Şeirimizin üç kəlməsi

 

Rəşad Nağı Mustafanın poeziyası barədə qeydlər

 

XVII əsrin görkəmli fransız şairi və nəzəriyyəçisi Nikola Bualo özünün "Poeziya sənəti" əsərinin birinci nəğməsində yazır: "Nazimlər var ki, poeziya göylərinə qalxıb onun ən yüksək zirvələrini fəth etmək, Parnasda özlərinə yer tutmaq xəyalı ilə yaşayırlar. Bəli, belələri aramızda çoxdur. Lakin bilmək lazımdır ki, o əlçatmaz zirvəyə qalxmaq səadəti yalnız dühası büllur dağ nurunun aydın və təmiz ziyası ilə şövqlənən, Peqası özünə ram edən, Apollonun ilham şəfqətindən məhrum olmayan əsl şairlərə nəsib olur".

 Peqas qədim yunan əsatirində baş Allah Zevsin mindiyi qanadlı atdır. Əfsanəyə görə, Peqasın ayaqlarının zərbindən Helikon dağından bir bulaq yaranıb. Şairlər onun suyundan ilham alıblar. Bu səbəbdən, qədim dövrün ədəbiyyatında "Peqası yəhərləmək" ifadəsi tez-tez işlənib. Bu ifadənin mənası şair olmaq, şeir yaza bilmək deməkdir.

Bualodan gətirdiyim sitatdan məlum olur ki, məşhur nəzəriyyəçiyə görə, yaxşı şair olmaq üçün o bulaqdan su içmək, yəni istedad sahibi olmaq kifayət deyil. O bulağın yaranmasına səbəb olan Peqası ram etmək lazımdır. Dövrün yazı ab-havasından irəli gələn bu mübaliğəli bənzətmələrə bir az güc verib bu qənaətə gəlmək olar: Peqası yəhərləmək ilkin zəruri mərhələdirsə, onun yüyənini ələ alıb sonsuz söz ənginliyində buludlarla toqquşmaq xammal hesab etdiyimiz istedadla yanaşı, zəhmət, hünər, peşəkarlıq tələb edir.

Yunanıstanda uca bir dağ olan Parnas, qədim əhalinin təsəvvürünə görə, Apollon və incəsənət ilahələrinin məskəni olub. Bu təsəvvürün davamı kimi Parnası ismi şairlər məclisi, dəstəsi mənasına gəlib. Hər bir xalqın öz Parnası var. Bəs təyinedici qüvvə mövcuddurmu? Kimsə kriteriyaları dəqiqləşdirə bilirmi, yaxud kriteriyalar mövcuddurmu?

Bu suallar barədə geniş polemikalar daim hökm sürsə də, bu yazının predmeti həmin məsələlər deyil. Öz xəyali Parnasının sakini - şair Rəşad Nağı Mustafa poeziyasının çalarlarını ayırd edərək mövqeyini müəyyən etmək mümkün olar: o, Helikon dağındakı bulaqdan su içməklə kifayətlənib, yoxsa Peqasın yüyənini ələ alaraq Parnas zirvəsində məskən salıb?

Rəşad Nağı Mustafa poeziyası barədə danışanda, ilk növbədə, şairin fikirləri, qənaətləri, müşahidələri ilə obrazlı düşüncələrinin, bədii təfəkkürünün bir-birindən ayrılıqda yox, vəhdətdə təcəssümünü vurğulamaq yerinə düşər. Çağdaş poeziyanın qarşısında duran ən böyük problemlərdən biri də şeirdə həyat hadisələrinin bədii həlli məsələsidir. Bir aqronomun da yaxşı müşahidə qabiliyyəti ola bilər, yaxud bir riyaziyyatçı çox incə məqamların fərqinə vara bilər. Əgər həmin peşə sahibləri bu müşahidələrini xatirat kimi qələmə alırsa, ondan xüsusi bədii yazı nümunəsi tələb eləmək mümkün olmur. Amma şair daxili təlatümlərini, gördüklərini, beynində və ürəyində ilişib qalan nəsnələri bədii müstəvidə həll edərək, poetik çalarlarla, obrazlı düşüncə ilə, bir sözlə, şeirləşdirərək oxucuya təqdim etməlidir. Rəşad Nağı Mustafa bu barədə bütünlüklə şairdironun şeirlərindəki fikir-obrazlılıq balanslaşdırılması imkan verir ki, digər nəzərəçarpan məqamlar barədə danışaq.

