Ədəbi qeydlər
Qardaşım Etibarın
Facebook səhifəsindən təsəlli tapıram. Ötüb-keçmiş günlərimizlə,
uşaqlıq xatirələrimizlə yeganə bağlantı
yerimdir. Bu gün qəzeti çapa hazırlayanda
düşündüm ki, Etibarın yazdığı bu şəkilli
statuslar təkcə onun özünün həyatından
keçən maraqlı epizodlar deyil, daha çox fikir həyatımızın
işıqlı səhifələridir... Hərdən
darıxanda Etibarın statuslarını oxuyuram. Əgər
nəsə yazıbsa deməli, həyatındakı
böyük kədərdən qaçmaq üçün
yazıb... Böyük qardaşımın işıqlı
yaddaşına sevgilərlə onun Facebook statuslarının
bir qismini təqdim edirəm... Etibar maraqlı
yazıçıdır. Amma mənə
heç vaxt yazı göndərmir. Çoxları
da onun yazıçı olduğunu bilmir. Romanları,
povestləri, hekayələri... Bu statusları
da özündən xəbərsiz dərc edirəm.
Azər Turan
18 fevral 2022
Kimlərsə
bizi gözləyir... Amma bizlər də kimlərinsə həsrəti
ilə yaşayırıq... Lakin nə acı
ki, yaşadığımız bu dünyada onlarla
görüşmək mümkünsüz. Və həmin
görüşlərin çin olacağı arzusu ilə
qovrulan nə çox insan...
Mən
bilmirəm rəhmətlik Zəlimxan Yaqub bu şeiri hansı
məqsədlə yazıb... Amma mən bu şeiri yuxarıda
yazdığım kimi qəbul edirəm və bir dəfə
rəhmətlik Zəlimxan Yaquba bu şeirlə bağlı qənaətimi
deyərək, haqqında söhbət açdığım
şeiri onun üçün əzbər söylədim:
Gələcəyəm
Gələcəyəm,
gözlə məni,
Harda olsam gələcəyəm,
Qohum kimi,
qonşu kimi,
Qardaş kimi
gözlə məni.
Bir-bir
yada salacağam,
Nələr olub, nələr
keçib,
Ömür
kimi, tarıx kimi,
Yaddaş kimi
gözlə məni.
Sən
özünü məndən ayrı
Nə yetim bil, nə
arxasız,
Arxa kimi,
dayaq kimi,
Sirdaş kimi
gözlə məni.
Həyatına
gələmməsəm
Ölümünə
gələcəyəm.
Məzarının
başındakı
Bir daş kimi
gözlə məni.
Şeiri sona qədər deyə bilməmişdim. Qəhərlənmişdim.
Mənim qəhərlənməyim rəhmətlik Zəlimxan
müəllimə də ağır təsir eləmişdi...
5 may 2022
Dünən demək olar ki, bütün günü
unudulmaz yazıçımız Fərman Kərimzadə
haqqında düşünmüşəm. Nadir
yazıçı, böyük insan, istiqanlı şəxs
idi. Evimizdə dəfələrlə
olduğundan, onun haqqında xatirələrim də
çoxdur. Oğlu Əziz hərbi xidmətinin
ilk ayını Neftçalanın Bankə qəsəbəsində
çəkirdi. Bir dəfə oğluna
baş çəkmək üçün ailəsi ilə
Neftçalaya gəlmişdi. Əvvəl
bizə gəldilər. Atam evdə yox idi.
Mənimlə birlikdə Bankəyə gəldik.
Hərbi hissənin qarşısında mən, sadəlövhcəsinə
- siz maşında əyləşin, mən Əzizin icazəsini
alıb gəlirəm - dedim. Həmin hərbi
hissədə mənim yaxın bir qohumum işləyirdi.
Ona arxayındım. Darvaza
önündəki növbətçi məntəqəsinə
gəldim. İcəridə zabitəli bir
azərbaycanlı kapitan var idi. Qohumumu
suruşdum, yox idi. Sonra da rəsmi şəkildə -
xahiş edirəm, bayıra çıxın, burda gözləmək
olmaz - dedi. Pəncərədən bayıra
baxdım. Fərman müəllim
"Jiquli"də, həyat yoldaşı ilə birgə
Əzizi və məni gözləyir. Danışmağa
meyli olmayan sərt təbiətli hərbçi isə mənə
- bayırda gözlə - deyir.
- Bura bax
- artıq danışmaqla heç arası olmayan hərbçiyə
müraciət edirəm - sən "Axırıncı
aşırım" filmini görmüsən?
