Turanın Troyaya dəxli
varmı
Eşq və gözəllik ilahəsi və Etruriya
ölkəsindəki Vulçi şəhərinin (indiki
İtaliyanın Viterbo şəhərinin) hamisi olaraq
tanınan Turan dünyadakı ilk Turandır.
Mifolojidəki yerləri bir-birinə çox yaxın
olan ilahələr - Kramerin təbirincə, göyün
şahzadəsi şumerli İnanna, etrusk Turan, romalı Venera
və yunan Afrodita eyni mifik-səmavi varlıqlardır. Biri Şumer,
digəri Ertusk, o biri Roma, sonuncu isə Yunan mifolojisində
eşq və gözəllik ilahəsi kimi tanınıb.
Turanın Troyaya dəxli varmı? Var.
Yunanların İda adlandırdığı dağ türklərə
görə Qaz dağıdır. Ünlü
Sarıqız məbədi də Qaz dağında yerləşir.
Bir hipotezə görə troyalılar indiki
İtaliyaya burdan, yəni Sarıqız məbədinin
çevrəsindən gediblər. Burdan gedib, orda Roma
şəhərini yaradıblar...
Fərqindəyəm. Mən yazdıqca zahirən
bir-birini təkzib edən cümlələr ard-arda
düzülür. Troya, ilahə Turan, qaz çobanı
Sarıqız, Afrodita... Miflərin xüsusiyyəti
elədir. Düşüncələrə bütün tərəflərdən
sarmaşır... Rəngarəng fikir şəbəkəsi
yaradır...
Bu yazıda yeri gəldikcə Əli bəy Hüseynzadəyə
istinad edəcəyimdən, bəri başdan bir haşiyə
çıxmaq istəyirəm. "Türkiyədə
çağdaş düşüncə tarixi" kitabında
Hilmi Ziya Ülken yazır ki, "Ədəbiyyatımız
heç bir zaman yunan mifolojisini tanımamışdı.
İslam mədəniyyəti Homeri, Vergilini
tanımırdı. Bu da milli ədəbiyyatımızın
zəifliklərindən biridir. Çünki
Qərb ədəbiyyatı və plastik sənətinin
kökü bu mifolojidir. İran mifolojisinə
gəlincə, o da çox üzdən bilinirdi. Ədəbiyyatımız onu işləməmişdir.
İlk dəfə hər iki qaynağa girmə ehtiyacını
duyan Hüseynzadə Əli bəy olmuşdur".
Əli bəy
Hüseynzadə isə ilk dəfə təkcə
yunan-İran mifolojilərinə deyil, eyni zamanda, ilk dəfə
yunan-türk mifoloji qaynaqlarının ortaq nöqtələrinə
də nəzər yetirib: "Sarıqız məbədi daha
İda dağının aid olduğu Qaz dağı silsiləsində
bir çamlı təpədə bulunur. Qədim
yunanlılarla türklərin bu dağa aid
etiqadlarındakı bənzərlik diqqətə layiqdir!.. Hər iki tərəf
burasını eşq makdəsinin təcəlligahı ədd
edərlər".
Sarıqız Qaz dağında yaşayan bir qaz
çobanı olduğu kimi, 3500 yaşlı etruriyalı rəssamlar
da etrusk mifolojisindəki ilahə Turanı əksər təsvirlərində
qazların əhatəsində rəsm edib. Antik yunan
qaynaqlarında İda, türk düşüncəsinə
görə, Qaz dağında aparılan arxeoloji tədqiqlər
zamanı aşkar edilmiş qadın heykəlinin mütləq
mənada Afrodita olduğunu iddia etmək yalnız ona görə
çətinləşir ki, həmin abidədə bir qaz
fiquru da mövcuddur. Sarıqızla Turanı - İda
dağı ilə Etrusk ilahəsini bir-birinə bağlayan Qaz
fərqli intibalar doğurur. "Türklər
qazlara müqəddəs nəzərlə baxmış,
onların quş şəkli almış birər ilahə
olduqlarına iman etmişlər". Radlovun
bu mülahizələrini xatırladan Adilə Ayda ehtimal edir
ki, "Romalıların qazlara sayqısı, onlara
şübhəsiz, etrusklardan keçmişdir".
