Od düşən günümə
yanmayın mənim.
Əl uzatmayın mənə,
Əllərim kardı mənim.
Ürəyimi küçə-küçə
ayaqlayan adamlar
Özgə bir yoldasa,
ən çox sevdiklərim tanıyır
məni.
Uşaqların oyuncaqları
qırıldığı gündən
həyata addımları,
Quşlarınsa qanadları
qopduğu yerdən
göy üzü başlayır...
Müqəddəslər ağacların edam şəkilində unudulur.
dilənçilərsə ovuclarımın
xoşbəxt günündə.
Daha üzülməyin, dostlar,
Daha məndən qorxmayın...
Qollarım sağdı mənim,
Qucağıma həsrətəm...
***
Təkcə sevdiyindən deyil,
əllərin qopan hər yer
sevgiylə dolar.
...Bütün sevgilər ayağın kəsər səndən;
Başı daşa dəyən
yollarda addımlarını
tanıyarsan,
yolun qalmaz ölməyə.
...Özgələşər göz
yaşların
pərdə buludlar arxasında,
sevdadan qalan külün gözündə.
Gözün olmayan xoşbəxtlik
güllələyər ürəyini,
əlində ölərsən
dənizin,
kimsə su atmaz üstünə.
...Qadınlar tanrısız kişilərdə həsrətini
yaşayar
hər gecənin qapısında,
hər ürəyin səhərində.
Heyif bilməmişəm;
Sevmək
kədərini dəyişə
bilməməkmiş
eyni ocaq başında,
eyni yağışlar
arxasında.
Cavid FƏRZƏLİ
Ədəbiyyat qəzeti.- 2022.-
18 iyun.- S.21.