Çalınmamış vağzalı
Hekayə
Dan
yeri yenicə ağarmış, xoruzların səsi bir-birinə
qarışmışdı. Əlli illik ailə həyatını
bir dam altında yaşayan Lətif baba ilə Zivər nənə
çoxdan oyanmışdı. Hər ikisi gözlərini eyni
nöqtəyə zilləyib susmuşdu. Hava
açıldıqca evin pəncərəsindən otağa
düşən işıq bir nöqtəyə zillənmiş
gözlərin səmtini aydınca göstərirdi. Bu
gözlər düz 24 il idi ki, gündə
bir neçə dəfə səliqə ilə çərçivəyə
salınıb divardan asılmış bir gənc əsgərin
şəklinə dikilib qalırdı. Bu şəkil
Lətif baba ilə Zivər nənənin Qarabağ müharibəsində
itkin düşmüş yeganə oğlu Xudunun şəkli
idi.
Müharibə başlayanda Xudu öz məktəblərində
tarix fənnindən dərs deyirdi. O, iki ay idi ki, ibtidai sinif müəllimi
Gülər ilə nişanlanmışdı. Yay
tətilində toyları olmalı idi. Oğul
toyuna hazırlaşan ata-ananın sevincindən ayağı
yerə dəymirdi. Bu o vaxtlar idi ki, əllərinə
daha çox ərazi keçirmək eşqinə düşən
ermənilər Qarabağı gözaltı etmişdilər.
Həmin gündən yüzlərlə Azərbaycan
oğlu Qarabağın müdafiəsi uğrunda
döyüşlərə qatıldı. Xudu
müəllim də həmin oğulların sırasında
idi. Ağır döyüşlərin
birində yaralı halda ermənilərə əsir
düşən Xudu müəllim haqqında daha heç bir xəbər
olmadı. Elə o gündən indiyə qədər
barmağında nişan üzüyü gəzdirən
Gülər müəllimənin, Lətif babanın və Zivər
nənənin gözləri Xudunu aparıb, ancaq geri qaytarmayan
yollara dikilib qalmışdı...
Həyətdən gələn səs Lətif baba ilə
Zivər nənəni xəyaldan ayırdı. Səs
qonşu Kərimin 10 yaşlı oğlu Samirin səsi idi.
O, asta-asta Lətif babanı çağırırdı. Yay tətili olduğuna görə hər gün səhər
uşaqlarla qoyun-quzunu otarmağa gedən Samir Lətif
babanın 5-6 qoyununu da özü ilə otarmağa
aparırdı.
Lətif baba qalxıb həyətə düşdü.
-
Sabahın xeyir, Lətif baba.
-
Sabahın xeyir, ay oğul.
O, Samirin
başını sığalladı.
- Allah
köməyiniz olsun. Qonum-qonşu olmasaydı,
biz kimsəsiz qocalar nə edərdik? Bu
qoyunları sizin hesabınıza saxlayıram. Yoxsa mən qoyun otaran halda deyiləm.
Lətif baba danışa-danışa qəhəlin
qapısını açdı. Qoyunları
çölə ötürdü. Samir əlindəki
çomaqla qoyunları dəhmərləyib küçə
qapısından çölə çıxardı.
Arxadan Zivər nənənin səsi gəldi:
- Ay Samir,
dayan.
Samir ayaq saxladı. Zivər nənə əlindəki
bükülünü Samirə uzatdı.
- Al, ay
oğul, şirin külçədi, uşaqlarla yeyərsiniz.
Samir əlini uzadıb bükülünü aldı.
-
Çox sağ olun, Zivər nənə.
Zivər nənə Samirin başını
sığallayıb üzündən öpdü. Arvadı qəhər
boğdu. O, boğazındakı qəhəri udmağa
çalışdı. Son vaxtlar çox
kövrək olan Zivər nənə özünü zorla ələ
alıb əlini Samirin çiyninə qoydu.
- Siz
sağ olun, ay bala, dadımıza yetirsiniz, qolumuzdan tutursunuz. Cəmi qonum-qonşudan çox razıyıq. Uşaq olanda nə olar. Siz ki,
bizim kimi kimsəsiz qocaları tək qoymursunuz, Allah sizdən
razı olsun.
