"Poeziya nəsrdən daha ciddi hadisədir..."
"Fikir bucağı" layihəsinin
qonağı şair, esseist Rəvan Caviddir
- Xoş gördük, Rəvan bəy.
Gənc müəlliflərin arasında
sayılan-seçilən imzalardan birisən. "Seçilmək" üçün xüsusi
şərtlər varmı, yoxsa bu tamamilə fərdi məsələlərdəndi?
- Təşəkkür
edirəm. Bu həm fərdi, həm də ictimai
şüurdan yaranan istəkdi. Yeni
dövr, yeni tendensiyalar seçilmək üçün
müəyyən şərtlər təklif edir. Sosial şəbəkələr, yayım
platformaları, reklam mətnləri, piar strategiyası və
s. Bu gün getdikcə məşhurlaşan və aktual peşələrdən
birinə çevrilən "Creative Copywriter" sahəsi
bizim seçilmək arzumuzu gerçəkləşdirən
müstəvilərdəndi. Bu şərtlər
ədəbiyyatda da keçərlidir. Çünki
mətnlərin özü də əmtəədir. Və onları "satmaq" lazımdır. "Satmaq" üçün isə
"bazardakı"lardan fərqlənməlisən. Təəssüf ki, bizim ədəbi mühitdə
bu fikirlə razılaşmayan nə qədər dünyadan xəbərsizlər
var. Mənə gəldikdə isə, mən hələ ki
seçilmək üçün heç nə etməmişəm.
Çünki "satmaq" istədiyim bir mətn
yazmamışam. Ümid edirəm, tezliklə
buna nail olaram.
- Şeir yazırdın. Sonra esse, publisistika, bir sözlə, nəsrə
keçdin. Bu nə ilə bağlı idi?
- Mən
yenə şeir yazıram. Esse isə mənə
analitik düşüncəmi ifadə etməkdə kömək
olur. Şeirdən nəsrə keçmək,
nəsrdən kinoya keçmək və bu kimi ədəbi
proseslər normaldı. Bizim gördüklərimiz,
hiss etdiklərimiz bizə nəzm, nəsr və ya publisistik mətn
kimi qayıda bilər. Bir sözlə,
hansı stadionda oynamağın sənin həvəsindən və
fiziki gücündən asılı olaraq dəyişir.
- Bəlkə poeziya daha sadə
görünür, nəsr daha ciddi qəbul edilir...
- Mənə
görə, poeziya nəsrdən daha ciddi hadisədir. Ancaq, bəli, nəsr, xüsusilə, roman sənəti
daha aktualdır. Bunun bir çox səbəbi
var. Günümüz reallığı isə əsas səbəblərdən
birinin romanın daha yaxşı əmtəəyə
çevrildiyini pıçıldayır. Həm
də nəsr fərdlərin və hadisələrin bir-birinə
təsir edəcəyi ən yaxşı ədəbi nümunədir.
- Ali təhsilini yarımçıq
buraxdın. Bu imtinanın səbəbi nə
oldu?
- Təhsil
aldığım ixtisası oxumaq istəmədim. Mən inşaat mühəndisi olacaq məsuliyyətə
və səbrə malik deyiləm. Ədəbiyyat,
kino məni daha çox maraqlandırırdı. O ərəfədə
roman da yazırdım. Bəlkə də, onun da
təsiri oldu.
- Hansı romanı?
-
Yaxşı roman deyildi. Mən də üzə
çıxarmadım. Bacarmamışdım.
Bunu gəncliyimin körpə yaşına
bağışlaya bilərəm (gülür).
- Müəyyən ədəbi
çevrə var, el dili ilə desək "kruq". Özünü hansı çevrədə
görürsən və ədəbi çevrələrin
keyfiyyətini müəyyən etmək üçün
hansı üsul və vasitələrin olduğunu
düşünürsən?