Rəşad Nağı Mustafa yaradıcılığında müharibə mövzusu, əslində, başqa bir məqalənin müzakirə obyekti olsa da, bəzi məqamları vurğulamaq zəruridir. Şair müharibədən kənarda baş verən, daha doğrusu, müharibənin təsiri, ab-havası duyulan, müharibənin izləri görünən məqamları qələmə alsa da, onun şair müşahidəsi imkan verir ki, səngərdəki, güllə qabağındakı təlatümləri də özününküləşdirə bilsin. Həmin əsgərin ağrılarını öz ağrılarına çevirə bilsin. Şair şeirlərinin birində yazır:

 

...İndi boyumuz rahatca çatsa da

                        şkafın üstünə,

Səngərdən boylanan yaralı əsgər kimi

                        baxırıq xatirələrə...

 

O, yarası qanayan əsgərin həyatla mübarizəsini, ölüm-qalım dilemmasını, bununla bərabər cəsarətini nəzmə çəkir və bununla kifayətlənmir, xatirələri yada salmağını bu bir cümləlik hekayəyə bənzəyən təşbehlə ifadə edir. Elə bir təşbeh ki, müharibənin bir epizodunu bütün cəhətləri ilə izah etmək iqtidarındadır.

Rəşad Nağı Mustafanın "Müharibə şeiri" postmüharibə dövründə qələmə alınan ən yaxşı üç poeziya nümunəsindən biridir. Şeirdə iki situasiya əks olunub: müharibənin başladığı və bütün ölkənin həyəcanlandığı vaxtda sevdiyi qızı Nəbatat bağında gözləyən bir cavan və müharibə xəbərinin ona ötürdüyü müxtəlif impulslar, bu xəbərin fonunda qaysaq bağlamayan yaraların sızıltısı; müharibənin, Vətən uğrunda həyatını itirən qəhrəmanların geriyə buraxdığı kədər, ümumiyyətlə, savaşın əzabı, faciəsi...

 

Mən səni gözləyirəm....

Eləcə dayanmışam Eldar şamının altda.

Gör e, adam adında ağaclar var həyatda

Ağacların üstündən yıxılan balacalar böyüyür,

igid olur.

Mən səni gözləyirəm, amma indi, bəlkə ,

bu ağacın adaşı Şuşada şəhid olur.

 

Təbiət, ana təbiətin yetişdirdiyi, suyu, torpağı, havası ilə bəslədiyi igid həmin təbiətin qoynundan ucalan Eldar şamının Eldar adlı bir şəhidin taleyi ilə əlaqələndirilməsi yaradılışın, yaşamağın, yaradan yaşadan uğrunda, Vətən yolunda ölümün - həyatın üç mərhələsinin mükəmməl bədii lövhəsi bu misralarla gözümüzün önündə canlanır.

Şair sözügedən şeirdə öz ağrılarını Vətən ağrılarının fonunda yada salır, torpaq haqqında qənaətlərini dilə gətirir, öz konsepsiyasından çıxış edərək müqqəddəs nəsnələri ayırd edir:

 

Mən səni gözləyirəm...

Gəlsən, soruşma məndən vətən səninçün nədi?

Bax, indi dediklərim hamısı bəhanədi:

Anamın olduğu yer, atamın yatdığı yer,

bir sən hardasansa ora mənə vətəndi.

Anam heç vaxt ölməsin, sən ölmək istəmə.

Mən atamdan bilirəm, ölüm bədahətəndi.

 

Şair Vətəni anasının məskəni kimi, atasının torpağı kimi, sevdiyi insanın nəfəs aldığı məkan kimi qəbul edir, sevir, tərənnümünə çalışır.

Rəşad Nağı Mustafanın Laçın həsrətinə ithaf etdiyi şeiri süjetli şeir adlandıra bilirik. Laçınlı şair dostunun hekayəsini oxuduğu vaxt onu yuxu aparır. Yuxuda görür ki, Laçında, Daşlı kəndində, Şəlvə çayının sahilindədir. Əmisi Ələmdar kişi ona "yuxunu gördüyü gecədən qapqara" bir at bağışlayır. Bu atla heç vaxt görmədiyi Laçını gəzirlər. Yuxudan ayılan şair hekayəni oxuyub tamamlayır əmisinin , atının da, Laçının da yuxu olduğunun fərqinə varır. Bu şeirdəki iki misra isə Birinci Qarabağ müharibəsindən sonra dünyaya gələn münaqişə dövrünə şahidlik edərək ürəyi Vətən eşqi ilə döyünən bir gəncin söyləyə biləcəyi ən təsirli cümlələrdir:

 

Mən Laçını heç vaxt görməmişəm.

Əvvəl yaşım çatmırdı, indi gücüm...

 

Rəşad Nağı Mustafa poeziyasında kədərin bir çox çalarını sezmək mümkündür həmin kədərə müxtəlif yanaşmalar diqqəti cəb edir: bəzən soyuqqanlılıq, bəzən şairə xas olan emosionallıq müşahidə olunur. Onun şeirlərində ata mövzusu xüsusi yerdədir. Ümumiyyətlə, vətəndən, atadan, anadan yazmaq olduqca təhlükəlidir. Həddindən artıq pafos, yaxud əksinə, bədii cəhətdən cüzi sönüklük əsərin gücünü minimuma endirə bilər. Amma Rəşad Nağı Mustafa şeirlərində balanslılıq yarada bilir orijinal bədii lövhələr yaradır.

