Yarıyuxulu şeir
Bir səsdən özünü asmışdı qəfəs,
Həsrətdən keçirdi qürbətin yolu.
Gələcək deyilən gəlmədi asan
Seçdik gediləcək ən çətin yolu.
Adamı gözündən edir ümidi,
Günü qara idi gözü ağların.
Qan da sağılmışdı kökünə kimi,
Yolu yorğun oldu ən uzaqların.
İsti yatağından küsmüşdü yuxu,
Yüzdümü, mindimi?..
İtmişdi haqq-say.
Hıçqırıq kimiydi axar su səsi,
Xəzəl yağışında islanırdı çay.
Sıxırdı adamı geniş üfüqlər,
Gecənin başına dardı aləmi.
Küləyin ovcunda saat kimiydi,
Budaqla yarpağın ayrılıq dəmi.
Gedənin hamısı düz deyil, dostum,
Dizə dayanan yol yaman
dik idi.
Buz kimi saxlamaq olmur
ürəyi,
Vaxtın ən soyuğu sənsizlik idi.
Daha havadan da olmur
baş açmaq,
Sanki tükənmişdi almağa nəfəs.
Susub dayanmışdı bir alabaxta,
Bir səsdən
özünü asmışdı
qəfəs.
Bir barışıq sabahı
Gecə
sıyrılıb çıxar
qapqara köynəyindən,
Yayılar üfüq boyu
gümüş kimi ağ günə.
Sürüşüb kəlağayıtək
çiynində yellənər
çən,
Dönər bir çiçək qızın günəş
təbəssümünə.
Zülmətlərdən sıyrılıb
qonur ruha bir şərqi,
Kölgələrlə rəqs edir şüaların hərəsi.
Gecədimi, bilmirəm, gündüzdümü,
- nə fərqi,
Günəştək işıq saçar o qızın pəncərəsi.
Bir az xəyalı
dalğın, bir az fikri qarışıq,
Yasəməni yırğalar küləklərin
sərini.
Qızılgülün ləçəyi
gülümsər işıq-işıq,
Uzadar çəpər
boyu sarmaşıq əllərini.
Çiçəklərdən tacını havada yırğalar nar,
Kölgəsi yola düşən göyəm boylanar tindən.
Çobanyastığıların üzünə
günəş doğar,
Mən sənə
qayıdaram gecələrin
bətnindən.
Adın gələndə
Dünyaya hər gələn
əbədi olmur,
Doğman tərk edəndə, yadın gələndə.
Şadlıq eləməyə dəyməz
xoş gündə,
Gedənə qəm olar şadın
gələndə.
Qoşun
olmalısan pərən
olmağa,
Ya bir udum nəfəs dərən olmağa.
Adam ər gərəkdir ərən olmağa,
Kişi sandığını qadın
gələndə.
Xaliq xəlq eylədi yoxdan var səni,
Yazda şeh ovudar qışda qar səni.
Olar ki, bir dostun
unudar səni,
Biri gülümsəyər
adın gələndə.
Yenə
Kim bilir gələcək nə nədən sonra,
Hər şey tükənsə də nəsə var yenə.
Raketdən, atomdan, nüvədən
sonra
Sözlə döyüşəcək adamlar
yenə.
Xeyirdən keçəcək axşamüstü
şər,
Göydən töküləcək yer
üzünə zər.
Elə ağaracaq qara gecələr,
Qara bürünəcək ağ damlar yenə.
Gərək qalmayacaq ərdova,
cinə,
Gərən olmayacaq yalana sinə.
Dünya
qayıdacaq lap əvvəlinə,
Yanacaq sübhəcən ağ şamlar yenə.
Bir daha
Dönmək olmaz o günlərə
yenidən,
Yox, qayıtmaz
o şux vədən bir daha.
Ürəyimi qıra bilər,
gözümü,
Qıra bilməz qorxun, hədən bir daha.
Ömür cəmə, həyat
dəmə, yaş kəmə...
Gələmmədik bir üsula, bir çəmə.
Əvvəlkitək hər əzaba, hər qəmə,
Tab etməz ruh, dözməz bədən bir daha.
Heç
nə itmir, dönüb olur hər nəsə,
Hər xeyirdə
olacaqdı şər
nəsə.
Sona qalmır təzə nəsə, tər nəsə,
Nə umaq ki, kimdən, nədən bir daha?
Ən uzaqlar ayrı saldı aranı,
Bir fotoda yaşadıq ağ-qaranı.
Unutmağı bacarmadım yaranı,
Yaddaşımda qalmaz zədən bir daha.
Daha döyməz sinəsinə
bir hozu,
Yaşadığı bəd günlərin ən bozu...
Daş səkidə nə izi var, nə
tozu,
O yol keçməz bu küçədən bir daha.
Bəlli şeir
Hər xeyir olanda var
bir az
da şər,
Hansı notda dinir sarı
sim bəlli.
Ayağa
baxana düşmən
deyirlər,
Əlinə oynayır kimin kim, bəlli.
Saxta uğurlara qabartdıq sinə,
Dönmək çox asanmış mələkdən cinə.
Aldadan aldadır nəyin xətrinə,
Göz vurub eylənən gizli him bəlli.