"Sarıqız" əfsanəsinin içərisində
əfsanələşmiş bir ömür yaşayan Səlim
Turanın rəsmlərində, heykəllərində qazlarla
birgə rəsm edilmiş Sarıqız ilahə Turanın və
Afroditanın sələfidir. Amma Sarıqız Afrodita kimi səma
mənşəli deyil, insan övladıdır və ən qədim
dövrlərdən indiyə qədər taxtaçı
türkmənlərin müqəddəs hesab etdikləri
Sarıqızın məzarı - Əli bəy Hüseynzadənin
"eşq makdəsinin təcəlligahı"
adlandırdığı qutsal ərazi İda-Qaz
dağının ən uca zirvəsində yerləşir və
Troya müharibəsindən sonra sağ qalan troyalılar
İtaliya ərazisinə köçüb gedənə qədər
bu yerlərdə yaşamışdılar.
Afroditanın adını İda dağı (Qaz
dağı) ilə bağlayan başqa bir ciddi səbəb də
var. Bəllidir ki, dünyanın ilk gözəllik
yarışması İda dağında keçirilib. Zevsin istəyi
üzərinə İda dağında çobanlıq edən
Paris müsabiqənin üç
iştirakçısını - Afina, Hera və Afroditanı
İda dağına gətirmiş və qızıl
almanı qarşılığında ona dünyanın ən
gözəl qadını olan spartalı Heleni vəd edən
Afroditaya vermişdi.
Troyalılar barədə yazımı etrusklarla davam
etdirməyim səbəbsiz deyil. Elmdə belə bir versiya da var: Anadoludan
indiki İtaliyanın ərazisinə köç etmiş
sakalarla qərbi Anadoludan yenə də İtaliya ərazisinə
köçmüş anadolulu Troyalılar
"qaynayıb-qarışaraq bizim Etrusklar dediyimiz
qövmü meydana gətirmişdilər" (Ekrem Memiş).
Elmdə bu məsələ sona qədər
çözülməyib. Yəni elmdə
etruskların mənşəyi, onların əcdadının
kimliyi ilə bağlı sabit fikir yoxdur. Amma Zəki Vəlidi
Toğan "Ümumi Türk Tarixinə Giriş" əsərində
yazır ki, "Hindu-Germen qövmləri arasına tarixdən
öncəki dövrlərdə daxil olmuş etrusk
qövmünün mifolojisində və dilində türklərlə
təması göstərən nöqtələrin
bulunduğu təsbit olunmuşdur. Bunu
zamanımızın əski dillər bilgini V.Brandenstein də
təkviyə etdi". Zəki Vəlidinin
xatırlatdığı Brandenstein bu mülahizələrini
1943-cü ildə İkinci Türk Tarix Konqresində "Etrusk
məsələsinin indiki durumu" adlı məruzəsində
qeyd etmişdi.
