“Ağ dəvə düzdə qaldı”
Həcəri bir
yazıçı kimi yaratdı
Həcərin "Ağ dəvə
düzdə qaldı" kitabındakı povestlər
haqqında
Ədəbiyyatın
iki əsas xüsusiyyətindən biri tarixi xronologiyaya sadiq
qalmasıdır. Ədəbiyyat tarixi hansı üsulla
yazılır yazılsın, təsnifat sistemində hansı
ünsür önə çəkilir çəkilsin,
xronologiyadan asılı olaraq meydana çıxır. Bu səbəbdən
mətnlər ilk növbədə onları yaradanlardan
asılıdır, çünki ədəbi nəsil, ədəbi
qrup və fəaliyyət, zaman, mühit, ədəbi janr və
yaradıcılıq özü birlikdə mövcuddur.
Bəşəriyyətin
ilk şifahi ədəbiyyatındakı "köç
dastanları"ndan tutmuş, bugünkü
"mühacir" anlayışına qədər
köçərilik mövzusu bədii əsərlərdə
öz əksini tapmışdır.
Bu məqamda kritik bir sual da meydana çıxır ki,
bu, ədəbiyyat və köçərilik arasındakı
əlaqənin vasitə, yoxsa məqsəd olmasıdır. Hər
halda Şərqin əksər yazıçıları ya
öz ədəbi yaradıcılığına köçərilik
mövzusunu gətirib, ondan bəhrələniblər, ya da ədəbiyyatın
köçəri əsilli nümayəndələri bu
mövzuda müstəqil ədəbi mühit yaradıblar.
Şübhəsiz ki, ədəbiyyatla köçərilik
arasındakı bu iki istiqamətli əlaqə bütün
dövrlərdə özünü qabarıq şəkildə
büruzə verib.
Həcərin
"Ağ dəvə düzdə qaldı" kitabında
beş povest var, onlardan kitabla eyniadlı ilk povesti ümumşərq
ədəbiyyatında geniş yer tutan mövzulardan biri - ədəbiyyat-köç
əlaqəsindən bəhs edir və bu kəsişmədə
hadisələrin bir-birindən sosial aspektdə necə
faydalanmasını görürük. Əsər həcmindən
asılı olmayaraq, Həcər xanımın bədii
yaradıcılıq axtarışlarının səciyyəvi
meyillərini və xüsusilə istiqamətlərini təyin
edir, - desək, yanılmarıq.
Müəllifin
bədii üslubu, rəvan təhkiyəsi, süjet və
kompozisiyaları oxucunu ovsunlayır və oxucu hadisələrin
sonunu görmək üçün axına düşüb
gedir. Məsələn, "Dağətəyi geniş yastana
çatanda sol tərəfdə göz önündə
süfrə kimi açılan, maili, üzüenişə
sallanan və ətəyə endikcə genişlənən
düzənlikdə bir-birindən aralı salınmış
binələri görmək çox heyranedici və möhtəşəm
idi. ...Mən ilk dəfə idi ki, bu cür
hündürlükdən - zirvədən aşağı
baxırdım və o anda özümü bütün o
dağların yiyəsi kimi hiss edirdim". Təhkiyə və
təsvir o qədər güclü verilib ki, oxucu o
hündürlükdən mənzərəni seyr etmiş kimi
olur. Digər bir təsvirdə: "Onların iki
alaçığı vardı. Birində üstünə
maral şəkilli örtük çəkilmiş yük
qurulmuş, yerə altdan boz keçə, üstdən xalılar
döşənmiş, kənarlara məxmər üzlü
döşəkçələr, atlaz mütəkkələr,
qurama üz çəkilmiş xırda nazbalınclar
düzülmüşdü. Alaçığın bir tərəfinə
isə yataq yerini ayırmaq üçün asqı ipindən
bəzəkli ipək qotazlar sallanan naxışlı təzə
cecim asılmışdı". Oxucu müəllifin
gözü ilə o alaçığı
"görür".
Bədii
əsərdə hadisələr material kimi deyil, ədəbi-estetik
amil kimi, dünyanı dərk və ifadə etmək vasitəsi
olaraq meydana çıxır. Müəllifin obrazının
dünyabaxışında, həyatı qavrama üsulunda onun
özünün də ədəbi və bəşəri dəyərlərə
baxışı, milli düşüncəsi əks
olunur. Həcər xanım elə
məhz bu əsərdə öz uşaq təfəkkürü
ilə həyata baxışını sərgiləyir: "A
batmamış, soyuqlayıb öləssən,
qızmısanmı? - desə də, Səməngül suyu həvəslə
şappıldadıb çiyinlərini, yanlarını,
budlarını yuyur, hərdən arxası üstə suya
uzanıb gözlərini yumurdu. Bu zaman onun
görünüşü hind bütlərini
xatırladırdı. Mən utandığımdan orda
dayanmadım. Dərənin qaşına çıxıb
uzaqlara baxmağa, ətrafı nəzərdən keçirməyə
başladım. Birdən bir oğlanın daşların
arasına sinib Səməngülə baxdığını
gördüm. O məni görəndə əlik kimi yerindən
sıçrayıb obaya sarı qaçdı. Günah iş
tutmuş kimi pis olmuşdum. Onun Səməngülə
baxmasında mənə iyrənc və natəmiz görünən
bir şey hiss etdim. Yenə də bunu heç kimə demədim".
