“Milli qurtuluş. Zəfər yolu” tədbiri
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluş. Zəfər yolu” adlı tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Məclisin deputatları Jalə Əliyeva, Əziz Ələkbərov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, BDU-nun müəllimi Fəxriyyə İsayeva, politoloq Elşad Həsənov, kitabxana əməkdaşları və digər qonaqlar iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov qonaqları salamlayaraq, müstəqil Azərbaycan Respublikasının müqəddəratında dönüş nöqtəsi kimi səciyyələndirilən Qurtuluş Gününün ölkəmizin, dövlətimizin tarixində tutduğu müstəsna əhəmiyyətdən danışaraq deyib: “Müasir, müstəqil, azad Azərbaycan dövlətinin banisi, qurucusu və memarı, bütün həyat və varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi, böyük dövlət xadimi, Azərbaycanın müasir, çağdaş tarixi ilə əbədiləşən əvəzsiz şəxsiyyət, müasir və müstəqil Azərbaycan dövləti əsərinin müəllifi ulu öndər, ümummilli liderdir”.
O, ulu öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən, Heydər Əliyev dühasına nəinki ölkəmizdə, beynəlxalq miqyasda verilən diqqətdən danışaraq, müxtəlif dünya liderlərinin Heydər Əliyev haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının xilaskarı adlandıraraq, onun hakimiyyətə qayıdışını böyük bir xalqın qurtuluşu olduğunu, məhz onun sayəsində Azərbaycan Respublikasının dünya xəritəsindən silinmək təhlükəsindən qurtulduğunu qeyd etdi. Bu cür tədbirlərin kitabxanalarda təşkilinin əhəmiyyətini qeyd edərək, vətəndaş olaraq şahidi olduğumuz tarixi gerçəklikləri yetişməkdə olan gənc nəslə təbliğ etməli olduğumuzu söyləyib.
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Heydər Əliyev şəxsiyyətinin çox böyük bir tədqiqatın mövzusu olduğunu bildirərək Ulu Öndərin öz təcrübəsi, rəhbərlik bacarığı, diplomatik xüsusiyyətləri ilə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün bir örnək olduğunu söyləyib.
AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Heydər Əliyevi öz xalqının, dövlətinin tarixini dərindən bilən, əsl tarixçi xüsusiyyətlərinə malik, daim xalqının gələcəyini düşünən uzaqgörən siyasətçi, dahi şəxsiyyət adlandırıb.
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxışına Heydər Əliyevin “Mənim şəxsiyyət kimi formalaşmağımda kitabların çox böyük əhəmiyyəti olmuşdur” sözləri ilə başlayaraq, bəşəriyyətin ən böyük kəşfinin kitablar, əlyazmalar, kitabxanalar olduğunu söyləyib. Ulu Öndərin mədəniyyət sahəsinə, ədəbiyyata, Ana dilinə olan müstəsna qayğısından danışıb.
Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərov tarixə nəzər salaraq ulu öndər Heydər Əliyevin necə ağır bir dövrdə hakimiyyətə qayıtmasından söhbət açıb. O dövrlərdə respublikada yaşanan daxili və xarici hərc-mərclik fonunda, qeyri-sabit şəraitdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış, qardaş qırğınının qarşısını almış ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafının təməlini qoymasından danışıb. Məhz Ulu Öndərin Azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin verilməsinə nail olduğunu bildirib.
“Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan ümummilli lider Heydər Əliyevin Azərbaycanın şair və yazıçılarına göstərdiyi diqqətdən, qayğıdan söhbət açaraq Hüseyn Cavidin qəbrini Naxçıvana gətirməklə, Vaqifin məqbərəsini isə Şuşada ucaltmaqla Azərbaycanın “daş pasportlarını” ölkəmizin iki mühüm bölgələrinə sancdığını vurğulayıb. Azər Turan Ümummilli Liderin Hüseyn Cavidin qızı Turan Cavidlə olan və indiyə kimi bəlkə də heç bir yerdə səsləndirilməyən xatirələrini danışaraq dahi Heydər Əliyevin Hüseyn Cavidin xatirəsinə necə həssaslıqla, ehtiram və diqqətlə yanaşdığını dilə gətirib.
Tədbirdə iştirak edən filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli, BDU-nun müəllimi Fəxriyyə İsayeva, politoloq Elşad Həsənov ulu öndər Heydər Əliyevin dahi siyasətçiyə, əsl liderə malik xüsusiyyətlərindən, elmə, jurnalistikaya olan diqqət və qayğısından bəhs ediblər.
Tədbirin sonunda Heydər Əliyevin Azərbaycan xalqına miras qoyub getdiyi idarəçilik, dövlətçilik ənənələrinin bu gün Azərbaycanda öz müdrik siyasəti ilə şanlı Zəfər tarixinin müəllifi olan, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bir daha vurğulanıb.
Ədəbiyyat qəzeti.- 2022.- 18
iyun.- S.3.