Ömrün ləzzəti
Tofiq Mirzəyev
- aktyor, rejissor, musiqiçi. Hərçənd
ki, bu sözləri axırdan əvvələ də
sıralamaq olardı. O, musiqiçi kimi başlayıb,
sonra rejissor kimi çalışıb, ardınca filmlərə
çəkilib.
Tofiqin musiqi qabiliyyəti erkən yaşlarında üzə
çıxmışdı. Müharibə illərində
o, anası, qardaşı və bacısı ilə cəbhəyə
getmiş atasının doğma yurdu Gədəbəydə
yaşamalı olarkən 12-13 yaşında klarnet sinfində
musiqi təhsili almışdı. Öncə Bakıda,
sonra Moskvada tanınmağa başlamışdı. Mükəmməl klarnet ifaçısı olmağı
mayestro Niyazinin diqqətini çəkdiyi üçün onu
Dövlət Simfonik Orkestrinə dəvət etmiş və
Tofiq görkəmli musiqiçinin rəhbərliyi altında,
orkestrin tərkibində Azərbaycan və dünya simfonik
musiqilərini ifa etmişdir. Burada rus və
avropa bəstəkarlarının klassik musiqiləri, həmçinin,
Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin də əsərləri
səslənərdi. Klassik musiqidən söz
düşmüşkən, Tofiq lap gənc yaşlarından
cazla da maraqlanmışdır.
O, cazla
ötəri maraqlanmamış, hətta görkəmli Azərbaycan
cazmenləri Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov,
Vaqif Mustafazadə, Tofiq Şabanovla birlikdə caz musiqiləri
ifa etmişdir.
Özünün
çox maraqlı xatirələrində Tofiq təmsil etdiyi nəslin
caza həvəsi barədə yazır:
"Məhz
50-ci illərdə bizi - müharibədən sonrakı yeniyetmələri
"Günəşli vadinin serenadası", "Dinki
Cazın Corcu" ram etmişdi, Bakı küçələrində
ispan, italyan, fransız nəğmələri
səslənirdi. O zaman biz ilk dəfə radio xəbərləri
eşidirdik. Lakin bu xəbərlərin səsi
çıxmasın deyə radioların
"ağzını" qorxudan bərk-bərk bağlamışdılar.
Bizim gənc qulaqlarımız hardan olsa bu səsi
dartıb çıxarır, Tanjer vasitəsilə
bütün dünyaya yayınlanan "Amerikanın səsi"
proqramını izləyə bilirdi. Yeri gəlmişkən, görkəmli
caz musiqiçisi Pərviz Rüstəmbəyov Bakıda yeganə
adam idi ki, müharibə vaxtı öz
radiosunu təhvil verməmişdi. Onun evində inqilabaqədərki
palıd rəf vardı ki, o, radiosunu həmin rəfin
içində gizlədərək gecələr caza qulaq
asırdı…
Biz - cazla
məşğul olanlar caza qoyulan "Bu gün caz ifa edirsən,
sabah vətəni satacaqsan" qadağasına baxmayaraq risk
etməkdən çəkinmirdik. Ancaq ehtiyatı da əldən
vermirdik, öz dəstəmizə özgə adam
buraxmamağa çalışırdıq".
Tofiq yazır ki, risk və ehtiyatlılıq bir önəm
daşımırdı. Pərviz Rüstəmbəyov əslində
repressiya olunmuşdu. Cazsevərlərin
dostluq kompaniyasına bir çekist qoşmuşdular. Onun peşəsi barədə Tofiq 30 ildən sonra
bilmişdi. 80-ci illərdə Moskvada
artıq DTK-nın polkovniki rütbəsində Tofiqlə
görüşəndə o, etiraf etmişdi ki, mən sizlərdən
heç kimi satmadım, ancaq özüm də caz vurğununa
çevrildim və indi caz musiqisinin zəngin kolleksiyasına
malikəm.
Tofiq Mirzəyevin
xatirələrində ədəbi həyatla da bağlı məxsusi
düşüncələr var. Tofiq yazır:
"Sovet məkanında belə bir anlayış var -
altmışıncılar. Bu həmin
dövrdür ki, gənclərin böyük hissəsi irəli
atıldı və onları dayandırmaq mümkün
olmadı. Ancaq, onların da sələfi olan və az adamların tanıdığı,
haqqında heç nə danışılmayan əllincilər
də vardı. Bəli,
altmışıncılar öz adlarını doğrultdular,
çünki bu, sadəcə təqvim zamanı deyil, həyatın
formulası və obrazı idi. Ancaq
onları hazırlayanlar məhz əllincilər - mənim nəsildaşlarım
olan müharibədən sonrakı gənclər idi".
Artıq
vaxt gəldi, caza qadağa əvəzinə onun
inkişafına rəvac verildi, caz estetikası ruhunda estrada kollektivləri yarandı. Belə
kollektivlərdən biri "Qaya" vokal kvarteti oldu.