Bu
cür nümunələr əsərdə kifayət qədərdir
və əsəri həm bədii-struktur, sənətkarlıq
məsələləri baxımından zənginləşdirir,
həm də müəllifi milli ideologiyaya necə xidmət
etməsi baxımından təqdim edir.
"Ağ
dəvə düzdə qaldı" povesti başdan sona
maraqlı və cəzb edən bədii təsvir və yeni, oxucuya
çox da tanış olmayan ifadələrlə, bənzətmələrlə
heyrətləndirir. "Dağın əbədi və əzəmətli
sükutu"; "Sağ əldəki dərənin dibi ilə
gün işığında əridilmiş qurğuşun
kimi parıldayan, gümüşü baftalı
çaxçur balağıtək təpələrin
topuğuna dolanan nazik irmaq"; "Təzimiş yaz
buzovu"; "Arvanam - (birhürgüclü və
ikihürgüclü dəvədən törəyən)";
"Səmənd at olmayan ilxı gözümə
çiçəyi qoparılmış gül budağı
kimi görünürdü" və s.
Müəllifin
zəngin dili və bədii təhkiyəsi ilə təqdim
olunan əsər istər dövrün və məkanın
adamlarına xas xarakterinə uyğun danışan,
düşünən və hərəkət edən
obrazları, istərsə də müəllifin fərqli
düşüncə tərzindən yaranan fikirləri ilə
olduqca maraqlıdır. Məhz bu povest məlum fikri bir daha
yada salır: Müəllif əsəri deyil, əsər
müəllifi yaradır. Mənə elə gəlir ki,
"Ağ dəvə düzdə qaldı" povesti Həcəri
bir yazıçı kimi yaratdı və Azərbaycan oxucusuna
təqdim etdi.
Müasir
ədəbiyyat dövrün yeniliklərini izləyə bilən,
öz daxilində insanı, cəmiyyəti dəyişdirməyə
qadir olan, yarandığı məkanın imkan və şəraitinə
görə inkişaf edə bilən, yeni üfüqlər və
dəyərlər ətrafında tədricən qurulan daxili
nizamın tarixi kimi danışan ədəbiyyatdır.
Bu
prinsiplər Həcər xanımın "Ağ dəvə
düzdə qaldı" kitabında yer alan ikinci povesti
"Nakaut"da özünü göstərir. Əsərin
baş qəhrəmanı boksçu Yurandır və hadisələr
onun çətin və talesiz həyat yolunu əks etdirir.
Altı yaşında ata-anasını avtomobil qəzasında
itirən Yuran dayısından, bibilərindən, hətta
doğma bacısından da xəyanət görür.
Var-dövlət hərisi olan qohumları müxtəlif bəhanələrlə
valideynlərindən qalan nə varsa ələ keçirirlər.
Bacısı Aliyə ailə qurduqdan sonra ata evini də
satır. Yuran çox çətin illər yaşayır,
dostlarının evində, kirayələrdə qalır.
Küçə döyüşlərində bərkiyən
oğlan, Razi adlı bir məşqçinin yanında
yetişir və sonda yarışlara qatılır. Beynəlxalq
yarışlarda qalib olur, pul və ev qazanır. Lakin talesizlik
yenə də onu təqib edir. Bu dəfə də
yarışlara siyasi oyunların, zorbalıqların və
rüşvətin qarışması kimi çətin vəziyyətlə
üzləşir. Başından çox uğursuzluqlar
keçsə də, müsbət insani keyfiyyətlərini,
xüsusilə mərhəmət hissini qoruyur. Bu
uğursuzluqların fonunda müəllif zamanı yeniləyir,
İkinci Qarabağ savaşını və həmin vaxtda
xaricdə olan Yuranın özü gələ bilməsə də,
maddi yardımları ilə Vətənin müdafiəsinə
qatılmasını qəhrəmanının yığcam,
özünəməxsus cəhətlərini xarakterizə etməklə
təqdim edir. Əsərdə müəllif zamanın
qarışıq mənzərələrini versə də, həyatın
obyektiv dərkini keçmişdən bugünə yönələn
həqiqətlərdə görən bir obraz yaradır.
Ətrafından yamanlıq görən qəhrəmanın
yaxşılıqları sonda öz bəhrəsini verir, əsərin
sonunda İlahi ədalət Yuranın gec də olsa öz
xoşbəxtliyini tapmasına gətirib çıxarır.
Tarixi
baxımdan yanaşmalı olsaq, keçən əsrdə miflərdən
və folklordan istifadə edilərək yaradılan bədii ədəbiyyatımız
ənənəvi olaraq, müasir dövr ədəbiyyatında
da özünü göstərir. Sadəcə, müasir ədəbiyyatda
bu ənənə etnoqrafik detallara çevrilərək yeni məzmun
anlayışı kimi aktuallaşır və bu, Həcərin
əsərlərində də özünü göstərir.
