Nigar Rəfibəyli - şair taleyi  

 

Milli ədəbiyyatımızın görkəmli qadın şairlərindən Nigar Rəfibəyli bədii irsinin ideya-məzmun tutumu, təkrarsız poetik üslubu ilə seçilmiş, yarıməsrlik mənalı yaradıcılıq ömrü yaşamışdır. Onun şeirləri zərif, həssas təbiətli lirik "mən"inin yüksək mənəvi-əxlaqi keyfiyyətlərinə, bədii-estetik özəlliklərinə görə cəlbedicidir. Mövcud bəşər cəmiyyətinin aktual problemlərindən fərdin məişət qayğılarınadək müxtəlif mövzulu lirik nümunələrində xalqının ictimai-siyasi gerçəkliyi ilə öz şəxsi taleyini vəhdətdə görən ziyalı bir azərbaycanlı qadının duyğu və düşüncələri bu bədii irsi yaşadan, əbədiləşdirən başlıca əlamətdir.

İyirminci illərin sonunda Bakı ədəbi-ictimai mühitində inqilabi dəyişikliklərlə əlaqədar böyük bir canlanma var idi. Dövri mətbuatda yeni ədəbiyyatın ideya-məzmunu, qadının hüquqları, yeni quruculuq işləri müzakirə olunur, yeni ədəbi cərəyanlar, yeni şeirin vəzni, janrları barədə qızğın mübahisələr gedirdi.  Cəmiyyət həyatına çox tez inteqrasiya edən  gənc Nigar Azərbaycan qadınının sosial-mənəvi azadlığa, təhsilə, əməyə qovuşması məsələlərinə xüsusi maraq göstərirdi. Onun 1928-ci ildə Tiflisdə nəşr edilən "Dan ulduzu" jurnalında dərc olunmuş "Çadra",  "Əminə" adlı ilk şeirləri də məhz bu mövzuya həsr edilmişdi. Zamanın aktual mövzularından olan qadın taleyi, qadın hüquqsuzluğu və keçmişi tənqid onun şeirlərinin əsas tematikası idi. "Səriyyənin xatirəsi", "Qadın", "Sarışın baxışlı" və s. şeirlərində Azərbaycan qadınının inqilabdan əvvəlki taleyindən tutqun, kədərli lövhələr canlandırmaqla qız-gəlinləri mənəvi əsarətdən qurtulmağa, onlar üçün geniş imkanlar yaradılan yeni ictimai həyatda fəallıq göstərməyə səsləyirdi.

Cəmiyyətdə sosialist quruculuğu və mədəni inqilab hərəkatının xüsusi fəallığı dövründə bədii yaradıcılıqda ictimai-siyasi həyatın tələbləri ilə ayaqlaşmaq zərurəti meydana çıxmışdı. Sənətin ənənəvi qanunlarını kənarlaşdırıb, yeni quruluşun dinamikasına uyğun yeni bədii vasitələr yaradılması tələb edilirdi. Təbiətən cəsarətli, novatorluğa meyilli olduğu üçün Nigar ədəbi mühitdəki qızğın mübahisələrə laqeyd qalmayıb, yeni forma axtarışlarında iştirak edir, yeni ideya-məzmunları yeni poetik biçimdə vermək üçün təcrübələr aparırdı. Gənc şair poeziyanın qəlibləşmiş forma əlamətlərindən istifadə ilə yanaşı, müasir insanın duyğu və düşüncələrini tərənnüm edən yeni bədii ifadə vasitələri, yeni şəkillər yaratmağa təşəbbüslər edir, sərbəst vəzndə də şeirlər yazırdı:

 

Gəl, ey qadın!

gəl, ey yarınkı sinifsiz cəmiyyətin

mübariz günlərini

əllərinlə quracaq

insan ordusu.

Qoşul bu yola,

səfərbərlik var,

səfərbərlik var...

