Dəmir Çeşməli –

öz statusu olan sözübütöv şair...

 

"O, sözün xəcalətin çəkən kişilərdən deyil, çünki xəcalətli sözdən uzaqdır!!"

 

Müəllif

 

Poeziya idrak əhlini ahənrübasına çəkən ilahi sirr dünyasıdır. Və şairlər bu ilahi sirrin daşıyıcılarıdır. Bunlardan biri də, İstedadına, maraqlı yazı üslubuna rəğmən, bir az, diqqətə yavuq düşməyən Dəmir Çeşməlidir. O, poeziya zövqü bəsitlərdən deyil, "sazı-sözü" yerbəyer olanlardandır... Görünür, səbr və təmkin həqiqətin etirafına ən mübhəm yardımçıymış. Bu cəhət onun da yardımçısı oldu, yavaş-yavaş, təmkinlə, istedadına arxalanaraq, qələminə söykənərək poeziya camesinin qapısından sözə "sevgilimdir" deyərək, (onun "Söz sevgimdir" kitabına bax!) bu möhtəşəm saraya daxil ola bildi, ədəbi-mədəni həyat sferasında tanınmağa başladı...

 

Dediyim adnan adlanan mənəm,

Unudulmuş kimi yadlanan mənəm,

Acıyıb, acımnan odlanan mənəm,

Üfürə-üfürə kül olmaq olar.

 

...Seçildim seçimnən seçdim, demədin,

Keçilməz yerindən keçdim, demədin,

Bulannıq suyundan içdim, demədin,

Güvəncə güvənib dil açmaq olar?

 

Hər şairin bir kiçik vətəni - doğulduğu yer, məkan var. Şairlərin bir çoxu da öz doğulduqları məkanın adını təxəllüs götürüblər və bu təxəllüslə də tanınıblar. Daha bu adları sıralamıram. Dəmir Bayramoğlu da Çeşməlini təxəllüs götürübdür və hayana fırlansa da, onun istinad nöqtəsi də, mehvəri də Çeşməlidir. Mövzular da, ifadələr də, folklorizmlər də, idiomalar da, ara sözləri də, təbiilik, saflıq və səmimiyyət də başlanğıcını Çeşməlidən götürərək poeziya axarına - çeşməsinə çevrilir. İtirilmiş ömrün, ilk məhəbbətin, torpaq-vətən sevgisinin bütün nostaljiləri Çeşməlidən nəşət edir... Vətən onun üçün Çeşməlidən başlayır və "hardan başlanır vətən?" sualını cavablandırır. Çeşməli coğrafi məkanından başlanan özəl Vətən, müqəddəs, bakir Vətən Dəmir Çeşməlinin bir şair kimi şeirinin bütün obrazlar qatında onun liropsixotipini müəyyənləşdirir.

Onun çox sonralar yazdığı "Tovuza məktub" şeiri nostalji hisslər zümzüməsidir:

 

Baş çək Çeşməlinin çəmən yoluna,

Üz tut ilk eşqimin güman yoluna,

Ömrümün gəncliyə dönən yoluna,

Sevgi şimşəkləri çaxırmı yenə.

 

...Dəmirin qəlbində ağlayan çeşmə,

Gecəli-gündüzlü çağlayan çeşmə,

Dişləri-dişlərə bağlayan çeşmə,

Dağlara söykənib axırmı yenə.

 

Onun şeirlərinin ruhu, duyğuları, fikirləri poetik ovqatla yoğrulur, dilin gözəlliyinə, milli dəyərlərin qayım-qədimliyinə bələnir, arınır, durulur və misra-misra vərəqlərə süzülür...

Dəmir Çeşməli zövqlü, duyğulu şeirlər müəllifidir... Türk kardeşlerimizin ləfzi ilə desək, bu şair bəy əfəndilərimizdəndir!! Deyirlər ki, həyatda sevdiyin işlə məşğul olmaq nə qədər çətin də olsa, xoşbəxtlikdir! Bəlkə də, əksinə, əzablı, əziyyətli, məşəqqətli yollardır... İlğımına düşüb gedirsən, gedirsən, elə hey əlin uzanılı qalır, arzuların, istəklərin çin olmayan yuxulara dönür... Amma bu yollar, poeziyanın sehrli şəfəqlərinə bürünür, ahənrüba kimi səni özünə çəkir və poeziya onun "yol yoldaşına" çevrilir, müəllifinə bəxtəvərlik gətirir:

 

Gözümə görünmür, gözüm üstədi,

Uğurum boylanır, izim üstədi,

Deyimim deyilib, sözüm üstədi,

Bəxtəvərəm, belə yol yoldaşım var!

