Anam yadıma düşmüşdü
Hekayə.
Nəriman
səhərin gözü açılar-açılmaz
özünü çatdırdı yeməkxananın
qarşısına. Yeməkxananın
qarşısındakı salxım söyüdün
altında bir balaca nəfəsini dərib ətrafa göz gəzdirdi.
Heç kim gözünə dəymədi. İçəri
keçdi.
-
Sabahın xeyir, ay Şərif.
- Aqibətin
xeyir olsun, Nəriman.
- Bir
şey var?
- Bəyəndiyin
yerlərdən əyləş, gəlirəm.
Nəriman
keçib stollardan birinin arxasında əyləşdi. Siqaret
qutusunu çıxardıb bir siqaret yandırdı,
alışqanı və siqaret qutusunu stolun üstünə
qoydu. Yenicə yandırdığı siqaretə bir qullab
vurub acgözlüklə tüstünü ciyərlərinə
çəkib ağzından və burnundan yavaş-yavaş
havaya buraxmağa başladı.
Əlindəki
nəm dəsmalla stolun üstünü silən Şərif
dedi:
-
Borş, tava kabab, süzmə xəngəl, toyuq supu, xaş,
dolma.
-
Hansı yaxşıdır? Nəriman siqareti külqabına
qoyub qapıya boylandı.
-
Hamısı yaxşıdır. Amma xaş lap əladır. Səhər-səhər
xaş can dərmanıdır.
- Onda bir
xaş ver.
Şərif
əlində gətirdiyi kasanı və çörəyi
stolun üstünə qoydu.
- Ayrı
bir şey lazımdır?
- Bir
"çubuş" ver, bir də turşu.
- Baş
üstə. Şərif bir azdan əlindəki 250 qramlıq
araq şüşəsini və turşu olan balaca
boşqabı stolun üstünə qoyub "nuş olsun"
deyib, getdi.
Nəriman
axırıncı stəkanı stolun üstünə qoyub,
kasada olan xaşın suyunu yenicə qaşıqlayıb
qurtarmışdı ki, Əbülfət içəri girdi.
Elə bil Nərimanın çırağına neft
tökdülər.
- Ə,
Əbili, hardasan? Qapıya baxmaqdan gözümüzün
kökü saraldı. - Axsaya-axsaya yaxınlaşan
Əbülfət Nərimanla illər həsrətlisi kimi
görüşüb öpüşdülər. Sonra
Əbülfət boş stulu çəkib əyləşdi.
- Nədi,
səhər-səhər vurmusan?
- Yox əşi,
xaşnan bir "çubuş" içmişəm.
Əbülfətin oturduğunu görən Şərif tez
özünü çatdırdı.
- Nə
lazımdır? - deyib intizarla müştərilərin
sifarişini gözləməyə başladı.
- Təzə
kəsilmiş körpə quzu əti var? Əbülfət
Şərifin üzünə baxdı.
- Var. Səhər-səhər
kəsilib. On dörd-on beş kiloluq bir quzudur. - Şərif
gülümsündü.
- Bu oldu əla.
Həmin ətdən on şiş kabab qoy. Beşin bir gətirərsən,
beşin də bir. 750 qramlıq soyuq bir araq, dörd
şüşə də soyuq pivə. Amma təzə olsun.
Əvvəlcə soyuq qəlyanaltı gətir,
boğazımızı yaşlayaq, kabab hazır olana kimi
boş dayanmaq olmaz. Eşitdin, Şərif? Əbülfət
özündən razı halda stula yayxandı.
- Baş
üstdə, Əbili. - deyən Şərif stoldan aralanıb
sifarişi hazırlamaq üçün mətbəxə
doğru addımladı.
-
Əbili, bunu içirəm sənin sağlığına. Sən
əsl kişisən. Az bir vaxtda səni gərək
imkanlı bir adama çevirəm.
- Sağ
ol, Nəriman. Çox razıyam. Allah səndən razı
olsun. Sən gələndən cibim pul tanıyıb. Fikrim var
evlənəm.
-
Çox əla! Kimin qızını deyirsən elçi getmək
mənim gözüm üstdə. Gözaltın varmı?
Əbülfət
başını aşağı saldı.
- Ə,
başını aşağı niyə salırsan? Sənin
yaşıdlarının uşaqları məktəbə
gedir. Gözaltın var?
- Var.
