Dil instinkti və ya Dilin
tarixi
İşarələrin diliylə özünü ifadə edən şimpanzelər, danışan Neandertal insan, hər insanın beyin hasarının özünəməxsusluğu,
doğuş zamanı
bir-birindən ayrılan
tək yumurta əkizləri, düşünən
beynin rəngli görüntüləri... Kifayət qədər
geniş mövzudur.
İnsanın təbii instinktləri
olduğu kimi dil instinktləri də dilin inkişafını
şərtləndirən amillərdəndir.
Dil insan növünün təməl özəlliyi
olaraq yaranıb.
Bir canlının öz növündən olan başqa bir canlıyla ünsiyyət qurmaq ehtiyacı milyon illər boyu davam etmiş, tədricən xaotik əlaqə üsullarının yaranmasına
səbəb olmuşdur.
Dünyəvi mənada dil
canlılar aləminin
əlaqə şəbəkəsidir.
Dil, ən bəsit formada izah etsək, bilgi əldə etmə vasitələrindən
biridir. Jest və mimikalar, bədən dili, riyazi dil,
Babil qülləsini xatırlayın... Bu tikili insan qürurunun
hədsizliyini və cəzasını özündə
əks etdirir. Yer üzünün bütün
insanları eyni dildə danışırmış.
Qüllə səmaya doğru
ucaldıqca insan Tanrıya çatacağını
zənn edirmiş.
İnsanlıq cənnətin astanasındaymış.
Tanrı
insanı yer üzünə ona görə göndərməmişdi
ki, onlar qüllə ucaldıb göyə çıxsınlar.
İnsan
Tanrı taxtına çıxa bilməzdi.
Yaradılışın ziddinə olan
bu addım mütləq cəzalandırılmalıydı.
Və qüllənin tikintisində
iştirak edən insanların dilləri qəfildən dəyişir,
heç kəs bir-birini başa düşmür. Beləcə, böyük plan pozulur.
Adamlar şəhəri tərk edib hərəsi bir tərəfə yol alır. Babil qülləsi dedikdə tamamlanmamış işlər,
uğursuz planlar yada düşür.
Adəmi
qadağan olunmuş meyvəni yediyi üçün cəzalandırıb
yer üzünə yollayan Yaradan bu dəfə də eyni dildə
danışan insanları
təbiətin qanununa
zidd getdikləri üçün cəzalandırdı.
Əsrlər keçdi... Amerikalı araşdırmaçı
Li Strobel yazır ki, Kopernik, Qaliley
Tanrı və İblisin mifoloji məkanlarını boşaldıb
bizə sekulyar göyləri miras qoydular. Allen Reks Sendiç, Li Strobel, Frensis Kollins, Con Lennoks Darvinin təkamül nəzəriyyəsini
alt-üst etmiş alimlərdir. Onların əsərlərində elmlə din barışır
və onlar dünyanın dərkini, yaradılışın mahiyyətini
birlikdə araşdırırlar.
Yaradılışın ən böyük
möcüzəsi də
dildir. Bir haşiyə çıxım.
Bu elm adamlarının əsərlərində Şərq
mütəfəkkirlərinə tez-tez müraciət olunur. Belə anlaşılır ki, bəşəriyyətin
təbii seleksiya vasitəsilə deyil, Fövqəlqüvvə tərəfindən
yaradıldığını isbat etməyə çalışan bu düşüncə adamları
ən tutarlı dəlilləri Şərq
alimlərinin əsərlərində
tapırlar. Gürcü əsilli
rus yazıçısı
Borus Akuninin sözləri yadıma düşdü. O yazırdı:
"Qərbin bədbəxtliyi
ondadır ki, o, Şərq müdrikliyinə
barmaqarası yanaşır".
Axı Şərq daha qədim, daha ağıllı, daha müdrikdir. Qayıdaq öz
mövzumuza.
Dil insanlığın
tarixi təcrübəsi
ilə o qədər sıx bağlıdır ki, onsuz həyatı
dərk etmək mümkün deyil. Bu yazı dilin qrammatikası haqqında deyil, dil instinkti
haqqındadır. Sözlərin lokomotivi uşaq ikən öyrəndiyimiz danışıq dilidir.
Uşağın dil açması
həyəcanverici bir
prosesdir. Dil düşüncədən
süzülüb gəlir,
fərqli dillərdə
danışanlar da gerçəkləri fərqli
şəkildə ifadə
edirlər. Dil beynimizin
bioloji yapısından
ayrı bir bölümdür. Uşaqlarda danışmaq
bacarığı öz-özünə
inkişaf edir. Bir insan danışmağı
hörümçəyin tor toxuması misalı
öyrənir. Tor toxumaq hörümçək
tərəfindən icad
edilməyib və tor toxumağı ona öyrədən olmayıb.
Bəs o
bunu necə bacarır? Cavab budur: onları tor toxumağa sövq edən hörümçək
zəkasıdır. Hörümçəyi hərəkətə gətirən
instinktlərdir. Dil də
bu şəkildə inkişaf edir. O, çox yaxşı təşkilatlanmış bioloji
instinktlərin məhsuludur.
İnsan
düşüncəsinin instinktiv
təbiəti dili bir instinkt olaraq
görməyimizi çətinləşdirir.
Çox
maraqlı məqamdır
ki, indiyə qədər Azərbaycan dilçiliyində dil instinkti demək olar ki, araşdırılmayıb.
