Seyran Səxavət "şineli"
Ədibin 75
yaşına gecikmiş essevari etiraf məktubu
Şairləri sevindirdi, nəsrə keçdi, nasirləri
kədərləndirdi, nəhəng yazıçı oldu. Müasirlərindən
birinin Seyran Səxavət haqqında təxminən söylədiyi
bu qiymətli fikir dillər əzbəriydi. Bəs nəydi Seyran Səxavətin
"günahı", "suçu"? Sözsüz, istedadlı doğulmaqda, anadan
talantlı dünyaya gəlməkdə.
Ancaq Seyran Səxavəti öz ədəbi nəslindən
(Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Çingiz
Əlioğlu, Nüsrət Kəsəmənli, Məmməd
Oruc) fərqləndirən başqa bir cəhəti vardı. O, yenicə qələm
tutan və ya ilk addımlarını atan gənc yazarla
(şair-yazıçı, ayırmazdı, təki
istedadlı olsun) tez ünsiyyət tapır, təkidlə
qolundan yapışır, redaksiyalara çəkib
aparırdı. Sovet dövründəki ciddi dirənişlərə
və qadağalara baxmayaraq Seyran müəllim meşin
qapıları açmağı bacarırdı, məmur
redaktoru və ya qocaman şöbə müdirini
inandırırdı ki, gətirdiyi cavan talantlıdır,
kömək etmək gərəkdir. Və
əsərini çap etdirənədək dərginin, qəzetin
"yaxasından" əl çəkmirdi. Biz bu
yaxşılığı heç kəsdən görməmişdik,
çünki hamı o zamanlar söz verirdi, nəticə isə
yox idi...
Bu qeyri-adi mənəvi bütövlüyün və
yaxınlığın bariz epizodu. Çox istedadlı
Vaqif Bəhmənli tələbəykən hamıdan
seçilirdi. Vaqif "Mənim nənəm
sizdədir?" adlı maraqlı bir şeir
yazmışdı, hara aparırdısa, ağızdolusu tərifləyir,
dərcindən vaz keçirdilər. Şeiri
Seyran Səxavət oxudu və dərhal bəyəndi. Nəhayət, həmin gözəl lirik şeiri mərhum
Yusif Əzimzadənin baş redaktoru olduğu "Ədəbiyyat
və incəsənət" (indiki "Ədəbiyyat qəzeti")
çap etdirdi, rahat nəfəs dərdi. Gözəl
nasir və tərcüməçi kimi
tanıdığımız Kamran Nəsirli də Seyran Səxavətin
"şinelindən" çıxıb, qayğısı
və diqqəti sayəsində ilk əsərləri mətbuatda
"Ulduz" dərgisində işıq üzü
görüb. İmzaları artırmaq mümkündür:
Tofiq Murəli, Maarif Soltan, Akif Əhmədgil... Kim nə deyir
desin, mən indiyəcən iki çağdaş söz
adamının - Kamal Abdullanın və Seyran Səxavətin
bütün irili-xırdalı əsərlərini
oxumuşam. Zövq almışam, ruhi dinclik
tapmışam.
Etiraf həqiqətin
üzüdü, Əli Kərimin şeirləri məni dəli
eləyəndə, sifətini görməmişdim (heç
sonra da görmədim, Allah qismət eləmədi), Ramiz
Rövşənin gəraylıları yuxumu ərşə
çəkəndə və Seyran Səxavətin
"Adalar" şeirlər kitabını oxuyanda, ("Gənclik"
nəşriyyatı 1970) ruhum bədənimə
sığmırdı, məftun olurdum. Sonra bu
"insafsız" şairin "Mənim subay planetim"
sayca ikinci şeirlər kitabı satışa
çıxandan artıq müəllifi tanıyırdım,
buna baxmayaraq Bakının məşhur kitab
dükanlarının birindən o nəğmə toplusunu
tapdım və aldım. Fürsət gəzdim,
"girəvə" axtardım Seyran Səxavət avtoqraf
yazsın. Ən nəhayət, şairin
ifasında xoşbəxt günlərin birində "Girəvə"
şeirini həyəcanla dinlədim.
...Mən
Gəncə şəhərinin
Adını
qaytarmağa
Girəvə
axtarıram...