 

Başqa rakursdan baxanda, Dəmir Çeşməli, sənin barlı-bəhərli, məhsuldar qələminə əhsən! Elə bil sərin meh çəmənlərin ətrinə bələnib insanın ruhunu sarır. Səmimiyyətdən biçilmiş kəlmələr saflığın hənirtisində könülləri sığallayır... Mənəvi saflığın formalaşmasında xüsusi rol oynayan poetik istəyin harmoniyası yaradıcılıqda inamlı qələbə deyilmi?! Dəmir Çeşməli, bu harmoniyanın - məchuldan məluma gedən yolun hənirtisini sənin şeirlərində müşahidə elədim...

 

Bir çiçək adına heykəl qoymuşam,

Xətrini əzəldən əziz duymuşam.

Məchulu döndərib məlum saymışam,

Dərdimə naçarmış dərdim, çiçəyim.

 

Yaxşı bir cəhət də budur ki, o, ədəbi mühitimizdə yaşantılarını poetik dillə dilləndirən, söz qədri bilən, sözə tapınan, sözün müqəddəsliyini, təbiiliyini dərk edən kəslərdəndir... Onun poeziya çeşməsi axarlıdır, durudur, safdır... Onun axarı həqiqət axarına çevrilə bilir və göz önündə daş arasından süzülən, daş ömründə özünü tapan könül bulağına - çeşməsinə çevrilir...

 

Daşa daş yapıram indi,

Daş ömrü çapıram indi,

Özümü tapıram indi,

Zülümnən gedib-gəlirəm.

 

Mən elə bilirəm ki, bəzən axına qarşı gedərək həqiqətləri deyən, doğru bildiyini, faydalı hesab etdiyini söyləyən, yazan, kütlənin neqativ enerjisini, haqlı-haqsız aqressiyasını öz üzərinə çəkən, nəsillər və sosial təbəqələrarası bağları qırılmağa qoymayan aydınlardandır Dəmir Çeşməli...

Onun qələm dostlarından, oxucularından Vaqif Bayatlı, Əbülfət Mədətoğlu, Dayandur Sevgin, İsmayıl İmanzadə, Zireddin Cafarov, İlhami Cəfərsoy, prof. Qüdrət İsaqov, Fəxrəddin Meydanlı, Aşıq Tural Tovuzlu, Adil Həsənov, Khanik Berlinski, Xaqani Həsənli, Ulduz Qasim, Əfşan Yusifqızı, Püstə Hüseynova, Şakir Məmmədov, Adil İsmayılov, Arif Ahmedov, Telman Telman, Şiraslan Yusifov, Eltac Elmanoğlu, Abdulla Cəfər, Bəhram Basqallı, Adam Akberov, Urfat Hasanov, Raul Topçu, Bilge Kaqan və onlarca başqaları Dəmir Çeşməlinin yaradıcılığını bəyənənlərdir, hətta poeziya fanatlarındandır ki, adların təqdim edilən yazılışına toxunmadan təqdim etməyi vacib saydım. Bu adlar sırasında Dəmir Çeşməlinin tanınmış qələm dostları ilə birgə, müxtəlif regionlardan olan oxucularını da görürük. Bu, şairə, şeirə rəğbətin hələ də, davamlı olacağına bariz nümunədir və müəllif xoşbəxtliyidir. Məsələn, oxucu Bəhram Basqallı yazır: "Dəmir Çeşməli yenə də öz dəyərli yenilikləri ilə minnətdar oxucularını diksindirməkdədir. Onun qədim ənənələrə söykənən müasir ruhlu şeirləri gələcəyin poeziyasıdır". Başqa bir oxucusu - Arif Əhmədov yazır: "Əhsən, çox gözəl yazmısız, ürəyinizə sağlıq, şair. Bunun biri də var idi sizin şeiriniz ki, "bu daşı qaldıra bilərəm bu gecə, gəl qayıt, gəncliyim". Bu qəbildən onlarca oxucu rəyi sübut edir ki, Dəmir Çeşməli oxucu ruhunu hədəfləyə bilibdir...