Amerikan alimi Stiven Pinker "Dil instinkti" əsərində iddia edir ki, dil
insana öyrədilmir,
o, insanın fitri qabiliyyətidir. Pinker dili insanın ümumi düşünmə
qabiliyyətindən fərqləndirir
və bunun sadəcə, inkişaf etmiş zəkanın işarəsi olmadığını,
əksinə, ixtisaslaşmış
zehni modul olduğunu isbat edir. Hər halda, bu yanaşma da insanı dərindən düşünməyə vadar
edir.
Dil instinkti
şifahi dilin formalaşmasını şərtləndirir. Yazıdan əvvəl
insanlar bu instinktiv impulslar vasitəsilə fikirlərini
ifadə edirdilər.
Pantomima dilin uşaqlıq çağıdır. Bəşəriyyətin dil açması dövründən bəhs
edərkən gərək
təbiətin dilini, heyvanatın dilini də araşdıraq.
Bio-akustika elmi
heyvanların dilini araşdırmaqla məşğuldur.
Məsələn, balıqların bir-birlərini səsləməsi
nəbz atışı
qədər xəfifdir.
Bu səslər suda dalğa yarada bilir və
balıqlar instinktiv olaraq o səsə doğru yan alır. "Dilin tarixi" əsərinin müəllifi
Stiven Roger Fişer yazır ki, "Yer üzünün yaşamaq üçün
əlverişli hesab olunan bütün nöqtələrini işğal
edən qarışqaların
sayı insanların sayından (trilyonlarla) çoxdur. Onların bədən dili
çox fərqlidir, belə ki, qarışqanın
alt çənə tiroidləri
təhlükə hiss edən
anda qoxu buraxır. Beləcə, qoxu sızdırmaqla
həyəcan işarəsi
verir. Qarışqa düşərgəsində əlaqə sistemi bu cür yalın
"dil" vasitəsilə
yaradılır. Bu əlaqə necə qurulur? Əlbəttə, qarışqanın yaradılışındakı instinktlər hərəkətə
keçir. Eləcə
də bal arılarının, quşların,
atların, fillərin,
şimpanzelərin və
s. öz bədən dilləri mövcuddur. Fişer adıçəkilən əsərinin
bir bölümünü
"Danışan meymunlar"
adlandırır.
İnsanlarda isə məsələ
bir az
başqa cürdür.
Qədim
zamanlarda səyahətə
çıxan səyyahlar
dili olmayan heç bir qəbiləyə rast gəlmədilər. Qədim insan
şikayətlərini anlatmaq
üçün dili icad edib. Universal qrammatika insan
həyatının çətinlikləri
ilə birlikdə yaranıb və tədricən formalaşmağa
başlayıb.
Şərqdə quşların dilini (Fəridəddin Əttar -
"Məntiqüt-teyr"), meyvələrin dilini (Füzuli - "Söhbətül-əsmar")
bilən şairlər
yazıb-yaradıblar. Əlbəttə, onlar insanda olan
xüsusiyyətləri alleqorik
formada quşlara, meyvələrə proyeksiya
ediblər. Amma hər
halda, onların təbiətinə dərindən
bələd olublar.
Nəsimi yazırdı:
Hər kimsə Nəsimi sözünü fəhm edə bilməz,
O, quş dilidir, ani Süleyman bilir ancaq.
O dövrdə hürufilərin
özlərinə məxsus
olan işarələr
dili formalaşmışdı.
Belə bir dilin yaranması
onların təhlükəsizliyi
üçün olduqca
vacib idi və zərurətdən
yaranmışdı. Sufi
simvolikasını bilmədən
Nəsimi şeirinin fəlsəfəsini anlamaq
qeyri-mümkündür.
Hər bir yazıçı, şair
dil vasitəsilə alternativ bir dünya yaradır, ruhsal aləmlə bir irtibat qurur. Yazıçı həm də ədəbi dilin yaradıcılıq qüvvəsini
artırandır, bədii
dil üçün yeni üfüqlər açan söz ustasıdır. Sözün məna
sərhədlərini genişləndirmək
yazıçının dil
qarşısında ən
mühüm vəzifəsidir.
Digər
baxımdan, yazıçı
da insandır və o da dünyaya
gələndə heç
bir dil bilmirdi.
O da bütün insanlar kimi körpəlikdə
instinktlərin köməkliyi
ilə dil açıb. Dil homo sapiensin fövqəladə
qabiliyyətini əks
etdirir. Bu, ata-anaların övladlarına
öyrətdiyi bir şey deyil, məktəbdə də öyrədilməz. İnsan düşüncəsinin
instinktiv təbiəti
dili bir instinkt kimi görməyimizi
çətinləşdirir.
Heç bir əziyyət çəkmədən düşüncələrimizi
rahatlıqla dilə gətirə bilirik, zehni nəzarət bəzən fikirlərimizi
cilovlamaqda aciz qalır. Kəlmələrin axışı şəffafdır.
Dilin motoru beyində yerləşir. Biz informasiyanı beyin vasitəsilə qəbul edirik və hüceyrələr bu informasiyaya avtomatik olaraq reaksiya verir, düşüncə
mexanizmi sürətlə
fikir istehsal edir.
Beyin yaddaş
deposudur və ordakı söz ehtiyatı nə qədər zəngin olarsa, insan da
fikirlərini çox
rahatlıqla ifadə edə bilər. Ən çox
söz ehtiyatına malik olan zümrə
yazıçılardır. Bu məqamda instinkt
intellektlə birləşir
və zəkanın məhsulu olan əsərlər meydana çıxır.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2022.- 11
iyun.- S.29.