Kitabda
"Atası ölməyib" adlanan üçüncü
povestdə miflərdən istifadə ənənəsi həm
yazıçının bədii üslub meyillərini səciyyələndirir,
həm də əsərin məzmunundakı sirr pərdəsinə
çevrilərək oxucunu düşündürür. Belə
ki, əsər yuxu ilə başlayır. Yuxuda su və
qızıl var - mifologiyada su aydınlığı,
rahatlığı, qızıl xəbəri-səsi simvolizə
edir.
Əsərin
baş qəhrəmanı həkim Ədilənin günlərlə,
həftələrlə gördüyü eyni yuxu onu narahat
edir və o, yuxusunun gerçəkləşəcəyi
inancı ilə həmin yerə gedir. Birinci gedişində
istəyi baş tutmasa da, ikinci gedişində dərənin
suyu çəkildiyi üçün yuxuda gördüyü
o çayın içində, xırda daşların
arasından üzə çıxan sarı qızıl
külçələri tapır. Amma çayın gur axan
yerində bir maneənin çayın qarşısını
kəsərək sürətini azaltdığı diqqətini
çəkir. Yaxınlaşdıqda orada bir kişi meyitinin
olduğunu aşkar edir. Geri qayıdır, polisə gizli xəbərdarlıq
edir. Məlum olur ki, meyit bir Qarabağ qazisinə aiddir. Qazinin
arvadı xəstə oğlunu müalicə üçün
təsadüf (əslində zərurət) nəticəsində
Ədilə həkimin yanına gətirir. Beləliklə, həkim
onların kimliyini öyrəndikdən sonra satdığı
qızılların pulunu halallıq üçün mərhumun
ailəsinə verir. Ədilə həkim bu sədaqətinə
və ədalətinə görə İlahi tərəfindən
mükafatlandırılır və həm şəxsi həyatında
xoşbəxtliyini tapır, həm də vəzifəsində
gözlənilmədən yüksəlir. Əsərin əvvəlində
görülən yuxunun izahı sonda eynilə miflərin bu və
ya digər şəkildə həyatımızda rolu
olduğuna şahid oluruq: Bir qazinin ölümünün
aşkar olunması xəbəri - səs, haqqın -
pulların rahat bir yolla haqqı olana çatması, eyni
zamanda layiq olanın öz xoşbəxtliyinə
qovuşması və yüksəlişi.
İlk
baxışdan nağıllardakı, dastanlardakı mif
yaradıcılığı təsiri bağışlasa da,
bu cür yanaşma, dünyabaxışı şəxsiyyətin
milli mənliyini, milli dəyərlərini, inancını və
ideoloji azadlığını ifadə edir.
"Cehiz
pulu" povestinin mövzusu bir az ürküdücü olsa da,
bu əsərdə haram pulun xoşbəxtlik gətirmədiyinin
bir daha şahidi oluruq.
Sonuncu
povest "Dəli Güldəstə" həyatın
girdabında çabalayaraq həyat sınağından
keçməkdə olan bir qrup insan var. Onların arasında
savadsız, mədəniyyət qaydalarından xəbərsiz,
qonum-qonşunun qeybət və gülüş hədəfi
olan Güldəstə əsərin baş qəhrəmanıdır.
Onun ölümündən sonra müəllifin təhkiyəsi
ilə verilmiş fikirlər əsərin məzmun
aktualığını artırmaqla, həyatın bir az da dərinlikdə
dayazlıq vəhdəti olması kimi acı gerçəkliyinin
təzahürü kimi ortaya çıxır. Hər şeyə
rəğmən həyata gülümsəməyi
bacarmağı müəllif belə ifadə edir: "Onun
toylarda kişilərə dəstəbaşı olub yallı
getməyi, milisə işi düşənlərin işini
aşırmağı, ərə getməyən
qızları birtəhər kiməsə calamağı və
bunu savab bilməyi, boşanmaq istəyənlərin əl-ayağına
düşüb barışdırmağı, dalaşanda
dediyi xoruz səsi eşitməyən söyüş kəlmələri...
- çox şeylər o məhlənin adamlarının
xatirində Güldəstəni yaşatdı. Səssiz, izsiz
bu dünyadan gedənləri heç kim xatırlamır.
İnsan dünyadan köçəndən sonra onun sözləri,
əməlləri danışılır və bu zaman üzlərdə
təbəssüm yaranırsa, demək, o adamın
yaşamağına dəyərmiş".
Həcərin
əsərləri məişət məzmunludur və müəllif
bütün tərəfləri ilə bərabər, bu əsərlərdə
Azərbaycan insanının xarakterik obrazlarını
yaradıb. Ümid edirəm ki, kitabın oxucusu bol olacaq və
müəllifi yeni əsərlər yazmağa ruhlandıracaq.
Adilə Nəzərova
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.20.