                  "Çağırış"

 

II Dünya müharibəsi illərində N.Rəfibəylinin yaradıcılığı ölkənin bütün mədəni ictimaiyyətilə birlikdə yeni bir istiqamət aldı. Onun bu ağrı-acılı sınaq dövründə yazdığı şeirlərdə vətənpərvər, mübariz, həssas mövqeyi real hadisələr, təsirli lirik süjetlərlə təcəssüm olunurdu. "Get, sevgilim, uğur olsun", "Qafqaz", "Yenilməzdir ana vətən", "Vətən qızları" və s. şeirlər xalqın ölüm-dirim döyüşlərindən yaddaşlara həkk olunan həyəcanlı səhifələr idi. Bu şeirlərin silsiləvari ideya-məzmunu ölkədə yaşanan faciəvi bir zamanın süjet pillələrindən ibarətdir. "Get, sevgilim, uğur olsun" şeirində şair düşmən hücumuna məruz qalan ölkənin müdafiəsinə qalxan oğullara xeyir-dua verərək dərin inamla bildirirdi: "Mərd igidlər, sona qızlar bəsləyən el Faşist quldur önündə diz çökən deyil". "Qafqaz" şeirində isə o, tarix boyu "azad, məğrur yaşamış" babaların övladlarının bu gün "hər qarış torpaq üçün, hər coşqun bulaq üçün, hər dərə, hər dağ üçün" fədakarlıqla vuruşmalarından qürrələnirdi: "Siz ey şahinlər nəsli, yuvanıza göz dikən/Süngünüzlə əzilsin, tapdalansın, xar olsun"!

Şairin müharibə dövrü yaradıcılığında sədaqətli, qayğılı qadın qəlbinin həyəcan və düşüncələrinə geniş yer verilmişdir. "Xərabədə bitən çiçək", "Uzaqda", "Dənizdə bir qız çimirdi" kimi şeirlərində həssas, zərif duyğular vətənpərvərlik, mübarizlik ruhu ilə vəhdətdə qələmə alınmış, düşmənə qarşı döyüşən mərd ana və qızlar həm də kövrək təbiətləri ilə canlandırılmışlar. Şair uğurlu poetik vasitələr işlədərək düşmən bombardmanları nəticəsində dağıdılmış evi və onun xarabalığında günəşə boylanan gözəl bir çiçəyi; üstünün tozunu, çirkini dənizdə yuyub təmizləyən döyüşçü qız ilə üstü təmiz, ürəyi "tozlu, çirkli olanları" qarşılaşdırmış, təsirli lövhələr yaratmışdır.

"Qəhrəmanın ölümü" (1942) şeirində şair folklor elementlərindən  bacarıqla istifadə edərək heca vəzninin qısa 7-lik, 8-lik bölgüləri və ənənəvi bayati qafiyə üsulundan faydalanmaqla ideya-məzmuna uyğun ana yurdun dilindən yanıqlı bir şeir ahəngi yaratmışdır: "...Əziz oğlum, xilaskarım,/Zəncirləndi arzularım./ Düşdüm yağı əllərinə,/Talandı dövlətim, varım./Qurtar məni, qurtar məni,/Ağ günlərə çıxar məni,/Ayaqladı murdar məni"!

Eləcə də "Vətən qızları" (1943) lirik parçasında şair "südü təmiz mərd analar"ın tarix boyu hər cür imtahandan alnıaçıq çıxdıqlarını böyük qürurla tərənnüm edirdi. Yeri gələndə "vətən üçün aslan kimi vuruşan", "dənizlərdə qızıl matros, cəbhələrdə gənc komandir", "kəndlərə elm aparan müəllim", həkim, traktorçu, maşinist, hətta təyyarəçi olan el qızları daim azğın düşmənə qalib gələn igid oğullara dayaq olmuşlar. Şeirin nikbin, mübariz, ruhu müharibə zamanı ağır məhrumiyyətlər içində yaşayan arxa cəbhədəkilərə güclü mənəvi təsir göstərirdi. Hər ağrı-acıya sinə gərən analar dözümlü olduqları qədər də fədakardırlar:

 

Üç oğlunu yola saldın,

            heç gözlərin yaşarmadı,

Ana qəlbin kövrəldisə,

            ağlamağı bacarmadı.

...Ey müqəddəs ana,

            sənin nə qəhrəman xislətin var,

Sən də nişan üzüyünü

            çıxararaq barmağından

Verdin Vətən üçün bu gün, dedin:

            - Zəlil olsun düşmən.

