Qum adası
Hekayə
Köhnə vaxtlardakı kimi Səməd Vurğun bağında görüşdülər,
- heykəlin qabağında. Yusifin iliydi,
Hövsana qəbir üstünə getməliydilər.
Beş il
universiteti bir oxumuşdular, filologiyada. Dördü bir otaqda qalmışdı.
Sonra həyat hərəsini bir tərəfə atdı.
- Bəlkə taksiylə gedək? - Aralarında nisbətən yaxşı
geyinəni dedi.
- Taksini neynirsən? Avtobus düz yanına gedir, - boz dekabr ayına
uyğun gəlməyən
yüngül ağ kepkada olan dedi.
Üçüncü də nəsə demək istəyirdi, "Hövsan
bir manat", Hövsana bir manat" - deyib müştəri çağıran
sürücü başlarının
üstünü aldı:
"Bir nəfərim
var, ağsaqqal, siz də oturun,
çıxaq".
Arxada oturdular. Maşın
yerindən tərpənən
kimi meyxana səsi salonu başına götürdü:
"Adam var ki, küləylə dostluq eliyir, başqa arzu-diləylə dostluq eliyir...". "Səs mane olmur ki, ağsaqqal?" -
müştərisini yığıb kefi kökələn sürücünün
gözləri güzgüdə
gülürdü. Qabaqda oturan
gənc sərnişin
də qanrılıb onlara baxdı. Ortadakı başıyla
"kefinizdə olun"
işarəsi verdi. Sonra qolu ilə yanındakını
tərpətdi: "Gərək
gül də alaydıq...". "Oralarda olmamış olmaz" - güclə eşidiləcək səslə
yanındakı dedi.
"Qəbiristanlığın içində var" - üçüncü dedi,
söhbəti necəsə
qulağı çalan
sürücü maqnitafonun
səsini tamam aldı: "Narahat olmayın e, ağsaqqal, sizi düz qəbiristanlığın
qapısına aparacam".
Qəbiristanlığın girişində gül satılırdı...
Yusifin qəbrini
çətinliklə tapdılar. Tələbəlik vaxtı atasının dəfnində iştirak etsələr də, keçən illər qəbiristanlığı xeyli
dəyişmişdi. "Səndən heç gözləməzdim, - başdaşıdan
sakit-sakit baxan Yusifi görəndə ağ kepkalı ağlamsındı. - Burda
sənin nə işin var?".
Susdular... İçlərinin ən yaraşıqlısı,
dilli-dilavəri Yusif idi. Şəhərdə
qızlarla tanış
olmaq istəyəndə
həmişə onu qabağa verərdilər;
şirin dili ilanı yuvasından çıxarardı. İndi lal
daşdan baxır.
Həyatın heçliyindən,
etibarsızlığından hərə bir söz dedi, başlarıyla bir-birlərinin
sözünü təsdiqlədilər.
Bir az
aralıda, qəbirlərin
arasında molla var-gəl eləyirdi, dodaqaltı özləri pis-yaxşı fatihə oxudular, salavat çevirdilər.
Hava soyuq idi. Şəhərə qayıdıb hərəyə
yaxşı bir cızbız yemək olardı. Köhnə vaxtlardakı kimi.
Amma hardaydı indi o cızbız. O vaxtkı
Lenin sarayından düşəndə,
sol tərəfdə əla
bir "cızbıznaya"
vardı, "padvalda",
bax, əsl cızbızı orda verirdilər. Manat yarıma. Bığından
nur daman, otuz-otuz beş yaşlarında bakılı
oğlan idi cızbızçı, kəfkiri
sacın dərin yerindən vurardı, - sac
da sac idi ha; yalan olmasın, burdan ora! - qalaqlama...
- Əh, indi orda
Hindistan yeməkləri
verirlər, - ağ kepkalı həvəssiz dedi.
- Hövsanda yaxşı xəngəl yeri bilirəm, - üçüncü
dedi.
Asfalta qədər
xeyli piyada getməliydilər. Bir az getmiş,
döngədə balaca
ərzaq dükanı
var idi, yanında da kafefason bir yer.
- Gəlin elə burda oturaq, - nisbətən yaxşı
geyinən dedi, - yaxşı da adı var.
Arağı dükandan götürdülər.
İçəri od kimiydi. Zalın ortasında gurhagur
"ceyran peçi"
yanırdı. Pəncərənin
yanındakı masada dörd cavan oğlan şirin-şirin yeyib içirdi. İstiyə yaxın əyləşdilər.
Boydan kəsik, bədəndən dolu kişi yaxınlaşdı:
- Əntiğə küftə-bozbaşım
var, - dedi, - təzə bişib, məsləhətdü.
- Gətür, - dedilər.