Tofiq
Teymur Mirzəyevin, Lıv Yelizavetskinin, Arif Hacıyevin, Rauf
Babayevin tərkibində olduğu vokal kvartetin bir növ
xaç atası oldu. Kvartetin bədii rəhbəri
Tofiqin kiçik qardaşı Teymur olsa da baş məsləhətçi,
onların televiziya çəkilişini hazırlayan rejissor
yenə də Tofiq idi.
Müslüm Maqomayevlə "Qaya" kvartetinin Sovetlər
Birliyinin müxtəlif şəhərlərinə qastrol səfərlərini
təşkil edən Tofiq hətta "Qaya" kvarteti ilə
Afrikaya da səfər etdi. Qastrol zamanı o, ciyər xəstəliyinə
tutuldu və klarnetlə vidalaşmalı oldu. Ancaq Tofiq
musiqidən ayrılmaq istəmədi, Azərbaycan
Konservatoriyasının nəzəriyyə fakültəsinə
daxil olmaq istədi və bu məqsədlə rektor Cövdət
Hacıyevin yanına getdi. Onun xahişini eşidən
Cövdət Hacıyev sakral bir fraza işlətdi:
- Orfey cəhənnəmə
enir?
Tələbə yaşında olmadan belə çətin
fakültədə oxumağı Cövdət Hacıyev mifik
Orfeylə muqayisə etdi. Tofiq özünü
taleyin ixtiyarına buraxan adamlardan olmadığına görə
öz taleyini özü həll etmək qərarına gələrək
çıxış yolunu musiqidən ayrılmamaq
üçün musiqili filmlər çəkən rejissor
işində tapdı.
Yenə də Moskva, yenə də təhsil illəri,
ancaq bu dəfə rejissor kurslarında. Bakıya qayıdanda
televiziyada işlədi, portret filmlər çəkdi, bəstəkar
Fikrət Əmirov, dirijor Nazim Rzayev, müğənni Rəşid
Behbudov və Müslüm Maqomayev, müğənni Fidan və
Xuraman Qasımova haqqında verilişlər hazırladı. Tofiq ilk dəfə İncəsənət Muzeyinin
zalında kamera orkestrinin simfonik musiqi konsertini çəkdi.
Belə verilişlərdən birinə baxıb
bəyənən Rəsul Rza zəng vuraraq Tofiqi təbrik
etmişdi. Tofiq həmişə bunu minnətdarlıqla
xatırlayır.
Kinematoqraf Hollivud aktyorlarının zahiri
gözəlliyinə malik belə bir kişinin yanından təbii
ki, laqeyd keçə bilməzdi, baxmayaraq ki, ona bu diqqət
müəyyən qədər gecikmişdi. İlk
dəfə Tofiqi Maqsud İbrahimbəyovun ssenarisi əsasında
"Uşaqlığın son gecəsi" filminə Arif
Babayev çəkib. Tofiq danışırdı ki, bədii
şurada filmə ilk baxış zamanı necə həyəcanlanmışdı.
Onu studiyanın direktoru, sənətdə
heç bir güzəştə getməyən Adil İskəndərov
çağırır.
"Hə,
indi deyəcək ki, get öz işinlə məşğul
ol, səndən aktyor olmaz" - düşünür Tofiq.
Adil İskəndərov isə bircə fraza işlədir: sən
çəkiləcəksən.
Bundan
sonra Tofiq Mirzəyev 35 filmə çəkilir, həm də təkcə
"Azərbaycanfilm" kinostudiyasında yox, Devjenko adına "Mosfilm" studiyasında da.
"Mosfilm"də o, çoxseriyalı
"Cinahsız cəbhə" filminə məşhur rus
aktyoru Vyaçeslav Tixinovla birgə çəkilib.
Bu filmdə
o, memar dostu Rasim Əliyevin atası akademik Həsən Əliyevin
- müharibə
iştirakçısı, döyüşçü - zabitin
obrazını yaradıb. Bakıda onu Arif
Babayevdən sonra Həsən Seyidbəyli, Rasim Ocaqov, Tofiq
İsmayılov da çəkiblər. Tofiqin
möhtəşəm rolu mənim Üzeyir Hacıbəyov
haqqında çəkdiyim filmdə də alınıb.
Artıq
zamanıdır deyim ki, biz Tofiqlə təkcə dost, kino sahəsində
kolleqa deyil, həm də qohumuq. Tofiq mənim həyat
yoldaşım Zemfiranın böyük bacısı Elmira Səfərovanın
əridir.
Uzun illər
biz nəfəs-nəfəsə yaşamış, həmişə
ya bizdə, ya da Elmira və Tofiqin evində, Səfərovların
Mərdəkandakı bağ evində
görüşmüş, dəfələrlə Azərbaycanın
müxtəlif bölgələrinə - Şəkiyə,
Şuşaya, Gəncəyə səfər etmişik. Qışda, qarlı Göygöl sahilində Tofiqlə
ocaq qalayıb kabab bişirmək istəmişik. Axırda meşəbəyinin köməyindən
yararlanmışıq.