O,
yaylığının ucu ilə yaşarmış gözlərini
sildi. Baxışları çoxdan
çıxıb getmiş Samirin gedərkən kip
örtdüyü qapıda ilişib qaldı. Sanki xəyal bir anlığa əlləri qoynunda
çarpazlaşıb qalmış Zivər nənəni
götürüb çox uzaqlara apardı. Qapını
örtərkən dörd barmağı qapının
arasında qalıb qanamış beş
yaşlı Xudunun göynəyə-göynəyə
ağlayan səsini eşitdi. "Can bala" - deyib qapıya tərəf
addımladı. Qollarını
açıb yana-yana ağlayan oğlunu qucaqlamaq istədi.
Bayaqdan yerində donub qalmış
Zivər nənənin bu qəribə hərəkəti
Lətif babanın gözündən qaçmadı. Yavaşca arvadını səslədi:
- Sənə
nə olub, ay Zivər, hara gedirsən?
Zivər nənə Lətif babanın qəfil səsindən
diksinən kimi oldu. Çaşqın halda gah qapıya, gah da
Lətif babaya baxdı. Qapının
ağzında dayanıb ağlayan Xudunun səsi xırp kəsildi.
Səliqəli, tərtəmiz geyinmiş
uşağın sifəti gözlərində
çilik-çilik olub yoxa çıxdı. Elə bil arvadın üstünə soyuq su
tökdülər.
Zivər
nənənin bu hərəkətindən qorxuya düşən
Lətif baba üzü qibləyə dayanıb əlini
haqqın dərgahına qaldırdı: "İlahi, sən
bizi sonrakı ayıbımızdan qoru. Bizə
səbr əta elə. Ağlımızı əlimizdən
alma".
O,
ağır-ağır adımlarla arvadına
yaxınlaşdı. Əlini onun çiyninə qoydu:
-
Özünü ələ al, ay Zivər.
Zivər
gözləri yaşla dolmuş halda dilləndi:
-
Uşağın səsi qulağıma gəldi, ay Lətif. Bax orada dayanıb ağlayırdı. Yadındadır, balaca olanda barmaqları
qapının arasında qalıb qanamışdı. Eyni görkəmdə gözümə
göründü. Həmin boy-buxunda, həmin paltarda...
Zivər
Lətifin təəccüblə ona baxdığını
görüb həyəcanlandı:
- Vallah dəli
olmamışam, ay Lətif. Uşaq olduğu
kimi gözümə göründü. Özümü
unutdum.
Zivərin səsi yavaşıdı. Elə bil o da
özündən xoflanmağa başladı. Bunu hiss edən
Lətif baba astadan dilləndi:
- Gedək
çay içək.Çörək də yeməmişik.
- Qoy mən
hinin qapısını açım, toyuqlar ac qalıblar. Sən keç evə, mən də gəlirəm.
O, hinə
sarı gedib toyuq-cücəni həyətə buraxdı. Hinin üstünə qoyulmuş bakdan bir qab dən
götürüb yerə səpdi. Düti, düti, -
deyib o yan-bu yana dağılışmaq istəyən
toyuqları dənə sarı çağırdı. Birdən elə bil bütün həyət
başına fırlandı. Əlini hinin
yanındakı heyva ağacına atdı. Ağacdan yapışıb yavaş-yavaş yerə
çöməldi. Aralıda
kötüyün üstündə oturub papiros çəkən
Lətif baba ayağa qalxıb əlindəki papirosu yerə
atdı. Zivərə sarı gəlib əlini ona
uzatdı:
- Yapış
əlimdən, səni evə aparım. Gedim Həmid
həkimi gətirim, səni yoxlasın. Neçə
gündür nasazlamısan. İynə-dərman
yazsın, alım. Deyirlər, bu
axşamçağı pensiyalarımız da köçəcək.
O, Zivər
nənənin qolundan yapışıb, birtəhər evə
apardı. Yatağına uzandırdı. Arvadın halı yaxşı deyildi. Elə bil
ev başına fırlanırdı. Bədəni tamam gücdən
düşmüşdü.