Mənim qəribə sualım kapitana da qəribə gəlir.
- Nə
qarlı aşırım? Nə film? Sizə
dedim burda dayanmaq olmaz.
- Hər
halda görmüsən də "Qarlı
aşırım"ı? - İnadla dilləndim və
bayırdakı qırmızı "Jiquli"ni
hərbçiyə göstərərək:
- Abbasqulu
bəy gəlib - dedim. - Oğlunu görmək istəyir.
Kapitan təəccüblə əvvəl mənə,
sonra "Jiquli"yə baxdı.
- Necə
yəni Abbasqulu bəy gəlib?
-
Maşındakı Fərman Kərimzadədir - dedim.
Bir anda hərbcinin düyünlənmiş qaşları
açıldı.
- Ay Allah
evini tiksin, bunu bayaqdan de də - deyib özünü bayıra
atdı. Fərman müəllimi necə
böyük ehtiramla qarşıladı, - bunu yalnız
görmək lazım idi. Qoluna girib onu hərbi
hissəyə apardı. Bir talvarın
altında çay süfrəsi açdırdı.
Əzizə 3 günlük məzuniyyət verdilər...
Fərman müəllim axıra qədər elə bildi
ki, kapitan mənim dediyim həmin hərbçi qohumumdir və
bu canfəşanlığı da hardasa mənə görə
edir.
Təbii ki, belə deyildi.
Və mən özüm hərbi hissənin daxilini məhz
Fərman müəllimin hesabına ilk dəfə idi
görürdüm.
16 iyun
2022
Böyük şair Xəlil Rza Ulutürkü uşaq
yaşlarımdan tanımışam. İlk avtoqraflı kitabını mənə
7-8 yaşım olanda
bağışlayıb. Müxtəlif vaxtlarda o
bizə Rəsul Rza, Qabil, Fikrət Qoca, qardaşları Məhəmməd
və Fərhadla, həyat yoldaşı Firəngiz xanımla
birgə gəlib. O, nadir şəxsiyyətlərimizdən
idi. Atamla dost idi - bu öz yerində. Eyni zamanda
aralarında böyük yaş fərqi olmasına baxmayaraq
qardaşım Azərlə də dostluq edirdi... 1984-cü ildə
Azər hərbi xidmətə yola düşməmişdən
bir gün əvvəl Azəri Əli Bayramov küçəsində
yerləşən mənzilinə qonaq
çağırdı. Mən də Azərlə
birlikdə idim. Bu halal süfrənin
başında Xəlil bəy Azərin bütün
danışdıqlarını həmişə yanında olan
gündəliyinə yazdı. Azər
İrkutskda hərbi xidmətdə olarkən Xəlil bəylə
müntəzəm məktublaşdı. Həmin ərəfələrdə
Xəlil bəyin atama yazdığı bir məktub var. Həmin
məktubunda o atama Azərdən yazır, bəzən Azərin
məktublarında fasilə yarandığından, yalnız Xəlil
bəyin özünə məxsus olan bir ərklə atama: -
Azərə əmr edin mənə tez-yez məktub yazsın -
yazırdı.
Bir dəfə bizə Qabil müəllimlə birlikdə
gəlmişdi. Çay süfrəsi arxasında mən, Qabil müəllimin
yenicə çap olunmuş:
Gün
batsa da vaxt gəlmədi axşam ola bilməz,
Kibrit
çöpü pərvanələrə tay
ola bilməz
- misraları ilə başlayan şeirini söylədim.
Xəlil bəy mənə: - Həmin şeiri bir də
söylə gündəliyimə yazım - dedi. Şeiri yenidən söylədim və Xəlil bəy
o şeiri gündəliyinə yazdı.
O,
böyük ürək sahibi idi. Təsəvvür
edin. Bizdə süfrə arxasında
sağlığı həmin məclisdə olmayan İsa
Muğannanın şərəfinə deyir... Yusif Səmədoğlunun
"Qətl günü" romanı haqqında elə
heyranlıqla danışır ki... Və yaxud Bəxtiyar
Vahabzadəni "Ustadım" deyə yad edir.
İndi
böyük məmnunluqla düşünürəm ki, mənə
onun öz dilindən "Apardı sellər Saranı",
"Davam edir 37" şeirlərini dinləmək səadəti
nəsib olub.
Ruhu şad olsun.
Bu şəkil 1988-ci ildə çəkilib. Əliağa
Kürçaylının xatirə gecəsidir. Atam çıxış edir. Xəlil bəy
gündəliyinə qeydlərini yazır... Mən
də salondayam.
