Söz şəhərimdə

 

Mənim söz şəhərimdə

yağışlı gecələr,

nağıllı küçələr var...

Xatirələr baxışlarıdı

yol gözləyən qadının.

 

Mənim söz şəhərimdə

bir az xəyal,

bir az ümid,

bir az ayrılıq var,

Vağzallar,

qatarlar darıxmaq yeri...

 

Payızlar,

qışlar gəlib,

saçlarımda qırovdu,

Saatların,

günlərin ləpirləri alnımda...

 

Sevənim,

unudanım,

Sevib unutduqlarım

həzin xatirələrdi...

Mənim söz şəhərimdə

illər keçib ömürdən.

 

***

 

Quşlar göy üzünü sevdi,

balıqlar mavi suları,

mənsə yolları sevdim...

 

Quşlar da illər kimi

qatar-qatar keçib getdi.

qızaran üfüqlərin

qəmli baxışlarında.

 

Bəlkə , quşlar ölmür,

son anda külək olur

sonra ürək olur

çırpınır sinələrdə...

 

Sən ki bilirsən

yaşamağın nədənin...

 

***

 

bir az boşluq yarandı

keçən vaxtla aramda,

keçdi,

yetə bilmədim.

gah zaman geri qaldı,

gah mən ötə bilmədim.

 

Gördüm, dünya bulanıq,

uzaq olmaq istədim...

...gördüm, dünya beşikdi,

uşaq olmaq istədim,

uşaq olmaq -

saf,

məsum.

dünyadan,

bəxtdən,

özümdən küsüm...

 

***

 

Bahara tələsən quş

azıb payız çənində,

haçandı qanadından

lələk salır yollara.

 

Qonub hücrə üstünə

dimdiyində yuvası.

Ovqatına düşməyib

bu fəsilin havası.

 

Bir yağışlı səma var,

əsir payız küləyi.

Bu quşun gözlərində

sevən sevda mələyi...

 

Bahara tələsən quş

azıb payız çənində...

 

***

 

Gələn quş qonduğu hücrəni sevməz,

bir ayrı dünyadan boylanıb baxar.

Ovlayar birbəbir kiçik quşları,

Yazları,

yayları,

payız, qışları

dəyişmək istəyər bu şəhərdə.

 

Qəmin sərhədində durub nədənsə,

o quş sevinclərə hər gün daş atar.

Ovcunun içində bir az qaranlıq,

gözünün içində xəyanət yatar.

Gəlişi ümidi qırıb içindən,

viran qoyduqları ağrıdar yeri.

Zamanı fırladar caynaqlarında,

saatlar vaxtından qalacaq geri.

 

Gələn quş qonduğu hücrəni sevməz...

 

***

 

Adamları,

addımları

içindən öyrəndim,

küləkləri səsindən,

qatarları gedişindən...

 

Adamlar,

addımlar,

küləklər,

qatarlar

zamanın yaddaşıdı..

 

***

 

Səni kimsədən soruşub

qalmışam bu şəhərdə,

Bu şəhərdə bir sən varsan,

bir susan gözlərin...

 

Gecə uzun,

odam soyuq,

xatirələr hüznlü,

Bir xəyalın qanadından

baxır süsən gözlərin...

 

Sığallaya saçlarımı

bu gecədə kimsə yox.

Çimir almır gözlərim

yuxularım qaçaqdı.

 

Qəribsəyib bu şəhərdə

boylanıram hələ ki.

Bu şəhərdə bir sən varsan,

bir küsən gözlərin...

 

***

 

İllərdi gəzirəm bu şəhərdə,

günlərin qədər müəmması var.

Ağ-ağ ümidlərin addımlarında

qara qapılarda sınır arzular.

 

Həqiqətin şəkli cansız kağızda,

günlər ötüb-keçir səcdələr ilə.

Hər gəlib-gedəni kef-damağında,

dünya aldanılır gör nələr ilə.

 

İllərdi darıxır gözüm, baxışım,

üstü qabar tökür dil susa-susa.

Görürsən, yollar da bu şəhərdə

yoluxa-yoluxa gedir virusa.

 

Ömür taledə bir dar otaqdı,

gedən xəyal olur, qalan xatirə.

Bir bu zamanda doğrular arxiv,

üstünü bağlayıb yalan xatirə...

 

***

 

Bu gecə səssizlikdən qulaq batır...

Baxıram küçələrin

kimsəsiz dayanışına,

Hələ sükunət var,

ayılmır şəhər.

 

Gecə lampalarının

cansıxıcı işığı dağılır küçələrə.

Qara köynəkli gecə

qaranlıqda "yaşamağı" öyrədir.

 

Bir şey gözləmirəm

dağılmış yuvalardan,

sökülmüş odalardan.

Divar saatındasa

vaxt ömrə işləyir...

 

Sahilimiz

 

Bir sahilimiz olmadı...

Bir amansız tufan,

dəli qasırğa

ayırdı sahillərimizi...

İndi

sahillər çılpaq,

dəniz sükut içində,

küləklər yan alır,

susan dalğalar...

Burda görünən tərəf

sonsuzluqdu hələ ki

ümidlərin üstündə ağarır ləpirləri.

Bəlkə, ovcuma düşən

ayrılıqdı dəniz?..

 

***

 

Həyat bir dilənçinin

gözlərindəki ağrı,

baxışlarındakı qəm.

Bu dünyada qəriblik

çəkməyən bir kimsə yox...

Ömür insanlar üçün

Tanrı həbsxanası,

Məhkumluq saatları

yazılıb alınlara.

Bu dünyada

kimsənin yazısı bir ömürdü...

 

***

 

əlində gecənin şəkil tablosu,

üstündə ayrılığın ayaq ləpirləri...

sönük lampa işığı

addım atır küçəyə...

Sənin paltarına

bürünür gecə,

susur

səssiz-səmirsiz

gözlərin kimi...

 

Qədiməli ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.30.