Lətif babanın gözləri yaşla dolmuşdu. O, rəngi solmuş
arvadına baxıb yavaşca dilləndi:
-
Güclü ol, ay Zivər, məni tək qoyma. Axı,
biz bir-birimizə söz vermişik. Xudu gəlməyənə
qədər ölməyəcəyik.
Halı özündə olmayan Zivər nənənin
yarıyumulu gözlərindən yaş süzülüb
yastığa düşdü. Lətif baba əlini onun alnına
qoydu:
- Sən
bir az səbirli ol, gedim Sənubəri
çağırım. Həm də həkimin dalınca adam göndərim.
Zivər
nənə zorla dilləndi:
- Qorxma,
ay Lətif, mənə heç nə olmaz. Bir az
başım ağrıyır, keçib gedəcək.
Lətif
baba nigaran halda qapıya tərəf yönəldi:
- Həkim
dalınca adam göndərib
qayıdıram. Sən bir az toxtaq ol.
Lətif kişi yaşına yaraşmayan bir cəldliklə
həyətə düşdü. Qonşu ilə öz
aralarındakı çəpərə yaxınlaşıb həmyaşıdı
Xanoğlanı səslədi:
-
Xanoğlan, ay Xanoğlan.
Həyət süpürən Sənubər səsə
çəpərə sarı gəldi. Xasiyyətinə uyğun
astaca dilləndi:
-
Sabahın xeyir, Lətif əmi.
-
Sabahın xeyir, ay bala. Xanoğlan hardadır,
gözümə dəyməyir.
-
Dayım heyvanları naxıra ötürüb dükana getdi.
Evə bir-iki xırda-para lazım idi. İndilərdə alıb qayıdar. Lətif əmi, nə isə demək istəyirdin?
- Hə,
qızım, bizim qarı nasazlayıb. Həkim
gətirmək lazımdır. Evdə tək
qoya bilmirəm.
- Bəs,
bunu mənə bayaqdan niyə demirsən? Uşaqlar
yatıblar. Mən Zivər xalanın
yanında qalaram. Sən tez həkimin dalınca get.
O, əlindəki
süpürgəni evin daşına söykədi. Tələsik Zivər xalanın yanına
yollandı. Elə küçə
qapısından çıxmışdı ki,
qayınatasının gəldiyini gördü. Addımlarını yavaşıdıb kişinin gəlməyini
gözlədi. Bütün günü
sil-süpürlə, biş-düşlə,
uşaq-muşaqla keçirən Sənubərin birdən-birə
küçədə görünməsi Xanoğlanı
narahat etdi. Gəlinə çatan kimi təəccüblə
soruşdu:
- Xeyir ola,
ay Sənubər, salamatlıqdır?
- Lətif
əmi səni soruşdu. Deyir, Zivər xala xəstələnib.
Evdə təkdir. Özü
həkimin dalınca getdi. Mən də ora
gedirəm.
- Hə,
get-get, yubanma. Mən də əlimdəkiləri
aparım evə qoyum, gəlirəm. Deyirəm
axı, Lətif səhər-səhər tələsik hara
gedir. Qapıdan elə çıxdı
ki, heç məni də görmədi.
Xanoğlan
öz-özünə danışa-danışa küçə
qapısından içəri girdi: "Tifağın
dağılsın, erməni. Qapın
çırpılsın, erməni. Camaat
min bir arzu-ümidlə, əziz təbərrik uşaq
böyüdüb ki, yurdunda yurdçu olsun. İndi nə ölüsünü tapır ki,
basdırıb qəbrinin üstündə ağlasın, nə
də dirisini tapır ki, qocasına, xəstəsinə sahib
çıxsın. Adamın malı
itər, pulu itər, deyərsən
başının-gözünün tasatlığı olsun. Yoxsa adamın da balası itər? Belə də dərd olar? Belə
də zülm olar?
