Gələcəyin sözünü
keçmişdən gətirmək
Şeir, bədii mətn gələcəyin xəbərini
keçmişdən necə gətirə bilər? Bunun
üçün bəlkə də bəlli bir zaman çərəyində
yerdə və göylərdə baş vermiş hadisələr
arasındakı əlaqəni, başqa sözlə, kosmik
bağlantını tapmaq lazımdır. Bu
bağlantı yaşadığın ömrün yalnız
bircə məqamında əyan ola bilər
və bu sənin həyatda görə biləcəklərin ən
gözəl şeylərin simvoluna, başqa sözlə,
"mündəricatına" çevrilə bilər.
Məsələ nədir? Şeir, poeziya ... (hətta
ən realist mətnlər belə-!) gələcəkdə
olacaq bir hadisəni, yaxud hadisələr zəncirini iki şəkildə
çatdıra bilər. Birinci halda həmin
mətni yazan insan bəlkə də gizli qüvvələrin
diktəsi ilə sonluqdan qaçır; belə bir hadisə də
olmuşdu və mən bu hadisəni yazıların birində
yada salmışdım. Tərcüməçi
U.Folknerin hekayəsinin sonluğunu, yaxud Edqar Alən Ponun hekayəsinin
epiqrafını "unudur" və nə qədər cəhdlər
olsa da, o bu hissəni elədiyini sanır. Hekayənin
sonluğu, yaxud Ponun hekayəsinin epiqrafı (şeir
formasında) sonradan məlum olur ki, həmin insanı gözləyən
aqibətdir. Belə ürəyə dammalar müxtəlif
zamanların bədii mətnləri arasındakı əlaqələri,
virtual kəsişmələri ən fərqli şəkildə
sərgiləməklə, onların insan taleyində
açdığı şırımları anidən
"ekrana" gətirməklə onu yetişdirən, adam eləyən
əzabları ön plana çəkir. İkinci
halda dünya və gerçəklik, tale və qədər,
gözlənti və qəfildən ölümün təşrif
gətirməsi kimi hadisələr ön plana keçir.
Bu halda həm də bəlli zaman çərəyində
insanların sosial gerçəkliyi, vətən, millət, dərd,
ayrılıq kimi hissləri necə qavraması və zamanla
bu hisslərin bədii mətnə çevrildiyi zaman hansı
dərəcədə "aşınması"
özünü bəlli edir. Şairin haçansa, yəqin
ki, illərin ağır söhbətlərinin sonucunda dostuna
həsr etdiyi şeir parçasında sətirlər arası
duyğu seli, misraların və bütün bədii mətnin
ifadə etdiyi mənalar dəyişir, oxucuların
gözünə başqa, çox fərqli donda
görünür və bu təsadüfdə, məsələn,
iki dost arasındakı ürək söhbətləri vətən
və milli dəyərlərlə bağlı çox
ağrılı, çox həssas yaşantılar kimi
özünü göstərir. İki planın (gerçəkliyi
güvə kimi yeyən acıdan acı gerçəklər
- həll olunmayan problemlər və fanilik hissi, nə qədər
çalışsan da, cəhd etsən də, tanrının
sənin dilinin altında gizlətdiyi sözü tapa bilməmək
ağrısı və bunun yalnız ölüm məqamında
yada düşməsi...) olması başqa şey yox, sadəcə
şadara obrazını görüntüləyir: hisslər və
duyğular, gerçəklikdəki əzablar, sancılar və
məhrumiyyətlər qum dənələri kimi bir-birini
qovur, ələndikcə ələnir və əzab, iztirab
azalmır ki artır.
Çox
orijinal üslubu olan Camal Yusifzadənin bir şeiri var:
"Payızım oy, qışım oy". Bu şeiri o, Əhməd
Oğuza həsr edib. İndi Camal da,
Əhməd Oğuz da dünyasını dəyişib.