Etruskların Turan qövmündən olduğunu
1914-cü ildə yazdığı "Turanizmin gələcəyi"
məqaləsində macar Lajos Sassi Nagy də iddia edirdi və
hətta Macarıstanda çıxan "Levente" jurnalı
1931-ci ildə Turan şəcərə ağacını dərc
etmiş və etruskları Turan ailəsinin qərb qolunda yerləşən
türklərlə, iskitlərlə birgə təqdim
etmişdi. Etrusk dili aqlütinativ (iltisaqi) dil yapısına
malik olub. Etrusklar kiçik dağa təpə
deyərmişlər, oğlanı "klan", - deyə
çağırarmışlar. Roma etrusk
dilində Rumakdır. Rumak
sözünün isə türkcədəki irmaq
sözüylə bənzərliyi var və eyni mənanı
ifadə edir. Uğur tanrısına
etrusklar Auğur kimi tapınıblar. Etruskların
inancına görə, körpələrin və anaların
hamisi Aiset türk şamanizmindəki Ayzitin eynisidir. Bu sətirləri 1930-cu illər Türkiyəsində
tətbiq olunan Günəş Dil Nəzəriyyəsi
kontekstində deyil, miflə gerçəkliyin
qovuşuğundan yola çıxıb aydınlaşmaqda olan
tarixin yaşantıları kimi yazmaq da adama ayrıca qürur
verir. Günəş Dil Nəzəriyyəsi
Atatürkdən sonra süqut etsə də, hər halda, bu nəzəriyyə
Atatürk milliyyətçiliyinin unikal
tapıntılarından biri idi. "The Times" qəzetinin
müxbiri ingilis David Hothamın "Türklər" əsərində
yazdıqlarını oxumaq adama ayrı bir zövq
yaşadır: "Atatürk dünyadakı bütün dillərin
türkcədən törədiyini, şumerlərin, hititlərin,
etrustkların... türk olduqlarını irəli
sürmüşdür. Bu təlimlər
Türklərin özlərini dünyadakı bütün millətlərin
kökəni olduğunu sanmalarına yol
açmışdır". Əslində,
cümhuriyyət dönəmi Türkiyəsində belə bir
ideologiyanın dominant olması çox vacib idi.
Yenə də etrusk mənşəli adlara nəzər
yetirməyə ehtiyac yaranır. Turxan etruskların
dilində Tarxun şəklində səslənirmiş.
Vergilinin "Eneida"sında Tarxon-troyalıların
hakimidir... Əslində, bu, Turxan deməkdir,
adın kökündəki tur etrusk mifologiyasını tədqiq
edən alimlərin fikrincə, Toros dağları ilə
ilgilidir və bütün bunlar ilahə Turanı iskit amili ilə
əlaqələndirir.
Adilə Aydaya görə, Hesiod, Hekatey, Herodot, Strabon,
Homer və başqaları etrusklardan Turhen (bəzən də
Tursen) milləti olaraq söhbət açırlar. Bu qövm
yuxarıda qeyd ediyim kimi, Troya müharibəsindən sonra
indiki İtaliya ərazisinə hicrət etmiş və orada
etrusk adını almışdı. Alimlər
pelasqlarla etruskların eyni millət olduqlarına inanır.
Pelasklar köçəbə olmuşlar,
qonşularına xoş görünməyən adətlərindən
biri də başqa millətlərin qızlarını
qaçırıb onlarla evlənmələriydi. Adilə
Ayda belə bir ruhi yapıya malik olan millətin türklərlə
eyni qövmdən olduğunu düşünür və
atası Sədri Məqsudiyə istinad edərək, "etrusklar
türk irqinə mənsub bir qövm olmuşdur", - deyir və
fikirlərini ciddi dəlillərlə əsaslandırır.
Dünya Troya müharibəsini mif olaraq
tanıyırdı. Alman arxeoloqu Henrix Şliman XIX yüzilin
70-ci illərində Troyanın qalıqlarını kəşf
edərək ölkənin mif dövrünü
yekunlaşdırdı. Troyanın tarix
dövrü başlandı. Bəlli oldu
ki, Troya Anadoludadır. Troya Çanakkaladır. Bunu "Tarixin dərki" əsərində Toynbi
də yazır. Yerli Troyalılarla gəlmə
yunanlar arasındakı savaş Anadoluda Dardanel və Qara Dənizə
sahiblənmək uğrunda gedib. Troya
böyük bir hiylənin qurbanı olub və şəhər
süqut edib. Qalan əhali isə Vergilinin
də, Toynbinin də dediyi kimi, Etruriyaya köç edib.