Doğrusu, Sovet Damokl qılıncının
başımızın üstünü kəsdirdiyi ötən
60-70-ci illərdə belə şeir yazmaq, özünü
dirigözlü cəhənnəm oduna atmaq, həmişəlik
gözümçıxdıya salmaq demək idi. Bu cəsarət
hardan qaynaqlanırdı? Necə yəni, heç
Kirovabad şəhərinin də adını dəyişdirməyi
adam ağlına
sığışdıra bilərdi. İntuitiv bir hiss
hökm edirdi, diktə edirdi "girəvə" gəzən
şairə. Bu fürsət qələm
adamının fəhminə uyğun 90-cı illərdə
reallaşdı, Seyran Səxavətin səsini Allah eşitdi.
("Fərman Allahındı, dağlar bizimdi") Gəncənin əski adı qayıtdı.
O zaman
xoşbəxt vaxtlarımız idi. Seyran Səxavətin
hər şeiri dilimizdə bitmişdi. "Alma
oğrusu", "Azərbaycan dağları",
"İki arzu", "Ürək", "Bizim arx",
"Sevirəm", "Ağ gəminin kapitanı",
"Alabaş", "Adalar", "Mənim subay
planetim" tələbə qızların xatirə dəftərlərinin
bəzəyiydi, oğlanların müzakirə mövzusuydu.
Doluşdular
qəlbimə,
Ürpəşdi ətim.
Qorxuram cavan ölə.
Mənim
subay planetim!
Və yaxud hələ tələbəykən 1968-ci ildə
"Azərbaycan" jurnalında dərc etdirdiyi "Ay ilk məhəbbətim,
son məhəbbətim" şeirini necə unutmaq olar? Bu son dərəcə
orijinal, bənzərsiz nümunə ədəbiyyatımıza
böyük bir şairin gəlişinin təsdiqiydi.
Onda Seyran 21 yaşındaydı, bığ yeri yenicə tərləyirdi...
Sən nə
istəyirdin, nələr itirdin,
Qorxma kül olmaqdan, yan məhəbbətim.
Sən mənim
başıma nələr gətirdin,
Ay ilk məhəbbətim,
son məhəbbətim.
Daha sonra
yollarla bağlı məşhur şeirindəki ifadə
yeniliyi və sərbəstliyi, obraz böyüklüyü və
əzəməti, mövzu genişliyi və
doğmalığı poeziyamıza rəng qatdı, cavan
Seyranı müdrik, filosof Seyran Səxavət ənginliyinə
qaldırdı:
Quşlar
tüklənirsə, pərvazlanacaq,
Yollar "tüklənirsə", ölmür deməli.
Günlərin
bir günü artıq nəsrə keçən, lakonik,
qısa məzmunlu hekayə və povestlərini sevə-sevə
oxumağa başladığımız bu şair gerçək
dərnək rəhbərimiz oldu: uzaq 70-in sonlarına
yaxın. Artıq Sovet ittifaqı qazan kimi
çalxalanırdı, Bitov, Soljenitsin, Yeftuşenko,
Voznesenski, Rasputin, Belov, Kuznetsov kimi ədəbi simalar laxlanan
çirkablı quruluşu açıq tənqid atəşinə
tutur, mətbuatda eninə-uzununa çəkirdilər. O
vaxt (1976-dan) ölkə rəhbərliyi "Yaradıcı gənclərlə
iş aparılması haqqında" adlı
xüsusi qərar qəbul etdi. İşıqlı
ziyalı İmran Qasımov Azərbaycan Yazıçılar
İttifaqının sədri kimi fəaliyyətini
canlandırdı, 1977-ci ilin iyul ayında Şüvəlan
yaradıcılıq evi istedadlı, seçmə gənc
yazarların ixtiyarına verildi. Və
Seyran Səxavət dərnəkdə fəaliyyətini davam
etdirməklə yanaşı, Şüvəlanda da bizi tək
buraxmadı, seminarlara, müzakirələrə
qatıldı, uğurlu əsərlərimizin çapı
naminə özünü oda-közə vurdu.