Xanoğlan deyinə-deyinə aldığı ərzaqları
mətbəxdəki stolun üstünə qoydu. Sonra astaca uşaqlar yatan
otağın qapısını açıb üç
yaşlı Çingizin və dünyasını çoxdan
dəyişmiş arvadının adını daşıyan beş yaşlı Nisənin
açılmış üstlərini örtdü.
Uşaqları süzüb gülümsündü: "Allah
saxlamışların yatışları da nadincdir. Bir üstünlükləri var ki, səhərlər
bir az yatırlar".
O, sakitcə
qapını örtüb həyətə düşdü.
Artıq neçə gün idi ki, bütün kənd
Zivər nənənin ağır xəstə olduğu xəbərini
eşitmişdi. Bu çətin günlərdə
qonum-qonşular bu kimsəsiz qocaları tək qoymurdular.
Dəfələrlə təklif və təkid edilməsinə
baxmayaraq hələ də ailə həyatı qurmayıb,
barmağında Xudu müəllimin nişan
üzüyünü gəzdirən saçları
ağarmış Gülər müəllimə də bu xəbəri
eşidib sarsılmış, onları oğulsuz,
yurdlarını sahibsiz qoyan ermənilərə lənətlər
yağdırmışdı. Ata-anasının
ölümündən sonra qardaşı ilə yaşayan
Gülər müəllimə dəfələrlə
öz-özünə gedib Zivər nənəni və Lətif
babanı görmək, onlarla bir yerdə yaşamaq qərarını
versə də son anda onu "Vağzalı" sədaları
ilə o həyətə aparmayan taleyindən utanmış, həya
etmişdi. Ancaq Zivər nənənin bu
ağır günündə barmağında gəzdirdiyi
üzüyün sahibinə sədaqət timsalı olaraq Lətif
babagilə baş çəkməyi bir ailənin üzvü
kimi özünün mənəvi borcu hesab edirdi. Gülər müəllimə özünü
toplayıb qayınatasıgilə getməyi qərara aldı.
Zivər nənənin vəziyyəti getdikcə
ağırlaşırdı. Onun sağalması
üçün əlindən gələni əsirgəməyən
Həmid həkim də gündə iki dəfə Lətif
babagilə baş çəkir, xəstənin müalicəsini
nəzarətdə saxlayırdı. Dünyanın
gedişatından xəbərdar olan Lətif baba bir an da olsun ömür-gün yoldaşından
ayrılmırdı. Yanağından
süzülən isti göz yaşları ağappaq
ağarmış saqqalını isladırdı. Divar boyu cərgə ilə döşəkçə
üstündə oturmuş kəndin yaşlı
qadınları gözlərini ölü kimi uzanmış
Zivər nənəyə zilləmişdilər. Zivər nənənin dodaqlarını nəlbəkinin
içindəki ilıq suya atılmış pambıqla
isladan Sənubər də xısın-xısın
ağlayırdı. Bütün ailəsini
1992-ci ilin 25-dən 26-na keçən gecənin fevralında
Xocalıda itirən Sənubər Xanoğlan kişinin evinə
gəlin gələn gündən mehrini qonşuluqda yaşayan,
özü ilə həmdərd olan bu iki qocaya
salmışdı. İpək kimi yumşaq xasiyyətli Zivər
nənə də 6 yaşında ata-anasını itirmiş Sənubərə
öz doğma balası kimi yanaşmış, bilmədiklərini
öyrətmiş, ağır işinin qulpundan
yapışmışdı. Sənubər gözlərini son
ümidi olan Zivər nənəyə zilləyib saqqalı
uzunu yaş tökən Lətif babaya baxdıqca, oğul toyu,
gəlin arzusu, nəvə həsrəti ilə yaşayan bu
iki qocanın nisgil yükünün
ağırlığını dərk etdikcə ürəyi
göynəyir, göz yaşlarını saxlaya bilmirdi. Sənubər
ağladıqca Lətif baba ilə
Zivər nənənin həsrətlə gözlədiyi
çalınmamış Vağzalının sədaları
altında o müdhiş gecənin vahiməli səsini
eşidir, bir-birinin ardınca Kətiyin ətəyinə səpilən
ata-anasının, bacı-qardaşının,
qonum-qonşuların nalə dolu fəryadını xəyalında
canlandırırdı. Sənubər həyatla
ölüm arasında əlləşən Zivər nənəyə
baxdıqca, ən doğma adamını itirmiş kimi kövrəlir,
onu bağrına basıb duz kimi yalamaq istəyirdi. O,
sanki bir andaca 6 yaşında ikən uşaqlığına
son qoyub, onu böyüdən 25 fevral gecəsində olduğu
kimi bağrına basmağa macal tapa bilmədiyi
doğmalarını itirdiyi duyğu ilə göynəyir,
sızıldayırdı. Zivər nənə də
son anında öz yeganə oğlunu bağrına basa bilmədi.