 

 Müharibədən sonra da şair imperialist dövlətlərinin qəsbkarlıq məqsədlərinə yeri gəldikcə kəskin münasibətini qələmə alır, hər cür təcavüzə, zorakılığa öz etirazını bildirirdi. Belə ki, "Sərkərdə və qırmızı papaq qız haqqında ballada" şeirində uzun əsrlər boyu nisbətən kiçik, zəif ölkələrdə işğalçılıq niyyətilə fəlakətlər törədənlərin məşum aqibəti ilə xeyirxah, nəcib qəlbli insanların uğurlu taleyi iki təzadlı bədii xarakterin timsalında qarşı-qarşıya gətirilirdi. Bu bəşəri problemə şairin humanist baxışı şeirdə maraqlı bir süjet xətti formalaşdırırdı: zahirən ikisi də adicə, insan övladı olan: "başında üçbucaqlı papaq", əlində "yalın qılınc sərkərdə" və başında qırmızı papaq, "əlində həsir zənbil" balaca qızın yer üzünə səfəri birincinin mənəvi məğlubiyyəti, ikincinin isə "könülləri məhəbbətlə fəth" etməsi ilə sonuclanır. Şeir ideya-məzmununa görə Füzulinin "Padişahi-mülk dinari-dirəm rüşvət verib" qitəsi ilə səsləşsə də, poetik həlli baxımından tamamilə müasir mündəricəli olub, N.Rəfibəyli üslubunun məhsulu idi.

Əllinci illərdə sülh uğrunda mübarizə bədii yaradıcılıqda geniş işlənən mövzulardan idi. Demək olar ki, hər bir şair bu aktual mövzuda öz fərdi düşüncələri və bədii üslubunun özəllikləri ilə şeirlər dərc etdirir, "Dünyaya nur saçsın sülhün bayrağı" (Novruz Gəncəli), "Xalqım... Yer üzündə sülhün hər an keşiyində dayanacaq" (Zeynal Cabbarzadə), "Mən sülhə səs verirəm milyonlardan biri tək" (Hüseyn Hüseynzadə) - deyə yüksək pafosla sülhü tərənnüm edirdilər. Üç övlad böyüdən N.Rəfibəyli də demək olar ki, əksər şeirlərində adi insan taleyinə, onun dinc, xoşbəxt həyatına təhlükə törədə biləcək bütün qüvvələrə qarşı etiraz səsini qaldırır, "Cavan nəsillərin bəxtinə bir də Fəlakət sözünü yazan olmasın" deyə anaları birləşməyə, mübarizə aparmağa çağırırdı. O da insanların sülh uğrunda, qansız-qadasız gələcək uğrunda ayıq-sayıq səfərbərliyini bəşərin ən zəruri vəzifəsi kimi vurğulayırdı. Şair milli müstəqillik uğrunda fədakarlıqla vuruşan millətlərin - ispan, yunan, ərəb fədailərinin qəhrəmanlığını, qəsbkarların yağdırdığı fəlakət nişanəsi - "barıt-bomba buludları"na günəşli açıq səmanı, nəğmə sədalı, güllü-çiçəkli təbiəti qarşı qoyur, bütün insanları xoşbəxt gələcəyə səsləyirdi:

Humanist şair ana-qadın həssaslığı ilə yer üzündə əzilən xalqların mübarizəsinə havadar çıxır, daha çox sərvət naminə işğal etdikləri ölkələri talan edən zalım qəsbkarları qəzəblə damğalayırdı. Qəhrəman əlcəzairli fədai Cəmiləyə həsr olunan əsərlər içərisində N.Rəfibəylinin "Cəmilə" şeiri poetik obrazlılığı, emosional lirik ahəngi etibarilə başqalarından fərqlənirdi. İctimai-siyasi məzmunlu, sərt döyüş ruhlu bu şeir poetik təsvir və emosional ifadə tərzinə görə zəngin bir simfonik əsər təsiri bağışlayırdı. Şair vətən istiqlaliyyəti uğrunda mübarizə aparan ərəb vətənpərvərini "Ömrün baharındasan, iyirmi iki yaşın var, Min arzuyla yaşayır iyirmi iki yaşlılar" - deyə əzizləyərək, onu qəddar düşmənin olmazın zülmləri qarşısında qranit kimi dəyanətli obrazını yaradır. Əsər boyu təzadlı məcazlar vasitəsilə "ömrün baharını" yaşayan bu iyirmi iki yaşlı ərəb gözəlinə  - həm də mətin döyüşçüyə məhəbbət, onun düşmənlərinə isə sonsuz nifrət ifadə olunurdu.