Eh,
bütün bunlar nəydi ki! Bir dəfə xəbər
çıxdı ki, Seyran Səxavət
"Qaçaqaç" adlı roman yazıb, bütün əbədi
mühitin şəklini çəkib, obrazını
yaradıb. Roman harda çap olunsa
yaxşıdı, "Azərbaycan" dərgisinin bir
neçə sayında. Zəng zəng
dalınca gəldi, bəs Seyran sənin də surətini
işləyib, pis alınmayıb, jurnalı tap oxu. Düzü, ustad qələm adamın belə bir
formaya əl atması, ətrafını yazması mənə
qəribə göründü. "Azərbaycan"
jurnalı isə ceyran belinə çıxdı, tapmaq
mümkün deyildi. Nəşriyyatdakı
dostlarımdan xahiş etdim, dərginin
"Qaçaqaç" çap olunan nömrələrini əldə
etdim, oxudum. Əsər istər forma, istər
məzmun etibarilə mənə doğma, maraqlı
göründü. Çevik, özünəxas
üslub, yumor, hadisələrin məntiqi
ardıcıllığı, tanıdığım, hər
gün görüşdüyüm "qəhrəmanlar"
gözəl idi. Doğrudan da elə bil
hamı harasa tələsir, baş götürüb getməyə
çalışır, uyğun mühit axtarırdı.
Kimlər yox idi "Qaçaqaç"da: heykəltəraş
Zeynal, Vidadi Məmmədov, Nadir Cabbarlı, Qafar Namazəliyev,
Əşrəf İbrahimov... indi bu adamların hamısı
haqq dünyalarına qovuşublar, ancaq bədii salnamədə
yaşayırlar.
Bu gün Seyran Səxavət həqiqətən nəsrdə
özünü tapmış ciddi, bitkin, orijinal, bənzərsiz,
təbii yazarımızdır. Budur, ədibin əsərlərinin
az bir hissəsi: "Hamı elə bilirdi ki", "Bir kisə
kartof", "Daş evlər", "Dar köynək",
"Nekroloq", "Palıd toxumu", "Yüz ilin
kişisi", "Yəhudi əlifbası",
"Sanatoriya", "Ocaq daşı",
"Qaçaqaç"... Yazıçının
irihəcmli əsərləri cansıxıcı deyil, oxucunu
dalınca çəkib aparır, bir də gözünü
açıb-yumursan, görürsən, 450-500 səhifəlik
kitabı mütaliə etmisən. Bu,
heç şübhəsiz, nasirin xoşbəxt tərəfidir,
çünki nəsrini nəyinsə xatirinə məcbur olub
oxumursan, kitab özü təbii şəkildə vərəq-vərəq
səhifələnir, hadisələri, epizodları su kimi
başına çəkib içirsən. Kim bilir, bəlkə
də bu, şeirindən gələn bal
şirinliyidir.
Seyran Səxavətin bütün əsərlərində
qəribə bir harmoniya, musiqi səsi var. Əlbəttə,
bu məqamda etiraf etməliyəm ki, o, Azərbaycan
muğamlarının, qədim xalq mahnılarının
klassik bilicisidir. Təkcə nəzəri savadı nəzərdə
tutmuram, Seyran Səxavət hər hansı görkəmli xanəndəni
(Ağabala Abdullayevi, İslam Rzayevi, Mütəllim Mütəllimovu)
olduğu kimi improvizə edir, ifa tərzi qətiyyən
seçilmir. Yazıçı-dramaturqun əsərlərinin
ruhuna bəlkə də aşkar-pünhan bu sevgisi hopub. Mən səfərlərimizdə (Füzulidə, Lənkəranda,
İsmayıllıda, Şamaxıda) azad təbiətin qoynunda
Seyran müəllimin pəsdən muğam oxumasının
şahidi olmuşam, əvvəl heyrətlənmişəm,
sonra bu təəccübüm adi hal alıb.
Hərdən-hərdən o səs ötən 70-ci illərin
ortalarından eşidilir. Bakının mərkəzi
kitabxanasından zarafatçıllığı qədər
də ötkəm Seyran Səxavətin amiranə səsi
hamını yerində otuzdurur,
yığıb-yığışdırır: "Şair
Tofiq Nurəlinin yaradıcılığı növbəti dərnək
günü (məsələn, gələn həftənin
bazar ertəsi və yaxud şənbə) müzakirə ediləcək,
hazırlaşın, uşaqlar. Obyektiv surətdə,
bura bir-birinizi tərifləməyə
yığışmırsız. Əgər
ciddi ədəbiyyat adamı olmaq istəyirsinizsə,
çoxlu oxuyub-öyrənməli, ədəbi nəslinizin
talantlı nümayəndələrinin
yaradıcılığı barədə də məlumatınız,
rəyiniz formalaşmalıdır. Unutmayın,
vaxtilə bu dərnəklərdən Əli Kərim, Məmməd
Araz, Əliağa Kürçaylı, Sərdar Əsəd
kimi şairlər çıxıb. Elə mən
özüm Qasım Qasımzadə ilə kitabxanada tanış olmuşam, yanına getmişəm.
