Ağ saqqallı şir
Tonino QUERRA (1920-2012) görkəmli
italyan şairi, nasiri, ssenaristi və kinorejissorudur
Peretti ailəsinə məxsus kiçik sirk öz
çadırını kəndin kənarında qursa da, hələlik
tamaşalar göstərməyə başlamamışdı. Artistlər
kimi, yırtıcı heyvanlar da hədsiz dərəcədə
ac idilər, bir də ki, bu kənddə tamaşalardan
yığılacaq pulun mövcud sıxıntılı vəziyyəti
düzəldəcəyinə hər hansı ümid bəslənmirdi.
Sirkin rəhbəri və sahibi sinyor Peretti təkcə
İtaliyada yox, Avstriyada da tanınan bir minici idi və yerli
merdən borc pul qopartmaq məqsədilə hər gün bələdiyyənin
qapısını kəsdirirdi. Mümkün
çıxış yolunu tapmaqdan ötrü təkcə o
yox, bütün sirk artistləri vurnuxur, bu
müşkülü çözmək üçün
baş sındırırdılar. Bu
xüsusla bağlı təmkinini heç pozmayan birisi
vardısa, o da saqqalı rahib saqqalına bənzəyən
ahıl şir idi.
Qəfəsində
dayanıb, yorğun baxışlarını qəfəsin
barmaqlığı arasından kənd üzərində
asılıb duran buluda dikirdi o. Artıq bir il
idi ki, gözlərini günlərcə naməlum bir nöqtəyə
zilləyib dururdu; belədə heyvan həm az yorulurdu, həm
də beyninə hər cür zəhlətökən fikirlər
dolmurdu. Onun qıvraq və əzəmətli
bir yırtıcı sayıldığı əyyamlar
artıq uzaq keçmişlərdə qalmışdı.
Çılğın samuray nərəsi
çəkməklə, dörd yanan halqanın içindən
hoppanıb keçməkdən ibarət məşhur nömrəsini
də o, vaxtilə Belqrad şəhərində ikən
göstərmişdi. O vaxt öz təlimçisi olan
türkün əlini dartıb qopartdığı
üçün bütün qəzetlər bu şirə
ayrıca məqalələr həsr eləmişdilər. Daha
əvvəl, bu əhvalatdan bir neçə il
öncə isə o, caynaqları ilə sirk göstəricisini
cırmaqlamış, tamaşalar əsnasında bu şiri
közərmiş dəmir çubuqlarla döyən ilk təlimçisinin
onurğa sütununa isə ciddi xəsarət yetirmişdi.
Bu
qocalıq deyilən şey onun başının
üstünü qəflətən kəsdirdi, indi onun
nümayiş etdirəcəyi yeganə nömrə - bu
yırtıcının hələ də qorxunc bir varlıq
olduğunu tamaşaçılara göstərməkdən
ötrü sinyor Perettinin öz qırmancını diksindirici
bir şaqqıltıyla yerə çırpdığı
zaman onun böyrünə düşüb, üzüyola halda
ora-bura var-gəl eləməkdən ibarət idi.
Ancaq bir dəfə
qoca şir arxa pəncələri üstə yatıb
qaldı və tamaşaçıların fit səsləri
altında sinyor Peretti naəlac qalıb, şiri yerdən
qaldırmağa məcbur oldu. Həmin vaxtdan bəri bu şir
səhnəyə heç çıxmadı və indi onun
rolu tamaşadan öncəki mərhələ ilə
yekunlaşırdı: bir neçə lirə
qarşılığı giriş bileti alan
uşaqlar onun bəmbəyaz saqqalının sinyor Peretti tərəfindən
daranmasına tamaşa eləməyə bayılırdılar
və həmin saqqalı bunca uzatmaq da elə müdirin
ideyası idi. Elə bu səbəbdən
şir bütün günü qarşısındakı
hansısa uzaq nöqtəyə gözlərini zilləyərək,
hərəkətsiz durar, öz balaca pərəstişkarlarının
gəlişini intizarla gözləyərdi. Ətrafında nələrin olub-bitdiyi ilə əsla
maraqlanmazdı. Gözlərinin
önündəki tək mənzərə - hündür və
qupquru otların bitdiyi, doğma Keniya savannası idi;
özünü isə o, hələ də güllə kimi
qaçaraq, antilopları qovan canısulu bir şir cildində
görürdü.