5 mart 2022
Bu gün
böyük ədəbiyyatşünas alim, tənqidçi,
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru olmuş Yaşar Qarayevin doğum
günüdür. Rəhmətlik Yaşar
müəllim böyük alim olmaqla bərabər, həm də
sözün hər mənasında böyük bir insan idi.
Ulu Mövlanə Ruminin bir beyti var:
Əhli-qəlbdən
soruşdum, axtardım nə imiş mətləb,
Hər hünər məqbul imiş hələ ədəb,
hələ ədəb.
İctimai-ədəbi fikir tariximizdə Mövlanənin
dediyi bütün hünərlərə sahib olan Yaşar
müəllim, həm də Mövlanənin dediyi həmin ədəbə
sahib olan böyük şəxsiyyət idi. O tariximizdə həm zəkası,
həm də şəxsiyyəti ilə nur saçan nadir elm
xadimlərimizdən biri kimi qalacaq.
Sağlığında
çap olunmuş sonuncu kitablarından biri - "Tarix:
yaxından, uzaqdan" kitabı, siyasi, ictimai, ideoloji, elmi, ədəbi...
fikir tariximizin ən nadir örnəklərindəndir.
Atamın yaxın dostlarından olan Yaşar müəllimi
yaxından tanımağımı, onunla unudulmaz söhbətlərimi
həmişə Allahın mənə lütfü kimi qəbul
etmişəm.
15 fevral
2022
Bu foto
1989-cu ilin yazında Neftçalada, evimizdə çəkilib...
Həmin ağır, gərgin dövr
hamının yadındadır. Ermənilərin Azərbaycandan
torpaq iddiası, Ermənistandan və Qarabağdan azərbaycanlıların
qovulması, günahsız azərbaycanlıların qətlə
yetirilməsi, Qorbaçovun başçılığı
ilə sovet rəhbərliyinin erməniləri müdafiə
etməsi, Azərbaycandan ov silahlarının da
yığışdırılmasına baxmayaraq, mərkəzi
hakimiyyətin erməniləri silahlandırması, Azərbaycan
hakimiyyətinin səbatsızlığı, qətiyyətsizliyi...
O zaman bütün Azərbaycan dəniz kimi
çalxalanırdı. Heç kəs, nə
Moskva, nə də Bakıdakı hakimiyyət xalqın
haqlı tələbinə, etirazlarına demək olar ki, məhəl
qoymurdu. Azadlıq meydanında məşhur
Meydan hərəkatı başlamışdı.
Bakıda olduğu kimi, rayonlarda da əsəbləri son həddə
çatan insanların sözünü eşidən,
onların haqlı etirazlarına qəhmər çıxacaq
rəhbər işçilər demək olar ki, yox idi,
olsaydı da belə onlara əhəmiyyət verən yox idi...
Məhz həmin ərəfədə atam
Bakıdan bir qrup tanınmış, nüfuzlu ziyalını
Neftçalaya dəvət etmək, onların
neftçalalılarla görüşünü təşkil
etmək fikrinə düşdü. O vaxt indikindən fərqli
olaraq xalq öz tanınmış ziyalılarına
inanırdı, onların sözünə etibar edirdi... Amma dediyim kimi, vəziyyət son dərəcə
çətin idi, komendant saatı tətbiq edilmişdi, xalqla
tanınmış ziyalıların görüşünə
heç vaxt icazə verməzdilər. Amma
atam o məsələnin də çarəsini tapdı.
Qarşıdakı görüş, necə deyərlər,
kağız üzərində Nəriman Nərimanova həsr
ediləcəkdi. Əslində isə məqsəd
başqa idi. Gərgin vəziyyətin
müzakirəsi. Atam Akademiyanın
prezidenti Eldar Salayevin yanına gedib onunla danışdı və
o da razılaşdı. İndi
qalırdı dəvət ediləcək adamlar. Akademik Firudin Köçərli Nərimanov irsinin tədqiqatçısı
idi. Ona dedi. Sonra isə Nərimanov irsinə demək olar
ki, heç bir dəxli olmayan, amma xalq arasında böyük
nüfuz, söz sahibi olan, Sovet siyasi xəttinə
açıq-aydın əks mövqe tutan görkəmli
ziyalılarımızı - Qasım Qasımzadəni, Qulu Xəlilovu,
Sabir Rüstəmxanlını, Söhrab Tahiri, Yaşar
Qarayevi və bir də Nərimanovşünas professor Teymur
Əhmədovu Neftçalaya, görüşə dəvət
elədi. Səhv etmirəmsə, aprel ayı
idi. Rayondan qonaqları gətirmək
üçün bir "RAF" maşını
ayrıldı və qonaqları gətirmək
üçün mən "RAF"la yola düşdüm.
