.
Öncəki
dövrdə də vurğuladığımız kimi, I
Dünya savaşından sonra türk xalqları
coğrafiyasında ciddi, inqilabi hadisələrin olması,
güclü ideoloji-siyasi axımların hakim mövqe
qazanması, Çar Rusiyasının və Osmanlının
çöküşünün başlanması, Sovet
imperiyasının tarix səhnəsinə hazırlanması, yeni,
dəmir pərdəli sınırların cızılması
və s. diametral fərqlə bir dövrün başqa
dövrlə əvəzlənməsi kimi götürülə
bilər. Zatən o dövrədək olmuş heç bir
savaşa Dünya savaşı "status"u verilməməsi
də, tarixi bölgünü əsaslı qılır... Bütün bunlar ədəbiyyatda, mədəniyyətdə
ayrılmaların, başqa sözlə, fərqliliklər
qazanmaların meydana çıxması ilə müşahidə
olunub.
Öncəki dövrlə müqayisədə, III
dövr türk ölkə və topluluqlarında KİV-lərin,
digər kommunikasiya vasitələrinin də inkişaf etdiyi,
yaxud yeni yarandığı dövrdür. Bununla da
yazılanların tirajlandığı, daha çox
yayılaraq təsir imkanı qazandığı və
başqa xalqlarla, mədəniyyətlərlə intensiv ədəbi
əlaqələrin qurulması imkanları bilinən hadisədir.
Beləliklə,
XX yüzillikdə yaşayıb-yaratmış və sevilən
müəlliflər (Mehmet Akif Ərsoy, Rəşad Nuri
Güntəkin, Musa Cəlil, Mustay Kərim, Cəfər
Cabbarlı, Hüseyn Cavid, Platon Oyunski, Mağjan Jumabay,
Çolpan, Maqsud Şeyxzadə, Muxtar Auezov, Hüseyn Nihal
Atsız, Şəhriyar, Çingiz Aytmatov və b. söz
ustadları), aparıcı istiqamətlər bizim bölgü
üzrə III dövrə aiddir.
***
Bütün
dövrlərdə içdünyamıza - "ortaq
keçmişdən ortaq gələcəyə"
çağıran, eləcə də dış dünyaya
sayqılı davranıb, bərabərhüquqlu ədəbi
dialoqda olan şair, yazıçı və ədəbiyyatşünasların
yaradıcılığı ön plana çıxır.
Bir çox türk xalqı uzaq coğrafiyalarda
yaşamış olsa belə, qardaşların ədəbiyyatı,
tarixi, ruhu, taleyi oxşardır - daha doğrusu, hamısı
eyni kökdən gəlir. Əslində, bəşəriyyətin
kökü eynidir. Biz ümumbəşəri
kökdən çağdaş dönəmə, özünəməxsusluğumuza
gələnədək zamanın, məkanın,
coğrafiyanın xalq, ədəbiyyat ömrünün
Türk dünyası mərhələsindən (yaxud
baxışından) keçirik. Dünya ədəbiyyatını
bütün dünya araşdırır, öyrənir,
öyrədir və bir çox hallarda bu iş bizim əcdadın
yerini, rolunu qısıtlamağa çalışılaraq,
görməzliyə vuraraq icra edilir...
Özünəməxsusluğu, ayrılmaları (daha
doğrusu, fərqliliklər qazanmaları) və ortaq cəhətləri
ilə Türk dünyası ədəbiyyatı bu gün daha
cazibdir. Onu daha çox öyrənməli, öyrətməliyik.
Biz ümumi dəyərlərə qayğı
göstərməklə və onları qoruyub saxlamaqla mənəvi
bütövlüyümüzü qorumaq istəyirik. Çünki "ortaq keçmişdən ortaq gələcəyə"
gedəcəyimizə inanırıq.
Bəli, türk ədəbiyyatı çox qədimdən
başlayıb, müxtəlif dövrlərdən,
aşamalardan keçərək, günümüzə
yetişib və əlbəttə, gələcəkdə də
yaşayacaq, üfüqötələrinə qanadlanacaq,
toplumumuzu da qanadlandıracaq, ruhlandıracaqdır. Bu önəmli
ədəbiyyatın yüzillər içində obyektiv,
subyektiv səbəblər üzündən fərqliliklər
qazanması aydındır və günümüzdə
ümumtürk ədəbiyyatından danışarkən,
ayrı-ayrı türk ölkə və topluluqlarının ədəbi
mühitlərinin ən ümdə, ümumi hadisələrinin,
məhsullarının əsasında danışmalı
oluruq. Qarşılıqlı ədəbi-mədəni
ilişkilərdə, həmin mühitlərin ortaq
keçmişdən ortaq gələcəyə gedən yolun
tələblərinə ən universal şəkildə cavab
verən abidələrini, imzalarını çağdaş
çağırışlarla bir ortamda tutmaq alternativlərin
ən yaxşısıdır.
Sözümüz
qutlu olsun!
Əkbər QOŞALI
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.24-25.