Ümid-inam

 

Gördüklərim bildiklərimdən çox olanda

Təəssüflənirəm,

Heyrətimi gizləyən,

hər addımımı izləyən

qüruruma təəccüblənirəm.

Könülsüz səfərə çıxan

yolçular kimi,

Gülləni atıb peşman olan

ovçular kimi;

Heç kəsdən kömək uma bilməyən

adamlara dönürəm,

Qaraçı köçündən qalmış

tonqal kimi

öz-özümə sönürəm.

Gecənin qaranlığında,

ürəyimin bu nigaran çağında,

Qələmin ağırlığından,

Vərəqlərin göz qamaşdıran

Ağlığından.

Qaçıb qısılmışam

qəlbimdə alışan

ümid işığına.

Bu ümiddən doğulan

Ürəyimə yığılan

Təskinlik şahiddir

Sevinclə kədərin barışığına.

Qismətimin, taleyimin

uğuruna inanıram,

İnamsızlığa qalib gəlib həmişə

Ümiddən doğan İnam.

 

Qorxuram

 

Asanlıqla gələn

xoşbəxtlikdən,

asan qazanılan

pul kimi

qorxuram.

Öz bəxtimdən

əzazil

sahibindən qorxan

qul kimi

qorxuram.

 

Oyandım yaşamaqdan

 

Adam gördüm, qəlbi yox, -

Pilotsuz uçaq kimi.

Üz gördüm adamı yox,

Atəşsiz ocaq kimi.

Gülüş gördüm sancılır,

Ürəyə bıçaq kimi.

Bulandım yaşamaqdan.

Adam gördüm ömrünü,

Yaşayır yamaq kimi,

Ömür gördüm səfildir,

Açılıb yumaq kimi.

Əlimizlə kirlənən

dünyada qonaq kimi,

Utandım yaşamaqdan.

İnsanmı ruha əsir,

Ruhmu insana qəfəs?

Bu xəsis ömrümüzdə,

Qənimətdir hər nəfəs.

Ömrə gəliş-gedişdən,

Bezdi, tükəndi həvəs,

Usandım yaşamaqdan.

Tək üz imiş bu dünya,

Heç astarı yox imiş.

Adamların sayından,

Dərdi-səri çox imiş,

Ömür qanadlı bir quş,

Yaşamaq bir yuxuymuş,

Oyandım yaşamaqdan.

 

Tanrı zəmanətdir bizə

 

Yaşayıb bitirdiyimiz,

Hər gün bir nemətdir bizə.

Yaşanmamış hər anımız,

Taledən minnətdir bizə.

 

Yer göyün məhək daşıdır,

Göy yerə həyat daşıyır.

Ümid əbədi yaşayır,

Ömür əmanətdir bizə.

 

Gəldik Tanrı agahına,

Səcdə qıldıq dərgahına,

Mehman olduq bərgahına,

Hər yanı cənnətdir bizə.

 

Yaşadıq xülya içində,

Şipşirin röya içində,

Bu dərdli dünya içində,

Qayğılar zinətdir bizə.

 

Nuhun gəmisinə mindik,

Yoxluqdan varlığa döndük,

Yenidən dünyaya endik,

Tanrı zəmanətdir bizə.

 

Dalğalan

 

Ey mənim əzəmətli, yenilməz hür bayrağım,

Vüqarımın mükəmməl rəsmi, ucal, dalğalan!

Sən varsan harda vardır bircə qarış torpağım,

Qəlbimdəki qürurdan, eşqdən güc al, dalğalan!

 

Sən xalqımın məhəbbət, sevgi təcəssümüsən,

İftixar, qürur yeri, solmaz təbəssümüsən,

Ürəyimin tarıma çəkilmiş kök simisən,

Vermərik düşmənlərə bir macal, dalğalan!

 

Əbədi varlığındır müqəddəs əmanətim,

Zəngin nişanələrin inamım, zəmanətim,

Göylərin bəxtəvəri, qanadlı səmavətim,

Buludlardan, günəşdən, aydan bac al, dalğalan!

 

Birliyə, qələbəyə səfərbər duruşunla,

Mətin, məğlubedilməz, hünərvər duruşunla,

Məğrur əzəmətinlə, müzəffər duruşunla,

Yandır düşmənlərini, qisas, öc al, dalğalan!

 

Çünki...

 

Yaşamaqdan ötrü

ağzının suyu axan qocalar,

Yaşamaqdan bezən cavanlar dünyasında

Yaşamaq da zülümdür.

Ey vəfasız dünyanın gözəllərindən

vəfa uman aşiq,

duyduğun həqiqətin etirafı ölümdür.

