Andrey Tarkovski: "Sənətin məqsədi düşünməyə

təşviq etmək, nəsə fikir çatdırmaq,

ya da bir nümunə yaratmaq deyil"

 

Məqalə dilimizə Sovet kinorejissoru, ssenarist, film redaktoru, film nəzəriyyəçisi, teatr və opera rejissoru Andrey Tarkovskinin ölümündən bir qədər əvvəl, 1985-ci ildə alman dilində və 1987-ci ildə Kitty Hunter-Blair tərəfindən tərcümə olunaraq ingilis dilində nəşr edilən "Həkk olunmuş zaman" ("Sculpting in Time") kitabından uyğunlaşdırılıb.

 

Kino ümumən mürəkkəb, yüksək yaradıcı gərginliyə malik orijinal sənət növüdür. Bu, o demək deyil ki, mən başa düşülmək istəmirəm, amma mən Spilberq (Stiven Spilberq, amerikalı rejissor - tərc.) kimi ümumi tamaşaçı auditoriyası üçün film çəkə bilmərəm. Bunu edə biləcəyimi kəşf etsəydim, əzab çəkərdim.

Ümumi tamaşaçı auditoriyasına sahib olmaq istəyirsinizsə "Ulduz müharibələri" "Supermen" kimi sənətlə heç bir əlaqəsi olmayan filmlər çəkməlisiniz. Bununla mən camaatın axmaq olduğunu söyləmək istəmirəm, amma onların xoşuna gəlmək üçün əlbəttə ki, belə əzaba qatlanmaram. Kino insanlığa heç öyrədə bilməz, çünki bəşəriyyət heç bir şey öyrənə bilməyəcəyini son dörd min ildə kifayət qədər sübut edib.

Görüntü həqiqətin obrazıdır. Korluğumuzdan fürsət tapıb ən kiçik parıltısını tuta biləcəyimiz həqiqətin sürəti...

Deyirlər, vaxtı geri qaytarmaq olmaz, düzdür. İndiki zamanın hər saniyə keçib-gedən bir anın keçici olmayan reallığı olduğuna görə keçmiş demək olur ki? Bir növ keçmiş, indiki "an"dan daha real, ən azı daha davamlı, çox daha qalıcıdır. İndiki zaman barmaqların arasından yox olur. İndiki zamanın içində (hazırda), yaxın gələcəkdə baş verəcək, qaçılmaz fəlakətin bütün ilkin şərtləri mövcuddur.

Fikirlərin formalaşması inkişafı müəyyən qanunlara tabedir. Bunu ifadə etmək üçün məntiqli spekulyativ strukturlardan fərqini aydın göstərən formalar lazımdır. Məncə, poetik məntiq, həm fikrin inkişaf qanunlarına, həm ümuməm həyat qanunlarına klassik dramaturgiya məntiqindən qat-qat yaxındır. Amma illərdir klassik dram drammatik konfliktləri ifadə etməyin yeganə nümunəsi olaraq göstərilir.

Mürəkkəb düşüncə poetik dünyagörüşü heç vaxt, nəyin bahasına olur-olsun, çox aşkar, məlum faktlar çərçivəsində məhdudlaşdırılmamalıdır. Ümumiyyətlə, xatirələr çox qiymətlidir. Bəlkə , buna görədir ki, insan onları həmişə poetik rənglərlə bəzəyir.

Ümumiyyətlə, xatirələrin konkret mənbəyi ilə yenidən qarşılaşmaq bu xatirələrin poetik keyfiyyətini aşağı salır. Mən inanıram ki, bundan son dərəcə maraqlı bir film üçün çox orijinal qaynaq (mövzu) çıxarmaq olar. Hadisələrin məntiqi, qəhrəmanın hərəkət davranış tərzi zahirən pozulur; sonra da bundan ortaya qəhrəmanın düşüncələri, xatirələri xəyalları haqqında hekayə çıxardılır. Qəhrəmanın ümumiyyətlə, daha doğrusu, ənənəvi dramaturgiyada alışdığımız şəkildə görünmədiyi hallarda belə bu, fövqəladə effekt yaratmağımıza, olduqca orijinal xarakter ortaya çıxarmağımıza, bu qəhrəmanın daxili aləmini açmağımıza kömək edə bilər. Qəhrəmanın özü heç yerdə görünməz. Bununla belə, biz onun düşündüyü, necə düşündüyü barədə çox aydın, sərhədləri bəlli fikirlərə sahib olarıq. Güzgü tam da bu prinsiplə hərəkət edəcək.