Tanınmış tənqidçi, professor Vaqif Yusifli onun yaradıcılığını "Zərif şeir dünyası" adlandırıbdır. Ürəkləri fəth edən, istedadlı şair-publisist Əbülfət Mədətoğlu isə qələm dostunun poeziyası haqqında yazır: "Dəmir Çeşməlinin şeirləri də müəllifin özü kimi sadə, səmimi, bir az da "ağır taxtalı" təsiri bağışlayır. Oxuduqca elə bilirsən ki, sakit bir guşədə müəlliflə üz-üzə dayanıb onun söhbətini dinləyirsən. Elə bulaq suyunun şırıltısı kimi axıcı, yarpaq xışıldadan meh kimi xəfif. ...Düşünürəm ki, Dəmir Çeşməlinin poeziyası uğurlu bir yolun ağ cığırında öz naxışlarını vurur". Eləcə, bu bayatıda oluğu kimi:

 

Əzizim, Araz axır,

Təklənib Araz axır.

Görən görür, görünmür,

Kür baxır, Araz axır.

 

Ümumiyyətlə, şeir bizə hansı estetikanı, hansı gözəlliyi təbliğ edir sualına cavab verməlidir. Quru, taftalogiya olan misralar şeirə heç bir gözəllik gətirmir, əksinə, söz yığınına çevirib onu daha da vulqarlaşdırır. Elə olur ki, şeir, yaxud yaxşı şeirin arasına düşən bir misra, bir bənd heç bir məna ifadə etmir, söz yığınından ibarət, məramı, məqsədi olmayan ölü ifadələrdir və bu şirin suya qarışan dəniz suyudur... Belə məqamda özünü ifadə tərzi iflasa uğrayır. Təkcə poetik texnika hesabına şeir yazmaq azdır, gərək arı çiçəkdən şirə çəkdiyi kimi, sən də istedadının gözü ilə dünyadan məna yığa biləsən. Gərəkdir ki, özünə şair deyən kəs, heç olmasa ildə bir dəfə (yaxud ömründə bir dəfə) Budda kimi dağlara (inzivaya) çəkilərək ilahi həqiqətin axtarışına çıxa bilsin!! Dərdin böyüyü budur ki, belələrinin şairlik iddiası özlərindən bir neçə qat böyükdür... Adamı yandıran da budur... Məsələn, "Əlimi ətəyindən götür, Sənə yük olar, Tanrım!!", "Qız havası var havamın!", "Yoxluğun çölündəsən", "Qızıl gülün dəstəsiyəm, Qım-qıması, bəsdəsiyəm", "Bıldır-bıldır ağladı", "Dərdimi dərd bilib dərdim dəridim", "İçimnən ovuluram, çölüm çöldən uçulur", "Kəməndinə düşmüşəm, Özüm öz xəyalımın", "Ayrılıq kəlməsini dolayıbsan boynuma", "Sinsiyir əldə qələm", yaxud:

 

Yaxında uzaq adamam,

Buzlamış sazaq adamam,

Kimsəsiz yazıq adamam,

Kərəm eylə, kərəm olum.

 

- qəbildən onlarca poetik deyimlər orijinaldır. Təsadüfi deyil ki, qələm dostu, tanınmış şair və folklorşünas, professor İslam Sadıq onun "Söz sevgilimdir" kitabına yazdığı "Ön söz"də, haqlı olaraq onu "söz sevdalısı" adlandırır.

İstedadlı şair-alim İslam Sadıq onun haqqında yazdığı məqaləsini "Dəmir Çeşməlinin ipək misraları" adlandırıb ("Ədalət" qəzeti, 09 yanvar 2016), onun şeirlərini xalı naxışlarına, ilmələrinə bənzədərək yazır: "Dəmir Çeşməlinin şeirlərini oxuyanda düşündüm ki, onun ürəyi bir şeir hanasıdır. O da sözləri seçib öz hanasında şeir toxuyur. O da sözləri ilmələyib şeirlərinə güllər, naxışlar vurur".

Elə "yaradıcılıq" var ki, ilk baxışda, hər şey yerli-yerindədir, mövzu aktualdır, fikir-məntiq var, təkcə poetik düşüncədən başqa... Hər şey uyardır, "ülgüdədir", ölçülü-biçilidir, amma yenilik, yeni yanaşma, yeni, fərqli münasibət yoxdur... Bu cür şeirlər adi oxucu səviyyəsindən də aşağıdır, sözçülük baş alıb gedir, şeirin məna və mətləbi nədən ibarətdir, bilinmir. Yaxşı ki, bu cəhətlər Dəmir Çeşməlinin yaradıcılığında gözəgörünməz dərəcədə cüzidir, əksinə, həyatın müşahidə etdiyi kədərini və ironiyasını içdən, öz ustalığına uyğun yazıya gətirə bilir və bunun özü də müvəffəqiyyətdir, vallah! Yenilədiyi klassik - folkloristik "durna" obrazında olduğu kimi:

 

...Durna qatarıyla köçüb getmişdi,

Mənim ürəyimdən keçib getmişdi.