- Daha
yaxşı. Nə vaxt deyirsən mən elçi getməyə
hazır. Allah ata-anana rəhmət eləsin. Yaxşı ev
qoyub gediblər. Nə istəyirsən? Bir-iki də
üzük alarsan, beş-on adamla bir məclisdi, onun
canıdı. Hələ götür bunu vuraq, sonra
danışarıq.
Nəriman
əlindəki stəkanı toqquşdurub başına
qaldırdı. Dalınca soyuq pivədən bir stəkan
içib ağzını sildi.
- Bəh-bəh,
pivə lap can verir. - deyən Nəriman stəkanları
doldurdu və sümüklü tikəni dişinə çəkdi.
Butulkaların
boşaldığını görən Əbülfət istədi
Şərifi çağıra, Nəriman qoymadı.
- Bəsdir.
Hər şey boldur.
- Nə
cür məsləhət görürsən. - Əbülfət
dolu stəkanı Nərimanın stəkanı ilə
toqquşdurub "Sənin sağlığına", - deyərək
bir dəfəyə xirtdəyinə tökdü. Əllərini
butulka və boşqabdan çəkən Nərimanla
Əbülfət siqaretin qutusundan adama bir siqaret
götürüb yandırdılar.
-
Heç bir şey toplaya bilmisən, Əbili?
- Sağ
ol, Nəriman. Topladığım pullar sənin
hesabınadır. Bunun üçün sənə borcluyam.
- Elə
fikirləşmə, Əbili. Nə imkanım varsa, sənə
kömək eləməyə hazıram.
- Eh, Nəriman.
Atam-anam sağ olsaydılar, çoxdan ailə-uşaq sahibi
olmuşdum. Əmim, atadan qalma evi də əlimdən almaq istəyirdi.
Sağ olsun yaxşı adamlar.
-
Əbili, beş-on günə hazırlaş sənə
elçi gedək. Bəsdir tək yaşadın. Qalxaq, - deyən
Nəriman ayağa durdu.
Əbülfət
tez əlini cibinə saldı ki, hesabı versin. Nəriman
qoymadı.
Hər
ikisi çöldə, bir az söyüdün kölgəsində
sərinləyəndən sonra yola çıxdılar.
Ayrılanda Nəriman "Əbili, yenə həmin vaxtı
görüşərik" dedi.
-
Yaxşı, Nəriman. Həmin vaxtda gələrəm, deyən
Əbili öz evinə, Nəriman isə başqa səmtə
yollandı.
***
Gecə
yarıdır. Kəndin yuxarısındakı qəbristanlığın
içərisində olan binanın içərisinə xeyli
adam yığışıbdı. Nəriman Əbülfəti
yaxına çağırdı. Bir az irəli duran
Əbülfət "Eşidirəm, Nəriman", - dedi.
-
Əbili, həmişəki kimi aşağıdakı
qapının ağzında qarovulda qalırsan. İşdi,
bir şey olsa, fit verərsən. Səhər iki yüz
manatın cibində olacaq. Ondan əlavə burda olan hər bir
adam indi on manatını verəcəkdir. Bilirsən də,
iki yüz manatı udan adam verəcəkdir. Bunları ona
görə təkrar edirəm ki, sonra cığallıq edən
olmasın.
- Di
çıxardın adama on manatı verin. Nəriman
üzünü yanında dayananlara tutdu.
Hərə
on manat pul verdi Əbülfətə.
-
Razısanmı, Əbili? - Nəriman soruşdu.
- Sağ
olun. Allah hamınızdan razı olsun. - dedi Əbülfət.
- Nərçə,
mən o günü eşitdim ki, kənddə bəzi adamlar
bizim burda qumar oynadığımızdan şübhələniblər,
- dedi Yunus.
- Qələt
eləyir, şübhələnən. Burda nə iş
görürük. Yoxsa ölüləri qorxuzuruq? Daha da
sevinsinlər. Ölülərinə qarovul çəkirik. Nə
iş görürük? Girib burda 3-4 saat oynayıb sonra da
durub gedirik.
- Nərçə,
birdən polisə-zada xəbər verərlər, ondan sonra
evimiz yıxılar. Qurban dedi.
-
Əbili, sən get öz yerinə. Siz də ağciyər
olmayın. Oturun. Başlayın görək, - dedi Nəriman.