Buna görə də sirkin fəaliyyətinin
dayanması, sirk artistlərinin isə buradan baş
götürüb getmələri onun diqqətini heç
çəkməmişdi. Qənnadı fabriki direktorunun onlara
iş yeri tapmaq barədəki vədinə inanan yuqoslav əsilli
iki balerina bilet alıb, qatarla Paduya şəhərinə yola
düzəlmişdi. Atını yel kimi
çapan və qarşısına çıxan lövhədə
qılıncıyla ürək formasında dəlik açan
şərqli süvari isə, eynilə orta əsr cəngavərləri
kimi, öz atının belinə minməklə,
çox-çox uzaqlara üz tutmuşdu.
Özünü
çinli kimi qələmə verən, əslində isə
heç Hind-çinli də olmayan, Neapol şəhərində
böyümüş iki jonqlyor isə Milana
yollanmışdı; daha öncə onlar həmin şəhərdəki
bir restoranın sahibinə sübut edibmişlər ki, yana
açdıqları əllərində, burunlarının
üstündə və çəkmələrinin ucunda
içi yeməklə dolu ən azı on üç
nimçə saxlaya bilirlər. Su ilə dolu
vedrəyə baş vurmağı bacaran akrobat isə sinyor
Perettinin öz taxta mücrüsündə
saxladığı sonuncu qəpik-quruşu da oğurlayıb,
aradan çıxmışdı. Xəstəxanada
işə düzələn klounlar oranın rəhbərlərini
inandırmışdılar ki, sağalmaz xəstəliklərə
düçar olan pasiyentləri onlar məhz güldürərək...
öldürəcəklər. Sirkin liliputu
da çəkisi iki sentner olan bir kinoteatr sahibəsi ilə evlənmişdi.
Yaxşı, bəs buradakı heyvanların taleyi necə
olacaqdı? Fili, dəvəni və bir cüt atı sinyor Peretti
Romadakı zooparka vermiş, meymunları isə şose ilə
qonşu Bolonya şəhərinə yola düzələn səyyar
"Orfey" sirkinə hədiyyə eləmişdi. Sinyora Peretti və şahmat oynamağı bacaran erkək
pişik isə karabinerlərin komandiri çavuşun evində
özünə daimi sığınacaq tapdı. Dal ayaqları üstə durmağı bacaran və
tamaşaçıların alqışlarına uca qəhqəhələrlə
qarşılıq verən bir cüt iti əslən
sardiniyalı bir çoban özüylə alıb apardı.
Aydın məsələdir, sirkdə bircə
taxtabitilərə sinyor Peretti söz keçirə bilmirdi, elə
buna görə də onlar səfil itlərin xəzində və
sirk tamaşalarına baxmağa, həm də buradan öz
bağçalarındakı çiçəklər
üçün peyin aparmağa gələn avaragor insanların
üstündə özlərinə məskən tapdılar.
Bu cür minlərlə taxtabiti bizim rahib
saqqallı şirin də xəzinə daraşdı. Ancaq bu durum heç kəsi zərrəcə narahat
eləmirdi.
Şiri pulsuz-pənəsiz zooparklara təklif edən
sinyor Perettinin uzun-uzadı telefon danışıqları da hədər
olub getdi. O,
bununla bağlı xeyli köhnə tanışının
yaşadığı Marsel şəhəriylə əlaqə
saxladı. Yenə bir şey
çıxmadı. Metal əşyaları, cihazları,
mismar və vintləri sinyor Peretti çəki hesabından
yerli təsərrüfat mağazalarına, taxta dirəkləri
və çadırı isə tikintidə işləyən
bir iş icraçısına satdı. Bu
satışlardan əldə olunan pul və bələdiyyənin
ayırdığı vəsait üst-üstə
yığılmış borcların böyük qismini
ödəməyə yetdi. Öz nazənin
xanımı və artıq qılınc udma nömrələrində
püxtələşən qızı ilə vaxtilə sirk
çadırının qurulduğu ərazidə dolaşarkən
sinyor Peretti artıq samanlı-tozlu havanı təlaş
içində öz ciyərlərinə çəkmirdi.