Amma inanmaq istəmədiyin

həqiqəti hər gün gömürsən

bu dünyanın yalanlar məzarlığına.

Özün öz içindəki şübhələrlə

Çıxırsan haqq-nahaq bazarlığına.

Min budağın

bir budağın yanında

qələti varmış ki,

o bir budaqda oturan

min budağa hökm edərmiş.

Ölümün astanasında insan dərk edir ki,

Yaşamaqdan ötrü

çəkdiyi əzablar da hədərmiş.

Səbrli bəndələrini

Allah sevir deyirlər, çünki,

Yarananın yaradana şükrüdür səbr.

Hər kəs öz əməlinə görə Ona

Mütləq hesabat verəcək bir-bir.

 

Bərk yapış ümiddən

 

Yaşamaq ümiddir, sönməsin təki,

Səbr ömürün bir ilməsidir.

Adamı yandıran ölüm deyil ki,

Ümidin ölümə yenilməsidir.

 

Dənəsi üzülən meyvə sayağı,

Ömür salxımından tökülür günlər.

Ümiddir, səbrdir ömrün dayağı,

Əlçatmaz keçmişə çəkilir günlər.

 

Verilər müjdəsi yeni günlərin,

Ömür dəryasının ləngəri durmaz.

İlkin təməlidir qorxaqlıq şərin,

Tanrı xeyrə sorğu mizanı qurmaz.

 

Payızı, baharı, yayı, qışıyla,

Təbiət mükəmməl insan ömrüdür.

Bərk yapış, batmasın, qorusun səni,

Ümidlər dəryada saman ömrüdür.

 

Öyrən

 

Yoluna daş qoyulsa,

Daşdan keçməyi öyrən.

Quruda gəzmək asan,

Yaşdan keçməyi öyrən.

 

Çək inama gümanı,

Ver rəqibə amanı,

Sığallayıb yamanı,

Xoşdan keçməyi öyrən.

 

Sübh üzünə oyanıb,

Şəfəqlərə boyanıb,

Üfüqlərdə dayanıb,

Qaşdan keçməyi öyrən.

 

Ömrə gün hörə-hörə,

Ümidlər dərə-dərə,

Dolunu görə-görə,

Boşdan keçməyi öyrən.

 

Yurda eşqinlə öyün!

Lazım gələrsə bir gün,

Vətən üçün, el üçün,

Başdan keçməyi öyrən.

 

Dünyamız böyüyəcək

 

Vətənim!  Ölkələrin,

Nazlısı, ədalısı.

Sən bir Turan gözəli,

Mən Turan sevdalısı.

 

Cənubun şimalına,

Qərbinə həsrət qalıb.

Bu ayrılıqdan bizə,

Əbədi töhmət qalıb.

 

Fəqət, bir gün bu ləkə,

Silinəcək adımdan.

Ümid ocaqlarımız,

Alışacaq odumdan.

 

Təməlində dünyanın,

Yaranış tarixi var.

Birliyin müjdəsini,

Gətirir zaman çapar.

 

Bu burlik sayəsində,

Gedəcəyik sabaha.

Bircə türk ulusu da,

Təklənməyəcək daha.

Həqiqətə çevrilib,

Röyamız böyüyəcək.

Verəcəyik əl-ələ,

Dünyamız böyüyəcək.

 

Olduğu gündən

 

İnsan özü hürdür hələ var olduğu gündən,

Düşmüş qəfəsə ömrə düçar olduğu gündən.

 

Dünyanı qara şübhələrə nəfs əsir etmiş,

Aldatdığı qəlb şeytana kar olduğu gündən.

 

Alverdədir hər kəs, satlıq hər desən var,

Dünya da özü boyda bazar olduğu gündən.

 

Qəlbim əbədi nurlara qərq oldu, isindi,

O nur selinin eşqinə yar olduğu gündən.

 

Sirlər bizi bəzən qoruyur, aşiqi-Qeysə,

Məcnun dedilər sevgisi car olduğu gündən.

 

İnsan özünü dərk eləsə qorxusu olmaz,

Qorxu günahın meyvəsi bar olduğu gündən.

 

Çox sirləri aşkar eləyib dərgaha vardım,

Könlümdəki eşq haqqa açar olduğu gündən.

 

Açdım neçə tilsimli qapı, məqsədə yetdim,

Andım, imanım dildə şüar olduğu gündən.

 

Əfsus ki, Müzəffər, uru da qalmadı əldə,

Dünya matahı bizdə nübar olduğu gündən.

 

Müzəffər MƏZAHİM

 

Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.28.