 

Əsir görmək, qul görmək

istəmirsən vətəni,

Bu "təqsirin" ucundan

öldürəcəklər səni...

Vətəndə qul olmaq

çətindir, Cəmilə...

Haqq yolunda mübarizə

şüarıyla çıxdın yola,

Ərəb qızı, bu əzmində

sənə min-min uğur ola!..

 

Beynəlxalq mövzuda yazılmış "Səkkiz, on beş", "Amerika töhfələri", "Dolores İbarruri" və b. şeirlərində də şair dünya imperialist qəsbkarlarının mədəni insan adına yaraşmayan hərəkətlərini, "elmin müdhiş ixtirası"nın - atom bombasının bircə anda darmadağın etdiyi minlərlə "isti ocaqları", körpə və qocaların zəlil olmuş taleyini təsirli poetik ifadələr, dərin kədərlə təsvir edirdi: "Bir an içində iki yüz min insanın yerində, Quru bir kül qaldı ancaq". Yer üzündə bütün sülhsevər xalqların bu kütləvi qırğın silahına qarşı etirazlarını bildirmək üçün hər il həmin anda - "Səkkiz on beşdə birləşib... matəm sükutu yaratmaları bəşərin həyat eşqinin ifadəsi kimi tərənnüm olunurdu. Yaxud "mədəni, insansevər bir ölkə" olan Amerikanın Koreyada törətdiyi cinayətləri şair yenə poetik üslubuna xas təzadlı lövhələrlə canlandırır və işğalçıların alçaq niyyətlərini həssas ana qəlbinin hərarətli etirazı ilə, nifrətlə lənətləyirdi:

 

Əlvan, qəşəng, yaraşıqlı

Oyuncaqlar ağır-ağır enir yerə,

"Hədiyyədir" amerikalı ağalardan

Koreyalı körpələrə.

Aman, körpə,

İnanma sən yankilərin hiyləsinə!

Badamgözlüm, yaxın durma

Sən onların "töhfəsinə".

 

Xalqların qeyri-bərabər ictimai-siyasi vəziyyəti, istismar dünyasındakı ədalətsizlik şairin "Səyahət şeirləri" silsiləsində daha qabarıqdır. N.Rəfibəyli kapitalizm ölkələrində mövcud olan iki zidd həyat tərzini qarşılaşdırır və belə bir vəziyyətin bəşərin mövcud elmi-mədəni tərəqqi reallıqları ilə bir araya sığmadığına bir daha diqqəti cəlb edirdi. Ədalətsizlik, qanunsuzluq hökm sürən kapital dünyasında insanlıq simasını itirən bir qrup istismarçının hədsiz firavan güzəranı zəhmətkeş insanların əzab-əziyyətli həyat tərzinə qarşı qoyulurdu.

N.Rəfibəylinin lirik "mən"i nəcib, zərif təbiətli ziyalı bir qadındır. Məzmununda ana ürəyinin həyəcanı, duyğu-düşüncələri inikas olunan şeirlər öz insansevərliyi ilə fikri-hissi təsirləndirir, sirayət edirdi. Şairin humanist görüşləri bir sıra lirik şeirlərin təkrarsız poetik ahənginə xüsusi bir emosionallıq, kövrəklik gətirirdi: "Mən tanıdığım və tanımadığım/Ayrılıq dağına dözə bilmirəm.../ Yar-yoldaşdan aralanmış, /  Adı-sanı qaralanmış/dözə bilmirəm".