Bu şeiri, bu bədii mətni oxuyub onlar
arasındakı söhbətlərin qırıq-qııq
sətirlərini, dərdə, ölümə
bükülü hecaları mətndən qopub harasa uçmaq
görüntüsü yaradır. Əhmədin şeirləri
ilə Camalın mətnlərinin içindəki dərdlər
bir-birlərini bu şəkildə "ələyir", ələkdən
keçməyən hissəciklər bir də sovrulur, yaralar
şırım-şırım olur...
Şeirin hər bəndi həmin o ürək söhbətlərinin
bir məqamını, həm də sosial gerçəkliklə
kəsişən, onu içində həll edən hissəsini
görüntüləyir. Bu iki şair həyatda olduqları
zaman həmin bədii mətnin məhz indi dediklərini duymaq
sadəcə mümkünsüz idi, şeir sadəcə
hansısa mətləbdən, yaşın, illərin, ümid
və arzuların əzabın keçdiyi yollarda itməsindən
bəhs edirdi, amma bu insanlar tədriclə (biri digərindən
sonra) həyatdan getdikdən sonra o şeir də ikisinin
ayılıq hissini yaşadı, bu hisslər sel kimi əvvəlki
bəndləri "dağıdır" (Məhəmmədhüseyn
Şəhriyarın "bəlkə mənim yatmış bəxtim
oyana..." misrası da ümumi ovqata qatılır...), yerində
ixtiyari, həm də "təsadüfi" xarakter
daşıyan parçalar yaranır.
Payızın
başı üstdən
Birər-birər
qar gəlir;
Payızım oy, qışım oy.
İndi
bilirəm ki, nə itirmişəm;
Birər-birər
günlərim;
Birər-birər yaşım oy.
Ölüm bu mətn parçasının bütün
xassəsini, içindəki duyğuların rəngindən
tutmuş, orda batıb qalan səslərin ahəngini də dəyişib. Bunu sadəcə
oxuyub duymaq lazımdır. Əgər bu hadisəni biz
öz təbirimizcə yazmalı olsaq, bütün hallarda bədii
mətni yaralayan yozumlar yaranacaq, bunu istəmirik, ona görə
də artıq şairə heç cürə aid olmayan bədii
mətnlə oxucunun təkrar "yaratdığı" bədii
mətn arasında sərhədin də lüzumsuz olduğunu
bilirik. Ancaq bütün hallarda bu iki bədii mətn
arasındakı paralelizmi unutmaq olmaz. Artıq
onların heç biri törədici, yaxud indiki təbirlə
desək, "orijinal" sayıla bilməz, onların hər
ikisi təbiətin məcazi müstəvidə yozumunun
qarşı tərəfləridir, biri-birini həm yaradan, həm
də inkar edən tərəfləri. Diqqət edin:
"...Öz təbiəti etibarilə oxu ünsiyyəti həyata
keçirməyə xidmət edir. Buna görə
də maksimum açıqlanmağa, idealda bütün bəşəriyyəti
ehtiva edən universal alətə çevrilməyə meyil
edir. Lakin yazı kimi oxu da təşəkkülünün
ilk mərhələlərində bir qayda olaraq elitar və
ezoterik praktikalar kimi meydana gəlmişdir; o, təbiətinin
xilafına say-seçmələrin keçilməz çevrə
daxilində qapanmasına, yalnız məhdud toplumun dərk və
istifadə etdyi vasitəyə çevrilmişdir..." (professor Qorxmaz Quliyev). Bədii mətnlərdə
(xüsusən şeir mətnlərində) adi bir hissi ifadə
etməklə bütün bəşəriyyəti ehtivadan əvvəl-axır
vaz keçilir, bu proses ona görə yarıda
"dayanır" ki, ölüm, həsrət,
ayrılıq, vətən dərdi... kimi hisslər
bütün bəşəriyyətin məhz bu ana qədər
köksünü dələn ağrıların qanına
boyansın və dərhal sonra geri, indiki zamana qayıdıb
(keçmişdən indiki zamana qayıdış bədii mətnlərdə
tərsinədir, gələcəyin xəbəri həmişə
keçmişdən gəlir...) içindəki
boşluqları nişan versin.