***
Əbülfət
gecə qaranlıqda qəbristanlığın
aşağı tərəfində qoyulmuş darvazanın
yanına gəldi. Cərgə ilə düzülmüş qəbirlərdən
darvazaya yaxın olan qəbirin yanında oturdu.
Qaranlığın lal sükutunda ətrafı dinləməyə
başladı. Qalın və saralmış otların
arasından ancaq cırcıramaların və ilbizlərin səsi
eşidilirdi.
Yanını
yerə qoyub qəbirin sinə daşına söykənən
Əbülfət qaranlıqda skelet kimi görünən
baş daşlarını nəzərdən keçirtdi. Qəbirin
istidən qızmış sinə daşının
üstünə bir az ot yolub qoydu. Arxası üstdə
uzandı və başını otun üstünə qoyub
baxışlarını arabir buludun arxasından görünən
aya dikdi. Gecənin sakitliyi, cırcıramaların
uçuşu Əbülfəti öz aləminə
apardı.
Mağar
qurulub. Əbülfət Badamla yanaşı bəy stolunda əyləşibdi.
Nərçə əlində qədəh sağlıq deyir:
-
Yoldaşlar, mən təklif edirəm bu rumkaları
qaldırağın Əbülfətin
sağlığına. Əbülfət canlara dəyən
oğlanlardandır. Uşaqlıqdan valideyn
qayğısından məhrum olan Əbülfət həyatın
amansızlıqları ilə təkbaşına
qalıbdır. Bütün çətinliklərə mərdliklə
dözən Əbülfət həyat döyüşündə
qalib çıxmışdır. Çox şükürlər
olsun ki, Əbülfət ömrünün ən xoşbəxt
gününü yaxınları ilə bu gün qeyd etməkdədir.
Gəlin,
hamımız bu cütlüyə xoşbəxtlik arzulayaq və
oğullu-qızlı olsun deyək. Hamı bir ağızdan:
"Xoşbəxt olsunlar" dedi.
Şirin
arzuların qayğı yorğanı altında nə vaxt
yuxuya getdiyini bilmədi Əbülfət.
"Qalx
görək!" səsinə gözlərini ovxalayan
Əbülfət qaranlıqda qarşısında dayanan
kölgələri ilk anda başa düşüb dərk edə
bilmədi. Baş daşına oxşatdığı
qaraltılar bir ağızdan "Kimsən? Gecənin bu
vaxtı burda nə işlə məşğulsan?"
suallarından özünü itirən Əbülfət bir də
gözlərini ovxalayıb "Axı, siz kimsiniz?" deyə
sual etdi.
- Polisdənik.
De görək burda niyə yatmısan?
Əbülfət
ağlamsına-ağlamsına "Anam yadıma
düşmüşdü. Gəldim onun qəbrini ziyarət
edəm. Yatıb burda qalmışam" dedi.
- Necə,
elə anan birdən yadına düşdü?
- Evdə
yatmışdım. Anamı yuxuda gördüm. Gördüm
deyir ki, ay oğul, heç məni yada salmırsan. Tez durub gəldim
ki, anam məndən inciməsin. Əbülfət
başladı burnunu çəkib mızıldanıb
ağlamsınmağa.
- İndi
bu ananın qəbridir?
- Hə,
anamın qəbridir. - deyən Əbülfət sinə
daşının üstünə sərildi.
Polis
gözlənilmədən cib fənəri ilə Əbülfətin
"Ana, məni bağışla, çoxdan səni yoxlaya
bilmirəm" - deyib qaranlıqda qucaqladığı qəbirin
baş daşını işıqlandırdı.
"Niftəliyev
Qulam Lələkişi oğlu" sözlərini oxuyan polis
üzünü Əbülfətə çevirdi.
- Ə, bəs
deyirsən anamın qəbridir. Bu ki, kişi qəbridir. De
görüm yoldaşların harada gizləniblər. Dəyyusun
biri, dəyyus!
Tıxaca
dirəndiyini hiss edən Əbülfət qəflətən
durduğu yerdən sıçrayaraq "Ay aman, ilan məni
çaldı" qışqırmağı ilə
qaranlıqda itməyi bir anda baş verdi.
İlanın
qorxusundan təşvişə düşən polislər
özlərinə gələndə qaranlıq gecədə
uzaqda çalınan bir fit səsi eşitdilər.
Fazil SƏNAN
Ədəbiyyat qəzeti.- 2022.- 11
iyun.- S.30.