Sənubər nəlbəkidəki suyu təzələyib
Zivər nənənin dodaqlarını ilıq su ilə
islatdı. Birdən Zivər nənənin 3 gündən bəri
açılmayan göz qapaqları titrədi, alt çənəsi
səyridi, gözləri Zivər nənəyə zillənmiş
Lətif baba yerində qurcalandı. Öz-özünə
pıçıldadı: "Allah, sən özün kömək
ol". Divar boyu oturmuş arvadlardan bir neçəsi
ayağa qalxıb Zivər nənəyə
yaxınlaşdı. Sələmə arvad
əyilib diqqətlə onu süzdü.
Başını yırğalayıb dilləndi:
"Şükür Allaha, salamatlıqdır. Rəngi-ruhu
da üstündədir".
O, əlini
Zivər nənənin alnına qoydu. Elə buna
bənd imiş kimi arvad gözlərini açdı. Sələmə
sevincək onun əllərini əlinə alıb dedi:
"Şükür Allaha, deyəsən, oyandın".
Zivər nənə yorğun-yorğun ətrafdakıları
süzdü.
Baxışlarını dolandırıb Lətif
babaya zillədi. Yorğun gözləri
yaşla doldu. Bir dəri, bir sümük
olan əlini Lətif babaya tərəf uzatdı. Lətif əlli illik ömür-gün
yoldaşının açılan gözlərinə baxıb
sevincdən kövrəldi, anasından yetim qalmış
uşaq kimi hönkür-hönkür ağladı. Sanki kimsəsizlik çökmüş qaranlıq
komasına işıq saçan ümid qapıları
açılmışdı.
Arvadlar kirimişcə oturmuşdular. Lətif baba
çarpayının qabağındaca dizi üstə
çöküb Zivərin titrəyən əllərini
ovuclarının arasına aldı.
- Sənə
nə olub, ay Zivər, haran
ağrıyır?
Zivər nənənin dolmuş gözlərindən axan
yaş damlaları yastığa süzüldü. Güclə eşidiləcək
bir səslə dilləndi:
- Ürəyim
ağrıyır, ay Lətif.
O, təngnəfəs
oldu. Sənubər pambıqla onun göyərmiş
dodaqlarını islatdı. "Su verim
içirsən?" - deyə
soruşdu. Zivər nənə yüngülcə
başını tərpətdi. Sənubər
ona bir neçə qaşıq su içirdi. Elə bu vaxt küçə qapısı astaca
döyüldü. Üzüm çardağının
altında oturmuş 5-6 kişi qapıya tərəf boylandı. Xanoğlan
qalxıb qapıya tərəf getdi. Gələn
Gülər müəllimə idi. Qapı
açılan kimi onsuz da həyəcanlı olan Gülər müəllimə
özünü itirdi, ürəyi şiddətlə
döyünməyə başladı, dili topuq vurdu: "Mən
gəldim ki...".
O,
sözünün ardını gətirə bimədi. Gözləri yaşla doldu. Başını
aşağı saldı. Elə Xanoğlan kişi də çaş-baş
qalmışdı. O da özünü topladı: "Xoş
gəlmisən, qızım, lap yaxşı eləyib gəlmisən.
Burda dayanma, keç içəri".