N.Rəfibəyli lirikasının başlıca qayə və mövzusu zamanın bir sıra ictimai problemləri ilə səsləşsə də şair dövrün poeziyası üçün səciyyəvi olan ritorik pafoslu, təntənəli tərənnüm üsulundan fərqli olaraq şeirlərinin bədii-emosional toxumasını qadın baxışı və duyumunun ilmələri ilə incələmiş, ana ürəyinin hərarəti ilə isindirmişdir. Mövcud ictimai həyatdakı reallıqlara, hətta ümumdünya gerçəkliklərinə özünün daxili aləmindən, yaxud son dərəcə adi, prozaik görünən mətbəx pəncərəsindən boylanır, ilk baxışda o qədər də mənalı görünməyən bir bədii faktdan bəşər problemlərinə yol aça bilirdi. "İnsan balaları" şeirində bu poetik uçuş şairin ədəbi yaddaşından başlanırdı. Bədii ədəbiyyatda əbədi həyata vəsiqə alan 3 körpə insan balasının hər birini öz "tanıtım nişanı" ilə xatirdə canlandırır: "İlan çalmış kiçik Xanımın Şümşad bədənindən zəhəri sordun... Qara torpaq üstünə düşüb öldün, Qaraca qız"; nökərlik etdiyi evdə əzab-əziyyətə dözə bilməyən balaca oğlanın babasına yazdığı məktubu: "Baba can, bu əziyyətlərə dözə bilməz heç insan, Sonra qatlayır kağızı, Əyiş-üyüş hərfləri düzür yan-yana: "Bu kağız çatacaq kənddə babama". Bir də "Küçələrdə, meydanlarda, Barrikadalar yaranır... Balaca bir oğlan İnqilab qəhrəmanlarına silah daşıyır, güllə daşıyır...". Uşaq nəsri qəhrəmanları Qaraca qızın, kənddəki babasına ünvansız məktub yazan balaca oğlanın və Paris küçələrinin səfil Qavroşunun acınacaqlı talelərini yaddaşa gətirən şairin məqsədi var. Bu gün belə, "çörəyə, işığa möhtacdır dünyadakı balaların əksəriyyəti" deyə şair iç yanğıları ilə dünya ictimaiyyətinə təsir etməyə çalışırdı.

 

Balaca balalar,

İnsanların balaları!

Yer üzünün bütün nemətlərini

Sizə paylaya bileydim...

Zamanın əliylə sizə, yer üzündəki

bütün insan balalarına

Əbədi səadət fərmanı yazdıra bileydim.

 

N.Rəfibəylinin Azərbaycan Xalq şairi Rəsul Rza ilə yarım əsrə yaxın bir müddətdə xoşbəxt ailə həyatı yaşaması və üç gözəl övlad böyüdüb tərbiyə etməsi poeziyasının ideya-məzmun məcrasında geniş yer tuturdu. Onun yaradıcılığında bu uzunömürlü böyük məhəbbətin ilk könül titrəyişindən başlamış ("Yuxunu qaçıran mənəmsə əgər, Niyə məndən qaçırsan!") dalğa-dalğa hər cür hiss çaları ("Bir gün səni görməyəndə", "Sevgi", "Gözlərin ürəyimin içinə baxırdı", "Neyləyim", "Doymadım" və s.) özünəməxsus zərif bir poetik biçimdə şeirləşmişdir. Şairin:

 

Ömrümüzü bulaq suyu kimi saf,

Ayna kimi ləkəsiz yaşadıq...

kimi duyğuları:

Bir son bahar da düşdü

Ömrümün təqvimindən.

Nə sənə məhəbbətim,

həsrətim azaldı

 

- misralarındakı səmimiyyəti artırır, bu saf bir məhəbbətlə bağlı ünsiyyətə dərin rəğbət oyadırdı. Azərbaycanlı qadının sədaqətli, fədakarlıq, qayğıkeşlik kimi mənəvi-əxlaqi cizgiləri qarşılıqlı sevgi etirafları ilə daha mənalanırdı. Rəsul Rzanın bütün yaradıcılığı boyu "qonur gözlü" Nigarına yazdığı "Görmədim", "Sən varsan", "Sevgilim", "Təbəssümün", "Sorğu", "Sənsiz", "İnan ki" və s. və i.a. şeirlərdəki "Gözlərinə baxmasam, Göz nəyimə gərəkdir", Adını çəkməz olsam Dil nəyimə gərəkdir, Söz nəyimə gərəkdir... Otuz il əvvəl də beləydi, indi də elədir, sevgilim" kimi  etirafları xalqın sevimli nəğmələri kimi dillər əzbəri olmuşdur.