Qonaqlar məni səhər saat 8-də
Akademiyanın qarşısında gözləyəcəkdilər.
Təxminən saat 8-in yarısında Akademiyanın
qarşısında idim. Dəvət
olunanlar hamısı orada idi. Təkcə
Qasım Qasımzadədən başqa. Nəsə
Qasım müəllim yubanırdı. Sabir
Rüstəmxanlı öz "Jiquli" maşını ilə
gəlmişdi. Qasım müəllimin
yubandığını görən Sabir müəllim dedi
ki, mən maşına görə Bayıldakı maşın
dayanacağına gedirəm (maşınını oradakı
maşın dayanacağına qoyacaq idi). Amma mən
onun maşınla Bayıla getməsini heç istəmirdim.
Birdən yubanmağımızı görüb
Neftçalaya bu səfərdən imtina edə bilərdi (o
vaxt hələ mobil telefonlar yox idi). Sabir
müəllimin Neftçalaya getməsini çox istəyirdim.
O vaxt Sabir müəllim Meydan hərəkatının lideri
idi, xalq arasında böyük nüfuzu var idi.
Narahatlığımı ona deyəndə: - Narahat olma,
gözləyəcəyəm - dedi və maşınına əyləşib
getdi. Qasım müəllim hələ gəlməmişdi.
Orada olanların biri təklif etdi ki, Qasım müəllimsiz
gedək, yəqin, vacib işi var. Yaşar Qarayev qəti etiraz
etdi və Qasım müəllimə zəng etmək
üçün Akademiyaya, öz otağına qalxdı (mən
o zaman hiss etdim ki, əgər Qasım müəllim gəlməsəydi,
Yaşar müəllim də bu səfərdən imtina edəcək).
Nəhayət, Yaşar müəllim binadan çıxıb
- Qasım müəllim bizi Azneft meydanında gözləyir -
dedi. Maşına əyləşib yola
düşdük. Azneft meydanına az
qalanda Yaşar müəllim: - Odur, Qasım müəllimin
oğlunun maşınıdır - deyib bir maşını (səhv
etmirəmsə "QAZ-24" Volqa) göstərdi... Sabir
Rüstəmxanlı da Bayılda bizi gözləyirdi... Ən maraqlı hadisə isə Salyan
körpüsünün ətəyində oldu. Qulu müəllim maşını saxlatdırdı.
- Yemliyin, qanqalın ən yaxşı vaxtıdır. Burada
yaxşı yemlik olur - dedi. Maşından
düşdü. Sabir Rüstəmxanlı
da ona qoşuldu. Heç kəs də
etiraz etmir. Görüş saat 11
üçün nəzərdə tutulub. Saata
baxıram. 11-ə az qalıb...
Nəhayət, gəlib Neftçalaya catdıq. Hamı
saraydadır. Rayonumuzdakı Xalq hərəkatının
fəalları, ziyalılar, sadə adamlar, rayon rəhbərləri.
İndi unutmuşam, bilmirəm heç Nərimanovdan
danışdılar, ya yox, əsas söhbət dərdlərimizə,
ermənilərin vəhşiliyinə, Qorbaçovun ermənilərə
tərəfkeşlik etməsinə, Azərbaycanın mərkəzi
hakimiyyətinin qətiyyəsizliyinə həsr edildi.
Hamını birliyə çağırdılar... Yerdən verilən suallara cavablar verdilər.
P.S. Sabir
Rüstəmxanlı bu görüşdən sonra, komendant
saatına görə onların Bakıda hərbi postların
birində rus hərbçiləri tərəfindən səhərə
qədər saxlandığı barədə "Akademikin son
əsəri" romanında da yazıb.
17 aprel
2022
Unudulmaz və böyük şairimiz Rəsul Rza dəfələrlə
bizim evdə olub. Bu böyük insan haqqında mənim çoxlu
unudulmaz xatirələrim var... Keçən əsrin
60-cı illərinin əvvəllərində Rəsul müəllim
bizə, yaxın dostu və qohumu, görkəmli
yazıçı Ənvər Məmmədxanlı ilə gəlmişdi.
Gəldikləri günün səhəri,
axşamüstü Kürün sahilinə getdilər. Atam məni də özü ilə apardı. Kürün sahili başdan-başa meşəlik idi.