Yuxarıda
Hilmi Ziyanın fikrini xatırlatmışdım: Türk ədəbiyyatında
ilk dəfə yunan və fars mifoloji
qaynaqlarına girmə ehtiyacını duyan Hüseynzadə
Əli bəy olmuşdur. Troya təkcə
mifoloji və ədəbiyyat baxımından deyil, məfkurəvi
baxımdan da Hüseynzadənin hər zaman ilgiləndiyi
mövzu olub. Vergilinin "Troyanın son gecəsi"ndə
"Eneyin başından keçənlər"i türkcəyə
çevirən Əli bəy Hüseynzadə, az
qala, Vergilini türkcədə Troya təəssübkeşi
kimi dilləndirirdi. Əli bəy bir az da
irəli gedir, "Gözüm ilişdi Vesta məbədində
mehraba" misrasındakı Vesta kəlməsini belə şərh
edir: "Vesta - Atəş ilahəsi. Yunanca
"Hestia" adlı ilahə ki, kəlmənin türkcə
hərarət olan (ıssı, issi, isti) sözlərilə
ilgisi olduğu bəllidir". Yaxud
Hüseynzadə Çanakkala müharibəsi zamanı
yazırdı ki, "Yunanlılar Troya şəhərini on sənəlik
bir müharibədən sonra daha hərb ilə almağa
müvəffəq olamadılar və nəhayət, Ulyssin namərdanə
bir hiyləsinə müraciət edərək troyalılara
içində əsgər saxlanan haşəbədən
(ağacdan) düzəldilmiş böyük bir at heykəli hədiyyə
etdilər. Troyalılar Loacoonun xəbərdarlığına
rəğmən qafil davranaraq bu atı şəhər daxilinə
nəql edə bilmək için bir qismini də yaxdılar.
Hiyləgər Ulyss, mərdanə cəng etməyərək
belə bir hiylə ilə Troyanın alovlar içində
xarab olmasına bais olduğu için italyan şairi məşhur
Dantenin "İlahi komediya"sındakı Cəhənnəmdə
adi bir alovla yanıb duruyor. Əski Roma qeysərləri
dövrünün böyük şairi Vergili, Danteyə rəhbərlik
edir və cəhənnəm dairələrinin birində onun nəzəri-diqqətini
hərəkət edən bir alov üzərinə cəlb edərək
bunun Ulyss olduğunu anlatıyor. Dantenin bu
alovla qonuşması İtalyan şahnaməsinin ən həyəcanlandırıcı
parçalarından birini təşkil edər. Burada Ulyssin həm məziyyətləri, həm məsiyyətləri
təsvir edilmişdir. Ulyss Dantenin cəhənnəmində
hiyləsinin cəzasını bizzat görməkdə
olduğu kibi nəticə etibarilə bu hiylə Yunanıstan
için daha məşum olmuş; Vergilinin "Eneida"da hekayə
etdiyi vəchlə Qərbə hicrət edən troyalı Eney
sayəsində Troya enkazından (xarabalığından)
Apenen Şebe adalarında müruri-zamanla qoca bir Roma
imperatorluğu vücuda gəldi və keçmədən
satvəti-qəhhar ilə Yunanıstanı bir qüruba
uğratdı... Ulyssdən dörd bin sənə sonra eyni
ruhun yunanı Anadoluda eyni istedadlarını istemal ediyor...
Əcəba, bu günün Ulysslərini hansı
dövrün, hansı əqalimin Danteləri cəhənnəminə
qoyacaq! Şu mühəqqəqdir ki,
Ulyssçilik yolu hər tərəfdə cəhənnəmə
müntəhi olur".
Deməli, Cümhuriyyət dönəmində türk
düşüncəsi üçün Troya tarixin sirri
deyilmiş.