- Mən
"Kulis kruqu"ndanam (gülür). Dünyada
ədəbi çevrələr bir-birindən üslubları,
siyasi dünyagörüşləri, ətrafında
toplandıqları nəşriyyatın maraqları, hətta ədəbi
əcdadlara görə fərqlənirlər. Bizdə isə yeyib-içmək məclisində
kimin sözü bir-birilə tutursa, onlar olur "kruq".
Hər şeyimiz məişət səviyyəsində,
lokal, kustar olduğu kimi, ədəbi camiəmiz də
kustardı.
- Məşhur yazıçı
olmaq üçün yaxşı mətnin olmalıdı,
reklamın, ya qalmaqalın?
- Hər
üçü. Sadəcə, qalmaqal ciddi səbəblərə
söykənməlidir. Daha "mən səndən
yaxşı yazıram" qalmaqalı olmamalıdır.
Düşünürəm ki,
yazıçı ictimai fikri formalaşdıra biləndir.
Hadisələrin yönünü bir
manşetlik cümlə ilə yüz səksən dərəcə
dəyişə bilər.
- Kitab sektorunda detektiv əsərlər
daha çox satılır. Demək olar ki, eyni imzaların
kitabları əsas satış sektorunu zəbt edib. Bu, oxucularla bağlı məsələdi, ya
başqa nəsə mütləq həqiqət var?
- Oxucuya nə
təqdim eləsən, onu da oxuyacaq. Detektiv əsərlərin
çox satılması normaldır. Bunu
problemə çevirmək avamlıq olar. Eyni
imzaların satışının təşkili isə
problemdir. Yazıçını təqdim
edən qurumlar olmalıdır. Kitab sənayesi
mərkəzləşdirilmiş və komisiyalı
yaradılmalıdır. Bizim nəşriyyatlarda
tənqidçi kollegiyası varmı? Yoxdur.
Bəs necə müəyyən edirlər,
hansı kitab çap olunmalıdır? Nəşriyyatları
da qınamaq olmur. Onlara bu
rahatlığı verən bir mədəni siyasət olmalıdır.
O da ki yoxdur. Həqiqət odur ki, ədəbiyyat
bütün qurumlar tərəfindən gözardı edilir.
Kimin əlində imkan varsa, özünü piar
edirsə, oxucu da onu tanıyır. Mətnlərin
bədii səviyyəsinin burda heç bir önəmi yoxur.
- Qonorar məsələsi ilə
bağlı düşüncələrin...
- Qonorar az verilir. Bunu təkcə mən
demirəm. Eyni sualı kimə versəniz,
bu cavabı alacaqsınız. Normal qonorar
vermək üçün azad ədəbi, mədəni
qurumlar və ya qəzetlər, jurnallar, saytlar olmalıdır.
Hələ ki mənə uzaq görünür
bu məsələnin həlli.
- Kitab satışı ilə məşğul
olan müəlliflərin bu işdə ümidlərini nə
ilə müqayisə etmək olar?
- Sənət
ümiddir. Təbiidir. Mən
mənfi nə iləsə müqayisə edib bu ümidə
ironiya eləmək istəmirəm. Müsbət
şeylə də müqayisə eləmək olmur. Bax belə.
- Ümumiyyətlə,
yazıçı kitabını özü satmalıdır,
ya bu işi görməli olan qurumlar?
- Təbii ki, kitabı kitab mağazaları
satmalıdır. Bu sistemə qurum deyib işi qəlizləşdirməyək.
Məsələ çox sadədir. Gürcüstanda, Ermənistanda bu işi
çözüblər. Nəşriyyat və
kitab sistemi qurum dediyiniz yerlərdən dəstək alsa,
özləri reysə düşəcək. Banklarla,
QHT-lərlə, dərnəklərlə iş birliyi olsa,
heç bir nəşriyyat maddi çətinlik çəkməz
və öz müəlliflərini brendə çevirər.
- Tez-tez "gənc yazarlar" ifadəsi
işlədilir. Həm də bu ifadə ilə yanaşı
istedad, intellekt, zəhmət kimi anlayışlara da rast gəlmək
olar. Necə düşünürsən, istedad, intellekt, zəhmət
anlayışları bir yazıçı, şair
üçün hansı funksiyanı yerinə yetirir?
