Allahverdinin arzusu

 

Hekayə

 

Deyirəm, vallah, insanınkı gətirməyəndə gətirmir. Neyləyirsən elə, yağışın ucundan tut, çıx göyə, xeyri yoxdu. Gətirməyəndə gətirməyəcək. Rəhmətlik Allahverdi kişinin bəxti beləcə gətirmədi. Yazıq. Adam düşünəndə ürək dözmür, neyləyəsən, həyat belədi - birinə yaxşı, birinə pis.

Bu bəxtiqara Allahverdi kişi 15 il bundan öncə ev alıb bizə qonşu olmuşdu. Şəhərdə qulluqda işləyirdi, ailəsini, beş övladını bir yaxşı, bir pis dolandırırdı. Həyatda xoş günlər olur, narahatlıqlarla dolu anlar da. Allahverdi kişigilin ailəsində həyatın bu "qanunu" özünü möhkəmcə göstərirdi. Bununla belə "ailə qayğısız ömür sürürdü" demək mümkün idi. Yeməklərinə, içməklərinə korluq verməzdilər,  ta ki başlarına bir bədbəxtlik hal-qəziyyəsi peyda olanacan. Hadisə belə cərəyan etmişdi. Allahverdi kişi arvadı Qəndab xalanın bir əcayib xasiyyətləri var idi. Onlar qonşularından heç geri qalmaq istəməzdilər (kim geri qalmaq istəyər ki?!). Bu hal-vəziyyət onlarda həm sonradan peyda olmuşdu, əvvəllər belə deyildilər. Amma indi dəyişilmişdilər. Təzə moda onları da öz ağuşuna almışdı. Evlərindəki söhbətlərinin əsas mövzuları da, beləliklə, qonşularının yeni vəziyyətləri ilə bağlı olurdı: Həsəngil təzə ev qapıları alıb, elə gözəldi... Qızbəsdi bir dənə divan-kreslo sifariş verib, kaş bizdə eləsinnən olardı... Görürsən, Nizamigil pəncərələrini təzələyirlər, deyirlər, o Nikolaydan qalma pəncərələrin vaxtı keçib, indi hamı müasir pəncərə alır. Bizimki elə köhnə hamam, köhnə tas. Elə bir and içibsən ki, Arifin babasından qalan bu evi necə alıbsan, əl vurmıyassan, eləcə qalacaq...

Bu sözləri deyə-deyə Allahverdi kişiynən Qəndab xala bir neçə il bundan əvvəl vəcdə gəldilər ki, evlərini düzəltməyə başlasınlar. Beləliklə, bir xeyli borcun altına girib evlərini düzəltməyə üz qoydular. Qapı-pəncərə aldılar, özüdə ki, Nizamigilin qapılarından, plastik pəncərələrindən. İki il yemədilər, içmədilər borclarını verib qurtardılar. Allah zəmanəni batırsın. Hər gün yeni bir moda çıxır, dəb yaranır. Ər-arvad qərara gəldilər ki, ev əşyalarını da bütövlüklə dəyişsinlər. Bu dəfə yenə borcluluq sənətinə qol qoydular. Ev əşyalarını yeni dəbə uyğun aldılar. Üç il belə keçdi, yemə, içmə borcunu ödə.

...Deyirəm, kənd evləri indi şəhər evlərindən daha da müasir olmağa başlayıb. Hər şey şəhər evlərindəki kimi, evin daxilinə köçürülür. Allahverdigil qərara gəldilər ki, dükançı Xəlilgil kimi hamam otağını, sanitar qovşağı evin içinə köçürsünlər. "Xəlilgildən nələri əskik idi ki...". Əlqərəz, evləri daha da gözəlləşdi, elə bil, şəhər evi idi. 3 il 2 ay da beləcə borcu ödəməklə ötüb keçdi.

Kənd həyatında inkişaf olduqca Avropa mədəniyyəti evlərdə özünü daha güclü göstərirdi. 2-3 il idi ki, kəndə təzə dəb gəlib çıxmışdı. Hamı Avropa qapıları alır. Allahverdi Qəndab xala da qərara gəldilər ki, evlərinə Avropa qapıları alıb salsınlar. Səhər durub hazırlaşdılar. Şəhərə qonşuluqda yaşayan "Taksi" Akifin maşınında yollandılar...

Deyirəm, inkişaf etmiş avropalıların ağılları heç yoxdu. Özlərinə ev-eşik tikmirlər. Gah bu şəhərdə, gah o kənddə yaşayıb ömürlərini başa vururlar - evsiz-eşiksiz. İşləri, gücləri yeyib-içmək, gəzib-dolaşmaqdı. Övlad da ki, on səkkizini tamamladı, "Xoş getdin, beş getdin, get özünə gün ağla" deyirlər. Bizim Əhməd isə nəvəsinə ev tikir ee,  nəvəsinə. Hər isə... Allahverdi kişi ilə Qəndab xala Avropa qapılarını da alıb evlərini əsl saraya çevirdilər. Adam qıymırdı ki, ayaq qoysun. Sanki cənnət guşəsi idi. Amma bunun bir əvəzi vardı. İl yarım da beləcə borc ödəməklə keçdi. Vaxt o yerə gəlib çatdı ki, 10 il boyunca borc ödəmək məcburiyyətində qalan Allahverdi kişiyə bu dəfə adının əksinə olaraq Allah vermədi. Kişi xəstələndi. Özü bərk azarladı. Bu hadisə həm bədbəxtlikdən onların son borclarını verdikləri gündən bir həftə öncə baş verdi. Düz bir həftə Allahverdi kişini bu xəstəxana mənim, o xəstəxana sənin apardılar, xeyri olmadı.

Atalarımız "Yatan deyil, yetən ölər" demişlər. Allahverdi kişininki bax belə bir hal-qəziyyə idi. Borcun qurtardığı həmin o gün bəxtiqara Allahverdi kişi haqq dərgahına üz tutdu. Kişinin nəşini dünyasını dəyişdiyi günün sabahına saxlamaq istədilər. Ona görə ki, qardaşları qərib yerdən gələcəkdilər. Onları gözləməli idilər. Kəndin mollası isə təkid etdi ki, cənazəni saxlamaq olmaz, hava istidi. Biəlac həmin gün Allahverdi kişini torpağa tapşırdılar. Yazıq, ona bir gün o cənnətməkan evdə rahat ömür sürmək nəsib olmadı. Həyatın bu ağır tərəfini müşahidə edən kəndin ağsaqqalı Adil kişinin dilindən bu sözlər qeyri-ixtiyarı süzüldü: "Həyatı bada vermək olmaz. Ömrün səhhətin əl verirsə, gərək yaşamağı biləsən, boğazından kəs, nələrdən qıs ki, ev-eşik düzəldəsən, bu, vallah, düz deyil, bir gözünü açırsan ki, qocalıbsan, dünyadan köçürsən...".

 

Anar QASIMOV

 

Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.21.