Öz yolunu özü seçib getmişdi,

Durnalar qayıtdı... durnam dönmədi.

Yaxşıya baxmadı yamana düşdü,

Çovğuna, borana, dumana düşdü.

İnamdan şübhəyə - gümana düşdü,

Durnalar qayıtdı... durnam dönmədi.

"Durnam dönmədi"

 

Tanınmış şair-publisist, ədəbi zövqün xiridarı Sərvaz Hüseynoğlu onun yaradıcılığı haqqında yazdığı "Sözə xidmət işi..." məqaləsində bica yerə yazmayıbdır: "Dəmir Çeşməli sözünün yerini və çəkisini bilən qələm əhlidir. Onun səmimi, kövrək şeirlərini oxuyursan və könlündə, ruhunda doğurduğu təəssüratlar uzun müdət hafizəndən çəkilib getmir. Çünki təsvirlər canlı, xalq təfəkküründən süzülüb gəlir". Və Sərvaz bəy qələm dostunun aşağıdakı misralarını misal gətirir:

 

Sırsıra bağladım qar qalağında,

Dözümü görmədim gördüyüm yerdə.

Göyə calaq etdim gödəklərimi,

Düzümü görmədim gördüyüm yerdə.

 

...Dağ enib, qayalar yerində qalıb,

Dərə dərinlikdə dərində qalıb,

Vallah, mənim yerim birində qalıb,

Özümü görmədim gördüyüm yerdə...

 

Bu gətirilən misalda müşahidə edilən bədii ifadələrin obraz yeniliyi, "göyə calaq etdim gödəklərimi", "dərə dərinlikdə, dərində qalıb", "özümü görmədim gördüyüm yerdə" misralarının yaratdığı assosiasiya, bədii tezis və antitezislər, sözlərin təsdiq və inkar ifadəliliyində istifadə ("görmədim - gördüyüm") bədii üsul təkin onun digər şeirlərində də sıx-sıx görünür və şairin özünəməxsus üslub elementinə çevrilir...

Yaradıcılığına bələd olduqca görürsən ki, Dəmir Çeşməli sözə məsuliyyətlə yanaşan söz adamlarımızdandır. Və elə onun nəticəsidir ki, yaratdığı şeirlər maraqlıdır, səmimidir, şeirləri oxucuya asanlıqla çatır, özünə cəlb edə bilir... Eynən, "la-məkan" böyük şair Məmməd İsmayıla həsr elədiyi "İsmayıl qağa" şeirində olduğu təkin:

 

Zirvəyə boylandım, boyu tanışdı,

Yarpağı oxşadım nağıl danışdı,

Havalar bulaşdı, külək qımışdı,

Yel döyən, sazaqda, İsmayıl qağa!

 

Yolumuz dirənib, dirəncəyi daş,

Qapımız bağlanıb girəcəyi daş,

Gözümüz qapanıb görəcəyi daş,

Görsənən uzaqdı, İsmayıl qağa!

 

Dərdimizlə dərddən xali olmadıq,

Neynəyək, sadəyik, ali olmadıq,

Bəlkə biz bu dərddən hali olmadıq,

Dərdimiz yazıqdı, İsmayıl qağa!

 

Onu da qeyd edim ki, Dəmir Çeşməlinin şeirlərində xatirə qarışıq həzin bir nisgil var, sevda dolu hıçqırıq var. Bu şeirlər müəllifin yaşadığı, iştirakçısı, şahidi olduğu hadisələrin, onun yaddaşında ilişib qalmış və heç vaxt unutmayacağı, qəlbə hopan kövrək xatirələrin poetik ifadəsidir. Müəllifin yaşam tarixidir, yaddaşıdır. Ömrünün-gününün təqvimidir, "canından çıxmayan qəhəridir", "ömrünə bağdır xatirələr":

 

Ağı dağdır xatirələr,

Ömrə bağdır xatirələr,

Qara-ağdır xatirələr,

Qatıldım qatımlı yerə.

 

"Xatirələr"

 

Şeirlərinin mühüm bir qismində kövrək xatirələr dil açıb "Balam balası" adlandırdığı oxucuya bir elin, bir obanın, bir şəhərin, xalqın bir parçasının xarakterini, yaşam tərzini qələminə, varağına söykənərək danışır:

 

Ürəkdən-ürəyə ürəklənmişəm,

Ürəkdən yıxılıb dirəklənmişəm,

Qələmin ucuna sürəklənmişəm,

Varağınan gəlirəm, balam balası!

