Mənzərə

 

Kəndin üstündə səmanın qızıl külçəsi.

Kəndin yuxarı məhləsi

şairin ayaqları altında.

Hava dənizində qaranquşlar

balıqlar kimi şütüyür.

 

Kəndin qırağında vüqarsız dağ.

Şair özün qoyub dağın başına,

ilham pərisin gözləyir.

Əlindəki təsbehiylə dərdlərin sayır.

Kəpənək uçur önündən;

bəlkə , ilham pərisidir,

şairlə məzələnir.

Axı, fəsil təzələnir,

qan qaynayan vaxtdır.

Təbin gec gəlməyi

şairin bugünkü hirsidir.

 

Düzdə qoyun-quzu otlayır.

Dağa dırmaşan keçilər

xoşbəxtlik nümayiş etdirir.

Pusquda duran canavar it günündə.

Şən quzu çobana deyil,

boynundakı zınqırova güvənir.

 

Gün əyilir, dövran düzəlir.

Canavar ac,

Şair şeirsiz.

Bu gün ötdü xeyirsiz.

 

Çağırılmamış qonaq

 

Səhər çağı.

Günəş dənizdə yuyunur.

Balıqların gözünə gün düşür.

Dənizin çağırılmamış qonağıyam.

Dəniz çox sakitdir.

Ayaq səslərimi eşidib diksinir.

Dəcəllik etmək istəyir,

böyüklüyündən utanır.

 

Ziyarət

 

Məni qarşılayan yoxdu bu yerdə,

Gəlirəm, sakitcə baxıb gedirəm.

Dünyanın içində dünya içindən,

Boylanıb gedirəm, çıxıb gedirəm.

 

nənəm, babam üzümə baxmır,

Mən baxmamışam heç üzlərinə.

Dünyaya gələndə getmişdi onlar,

Qaranlıq çökmüşdü gündüzlərinə.

 

İçindən keçirəm aylı gecənin,

Görəsən, günəşli səhəri varmı?!

Mənim xəbərim yox ordakı qışdan,

Onların bu yazdan xəbəri varmı?!

 

Məni qarşılayan yoxdu bu yerdə,

Gəlirəm, sakitcə baxıb gedirəm.

Dünyanın içində dünya içindən

Boylanıb gedirəm, çıxıb gedirəm.

 

Beləcə

 

Bu şəkil ən acı bir xatirədir,

Bir insan şəkildə beləcə dondu.

Bir insan dünyaya, beləcə gəldi,

Bir insan dünyadan, beləcə döndü.

 

Beləcə, bir insan dünya qazandı,

Beləcə, bu dünya insan itirdi.

Beləcə, tabutsuz döndülər geri,

Beləcə, insanlar insan ötürdü.

 

Torpağın qəlbinə kim dəyib yenə?

Torpağın bağrında qəbir yeri var.

Beləcə, ot basdı o təzə qəbri,

Yanında köhnə bir ləpir yeri var.

 

Bir korun arzusu

 

Bir korun tək bir arzusu var;

Bircə, gözlərim görəydi,

Günəşə baxaydım, Aya baxaydım,

Bir neçə barmağım olmayaydı,

əllərimdəki saya baxaydım.

Şikəst əllərimlə dilənəydim.

"Allahım, lalların dilin " deyə, dillənəydim.

Göylərə baxa-baxa,

"Ya Rəbbim, karlar kaş eşitsinlər

quşların səsin, göy gurultusun,

yağış şırıltısın" - deyə,

dua edəydim.

bir diləyəydim:

- Bu naşükür insanları

mənim halıma salma,

Onların gözün da,

Onların gözün alma.

 

Süd qoxulu siyasət

 

Arpaçayının* zirvəsindəyəm,

əlimdə çomaq, xəyalımda uzaqlar.

Arpaçayının düzündə Hələb keçiləri.

Keçilər xoşbəxtdirlər, Hələb bədbəxt,

Keçilər toxdurlar, Hələb viranə,

qaçqınları ac.

Mən naəlac!

 

Bir ac yəhudi körpəsi,

Bir ac ingilis çocuğu,

Bir ac suriyalı qaçqın uşaq ola,

sağıb gətirəm keçi südünü,

içələr toxluğun sağlığına...

 

Böyüyüb böyük siyasətçi olalar.

Bir araya gələlər,

Günəş kimi gülələr,

burunlarına süd qoxusu gələ,

verib əl-ələ,

deyələr:

- Salam olsun Qərbə, sülh olsun Şərqə!

 

Arpaçayı* - kəndimizin kənarındakı

dağlıq-qayalıq yerin adı

 

Daşın taleyi

 

Qayalıqda keçilər otlayır.

Bir daş sürüşür bir çəpişin ayaqları altından,

diyirlənir dərəyə.

Çomağa söykənib düşünürəm;

Görəsən, o daş neçə əsrdi zirvədə idi?

Görəsən, o daş neçə il dərədə qalacaq?

 

Bəlkə bir gün

qoca bir nəvəm, nəticəm

o daşı bir canavara atacaq,

o daşla bir ilanın başın əzəcək.

Ya da heç kəsin o daşla işi olmayacaq,

sadəcə, bir nəfər gətirəcək o daşı

qəbrimə düzəcək.

O daş da illər sonra

torpağın üstə qalmaqdan bezəcək,

torpağın altına uzanacaq.

 

Ürək etmirəm

 

Əsər bu tərəfə bu külək, bu meh,

Mənim bənövşəmin ətrinə dəyər.

Səni unutmağa ürək etmirəm,

Köhnə xatirəmin xətrinə dəyər!

 

Göz yaşı deyil

 

Yadıma hər düşür

            hər gün ötən çağlardan,

Sanıram güldü,

            dərilmiş quruyan bağlardan.

Məni hər kim ki görür,

            "ağlama, səbr eylə" - deyir,

Bu ki göz yaşı deyil,

            seldi, gəlir dağlardan.

 

Yusif Nazim ƏRƏBSOY

 

Ədəbiyyat qəzeti.-2022.- 18 iyun.- S.8.