İstəyi böyükdür könlü
paşanın,
Sinən vaxtı gələr coşub-daşanın.
Sözsüz sonluğu var hər tamaşanın,
Hər səsli
səhnədə vardır
mim bəlli.
Olur
Mənim
nə işim var ağıllılarla,
Hərənin bir dəli zamanı
olur.
Qızıl dediyiniz çox
vaxt çıxır
mis,
Hətta
yaxşının da yamanı olur.
Adam səhv aramaz imanda, dində,
Niyə çürüdürsən qəlbini
kində?
Damına
çat düşür
xoşbəxtliyin də,
Dərdin də ürəyə damanı olur.
Az söy zəmanəni, az qına vaxtı,
Tale tərs çönəndə
döz, sına vaxtı.
Ümiddən yıxılma fırtına
vaxtı,
Batanda tutmağa
samanı olur.
Üzdə olan qəmi olmur yan etmək,
Yeyib-içdiyini xalqa qan etmək.
Olur ki, düz deyil
and-aman etmək,
Andı düz olanın amanı olur.
Vaxt var idi...
Əllərimin çiçək dərən
vaxtıydı,
Ürəyimin eşq tumunu cücərdən.
Uzaqlarda
dəniz vardı yamyaşıl,
Sahillərin boz qumunu cücərdən;
Mən dünyanı
təzə-təzə sevirdim.
Qönçələri düymə etdim yaxama,
Gülə susdu küləyin tül notları.
Didə
sevdim ləçəyini
güllərin,
Tapdalaya
yaşıl-yaşıl otları;
Sarmaşığı yola-əzə sevirdim.
Nənni
kimi yırğalanır
biçənək,
Uğuldayır dərya kimi göy meşə.
Gözlərimdən yuxu kimi axırdı,
Kol dibində mürgüləyən
bənövşə;
Nərgizləri məzə-məzə sevirdim.
Bir rahatlıq süst ruhuma xoş gəlmiş,
Mümkün olmur əsəbləşıb
gərilmək.
Göy üzünü seyr eləmək gözəlmiş,
Dünya
imiş göy çəmənə sərilmək;
Zirvələri dura-gəzə sevirdim.
Bir ayrılıq sən
Mənim
əllərimi, sənin
adını
Eləmi unutdu nərgiz qoması?
Sındıra bilmədim daş
inadını,
Yıxıldı dədənin isti koması.
Keçməsin könlündən bənövşə
dərmək,
O gün xəyalıma gəlir gec kimi.
Nə qol açmaq olur, nə sinə
gərmək,
Dönüb qınamaq da olmur heç kimi.
Cığıra qayıtmaz yol kəsəsinə,
Baş alıb
gedirdi elə əzəl də.
Bir bulaq səsinə, gül əsəsinə,
Əvvəlki həvəslə düşmür
xəzəl də.
Soyuq giley susur yanıq
"eh"ində
Ürəyim yoruldu lal daşımaqdan.
Nəfəsi təngidi əsən
mehin də,
Sinədə bir qara xal
daşımaqdan.
Ürək ağrısıdır sevgi bir az da,
Var olan bəlaya yox həb aradım.
Çəm deyil, yol deyil olar-olmazda,
Sənə çatmamağa səbəb
aradım.
Azdım
ayrılığın dolaylarında,
Tapmadım həyatın itən dadını.
Soyuq sular kəsir buz laylarında,
Mənim əllərimi, sənin adını.
Hərdən olur
Sevincimiz
çox vaxt olmur istək ilə tən,
Adam var ki, üzü gülür, içində kədər.
Hansı
ölçü vahidində
deyim, biləsən,
Aramızda uzaqlıq var bir ürək qədər.
Bəzən olur yaxınlıq
da yaramır işə,
Yanakı gələni, çəpəki
gedəni var.
Hər kəsi də vurmaq olmur bayramda
dişə,
Bunun düz edəni, onun səhv edəni var.
Arabir gəlmək də var imana, dinə,
Hər yaxşıya meyar olan yamanı
deyil.
Hərdən düşür insafının
yumşaq yerinə,
Amma adam bağışlamaq
zamanı deyil.
Özünü yaşamaq
Daha bir addım da düşüb kal səsə,
Tükənir qovlayan, yorulur qaçan.
Hər yer tənhalıqdır
can atan kəsə,
Bir ömür
bəs edər inzivayacan.
Vaxtında çox şeyi
vermək var yelə,
Bir hənir
asılıb öz karlığından.
Yolçunun nəfəsi tıncıxar
elə,
Adam çoxluğundan, yol darlığından.
Bu da bir əzabdır,
nə sülh, nə savaş,
Xeyir ziyanadır,
qazancadır şər.
Dörbaşda oturub diyirlədər
daş,
Kiminsə cibindən keçib gələnlər.
Yol çıxar ağrıyan
könülə şərik,
Min təpə titrəyər
bir dağ üzündən.
Dostlar bizi tapar, biz itirərik,
Hər yerə
əl qoyan yaltaq üzündən.
Daha heç nə yoxdur əsə ürəklik,
Söndür, bu işıqda nəyə gərək şam?
Dünyanın ən rahat yeridir təklik,
Çatdı yaşamağa özünü
adam.
Süleyman ABDULLA
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.22.