N.Rəfibəylinin "Ana məhəbbəti", "Dözə bilmirəm", "Şair taleyi", "Oğlumdan ayrılan gecə", "Qızıma", "Layla", "Ana səsi" və b. gözəl şeirləri bilavasitə analıq hisslərinin lirik təcəssümüdür. Sübhədək beşik arxasında layla deyib körpəsini əzizləyən ana şeirdən şeirə, analıq dünyasının ən təsirli anlarını poetik gündəliyinə həkk edir. Bunlar konkret məqamda yaşanan fərdi hisslər, həyəcanlar olsa da, öz mənalılığı, dolğun məzmunu ilə bəşər insanına doğma yaşantılardır. Anaların övlad böyütməkdə müqəddəs, xeyirxah niyyətləri, arzuları bu şeirdə "insanların yolunu işıqlandıran" mayaka bənzədilir, ana - "son bahara", "qüruba", övladlar - səhərə, "ilk baharda ətir saçan gözəl-gözəl çiçəklərə" təşbeh edilir. Şairin: "Mən analıq duyğusunu/Qul etmədim şan-şöhrətə,/Ən müqəddəs hisslərimi/Bağladım bu məhəbbətə...", - kimi könül söhbəti sonralar görkəmli Xalq yazıçısı olan oğlu Anarın aşağıdakı etirafı ilə övlad təsdiqini tapacaqdır: "Atamın yazdığı hər şeir, mənim yazdığım hər hekayə anamın yazmadığı bir şeir və ya hekayədir".

Təsadüfi deyil ki, qibtəolunası xoşbəxt bir ailə yuvasının xanımı N.Rəfibəylinin "Yazı stolum", "Qələm", "Sevgilim görüş istəyir", "Şair taleyi" və s. şeirlərinin bədii toxumasında zərif bir kədər motivi də yer almışdı. "Üzərinə sarı xəzan yarpaqları tökülən /Soyuq bir xiyabana bənzəyir stolum", - poetik təsvirindəki xəfif kədərin səbəbi aydın idi. Anar etiraf edirdi ki, "Anam yaza biləcəklərinin yüzdə birini də yaza bilmədi. Ailə borcu, analıq vəzifəsi, böyük evin qayğıları onun yaradıcılığına mane olurdu. Biz hamımız onun vaxtını talayırdıq..., onu yazı masasından ayırırdıq, hisslərini, duyğularını, fikirlərini pərən-pərən edirdik..., öz-özüylə tək qalmasına imkan vermirdik". Onun iç dünyasındakı ziddiyyətli düşüncələr dalğası "Mətbəx şeirləri" silsiləsində son dərəcə məzmunlu ifadə olunurdu. Konfliktin bir tərəfində "bütün günü yu, sil, bişir-düşür... Biri şit sevir, biri şor sevir, birinin yeməyi yağsız gərək, birinin xörəyi soğansız..." kimi adi, prozaik qadın qayğıları; digər tərəfdə isə "Səhəri dəniz qırağında qayaların üstündə açardım... Həzin-həzin, gilə-gilə nəğmələr qoşardım..." kimi lirik-romantik arzular, istəklər dururdu. Böyük səmimiyyət, həyat qədər adi  təbiilik nümunəsi olan bu şeirdə geniş mənada yaradıcı insanın məruz qaldığı məişət məngənəsi ilə sonsuz fəzalı sənətkar dünyası qarşılaşdırılırdı.

N.Rəfibəyli poeziyasındakı həzin qüssə "Mən bir azca da şairəm axı" misrasında Cakondasayağı hisslər və duyğular qammasında inikas olunurdu. Onun şeirlərinin ahəngindəki mehriban bir xanım öz  doğmasına, əzizinə müraciət üsulu, bir nəvazişkarlıq, istiqanlılıq intonasiyanın sirayətçiliyini daha da artırırdı. Yalnız ona xas olan bu səsdə həlimlik, qayğı, nəvaziş, fərəhlə yanaşı, bəzən də çiçək ləçəyi, pərvanə qanadı qədər zərif, kövrək bir umsuntu, bir istək dil açırdı. "Mən yuxuda durna oluram gecələr, Çırpıb qanadlarımı yerdən üzülürəm", yaxud "Məni bu yuxudan oyatmasınlar", "Yuxuda qərənfillərimi görürəm, yığıb solan çiçəklərimi, ümid çələngi hörürəm" və s. kimi poetik nüanslar da onun lirik həyəcanının səciyyəvi notları idi.