Onun atasının vəfatından doğan kədərinin izləri mövzusundan asılı olmayaraq əksər şeirlərdə hiss olunur. Məsələn, şair yazır:

 

Sən yaxşı adamsan, yaxşı adamsan,

Atam deyilsən ki, qəfil öləsən...

 

Müqayisəyə diqqət edək: şair atasının ölümünü onun bivəfalığı kimi səciyyələndirir, el deyimlərində vaxtsız qəfil ölümü belə qələmə verirlər şeirdə xitab etdiyi insanı bu bivəfalıqdan uzaq olmağa səsləyir, bir növ, situasiyanı izah etməyə çalışır ki, atamın qəfil ölməyi mənə nələr yaşatdı, amma sən yaxşı adamsan, belə etməzsən...

Yaxud şeirlərinin birində belə yazır:

 

Anamın üzündən öpürəm hər gün

Öldü, qədir bilmək öyrətdi atam

Əzrail evimizin yerin biləndən

Vallah, anamdan da çox narahatam.

 

Şair əvvəlki şeirdə sevdiyi bir adama etibar dərsi keçirdisə, bu şeirdə özünün gəldiyi nəticələri qələmə alıb. Atasının vəfatı dünyanın faniliyini ona izah edib digər var olanların qədrini bilməyini başa salıb. Bu misraları belə adlandırmaq olar: ölümün həyat dərsi...

Rəşad Nağı Mustafa şeirlərində xatirələr dolaşır. O, xatirə şairidir. Unutmağı sevir. Məsələn, şeirində Vaqif Səmədoğlunun, Mikayıl Müşfiqin, Atilla İlhanın, Nazim Hikmətin adını çəkir, vəfa borcu kimi mütəşəkkirlik var Rəşad Nağı Mustafada. Atası ilə bağlı xatirələrinin cəm olduğu şeirlərin birində yazır:

 

Əvvəl belə olmurdu ad günü qonaqlığı

Ən yaxşı sağlıq idi atamın cansağlığı

Atam öldü böyüdüm, böyüdüm atam oldum

Qocaltdım əllərindən tutduğum uşaqlığı.

 

Bir az anam böyütdü, bir az da atam məni,

Atam ki öldü getdi, anama da qalmadım.

Bir az Allahdan qorxdum, bir az atamdan qorxdum,

Peyğəmbərə daş atan uşaqlardan olmadım.

 

Rəşad Nağı Mustafa poeziyasında kadrları aydın görmək olur. Epik növdən fərqli olaraq lirik növdə həmin kadrları yaratmaq müşkül məsələdir bu, xüsusi məharət tələb edir. Hadisənin duyğulu tərəflərini, hissiyyata təsirini qələmə almaqla yanaşı, hadisəni görmək, birbaşa real təsvirlərlə poetik dildə əks etdirmək cəhdləri Rəşad Nağı Mustafada olduqca yaxşı alınır. Bu baxımdan onun "Xəstəxana dəhlizi" şeiri unikaldır:

 

Xəstəxana dəhlizi

Həkimlər qaçaqaçda qorxa-qorxa danışır:

Biz ananı itirdik!

İndi sevinclə kədər bir-birinə qarışır.

Ata susur, oturub dizini qucaqlayır

Qulağına səs gəlir,

İndi doğulan uşaq indicə

            öldürdüyü anasına ağlayır.

İndi ağrı qalacaq ömürlük bir ürəkdə

İndi çətin olacaq bu balaca qatilə

atalıq eləmək , analıq eləmək .

 

Bir sərnişin gətirib, bir sərnişin apardı

həyat adlanan qatar.

Ata necə yaşasın?

Axı belə havada  intihar qoxusu var.

 

Göstərdiyim nümunələrdən məlum olur ki, Rəşad Nağı Mustafa Azərbaycan dilini yaxşı bilir əsl ana dilində yazmağı bacarır. Yad qrammatik quruluşlar onun şeirləri üçün spesifik deyil.

Bütün bunlardan yola çıxaraq demək olar ki, Rəşad Nağı Mustafa Peqasın yüyənini ələ alaraq Parnas zirvəsində məskən sala bilib.

Rəşad Nağı Mustafa ədəbi təxəllüsü kimi ağıllı (rəşad), təmiz (nağı), seçilmiş (mustafa) insandır.

Yaradanın seçilmiş bəndələri olan əsl şairlər ağıllı daxilən təmiz olmalıdırlar.

Şeirimizin üç kəlməsinə - Rəşad Nağı Mustafaya yeni-yeni yaradıcılıq uğurları arzu edirəm!

 

Nadir  YALÇIN

 

Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.23.