 

Və yaxud "Yada salmadı" şeirində yazdığı kimi, "yada salmadı" desə də, bu məcazidir və onun şeirlərinin bir qismində yaşanılan ömrün "xatirələri xətir-xətir əriyir", dünəndən sabaha yeriyərək "ilmə-ilmə, düzüm-düzüm" düzülür:

 

Xatirələr xətir-xətir əridi,

İlmə-ilmə, düzüm-düzüm kiridi,

Dünən deyib, sabah-sabah yeridi,

Aldığını aldı, yada salmadı...

 

Yaxud "Xatircəm ol" şeirində yazdığı kimi:

 

Xatirələr nə çoxuymuş,

Ya varıymış, ya yoxuymuş.

Bəlkə görəcək yuxuymuş?

Xatırladım, xatircəm ol.

 

...Bəndənə bəndəlik elə,

Gününü gündəlik elə,

Sabahı indilik elə,

Xatırladım, xatircəm ol.

 

Dəmir Çeşməlinin son dövr, Qarabağda qələbəmizdən sonrakı dövr şeirlərini oxuduqca müəllifin yeni ruhda, yeni ab-havada, 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbə bütün Azərbaycana sevinc bəxş etdiyi kimi, yaradıcı insanlarımıza da bitib-tükənməyən nikbin pafosda səslənən mövzu verib. Daha o əsir düşmüş dağlara qəmli-qəmli, dalğın-dalğın baxmır, dağlar düşmən əsarətindən azad olunub, lirik "mən"in - şairin "kefi ala buluddadı", yönü, yolu dağlaradır:

 

Kefim ala buluddadı,

Yönüm bələddi dağlara.

Yollar qaldı, çən-dumana,

Günüm bələddi dağlara.

 

...Dərələr arxa durubdu,

Yolu yoxuşlar yorubdu.

Xəyal toy-büsat qurubdu,

Himnim bələddi dağlara.

 

Yaxud "Zəfər günü" şeirindəki "qeyrət gününə" çevrilən qələbə ovqatı:

 

...Zəfər günüm, qeyrət günüm,

Gözlədiyim həsrət günüm,

Düşmənə kin-nifrət günüm,

Dur ayaqda bərk günüm!

 

Nəbzi hər zaman çağdaş Azərbaycan poeziyasının nəbzi ilə bir vuran şairin poeziyasının folklor yaddaşı işə düşür. Bu da təsadüfi deyil. Çünki ən mükəmməl yaddaş da folklor yaddaşıdır. Dəmir Çeşməli folklor janrına müraciət edir, Qarabağı nərmənazik bayatı janrı ilə vəsf edir... Müasir ruhlu, qədim formatlı gəraylılar, qoşmalar yazır...

...Onun şeirlərində türk-islam mədəniyyəti daşıyıcılarının milli qürur və dini inanc duyğusuna müasir münasibət var. O, müasir Azərbaycan şeiri fonunda klassik formatı, ölçünü saxlayan, improvizəsiz poetik fikrini, hissini yeni nəfəslə, ortaqsız tərtibləməyi bacaran, müxtəlif çalarlı, iztirablı, amma hüzurlu məhəbbət lirikasında el qızlarında ziqiymət olan isməti, həyanı zövqlə qiymətləndirərək qoruyan, dünyəvi ehtirasdan, şımardıcı erotizmdən uzaq müəlliflərdəndir. Deyəsən, Platonun fikridir: "Əgər sevirsənsə, deməli, şairsən!!". Mənim fikrimcə, mövzusundan, məzmunundan, ifadə tərzindən, bədiiliyindən asılı olmayaraq sevgisiz şeir yoxdur!! Şeir şairin ətrafına, mühitinə, həmcinsinə, təbiətə, insanlığa, cəmiyyətə, vətəninə və s. və i.a., dünyada nə varsa, ona sevgisindən, məhəbbətindən yaranır...

Deməyim budur ki, Dəmir Çeşməli sözün, şeirin ərazisində səlahiyyət qazanmış qələm əhlidir! Əlbəttə, onun şeirləri zərgər cilal deyil və təbiidir ki, bu şeirlərdə kələ-kötürlük də, xaric səslənən ifadələr də, ölçüyə-mizana sığmayan məqamlar da var, amma nə varsa, patetikadan, süni pafosdan, səsgücləndirici intonasiyadan uzaq, təbii axarda olan özününküdür. O, sözün xəcalətin çəkən kişilərdən deyil, çünki xəcalətli sözdən uzaqdır!! Başqa sözlə, Dəmir Çeşməli öz statusu olan sözübütöv şairdir!

 

Qurban BAYRAMOV

 

Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.26-27.