N.Rəfibəylinin özünəməxsus bədii üslubu onun təbiətlə ünsiyyəti prosesindən yaranan şeirlərdə də qabarıqdır. Xüsusilə dənizə, bahara, çiçəklərə vurğunluq bir çox şeirlərin ideya-məzmununa çevrilməklə yanaşı, onun metaforik ifadələrini, məcaz və təşbehlərini, emosional ahəng çalarını da müəyyənləşdirmişdi. Əksər şairlərin yaradıcılığında geniş işlənən "dəniz" obrazı N.Rəfibəylinin fərdi poetik dəst-xəttini özündə əks etdirən təbiət obyektlərindən idi. Şeirlərin adlarından artıq şairin üslubi əlamətləri özünü hiss etdirirdi: "Qayıqçı, məni də apar dənizə", "Məni dənizim gözləyir", "Dənizin səsi gəlir", "Dostumla baş-başayam", "Dənizdə batan günəş" və həmçinin əksər şeirlərində "dəniz" obrazının orijinal təsvirlərinə sıx-sıx rast gəlinirdi.

Nigar Rəfibəylinin yaradıcılığında uşaqlar üçün yazılmış əsərlər də az deyildir. "Balaca qəhrəman" (1942), "Günəşin cavabı" (1966), "Məstanın balaları" (1968), "Bizə bahar yaraşır" (1978) və s. kitablarında uşaq dünyası üçün səciyyəvi və maraqlı olan əhvalatlardan, təbiət hadisələri, mənzərələri və predmetlərindən sadə, səmimi bir tərzdə mülayim bir ahənglə söhbət açılır. O, xalq ədəbiyyatının yığcam şeir növlərindən, bir sıra poetik xüsusiyyətlərindən yaradıcılıqla bəhrələnməklə çox ritmik, uşaq təfəkkürünə anlamlı, məqsədə uyarlı səciyyəvi nümunələr yaradırdı. 7-8 hecalı misralarda sözlərin əksəriyyəti səs tərkibicə bir-birinə həmahəng, oynaq ritmli qafiyələrdən ibarət olduğu üçün ilk oxunuşdan yaddaşa otururdu. Xüsusilə təbiətin dörd fəslinin çox yığcam, səciyyəvi xarakteristikası verilən "Günəşin cavabı" şeiri uşaq poeziyasının ən uğurlu örnəklərindəndir: "Mən baharam, mən yazam,/Şux nəğməli bir sazam./Məndə açar gül-çiçək,/Əlvan rəngli kəpənək/Qanad çalar sinəmdə,/Hər nə desən, var məndə".

Ədəbi fəaliyyətinin ilk dövründən tərcümə sahəsinə xüsusi marağı olan şair uzun illər bir çox dünya ədəbiyyatı incilərini Azərbaycan dilinə çevirmişdir. Onun Məhsəti Gəncəvi, Xaqani Şirvani, Ömər Xəyyam, Ə.Nəvai, A.Puşkin, Y.Lermontov, A.Axmatova, A.Dante, A.Mitskeviç, Ş.Petefi, R.Bernsdən tərcümə etdiyi lirik şeirlər və Evripidin "İfigeniya", Şillerin "Məkr və məhəbbət", A.Çexovun "Albalı bağı" pyesləri, V.Hüqonun "93-cü il", E.L.Voyniçin "Ovod" romanları doğma dildə də yüksək sənətkarlıq nümunələri kimi qəbul edilmişdir.

N.Rəfibəylinin poetik irsi təkrarsız bədii üslubu, yüksək mənəvi-əxlaqi özəlliyi, insansevərlik və nəciblik kimi keyfiyyətləri ilə milli poeziyamızda xüsusi yeri və mövqeyi olan bir yaradıcılıqdır. Onun şeirlərində ululardan bəri nəsilbənəsil milli nəcabətlilik, öz ailə ocağının istisini yarıməsr qoruyaraq daha cilalanmış ənənələrlə öz övladlarına ötürən bir azərbaycanlı xanımın obrazı canlanır. Klassik poeziyanın qadın şairlərindən fərqli olaraq onun poetik dünyası təkcə mənsub olduğu cəmiyyətə, xalqına deyil, bəşər insanı üçün də açıq və dəyərlidir.

 

Safurə QULİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.2-3.