- Şair üçün xüsusi intellektin və zəhmətin
vacib olduğunu düşünmürəm. Yazıçı
üçün isə sadaladığınız üç
məfhumun üçü də lazımdır. Roman, hekayə yazmaq haqqında yüzlərlə
kitab var. Mən onları təkrarlamaq istəmirəm. Bu üçü ayrı-ayrılıqda heç
bir funksiyanı yerinə yetirə bilməz. Bir yazıçı həm ruhən, həm əqli,
həm də fiziki yorulmalıdır ki, yaxşı əsər
ortaya çıxsın.
- Yazmaq ya oxumaq? İlk
başlanğıcda...
-
Başlanğıcda oxuya-oxuya yazmaq, sonra yaza-yaza oxumaq.
- Ədəbiyyatda fəlsəfə,
psixologiya, sosiologiya olan mövzularda yazılan əsərlərə
münasibət birmənalı deyil. Səncə, mətnin xalis çəkisini
müəyyən edən amillər nələrdi?
- İndi belə bir meyar yoxdur. Ədəbiyyatın
içində istənilən mövzunu işləmək
olar. Təki yaxşı və sanballı
mətn olsun. Bütün əsərlər
fəlsəfi və psixolojidir, istisnasız. Sosiologiyaya qalanda isə yaşadığımız
coğrafiya, yaşadığımız həyat tərzi
imkan verir ki, sosial çəkili əsərlərə birmənalı
münasibət bəsləməyənlərə qeyri-səmimi
baxım. Sən indi hansı fərdi
yazırsansa yaz, onun mütləq sosial-ictimai problemləri var.
Yazıçı bu problemləri görməzdən gələ
bilməz. Mətnin xalis çəkisini isə
onun üslubu müəyyən edir.
- Etqar Keretin hekayələrində
olan mövzu və süjet xətləri müasir
dövrün hekayə mənzərəsini dəyişir. Lakin bizdə vəziyyət başqa
cürdü. Yəni hekayənin mövzusu və
süjet xətti hələ də ənənəvi
haldadı... Bu haqda nə düşünürsən?
-
Keretvarı hekayələri Orxan Həsəni, Məlik Rza
işləyib. Çağdaş, ən yeni nəsrimizdə
müasir konturlar, məncə, görünür. Ənənəvi süjet xətti ilə
yazanları da qınamaq olmaz. Bayaq "kruq
ədəbiyyatı"dan danışırdıq. Bax o kruqlar bu kimi mövzular ətrafında yaransa,
yaxşıdır.
- Bu gün Azərbaycan ədəbiyyatında
ədəbi prosesləri necə müşahidə edirsən?
Gözləntilərin və gözləmədiyin məqamlar...
- Ciddi bir
tənəzzül yaşayır sənət camiəmiz. Hərəkətə gətirən mexanizmin dişləri
paslanıb. Mən on səkkiz ay hərbi
xidmətdə oldum. Gəldim
gördüm, dəyişən heç nə yoxdur. Pandemiya, müharibə, sosial rifahın olmaması
buna təsir edir. Mən ümidli adamam.
Yaxşı olacağına inanıram. Məsələn, son vaxtlar kinoda yaxşı canlanma
var. Kino agentlikləri açılıb, aktyor-aktrisa atelyeləri
var, kino saytları, səhifələri aktivdir, mənim də
qoşulduğum iki ssenari müsabiqəsi elan olunub. Yəni heç olmasa, camiənin özü nəsə
eləməyə çalışır.
- Ədəbi tənqidin
rolunu necə qiymətləndirsən?
- Məncə,
ədəbi tənqid olmasa, bizim elədiyimiz bu söhbət
öz mahiyyətini itirər. Proses birbaşa həm də tənqidçilərlə
bağlıdır.
Söhbətləşdi: Tural
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.7.