Pəncərələrdən boylanan uşaqlar
o çəmənlikdə qalan yeganə, toza
bulaşmış və qismən Ayı xatırladan bəmbəyaz
ləkəni qüssə ilə süzürdülər.
Geriyə
bircə o ağ saqqallı şir
üçün uyğun bir yer tapmaq qalırdı. Uşaq bağçasında özünə
qarovulçu işi tapan sinyor Peretti Byankavalla şəhərinə
getməzdən öncə bir neçə könüllü
insanın köməyi ilə şirin saxlandığı qəfəsi
çayın sahilinə qədər çəkib gətirdi
və qapını açdı ki, bəlkə şir gedib
özünə yem tapa. Beləcə,
şir də azadlığa çıxdı, ancaq indi də
heyvancığaz bilmirdi ki, haraya üz tutsun. Onun ön dişləri artıq laxlayırdı,
köpək dişləri də düşmək
üçün elə bircə himə bənd idi.
İki
gün sürən axtarışlar nəticəsində o, bir
toyuq və bir dovşan yaxalayıb, qarnını doyurdu:
bunların onun cənginə keçməsinin isə tək səbəbi
o idi ki, hər iki heyvanın diqqəti qoca şirin ağappaq
saqqalına cəmlənmişdi və onlar bu məxluqu yerli əhalidən
yardım toplayan rahibə bənzətmişdilər.
Sonra o, rastına çıxan ilk təpəyə
dırmaşmağa başladı. Artıq
yaşayış evlərindən və səs-küyçü
insanlardan çox-çox uzaqda idi. Bir qədər
sonra fərqinə vardı ki, arxasınca bir sürü qoyun
gəlir. Onların sayı-hesabı yox idi və
hamısı da özünü elə aparırdı ki, guya ot qırpışdırırlar, halbuki əsl
niyyətləri şirə qəfil hücum çəkmək
idi. Təpənin bütün ətəklərinə
yayılan qoyun sürüsü artıq şiri mühasirəyə
aldı. Canına vahimə
düşdü. Təpənin ən
yüksək zirvəsinə qalxaraq, özünə tərəf
gələn qoyunlara göz qoyunca, onu dəhşət hissi
bürüdü. Odur ki, kolluqda gizlənmək
fikrinə düşdü. Orada oturub, nəfəsini
içinə qısdı - axı sinədolusu nəfəs
alsaydı, qoyunlar həmin dəqiqə onun qoxusunu
alardılar.
Əvvəlcə qulağına bir səs dəydi, sanki
bu səs yerin dərin qatlarından gəlirdi. Ancaq bu,
böyük bir qoyun sürüsünün ayaqlarından qopan
səs idi və təpəni xəfif də olsa, lərzəyə
gətirirdi. Sonra şir öz ətrafında
qəribə bir şaqqıltı eşitdi. Həmin an anladı ki, qoyunlar onun arasında gizləndiyi
kolun yarpaqlarına daraşıblar. Budaqların
yarpaqları get-gedə azaldığından şirin
başı və gövdəsi daha aşkar şəkildə
seçilib-görünməyə başlamışdı, həm
də aclıqdan mələşən qoyunlar
başlarını artıq ona sarı uzadırdılar.
O dəm canına çökən qorxu necə böyük
oldusa, qoca şirin gözlərindəki dünya
işığı sönməyə başladı: beləcə,
o, sonsuz və ulduzsuz bir gecəyə qərq oldu.
Tonino QUERRA
Tərcümə: Azad Yaşar
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.6.