Homerin "İliada"sından "Troya pərisinin hekayəsi"ni
olduqca sərbəst tərcümə edən Hüseynzadə
tərcümə etdiyi antik əsərin sonunu belə gözləniləməz
misralarla tamamlayırdı: "Canan isə getdi iləri doğru
// Və... Homerə görə uyutdu Nuru... // Onu dörd bin sənə
sonra uyqudan // Oyandıran Kamal Atatürk oldu!..".
(Hüseynzadə
adları dəyişərkən şərhlər də
verir: "Homerdə Zevs yəni Yupiter, Rəbbül-bariq vəs-səma
olub yunan qədim müşriklərincə ilahların ən böyüyüdür. "Allahi-nur"dan mülhəm olaraq "Nur"
dedim" Yaxud, "Zenon, Homerdə "Hera" Yupiterin
zövcəsidir. İzdivacın, ailə həyatının
hamisi bir ilahədir. Tərcümədə
müşahibəti-ləfziyə və mənəviyyə
dolayısıyla Canan dedim" və s.).
O, Homerin
mətninə Atatürkün adını nə
üçün daxil edirdi? Heranı Canan, Zevsi Nur adıyla təqdim
edən Hüseynzadə nə üçün Troyanı
"dörd bin sənə sonra uyqudan oyandıran Kamal
Atatürk oldu" - deyirdi? Əli bəy ona işarə edirdi
ki, Troyaya yenidən sahiblənmək üçün
troyalılarla savaşan yunan Tanrıları əbədilik
yuxuya dalmalıymış və Atatürkün adını
Troyaya aid etməklə, əslində, Hüseynzadə onu
Olimp tanrılarından ibarət obrazlar sisteminə daxil edirdi.
Və bu da çox mühüm idi. Çünki həmin günlərdə türk millətinin
taleyi həll olunurdu.
Hüseynzadənin Troya məsələsinə belə həssas
və ardıcıl münasibətinin kökündə
hansı duyğular dayanırdı? Yaxud o, Troya
hökmdarı Priamın qəhrəman oğlunu nə səbəbdən
belə şövqlə öyürdü? Xatırlatdığım kimi, Vergili
troyalıların böyük bir qisminin o amansız müharibədən
sonra Etruriyaya (İtaliyaya) köçdüyünü
yazıb. Beşir Ayvazoğlu "Tanrıdağından
Hira Dağına" əsərində XIV əsrdə
yaşamış venetsiyalı tarixçi Andrea Dandoloya istinadən
belə bir fikir irəli sürür: "Türklərin vətəni
Qafqaz dağlarının arxasındadır. Kökənləri
Troya kralı Priamusun (Priamın) oğlu Turkosa (Türkə)
dayanmaqdadır. Turkos, şəhərin
alınmasından sonra yandaşlarının böyük bir
bölümüylə bu yörələrə
sığınmışdır". Çağdaş
elmdə də belə bir fikir yayğındır ki,
troyalıların bir qismi Etruriyaya köçdüyü kimi,
bir qismi də Qafqaza köçüb… Troyalıların
türk mənşəli olduğunu irəli sürən
görüşə görə türklər komandan Turkosa
bağlı bir millətdir. Troya - Truva -
Turkos - Türk bənzərliyi də diqqətdən
yayınmır və hələ üstəlik, mifoloqların
görüşünə görə, Etrusk ilahəsi Turanın
oğlu Turu Afroditanın oğlu Erotla eyniyyət təşkil
edir.
"Fatehin
Avnidəki gizli ruhu və Selcuk Bayraktarın Kızılelma
PUA-ları" yazımda XVI yüz il
fransız mütəfəkkiri Mişel de Montenə istinadən
Fateh Sultan Mehmetin fikirlərini xatırlatmışdım:
"Biz də troyalıların soyundanıq." Eyni zamanda,
çağdaş türk və fransız tarixçisi
Stefanos Yerasimosun qeydlərini sitat vermişdim: "Fateh Sultan
II Mehmet şəxsi tarixçisi Kritovulun
anlatdığına görə, 1462-ci ildə Midillini
almağa gedərkən Troyaya uğrayıb
"İliada"da adları keçən qəhrəmanların
məzarlarını aramış və yanındakılara,
illərdən sonra olsa da, bu şəhərin və bu şəhərdə
yaşayanların intiqamını aldığını
söyləmişdir".
