“Xosrov və Şirin”in yeni
tərcümədə
nəşri ədəbi
ictimaiyyətə təqdim olundu
Dövlət
Tərcümə Mərkəzinin yeni nəşri – “Nizami Gəncəvi
ili” münasibətilə dahi Azərbaycan şairinin “Xosrov və
Şirin” poemasının yeni filoloji tərcüməsi Milli
Kitabxanada ictimaiyyətə təqdim olundu.
M.F.Axundov
adına Milli Kitabxananın direktoru, prof. Kərim Tahirovun
moderatorluğu ilə keçirilən tədbirdə prof. Bədirxan
Əhmədli, prof. Cavanşir Yusifli, AMEA-nın Nizami adına
Ədəbiyyat İnstitutunun əməkdaşları f.e.d. Zəhra
Allahverdiyeva, f.e.d. Təhminə Bədəlova, “Ədəbiyyat
qəzeti”nin redaktoru Azər Turan, Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi, eləcə də ictimaiyyət
və media nümayəndələri iştirak edirdi.
Prof.
Kərim Tahirov Azərbaycan ədəbiyyatının
dünyada, dünya ədəbiyyatının isə Azərbaycanda
tanıdılması, eləcə də mədəni irsimiz
haqqında bilgilərin həm ölkəmizdə, həm də
Azərbaycanın hüdudlarından kənarda daha çox
oxucu kütləsini əhatə etməsi ilə bağlı
Dövlət Tərcümə Mərkəzində
görülən işlərin əhəmiyyətini
vurğuladı. O,
“Xosrov və Şirin” əsərinin yeni tərcüməsi ilə tanış
olduğunu bildirərək
bu nəşri son illərdə TM-in həyata
keçirdiyi ən uğurlu layihələrdən
biri kimi qiymətləndirdi. Bildirdi ki,
ölkəmizdə Nizamişünaslığın
inkişafı, böyük
şairin əsərlərinin
günümüzün tələbləri
səviyyəsində şərhi
və öyrənilməsi
baxımından bu tərcümə mətni
əvəzsiz vəsait
kimi gözdən keçirilə bilər.
Natiq ölməz Nizaminin digər əsərlərinin
də filoloji tərcüməsinin vacibliyini
vurğuladı, qeyd etdi ki, bu
təşəbbüsün dəstəklənməsi, ümumilikdə,
Azərbaycanda filoloji fikrin təkamülünə
əhəmiyyətli töhfə
olardı.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı,
filologiya elmləri doktoru, nizamişünas-alim
Zəhra Allahverdiyeva “Xosrov
və Şirin” poemasının filoloji tərcüməsi və nəşrini olduqca əhəmiyyətli təşəbbüs
kimi qiymətləndirdi.
O, yüksək poetik dillə tərcümə
olunmuş əsərdə
Nizami obrazlarının,
süjet və fabula peripetiyalarının
orijinalın ruhunu ifadə edən tərzdə verildiyinə
diqqət çəkdi.
Əsəri sonacan oxuduğunu,
tərcümə əsərinin
bəzi yeni çalarlarla yadda qaldığını söylədi.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əməkdaşı,
filologiya elmləri doktoru, nizamişünas-alim
Təhminə Bədəlova
bildirdi ki, “Xosrov və Şirin” poemasının filoloji tərcüməsi
ədəbi hadisə
kimi qiymətləndirilə
bilər. O, müxtəlif
tərcümə tipləri
arasındakı fərqli
məqamlara diqqət çəkərək klassik
mətnlərin filoloji
tərcüməsinin çətin,
ağır proses olduğunu vurğuladı.
AMEA əməkdaşları orijinaldakı dini anlayışların, tarixi
kontekstin və realilərin verilməsi, onların ifadə tərzləri haqqında öz qeydlərini və mülahizələrini
də bölüşdülər.
Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar
Fəhmi Tərcümə
Mərkəzinin bütün
kollektivini bu uğurlu işə görə təbrik etdi. Bildirdi ki, Nizami kimi bir dahinin
əsərini tərcümə
etməyə girişmək
və bunun öhdəsindən layiqincə
gəlmək asan məsələ deyil.
O, klassik ədəbiyyatın
tərcüməsinin spesifikası
barədə öz fikirlərini bölüşdü,
tərcümə mətnindəki
ayrı-ayrı məqamlara
diqqət çəkərək
əsrlər öncə
yazılsa da, bütün zamanlar üçün müasir
və aktual əhəmiyyət kəsb
edən əsərin maraqla mütaliə edilməsini əngəlləyən
xüsusların zaman-zaman
yenidən gözdən
keçirilməsinə ehtiyac
duyulduğunu dedi.
“Ədəbiyyat
qəzeti”nin baş redaktoru, f.e.d. Azər Turan bu kitabın işıq üzü görməsini “Nizami Gəncəvi ili”
çərçivəsində həyata keçirilən
ən uğurlu layihələrdən biri kimi dəyərləndirdi.
Bildirdi ki, “Xosrov və
Şirin”in filoloji tərcüməsinin uğurla
tamamlanması Azərbaycan
ədəbi-mədəni mühitində
mühüm hadisədir.
O qeyd etdi ki, tərcüməçi
tərcümə etdiyi
müəllifin yaşadığı
dövrü, həmin
dövrün ədəbi-mədəni
mühitini və ifadə tərzlərini dərindən bilməlidir.
Bu məqam tərcümədə
qabarıq hiss olunur. Azər Turan əsərin tərcüməsinin Etimad
Başkeçidə həvalə
olunmasını, ümumilikdə,
layihənin uğurunu
şərtləndirən amillərdən
olduğunu qeyd etdi.
Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli öz çıxışında
tərcümə mətnlərinin
vaxtaşırı yenilənməsinin
vacibliyinə diqqət
çəkdi. Bildirdi ki, bu kitab Azərbaycanın müstəqillik dövründə
Nizami Gəncəvinin
əsərinin ilk filoloji
tərcüməsidir. “Xosrov və Şirin” poemasının filoloji tərcüməsini
Azərbaycan ədəbi-mədəni
həyatında mühüm
hadisə kimi
qiymətləndirən natiq
qeyd etdi ki, sakral mətnlərin,
klassik əsərlərin
tərcüməsi ölkədə
tərcümə məktəbinin
formalaşması, bu
tip əsərlərin tərcüməsi
praktikasının zənginləşməsi
prosesinə də əhəmiyyətli töhfədir.
Filologiya
elmləri doktoru, professor Cavanşir Yusifli tərcüməçilərin
əməyini yüksək
qiymətləndirdiyini, “Xosrov
və Şirin” kimi mürəkkəb bir poemanın filoloji tərcüməsinin
olduqca məsuliyyətli
və ağır iş olduğunu bildirdi. “Tərcümə
mətnindən də
aydın görünür
ki, bu işi
həyata keçirənlər
Nizami Gəncəvinin
bu şah əsərini bütün
xırdalıqlarına, təfərrüatlarına
qədər duya, ən əsası isə dərk edə biliblər” – o qeyd etdi.
Sonda Etimad Başkeçid səsləndirilən
fikirlərlə bağlı
öz mülahizələrini
dilə gətirdi və çıxışçılara,
bütün tədbir
iştirakçılarına öz təşəkkürünü
bildirdi.
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.5.