Məktəbli qız

 

Hekayə

 

Zəngin bir tacir olan Hüseynqulu yuxudan oyananda artıq səkkizin yarısı idi.

O, böyük, qara gözlərini çətinliklə açıb, iki dəfə əsnədi, hər tərəfi gözdən keçirib şəvə saqqalını sığalladı. Adəti üzrə sakit, mömin bir səslə dua oxumağa başladı. Dua zamanı tez-tez səsini ucaldan Hüseynqulu bəzi sözləri xüsusi vurğu ilə tələffüz edirdi. Otaqda tam səssizlik hökm sürürdü. Ailə üzvləri başqa otaqlarda idi. Xanımı kiçik övladları ilə birgə çay içir, ön üç yaşlı qızı - ağıllı, həssas qızcığaz Tərlan isə xalçanın üstündə o başa-bu başa gəzişərək dərslərini təkrarlayırdı. Qonşu otaqdan onun anasına müraciət edərək söylədikləri eşidildi: "Ana, deyəsən, getmək zamanıdır. Yoxsa, yenə də məktəbə gecikərəm. Həm də, müəllimimiz tapşırıb ki, bu gün erkən gələk. Səkkizə az qalıb". Anası ilə xudahafizləşdikdən sonra tələsik otaqdan çıxıb məktəbə yollandı.

Ah, o necə də xoşbəxtdir! Özü və əhatəsindəki insanlar ilə qürur duyur. Məktəbə getdiyi və tapşırıqların öhdəsindən gəldiyi üçün hədsiz şaddır...

Dərin düşüncələrə dalmış Hüseynqulu yerindən qalxmağa tələsmir; hətta gözlərini yumaraq, ətrafdan təcrid olunub, öz sirli planı haqqında düşünmək istəyir.

Xanımı artıq üçüncü dəfədir ki, onu oyatmaq üçün uşaq göndərir, Hüseynqulu isə hər dəfə qəzəblə qışqıraraq, onu narahat etmələrini istəmir. Yatağında uzanan

Hüseynqulu qəti qərar verməyə çalışır: qızını məktəbdən indi ayırsın, yoxsa tədris ilini başa vurmasına imkan versin? Hüseynqulu bir az düşündükdən sonra, böyük oğlu Müzəffər şəhərə qayıdana qədər Tərlanı məktəbdən ayırmaq qərarına gəlir. Axı o, artıq üç ildir ki, məktəbə gedir, - deyə pıçıltı ilə söyləyir, - artıq oxumağı, yazmağı, hətta rus dilində əla danışmağı da bacarır. Yaxşı, bəs bütün bunların nə kimi faydası var? Əgər ki, evdə oturub corab toxuyub, plov, bozbaş bişirəcəksə, onun, bir müsəlman qızının savadlı olub, bir necə dil bilməsi nəyinə lazımdır? Ah, nə böyük günah etdim, üç il öncə onun məktəbə getməsinə izn verməyim yanlış bir addım idi. Qız xeylağının məktəbə gedib təhsil alması mümkündürmü? Bu işin necə bitəcəyini yalnız Allaha bilir".

Sonradan, təkidlə bacısının məktəbə getməsini xahiş edən, ailənin qız övladının təhsil almasına səbəbkar olan oğlunu lənətləməyə başlayır. Qəti qərara gəlir ki, elə sabahdan qızının məktəbə getməsini qadağan etsin. Onu təhsildən uzaqlaşdırmaq üçün hətta sevimli qardaşının bayramlarda qızcığaza hədiyyə etdiyi bütün kitabları, dəftərləri, şəkilli kitabçalarını əlindən almaq qərarına gəlir. Nəhayət, yoldaşına, övladlarına, bütün ailə üzvlərinə evdə məktəb, dərslər, rəfiqələri və müəllimləri haqqında danışmalarına qadağan etməyi düşünür. Sonradan, sanki öz düşüncələrinə cavab olaraq sakit, təntənəli səslə dedi: "Nə yaxşı, nə xoş bizə ki, Müzəffər uzaqdadır. Çox yerinə düşdü. Görən nə zaman qayıdacaq? Deyəsən, iki və ya üç ay sonra. Demək, sabahdan qızıma dərsləri buraxıb, məktəbə getməməsini tapşırsam, heç kim mənə mane ola bilməyəcək. İmtahanlar bitdikdən sonra isə işlərimiz yağ kimi gedəcək. Bu dəfə Müzəffərin - o axmağın, təhsilin vacibliyi, hansısa avropalıların mədəniyyəti, elmi, başqa ölkələrdə qızların gimnaziyalarda, məktəblərdə təhsil alması haqqında boş-boş söhbətləri ilə məni narahat etməyə cəsarəti çatmaz. Axmaq, düşünmür ki, onlar axı kafirdirlər. Bir il gedib İranda, Təbrizdə və ya Urmiyada dindarlar arasında yaşasa, görər ki necə olmalıdır... Maraqlıdır, İranın nəyi Avropa ölkələrindən pisdir? Yalnız ona görə ki, orada qızlar təhsil alır, qapalı deyillər və Allah bilir nə ilə məşğuldurlar...

Məsələn, mənim arvadımın təhsil nəyinə lazımdır! Qoy əvvəlcə doğru-düzgün yaşamağı öyrənsin, sonra mənəviyyatın qayğısına qalar. Deməli, bu dəqiqə qalxıram və arvadıma deyirəm ki, daha qızı məktəbə buraxmasın. Bir anlıq təsəvvür edək ki, o, ali məktəbi bitirib alim oldu. Deyin görüm, bunun mənə nə xeyri olacaq?".

Beləliklə, o özünə rahatlıq verməyən məsələni həll etmiş oldu. Və, nəhayət, yerindən durmağa çalışaraq, sonuncu dəfə ürəkdən əsnəyib, əzgin halda yatağından qalxdı.

Sabahısı gündən yazıq Tərlan məktəbi tərgitdi və tezliklə bütün kitabları əlindən alındı.

 

"Zaqafqazye" qəzeti,

 

8 aprel 1910-cu il, № 79

 

Ələkbər Abbasov

 

Tərcümə: Lalə HƏSƏNOVA

 

Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.7.