İltifat Saleh-85
Anım tədbiri
AYB Lənkəran Bölməsinin
təşkilatçılığı ilə uzun müddət
AYB Lənkəran Bölməsinə
rəhbərlik etmiş
mərhum şair İltifat Salehin 85 illik yubileyi qeyd olundu. Tədbirdə iştirak edən qohumları və qələm dostları əvvəlcə şairin
Liman şəhər qəbiristanlığında yerləşən
məzarını ziyarət
edib, ruhuna dualar oxudular.
Tədbir
Lənkəranda, dəniz
kənarında olan möhtəşəm “Xəzər
Palace” otel-restoranda davam etdirildi. Tədbiri giriş sözü ilə AYB Lənkəran Bölməsinin sədri, yazıçı-publisist Qafar
Cəfərli açaraq
İltifat Salehin həyat və yaradıcılığının müxtəlif məqamlarına
toxundu. Bildirdi ki, İltifat
Saleh 1937-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1961-ci ildə Liman şəhər 1 saylı
tam orta məktəbində
müəllim kimi başlayıb. Sonra
o, Lənkəran Dövlət
Arxivinin müdiri, Lənkəran şəhər
Zəhmətkeş Deputatları
Sovetinin sədr müavini, Port-İliç
şəhər Zəhmətkeş
Deputatları Sovetinin sədri, Tarix və Mədəniyyət
Abidələrinin Könüllü
Mühafizə Cəmiyyəti
Lənkəran Bölməsinin
təlimatçısı, Lənkəran Radio Verilişləri
redaksiyasının məsul
katibi, 1995-ci ildən ömrünün sonunadək
AYB Lənkəran Bölməsinin
sədri vəzifəsində
çalışıb. Bölmə sədri
olduğu müddətdə
bölgədə ədəbi
həyatın inkişaf
etdirilməsi üçün
əlindən gələni
əsirgəməyib, gənc
yazarların respublika mətbuatında tanınmasına
köməklik göstərib.
Qafar Cəfərli
mərhum şairin yaradıcılığı barədə
də ətraflı çıxış edərək
onun Xalq şairi Rəsul Rzanın "Uğurlu yol"u ilə ədəbiyyata gəldiyini
və Rəsul Rza ədəbi məktəbinin layiqli davamçısı olduğunu
bildirdi.
Tənqidçi, şair Musa Xanbabazadə
şairlə olan şəxsi dostluğundan,
onun nəşr olunmuş "Səni sevmək üçün", "Ay işığı",
"Rənglərin səsi",
"Sənə demədiklərim",
"Sevgi akkordları",
"Döyüş şöhrəti",
"Poetik testlər",
"Əsərləri" və sair kitablarından
söz açdı. Bölmənin ədəbi məsləhətçisi
şair Ağamir Cavad çıxışında
uzun müddət bir yerdə işlədiyi mərhum şairlə bağlı xatirələrini söylədi.
Daha sonra yazıçılardan
Hacı Etibar Əhədov və Hafiz Mirzə, şairlərdən
Əlizaman Baxış,
İlham İlhami, Ziyafət Yəhya, Əhməd Haqsevər, Salman Məmmədoğlu,
jurnalistlərdən Ağaddin
Babayev və İltifat Əhmədov, şairin dostları - boks üzrə Əməkdar məşqçi
Əlizadə Əsədov
və şahmat üzrə Əməkdar məşqçi İdrak
Dadaşov çıxış
edərək şairin
yaradıcılığının müxtəlif məqamlarına
toxundular, onunla bağlı xatirələrini
bölüşüb, şeirlərindən
oxudular. Lənkəran Dövlət Dram Teatrının aktrisası
Aynur Əhmədova və şairin qızı Afaq Salayeva İltifat Salehin şeirlərini ifa etdilər. Xalq
şairi Anarın İltifat Salehin
yaradıcılığı haqqında dediyi sözlər və Əməkdar
artist, mərhum Təvəkkül Əliyevin ifasında
şairin şeirləri səsləndirildi.
Sonda şairin
oğlu Saleh Salayev tədbirin
təşkilatçılarına və iştirak edənlərə
ailə üzvləri adından minnətdarlığını
bildirdi.
Tədbiri bölmənin sədri Qafar Cəfərli yekunlaşdırdı. Sonda xatirə
şəkilləri çəkildi.
AYB Lənkəran
Bölməsi
Ədəbiyyat qəzeti.- 2022.-
18 iyun.- S.32.