İlk şeirlərimi bəyənib, mənə
"Azərbaycan gəncləri" qəzetində
"Uğurlu yol" yazıb. O zaman Şərqşünaslıq
fakültəsinin tələbəsiydim.
Bu qeyri-rəsmi "xəbərdarlıqdan" sonra hər
bir dərnək üzvü məcbur idi ki, Tofiq Nurəlinin
"külliyyatını" töksün ortaya,
başlasın əməlli-başlı təftişə. Dərnək
rəhbərimizin gözəl zövqü vardı, şeirin
havası onu vuran kimi tərifi şabaş kimi
yağdırırdı. Bir dəfə Tofiqin "Ay qara
telli" şeirindəki ab-hava qəlbinin sarı simini necə
tərpətmişdisə, yadında əzbər
saxlamışdı:
Görməyə
gəlmişdim, ay qara telli,
Ölməyə gəlmişdim, ay qara telli.
Görməmiş
gedirəm, ay qara telli,
Ölməmiş gedirəm, ay qara telli.
Seyran müəllim dönə-dönə deyirdi ki, bu
cür şeiri əzbərləmək lazım deyil, daxili
ritm, ahəng, sadə sözlərin ustalıqla
düzülüşü onu yaddaşa köçürəcək. Həqiqətən elə
idi, az keçməmiş bütün dərnək
üzvləri "Ay qara telli" şeirini xorla oxumağa
başlamışdılar. Sözsüz, bu xorun
baş dirijoru Seyran Səxavət idi. İndi o zaman birgə
Sabir adına kitabxanaya dərnəyə
getdiyim dostlarımı xatırlayanda, əksər
talantlıların şair kimi
doğmalaşdığının şahidi oluram. Hər halda yazıçı-şair olmayanları
da qınamıram, həyatda yerlərini tuta bildilər.
Seyran Səxavət şəxsiyyətcə
bütöv, dəmir iradəyə malik insandı, bəzən
fikirlərini ən sərt şəkildə, emosional surətdə
bildirsə də, haqq-ədalət tərəfdarıdı, ədəbiyyatın
qapısından girib, pəncərəsindən
çıxanların düşmənidi. Dəllalları,
poeziyada, nəsrdə təsadüfi adamları,
"sürünənləri" yerindəcə
susdurandı. Ən ali keyfiyyətlərindən
biri, cəsarətli surətdə bəyəndiyi, ürəyinə
yatdığı əsəri təqdim etməyi
bacarmasıdı. Həmişə maraqlı peşə sahiblərinin
arasındadı, hətta tanınmış şəxsiyyətləri
belə gənc həmkarları ilə tanış
edərkən qısqanmır. Bu yazı ətrafında
düşünərkən Vaqif Bəhmənlinin
"Seçilmiş əsərləri"nin
2-ci cildi əlimə keçdi və şairin Faiq Hacıyevə
ünvanladığı şeirdə Seyran Səxavətin də
adını gördüm, sevindim...
Sərbəst
girişində azadlıq postu,
Dədəm,
babam tikən qırx çeşməli ev.
Seyran Səxavətin
tələbə dostu,
Mənimsə oxucum - Faiq Hacıyev.
Ötən yüzilliyin əvvəllərində nəhəng
rus ədibi Çexovun ətrafında xeyli sayda ədəbi
qüvvə vardı. Sonra həmin yazarlardan çoxlu
böyük ədəbi sima çıxdı. Ancaq onların hamısına "Çexovun
şinelindən çıxıblar" deyirdilər.
Biz Seyran
Səxavətin "şinelindən"
çıxdığımız kimi...
Ağacəfər HƏSƏNLİ
Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.12-13.