Küftə-bozbaş doğrudan da əlaydı; hər şeyi yerli-yerində. İlk qədəhi səssiz içdilər: "Yusifin
yoxluğuna". Sonra iş-güclərindən
danışdılar. Hərə
öz sahəsindən
narazı idi... Biri filologiya üzrə gedib alim olmuşdu: Dilçi. O biri zooparkda işləyirdi: Filçi. (Filə-filana
baxmırdı, yox, kassir idi, amma
zooparkda). Biri isə
Məişət Tullantıları
Parkında texnik işləyirdi. Gör
hardan hara! Filçi, Dilçi, Zibilçi - öz aralarında özlərinə
qəribə adlar qoymuşdular. Həm zarafatla, həm də elə acığa! Yaxşı-pis tələbəlik illəri bir yerdə keçmişdi.
Gələcəyə ümidləri
böyük idi! Sovet dağıldı, ümid
getdi öz işinə. Diplom heç
kimə lazım olmadı. Kim harda iş tapdı, orda da işlədi...
Biri az içdi:
arada qədəhi dodağına vurub yerə qoydu.
Biri, belə: "Qaraciyər icazə vermir".
Biri yaxşı
içdi. Yaxşı içən çox
da danışdı.
Amma sonra onun da
söhbəti elə bil maraqsız oldu; aradakı illər təkcə yollarını deyil, baxışlarını da
dəyişmişdi. Bir-birlərinə baxıb gülümsündülər
ki, niyə danışmağa sözləri
yoxdu.
Pəncərənin yanında yeyib-içən dörd cavan qızğın
"dost" söhbətinə girişmişdi. Biri təxminən belə deyirdi: "Əsl dost bilirsən kimdi?! Əsl dost odu ki, bax, tutaq
ki, ayağın sürüşür, hündürmərtəbəli
binanın başından
düşürsən... O anda...
yerə çırpılanacan...
göydə... yadına
ilk düşən kimdisə,
bil ki, dostun
odu...". Biri hamı deyəni deyirdi: "Yaxşı dost pis gündə tanınar, pis gündə...". Biri asan
şeyi çətin
deyirdi: "Əsl
dost... əsl dost qardaşdan
irəlidi, bilirsən?.. Qardaşdan irəlidi...". Biri isə öz
aləmində dostluğun
ən dolğun izahını verirdi: "Sənin əsl dostun bilirsən kimdi?! Bilmək istəyirsən?! Bax tutaq ki,
uzun müddətə
harasa gedirsən... fərqi yoxdu hara... sənin evinin içində... qulağ as e... evinin içində deyirəm...
arvad-uşağını... etibar edib gedə
biləcəyin adamın
varsa, demək dostun da odu!.."
"Bəs onlar
necə? Əsl dost idilərmi?" - nə vaxtsa onlar da belə
qızğın söhbətlər
edirdilər. Dostluqdan, sədaqətdən, etibardan qətiyyətlə
danışırdılar. Sonra o qətiyyət pendir kimi ovxalandı töküldü. Yusif öləndən
sonra ailə-uşağına
bircə kərə baş çəkə bilməmişdilər. Gah
vaxtları olmamışdı,
gah da nə
bilim nə... Özləri
də neçə ilin dostları. Hamı kimi "üç"də,
"yeddi"də getdikləriydi,
vəssalam. O çıxan
- bu çıxan. Bir dəfə kişinin qapısını açmamışdılar
ki, bəlkə uşaqlarına nəsə
lazımdı. "Belə çıxır ki, onlar yalançı
dostlardı?! Saxta dostlardı?!
Yaxşı günün dostlarıdı?!"
- başlarını qaldırıb bir-birlərinin
üzünə baxmağa
utanırdılar.
Divardakı saat qapını göstərirdi. Hava çoxdan qaralmış
olardı. Qab-qazanı yuyub-yığışdıran
işçi qadının
saldığı danqıltı
da "yeyib-içdiniz,
durun cəhənnəm
olun, biz də gedək rahat xarabamıza" deyirdi.
Bayaqdan masaya dirsəklənib xumarlanan kafeçi də deyəsən söhbətin nə ilə qurtaracağını
gözləyirdi.
- Bilirsən nə var, qədeş, - nəhayət o da dilləndi. - Vaxtikən mənim də atamın yaxçı dostları olub. Bir yerdə oturublar, durublar, ala, yeyiblər, içiblər...
Maskva, Soçi, Kislavodski... yaxçı günnəri çox olub. Amma kişi ölənnən
soraa... o dostlardan heç birini qapımızda görmədim.
Başqaları gəldi,
getdi... qohum, qonşu... olar gəlmədi... İndi mənim də az yaşım
yoxdu ha, bacoğlu. Bu yaşımda oturub
fikirləşəndə ki,
kimdi atamın dostları, gənə həmin o adamlar gəlir gözümün
qabağına. Sağ
vaxtı bir yerdə oturub-durduğu, bir yerdə yeyib-içdiyi, yaxçı
günnərini bir yerdə keçirtdiyi adamlar...
Gecəyə doğru hava kəskin soyusa da, səma təmiz,
ulduzlu idi.
Buludsuz səmada
adama elə gəlirdi ki, göy genişlənib.
- Yaxşı ki gəldik...
- Elə bil çiynimdən
ağır yük götürüldü.
- Amma gərək gül də alaydıq...
Mübariz ÖRƏN
Ədəbiyyat qəzeti.- 2022.- 25
iyun.- S.4.