Gülər müəllimə utana-utana həyətə
girdi. Onu görən kimi oturanların hamısı
ixtiyarsız olaraq ayağa qalxdılar. Hamı
lal-dinməz başını aşağı salıb
dayandı. Xanoğlan kişi - "gəl
qızım, gəl, Zivər xalan içəridədir" -
deyə dilləndi. O, kövrəlmiş halda Lətif
babanı səslədi: "Lətif, ay Lətif, bir
çölə çıx, gör kim gəlib".
Lətif balkona çıxdı. Gülər
müəlliməni görüb yerindəcə donub qaldı.
Selə dönmüş göz yaşlarına hakim ola bilmədi. Qollarını açıb
qıza tərəf yeridi: "Bizi bağışla,
qızım. Səni gəlin havası ilə bu
həyətə gətirə bilmədik. Biz
sənin qarşında günahkarıq".
Gülər müəllimə hönkürüb
özünü uşaq kimi qayınatasının
üstünə atdı. Lətif baba 24 il
yolunu gözlədiyi gəlinini bağrına basdı,
ağarmış saçlarını sığallayıb
alnından öpdü: "Yurdun sahibsiz qalsın, erməni,
niyə yurdumu sahibsiz qoydun" - deyib hönkürdü. Həyətdəki kişilər gəlin səliqə-sahmanına,
nəvə ayaqlarına həsrət qalan, sükut
çökmüş bu həyət-bacaya, saqqalı uzunu
yaş tökən bu tənha qocaya baxdıqca kövrəlir,
bir-birindən gizlin göz yaşlarını silirdilər.
Lətif baba gəlininin əlindən yapışıb
içəri çəkdi: "Gəl içəri,
qızım, qoy son nəfəsində Zivər anan da səni
görsün".
O, Güləri
Zivər nənənin çarpayısının yanına gətirdi.
Ehmalca arvadını səslədi: "Zivər, ay Zivər,
gözlərini aç, gəlinimiz gəlib. Gülər
səni görməyə gəlib".
Zivər nənənin hərəkətsiz bədəni
gərildi. Gözlərini açıb Gülərə
baxdı. Başını qaldırmaq istədi,
gücü çatmadı. Zorla eşidiləcək bir
səslə dedi: "Can bala, sənin
ağarmış saçlarına ölə bilməyən
canım qurban".
Gülər əyilib qayınanasının üzündən
öpdü. Hər ikisinin göz yaşları bulaq kimi
qaynayırdı. Zivər nənə yenə
nə isə pıçıldadı, ancaq onun nə dediyini
heç kəs başa düşmədi. Düz
iki saat idi ki, o, gözlərini Xudunun divardan asılmış
şəklinə zilləyib qalmışdı. Arvadlar Zivər nənənin çəkdiyi əziyyətin
səbəbini bilirdilər. "Ölə
bilməyir yazıq, balasını gözləyir. Gəlini də gəldi, yenə sakitləşmədi.
Ağır dərddir, neyləsin, bircə bala ola,
o da itkin düşə. Gözlərinin
qabağında gəlini qarıyıb qocaldı".
Arvadlar gözlərinin yaşını silə-silə
pıçıldaşır, Sələmə arvad isə
lal-dinməz qulaq asırdı. Birdən o, yavaşca
ayağa qalxdı. Gedib Xudunun divardan
asılmış şəklini gətirib Zivər nənənin
sinəsinin üstünə qoydu. Əllərini
çarpazlayıb şəklə söykədi. Bunu
hiss edən Zivər nənə əlini çətinliklə
şəklə toxundurdu. Elə bil ürəyi
təlatümə gəldi. Sinəsi
aramsız qalxıb-enməyə başladı. Şəkli sinəsinə sıxdı. Sonra şəkli taqətdən düşmüş
əllərinə alıb qurumuş dodaqlarına
yaxınlaşdırdı, şəkli duz kimi yalamağa
başladı. Elə bil bədəninə
güc gəldi. Başını
yastıqdan qaldırdı. Hamının eşidəcəyi
bir səslə fəryad etdi: "Harda qaldın, ay oğul,
daha gözləməyə gücüm çatmayır, məni
bağışla".
Zivər nənənin cansız bədəni
çarpayıya düşdü.
Rəqibə QƏVVAS
Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.28-29.