Ömrümdə ilk dəfə idi ki, meşəlik
görürdüm. Sonra sahildə məxsusi
olaraq bizi gözləyən kiçik bir çay gəmisində
Kürün gəzintisinə çıxdıq. İlk dəfə idi gəmiyə (çay gəmisi
olsa da) minirdim. Atamın dostu olan gəmi komandirinin nəzarəti
altında, hətta az da olsa gəmini idarə
də elədim. Gəzintimiz gecə, hava qaralana qədər
davam elədi... Və həmin nagılvarı
gün ömürlük olaraq yaddaşıma
köçdü. O unudulmaz gündən bir neçə
il keçdi. Mən məktəbə
getdim.Yenə də imkan olanda ya atamla, ya qohumlarımızla,ya da sinif yoldaşlarımla Kürün sahilinə
gedirdim və hər yerdə gözüm həmin meşəliyi
axtarırdı. Amma Kürün sahilində heç
bir meşə yox idi. 4-cü ya 5-ci sinifdə
oxuyanda mənə məlum oldu ki, Neftçalada ümumiyyətlə
meşə yoxdur. Bəs biz Rəsul müəllimlə
hara getmişdik? Nəhayət, atamdan
soruşdum. Atam:
- Biz həmin
gün Mayak (Neftçalada kənd) tərəfə
getmişdik - dedi.
- Bəs Kürün sahili başdan-başa meşəlik
idi axı - uşaq inadı ilə dilləndim.
Atam:
- Sənin
meşə zənn etdiyin o agaclar əslində yulgunluq olub -
dedi. -Sənin o vaxt boyun kiçik olduğundan hündür
boylu yulgunları meşə zənn etmisən.
Yalnız bundan sonra hər şey mənə aydın
oldu.
...Xoş,
unudulmaz günlər idi...
21 fevral
2022
Bu gün tariximizin ən böyük şəxsiyyətlərindən
olan, Sovet İttifaqı Qəhrəmanı, akademik, dünya səviyyəli
şərqşünas, müqəddəs "Qurani- Kərim"in
tərcüməcilərindən biri Ziya Bünyadovun qətlə
yetirildiyi günün ildönümüdür. Şəkil 1993-çü
il may ayının 21-də Neftçalada,
evimizdə cəkilib. Eyni günün qonaqları: Ziya
Bünyadov, Qabil, Əzizə Əhmədova, Bəkir Nəbiyev,
Gülhüseyn Hüseynoğlu, İsa İsmayılzadə,
Səyavuş Sərxanlı... Atam, bibim oğlu, mən və
Ziya müəllimin xüsusi diqqət, qayğı göstərdiyi
mənim, bacımın, bibim oğlunun uşaqları... Təbii ki, unudulmaz bir gün idi və belə
günlər əslində heç vaxt yaddan
çıxmır.
4 iyun 2022
Bu gün
kitabxanamda görkəmli şair, yazıçı, tədqiqatçı,
təəssüf ki, dünyasını vaxtsız dəyişmiş
Arif Abdullazadənin keçən əsrin 80-ci illərində
mənə bağışladığı "Bir ovuc
torpaq" romanını götürüb bir daha vərəqlədim.
Bu romanı o vaxt Arif müəllimə məktub
yazaraq ondan özüm iştəmişdim. O da bir
neçə gündən sonra həmin kitabı avtoqrafla mənə,
Neftçalaya göndərmişdi. Romanı oxuyub təəssüratlarımı
məktubla Arif müəllimin özünə də
bildirmişdim... Arif müəllim həm də
gözəl şeirlər müəllifi idi. Akif
İslamzadə ilə Brilliant Dadaşovanın birlikdə
oxuduqları və bu günə qədər də sevilən
və həmişə seviləcək məşhur "Hər
şey gözəldir həyatda" mahnısının
sözlərinin müəllifi də Arif müəllimdir... Həm də məhsuldar, hər bir məqaləsi ədəbi
aləmdə böyük maraqla qarşılanan ədəbiyyatşünas-tənqidçi
idi.
...Bu
şəkil 1975-ci ildə Neftçalada çəkilib. Atif
Zeynallı, Arif Abdullazadə və Faiq Cəmcəmli atama
baş çəkməyə gəliblər. O zaman mən hələ
məktəbli idim.
14 iyun
2022
Cənab Prezident Tofiq Mirzəyevi "Xalq artisti" fəxri
adı və "Şöhrət" ordeni ilə təltif
etdi. Təbrik edirik.
Şəkildə:
Vaqif Səmədoğlu, atam və Tofiq Mirzəyev. 1970-ci ilin sonları.
Etibar
ƏBİLOV
Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.14-15.