Şeirdə
belə bir xassə olmazsa, o, yaddaşlarda öz işini
görə bilməz, son olan ölüm saysız-hesabsız
şərhlər yaradır, bu şərhləri bir dam
altına yığmaq və qruplaşdırmaq, yaxud
çeşidləmək mümkün deyildir, çünki
ölüm həyatın sonu deyildir, onun bu və ya digər
şəkildə, olsun ki, sükut foprmasında
davamıdır. İnsan dəfn olunduğu gündən
müəyyən müddət keçdikdən sonra
yatdığı torpağa su səpilir, bu da onun geri
qayıtmasına ümidi işarələyir, həm də
bilə-bilə ki, belə bir şey baş verməyəcək.
Vaxtilə N.Kəsəmənlinin şeirində də belə
bir məqam vardı: Analar su səpdi siz gedən yola // Bəlkə
izləriniz göyərdi deyə. Yaxud adi bir bayı bətnində:
Bilsəydim ayrılıqdır // Öpərdim gözlərindən...
"İkinci mətndə" Camalın şeirindəki
bəndlər də yerini dəyişə bilər, əvvəlki
qaydasında sıralana, yaxud onun başqa bir mətninə
qoşula bilər. Diqqət edin:
Düzü-dünya
ələnibdi ağappaq;
Meşəsi
ağ,
Bağçası
ağ, dağı ağ;
Dağım, bağım, qarım oy.
Nə
yaxşı ki, sifarişlə ələnmir,
Yağır,
yağır, yağır oy,
Yağır,
yağır özbaşına;
Ayının
yuxusuna,
İgidin
qorxusuna,
Alçağın
başdaşına;
Namərdim
oy, mərdim oy!
Hələ
məni gözləyən
Diri gözlü dərdim oy.
Daha sonra əvvəlki bənd gəlir, sürətlə
oxunur, dolu-dolu yağan qara bələnir və bütün
misralar silinir və təzədən yazılır, ta qar kəsənə
qədər.
Göy
üzündən
Yer
üzünə qar gəlir,
Kişilikdən
danışmaq
Yaman mənə ar gəlir.
Ümidi
vağam olan
Torpağım
oy, daşım oy!
Ovcumun
arasında
Havalanmış başım oy.
Camalın "Atamın kölgəsi" adlı
çox bənzərsiz bir şeiri də. Bu mətndə onun
üslubunun əsas parametrləri daha qabarıq şəkildə
ifadə olunur: ən müxtəlif, zahirən bir-birilə
ortaq xüsusiyyətləri olmayan əşyaların bir mətndə
maksimum "yaxınlaşması", irreal aləmlə
çılpaq gerçəkliyin sərhədinin
cızılması, sözün havasına axışıb gələn
metaforalardan vaz keçib onlardan daha qənirsiz, yer
üzüylə göyləri bir paraleldə birləşdirən
mənalar icad etmək... Bu şeirlər həm
də nəfəs dərmədən oxunmağı
xoşlayır, bir nəfəslik şeir bədii mətnin
içində potensial şəkildə mövzud olan "nəfəs
darlığını" (yəni mətləbi tez ifadə
edərək qaçmaq...) aradan qaldırır.