İnsan həyatının elə məqamları var ki, onları ancaq poetik vasitələrin köməyi ilə olduğu kimi əks etdirmək olar. Buna baxmayaraq, kinorejissorlar tez-tez poetik məntiq əvəzinə kobud konservatizmlə texniki üsullardan istifadə etməkdə israr edirlər. Bu filmlərdə xəyallar həyatın maddi fenomenindən köhnəlmiş kino hiylələrinin qarmaqarışıqlığına çevrilir.

Gözəl olan həqiqətin arxasınca qaçmayanlardan gizlənir. Sənətin mənası var olma səbəbini düşünmədən onu dəyərləndirməyə çalışanların ruhsuzluğu çox təəssüflər olsun ki, tez-tez, kobud şəkildə bəsit ifadələr səsləndirilməsinə gətirib çıxarır: "Heç xoşuma gəlmir!", "Heç maraqlı deyil!". Bunlar çox iddialı arqumentlərdir, amma təəssüf ki, göy qurşağını təsvir etməyə çalışan anadangəlmə kor adamın arqumentlərindən heç bir fərqi yoxdur! Bu kor adam, bir sənətçinin əldə etdiyi təcrübələrdən doğan həqiqəti başqalarına açıqlaya bilmək uğrunda çəkdiyi əzablara qarşı tamamən laqeyddir.

Həyat, insanın var olması üçün qarşısına qoyduğu hədəflərə uyğun olaraq ruhu inkişaf etdirməsi üçün ona verilən müddətdən başqa bir şey deyil insan inkişafı həyata keçirmək məcburiyyətindədir.

Ekranda əks olunan "yuxunun hekayəsi" həyatın görünən, təbii şəkillərindən formalaşdırılmalıdır. Amma bəzən hekayəni belə təsvir etmək olar: "Yavaş çəkiliş ("slow motion"), ya da süni duman buludu köməyə çağırılır, köhnəlmiş üsullardan istifadə edilir ya müvafiq səs-küy yaradılır. Kino savadı olan tamaşaçı da gözlənilən reaksiyanı dərhal göstərir: "Bəli, bax indi xatırlamağa başladı!". "Deməli, qadın bunu yuxusunda görür!". Lakin belə müəmmalı təsvirlərlə yuxunun, ya da xatirələrin film effektini yaratmaq mümkün deyil.

Bədii kinonu onun prinsiplərini rədd etməyimin səbəbi filmin ekran hüdudlarından kənara çıxmasına imkan verməməsi, yəni tamşaçının ekranda gördüklərini öz təcrübələri ilə uzlaşdırmağa imkan verməməsidir. Bədii kino öz tamaşaçısını tapmacalarla qarşı-qarşı qoyur, simvolları həll etdirir alleqoriyadan həzz almasını gözləyir, tamaşaçının intellektual təcrübəsinə müraciət edir. Ancaq bu cür tapmacaların hər birinin mükəmməl şəkildə tərtib edilmiş şifahi həlli var.

Bu səbəbdən mənim peşəkar vəzifəm özünəməxsus, fərdi zaman axını yaratmaq, içimdə var olan fikirli, xəyalpərəstlik ritmindən aşıb-daşan, çoşan, hərəkət ritmlərinə qədər uzanan bütün orijinal zaman hissimi əks etdirməkdədir.

İnsanlar "Güzgü" filmimi görəndən sonra onları bu filmin arxasında başqa heç bir gizli, sirli məqsəd olmadığına inandırmaq çox çətin idi. Filmin həqiqəti söyləməkdən başqa heç bir məqsədi olmadığını izah etməyə çalışanda həmişə inamsızlıq məyusluqla qarşılaşmışam. Bəzi izləyicilər üçün bu izahatlar həqiqətən qənaətbəxş olmayıb. Hey sirlər, simvollar, hədəflər arxasınca qaçıblar... Çünki onlar sinematik, vizual poeziyaya öyrəşməyiblər, bu məni həddindən çox məyus edib. Dünya tapmacalarla dolu olduğuna görə, onun görüntüsü tapmacalarla doludur.

Düşünülənin əksinə, sənətin funksional məqsədi düşünməyə təşviq etmək, nəsə fikir çatdırmaq, ya da bir nümunə yaratmaq deyil. Xeyr, sənətin məqsədi daha çox insanı ölümə hazırlamaq, onun daxili dünyasının ən gizli guşəsindən zərbə vurmaqdır.

 

Hazırladı: Nilufər HACILI

 

Ədəbiyyat qəzeti.- 2022.- 11 iyun.- S.31.