Ayçil yuxu gördü
Hekayə
Günorta idi. Saatın əqrəbləri ekvator xətti kimi dayanıb onu Şimal və Cənub yarımkürələrinə ayırmışdı. Bu vaxt - iyul ayında
bizim ölkədə
havanın temperaturu qırx dərəcəyə
qədər qalxır.
İnsanlar sakit bir kölgəyə çəkilib
mürgüləməyə başlayırlar.
Ayçilgilin evində də hamı günorta yuxusuna getmişdi. Sakitliyi iki
şey pozurdu; bir divardan asılan
quşlu saatın cıqqıltısı, bir
də həyətdəki
ağacların yarpaqlarının
xəfif xışıltısı.
Ayçil yataqda uzanıb
dünyanı dinləyirdi
və fikirləşirdi
ki, Yer kürəsində,
deyəsən, səssiz
heç nə yoxdur. Birdən o, ürəyinin döyüntüsünü də
eşitməyə başladı.
İlk dəfə idi ki, özünü bu qədər yaxından eşidirdi.
Bir az
da diqqətlə ətrafı dinşədi.
Ona elə gəldi ki, onu əhatə edən hər şey canlıdır, onlar nəfəs alıb-verirlər: divan ayaqları
ilə gəzə bilir, divara söykənmiş
dördkünc güzgü
göz vura bilir, qaşıqlar uça, çəngəllər
qaça bilir. O, birdən yastığı
qucaqlayıb yatağında
bardaş qurdu, qıvrım saçlı
başını qaşıdı,
gözü saata sataşdı və pıçıldadı:
- Ay çıqqaçırıq saat,
sən nə dilində danışırsan?
Sənin
ürəyin harandadır?
Hər gün eyni səsi çıxarırsan...
Saat isə gözüyumulu kamançaçı
kimi öz ritminə qapılıb, ona cavab vermədi. Qızcığaz yastığı kənara
atdı, qalxıb qonaq otağındakı stola yaxınlaşdı, ehmalca gümüş buludun içindəki armudlardan birini götürüb, barmaqlarının
ucunda yerinə qayıtdı. Ancaq nə
qədər ehtiyatlı
hərəkət etsə
də, hansısa bir qüvvə onun əlindəki armudu yerə saldı. O, çarpayının
altına diyirləndi,
bir neçə saniyə sağa-sola yırğalandı və
əsgər kimi dümdüz dayandı. Qızın başı çarpayının altına
sallandı, - ah, necə
də sərindi, elə burdaca yatım, - deyib armudun yanına düşdü. O, buranı
qaranlıq mağaraya
bənzətdi, gözünə
bir ayı göründü, onun bıçaq kimi dişləri qızı qorxutdu. Qorxudan göz bəbəkləri
bərələn qız
həyəcandan armudu
dişlədi və ayı birdən yox oldu. İndi isə meyvənin içindən
ağ bir
qurd nöqtə kimi qara başını
çıxarıb dedi:
- Ay xanım qız, niyə mənim yurduma soxulursan? Bayaqdan səs-küy salırsan, imkan vermirsən ki, bir çimir
alaq.
Ayçil sual işarəsinə oxşayan qurda baxıb gözlərini döyürdü. O isə elə hey deyinirdi: - "Bayaqdan evimi fırladırsan, mənim
də başım fırlanır axı. Bilirsən, neçə dəfə dombalaq aşmışam?".
- Bağışla, qurdcuq, xahiş edirəm, bağışla, gözümə
yuxu getmir, hər kəs yuxuda olanda darıxmağa
başlayıram. Ancaq
səs edib heç kimi oyatmaq fikrim də yox idi...
Mən darıxırdım,
dedi, qız günahkarcasına, - səni
yaraladım, hə?
Ayçil kövrəlmişdi, o bilirdi
ki, qarışqa belə olsa, onun yuvasını dağıtmaq olmaz.
Qurd dedi:
- Yaxşı, ağlama, indi hamını oyadarsan. Məni apar qoy armud ağacının dibinə, evimə qayıtmalıyam.
- Bəyəm evin armudun içi deyil ki, ay qurdcuq?
- İçi idi,
ancaq indi böyüdüm və dünyanı dinləməyə
çıxdım. Bundan sonrakı
həyatımı sənin
kimi dünyada keçirəcəm.
Qız
lap çaşmışdı:
- Axı sənin mənim kimi ayaqların yoxdu...
- Artıq köhnə evimlə vidalaşıram,
bundan sonra mənim torpaqda qanadlarım çıxacaq
və mən sənin kimi gözəl bir kəpənəyə, bəlkə
də, parlaq bir böcəyə çevriləcəyəm. Sənsə yatmaq
istəməyəndə bura
gəl, söhbətləşək,
yoxsa darıxdığından
evin altını üstünə çevirəcəksən.
- Bəs sən darıxanda nə edəcəksən, ay qurdcuq?
- Eh, mənim darıxmağa vaxtım nə gəzir. Yaşamı sürdürmək üçün ətirli
ağacların çiçəklərinə
qonacağam. Gələcək ailəm üçün ən şirin yuvanı axtaracağam.
Bəs sonra?
- Sonra gübrəyə çevriləcəm, bu halda da faydalı
olacam. Sən bəyəm olduğun
kimi qalırsan ki, insanlar da
dəyişir, bax sənin o sığallı
əllərin bir gün bu ağac
qabığı kimi olacaq, özün də büzüşmüş
armuda oxşayacaqsan.
- Sonra da gübrəyə
çevriləcəm?
- Yəqin ki.
- Mən istəmirəm, onda səsləri eşitməyəcəm. Mənim dünyanın
səslərindən xoşum
gəlir. Çıqqaçırıqın
da səsini eşitməyəcəm, heyif...
- Sən yeni səslər
eşitmək üçün
mütləq gübrəyə
çevrilməlisən. Ancaq bunun
üçün qarşında
uzun bir yol var, darıxmamaq
üçün bu yolu darıxmağa qoyma. Eşidirsən? Niyə cavab vermirsən,
ay xanım qız.
Ayçil tumurcuq boyda ağzı ilə əsnəyib başını
ağacın gövdəsinə
söykədi, Qurdcuq da enli bir
yarpaq tapıb, onun üstünü ehmalca örtdü.
Nurlana İŞIQ
Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.25.