Diqqət
edin: Atamın kölgəsi evimizdə imiş // Gün
düşdü üstünə // üzünü
gördüm // Sildim üz-gözünü,
toz-torpağını // Taxçada, boğçada izini
gördüm // Tanrı qismətindən payı var imiş //
İlahi gülüşün // gözünü
gördüm // Kölgəsi yamanca kədərli idi // Həm
nəmdi, həm ilıq // qırış-qırışdı
// Atamın kölgəsi qocalmamışdı // Atamın
kölgəsi evimizdə imiş // Baxdım kölgəsinə
// özümü gördüm // Adana axşamı // müqəddəs
gecə // Anam yemək çəkib sağına qoydu //
Sağında atamın dizini gördüm // Ölüləri
içinizdə dəfn edin // İçinizdə
başdaşı yox, qəbir yox // İçinizdə
heç vaxt // Heç kim itməyəcək // Ölüləri
ruhunuza dəfn edin // Kölgələri mütləq evə gələcək!..
Yuxarıda sadaladığımız üslubi keyfiyyətlər
Əhməd Oğuza həsr edilən mətndə də
mükəmməl şəkildə ifadəsini tapıb. Hər bir parçada, hər
bir söyləmdə "müqayisə" sərhədi
keçilir, söz-metaforanın mətnə gəlməsi ilə
mükəmməl bir tablo yaranır, "ardıc
gözlü ocağım" deyincə gah şölələnib
üfüqlərə qalxan, gah da korun-korun tüstülənən
ocaqlar gəlir göz önünə. Həmin metafora daha
sonra şeirin əvvəli və digər hissələri, eləcə
də bütün mətndə yer alan
gizli işarələrin üzə çıxmasını
şərtləndirir. Əhmədin şeirindəki
"qara düşmüş durnalar" (bu şeir yurd
itkisini mükəmməl şəkildə təqdim edir)
ovqatı da sanki Camalın ona həsr etdiyi şeirdən
başlanğıc götürür. İki
şairin mətnlərinin onların dünyalarını dəyişdikdən
sonra bir-birinə nüfuz etməsi çox təsirlidir və
eyni zamanda izaha möhtacdır. Məsələ
belədir ki, "Varlığın ontoloji aspekti
immanent-transsendent oppozisiyası ilə modelləşdirilir.
Transsendentlik prinsipi real dünyanı axirət
dünyası ilə bağlayır, kosmos və insanın
mistik və teosofik cəhətdən qavranılmasını
şərtləndirir, ancaq özünü deyək ki,
ağac kimi təsəvvür etmək bacarığı,
yaxud bu barədə düşünmək arzusu belə həyata
intuitiv münasibətin proformaları kimi
çıxış edir (K.Q.Yunq). Buna
görə də bu şeiri oxuduqda göz açıb təbiətdəki
ixtiyarı nəsnələri (hadisə və əşyaları)
gördükdə, onlarla bağlı ruhumuzda yaranan nələrsə
intuitiv olaraq şeir mətninə qoşulur, bu iki şairin təbiətdən
götürdükləri obrazlar bir-birinin davamı təsirini
bağışlayır. Şeirdə deyilməsi, səslənməsi
olduqca zəruri olan, ancaq bu aralıqda "unudulan" və
deyilməyən, səslənməyən söz başqa, tam
fərqli kontekstdə özünü göstərir və
anidən "laxtalanmış bəxtlə" ardıc
gözlü ocağın şəklinin dəyişməsinə
səbəb olur, nəticədə nə alınır, hər
iki şairin mətnlərinin qar yağan yamaca
düzülmüş ağappaq səhifələrinə qan
çilənir, "laxtalanmış bəxt" ifadəsində
unudulan söz taleyə çevrilir.
Varlığım
qara təşnə,
Ardıc
gözlü ocağım,
Çörək
dolu tabağım,
Eşq
havalı otağım;
Ocağım oy, eşqim oy.
Laxtalanmış bəxtim oy.
Dostların
başı üstə
Qaldırılan taxtım oy.
Payızın
başı üstdən
Birər-birər
qar gəlir...
Niyə belə soyuqdu?
Vətən
mənə dar gəlir!
Vətən mənə dar gəlir.
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2022.- 18 iyun.- S.9.