Tofiqlə
"Üzeyir Hacıbəyov. Uzun ömrün
akkordları" filmində işləmək asan və
xoş idi. Musiqiçi kimi o, filmin musiqi
qatını dərindən hiss edirdi, rejissor kimi onun
qarşısında hansısa bir məsələni qoymağa
ehtiyac qalmırdı. O, necə lazımdırsa elə də
oynayırdı.
Tofiq ünsiyyətdə çox maraqlı adamdır. O, zəngin hadisələrlə
dolu həyatından, müxtəlif insanlarla
görüşündən saatlarla danışmaqdan doymur. Xatırlayıram ki, bizim evdə bir dəfə
gündüz saat ikidən gecə saat ikiyə qədər
söhbətləşmişdik, daha çox danışan da
Tofiq olmuşdu. Mən həmişə ona
deyirdim ki, xatirələrini yaz. Deyəsən
son vaxtlar buna əməl edərək Gədəbəydə,
bir neçə ildən sonra Bakıda keçirdiyi
uşaqlıq dövrünün xatirələrini yazır.
Bu xatirələrdən parçaları mən dərc
etdirdim. Tofiq mənə həmin xatirələrin əlyazmasını
dərc etdirməyə yox, oxumağa vermişdi. Ancaq, onları oxuyanda məndə maraq doğurdu və
"Mir literaturı" qəzetinə təqdim etdim. Tofiq Mirzəyevin xatirələri bu qəzetin iki
sayında dərc olundu.
Tofiqə Qara Qarayev və Fikrət Əmirov, Niyazi və
Tofiq Quliyev dərin hörmətlə yanaşırdılar. O, həm öz
yaşıdları, həm də özündən kiçik
yaşda olan Nazim Rzayevlə, Çingiz Sadıxovla, Kamal
Manaflı ilə, Rasim Babayevlə, Tahir Salahovla, Toğrul Nərimanbəyovla,
Cahangir Əfəndiyevlə, Rasim Əliyevlə, Rufik Şərifovla,
Adil Muxtarovla, Fuad Seyidzadə ilə, Arif Məlikovla, Xəyyam
Mirzəzadə ilə, Yusif Səmədoğlu ilə,
Ağabəy Sultanovla, Rüstəm İbrahimbəyovla, Vaqif Səmədoğlu
ilə, Müslüm Maqomayevlə, Fərhad Xəlilovla, Polad
Bülbüloğlu ilə, Fərhad Bədəlbəyli ilə,
Rafiq Hüseynovla və adlarının çəkilməsi
bütöv bir səhifəni tutacaq digər insanlarla dostluq
edirdi.
Tofiq əslində şəhər uşağı idi,
ancaq onun kəndlə bağlı bilgiləri də heyrətamiz
idi. Gədəbəydəki uşaqlıq xatirələri
yaddaşından silinməmişdi. Yeri gəlmişkən,
bir neçə il əvvəl Tofiqin və
qardaşı Teymurun xahişi ilə Gədəbəyə
getmişdik. Sən demə orada atasının
birinci nikahından olan bacısı yaşayırmış.
Biz onların atası İbrahim Mirzəyevin məzarını
ziyarət etdik. Məni heyrətləndirən
bu idi ki, belə tipik kənd qadınının bu şəhərli
oğlanın bacısı olmağına inanmaq olmurdu.
Tofiq öz həyatında çox çətinliklər
yaşamışdı. Ən ağırı ondan ötrü həyat
yoldaşının ölümü oldu. Tofiqin
Elmira xanıma məhəbbəti bütün
varlığına hakim kəsilmişdi.
Arvadının ölümündən sonra Tofiq
İsrailə köçdü. Lakin, Tofiqi həmişə
Bakıya - doğulduğu şəhərə işi, məhəbbəti,
dostları çəkir. O, mənə
danışırdı ki, İsraildə bir turizm agentliyi, ya
da aviokompaniya var. Hansısa ölkəyə getmək
üçün öncədən orada qeydiyyatdan keçsə
də son məqamda Bakıya uçmaq qərarına gəlib.
Növbəti dəfə xaricə səfərini qeydə
aldıranda, məsələn, Fransaya, tanış
əməkdaş ona bildirib ki, ən yaxşısı dərhal
Bakıya bilet sifariş verin, axı siz onsuz da axırda ora
uçursunuz.
Və o, haqlı imiş.
Tofiqin Bakıya hər gəlişi bir bayramdır. Onun özü və
dostları - Rüstəm İbrahimbəyov, Rafiq Hüseynov,
Adil Muxtarov, Rasim Əliyev, Fərhad Xəlilov və Fərhad
Bədəlbəyli üçün bayramdır. Elə mənim üçün də. Mən də bu ünsiyyət bayramlarında
iştirak edir, həyatsevər, doğma şəhərinə,
dostlarına bağlı cavan ruhlu həmkarıma baxıb fərəhlənirəm.
Bu bir nümunədir. Demək bu yaşda da
cavan ruhla qalmaq, dostluğu, sevgini, ünsiyyəti saxlamaq və
var olmağına sevinmək mümkündür.
Bir sözlə - ömrün ləzzətini itirməyəsən.
29 avqust 2011,
Zuğulba
ANAR
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.2-3.