XIII yüzil tarixçisi Snorri Sturluson Troyanı
"Türklərin vətəni" adlandırırdı və
s.
Dünya tarixi Troyadan sonra Etruriyaya keçid edir. Dediyim kimi,
çağdaş elm, birmənalı şəkildə etiraf
edir ki, etrusklar bugünkü İtaliyanın
qurucularıdır. Roma şəhərini
Tursaka (etrusk) krallarından birinin nəvəsi olan Romul qurub və
m.ö. 753 - m.ö. 509-cu illərdə hökm
sürmüş bütün Roma imperatorları etrusk mənşəli
olub.
Oğuz elini Ərgənəkondan çıxaran Qurd,
Heredot "Tarix"ində olduğu kimi, həm də Etrusk mədəniyyətində
izhar olunur. Zəki
Vəlidi Toğan isə "Tarixdə üsul" əsərində
məsələyə fərqli yanaşır: "Dişi
heyvanı əmərək böyüyən çocuq-cədd
əfsanəsinə gəlincə, Romanın qurucuları olan
Romul və Remin bir dişi qurdu əmərək
böyümüş olduqlarına dair əfsanənin
etrusklardan gəldiyinə və bununla da, Avropanın şərqindən
gəlmiş olacağına aid yazılara baxaraq, bizdə bu
etrusk əfsanəsinin türk və moğol Boz Qurd (Börtəçinə)
əfsanəsindən alınmış olduğu fikri
asanlıqla irəli sürülür". Buna rəğmən,
Zəki Vəlidi məsələyə elmi həsasiyyətlə
yanaşmağı tərcih edir və belə mənqəbələrin
(əfsanələrin) "ön tarix üçün əmin
bir dəlil ola biləcək cəhəti əski
qövmlər arasındakı kültür və əqidə
rabitələrini göstərmələridir" - deyir. Hətta belə olmuş olsa belə, dünyadakı
ən qədim Boz Qurd əfsanəsi Ərgənokonla
bağlı yaddaşımızda, insan oğluna süd verən
ən qədim Qurd heykəli isə İtaliyadakı Kapitoli
muzeyindədir. İtaliyadakı Qurd heykəli
Etrusk mədəniyyətinin yadigarıdır və İlahə
Turan kimi o da təxminən 3500 illik bir tarixin nişanəsidir.
***
Bəs etrusklar tarixdən hara çəkildilər?
1.
M.ö. 47-ci ildə Sezar tərəfindən
yandırılmış İskəndəriyyə
kitabxanasında Roma imperatoru Klavdinin "Etruskların
tarixi" əsəri də məhv edilib. Adilə
Ayda "Etrüsklar türk mü idi" kitabında imperator
Klavdinin milliyyətcə etrusk olduğunu, hələ üstəlik,
bir etrusk milliyyətçisi olduğunu qeyd edir.
2. Hz. İsanın təvəllüdündən
40 il öncə romalılar öz mövcudiyyətlərinin,
varlıqlarının səbəbkarı olan etruskların son
şəhərlərindən biri olan Peruqiyanı zəbt edib
şəhərin 300 nəfər mötəbər
adamını Romaya gətirərək Sezarın məzarı
üzərində qurban kəsmişdilər.
Adilə Ayda etruskların romalılar tərəfindən
yox edilişini dünya tarixindəki "ilk metodik və
sistemli genosid hərəkəti" adlandırır.
***
3500 il əvvəl isə etruskların sevgi və
gözəllik ilahəsi Turan idi...
15-16 iyun
2022
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.16-17.