Fani ikən əbədi olanlar:

Şeyx Məhəmməd Rasizadə

 

"İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun  cazibəsindən kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda müyəssər olur".

 

     Əbu Turxan

 

Cəmi 61 yaş yaşayıb, müqəddəs müəllimliklə məşğul olan, insanları maarifə, mədəniyyətə, elmə, təhsilə səsləyən Şeyx Məhəmməd Rasizadədən bizi vəfatından 83 illik zaman kəsimi ayırsa da, bu müqəddəs və möhtəbər insandan bizə elmi və ədəbi fəaliyyəti ilə yanaşı,  bir dünya xoş xatirələr qalıb. Hüseyn Cavidin tədqiqatçıları, akademik Məmməd Cəfər Cəfərovdan başlayaraq ("Hüseyn Cavid"), Əli Sultanlı (məqalələrində), Rafael Hüseynov (Əbədi Cavid), Cavid ocağının ləyaqətli varisi Azər Turan (Cavidnamə) və bəndəniz Şeyx Məhəmməd Rasizadəni də araşdırıb, onun haqqında fikir bildiriblər.  Ömrü boyu Naxçıvanda müxtəlif orta məktəblərdə, pedaqoji və kənd təsərrüfatı texnikumlarında çalışan və bir sıra görkəmli şəxsiyyətlərə - ümummilli lider Heydər Əliyevə, akademiklər Yusif Məmmədəliyev, Məmmədcəfər Cəfərov, Həsən Əliyev və Abbas Zamanov, Lətif Hüseynzadə kimi alimlərə dil-ədəbiyyatdan dərs deyən Şeyx Məhəmməd Rasizadə tələbələrinin, böyük şəxsiyyətlərin xatirələrində əbədiləşib.

Şeyxin "uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimi olan tələbələrindən  ümummilli lider Heydər Əliyev müəllimliyin və müəllimin cəmiyyətdəki yerini belə dəyərləndirir: "Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir". Ulu öndərin uzun illər sonra müəllimi Şeyx Məhəmməd Rasizadə haqqında dediyi sözlər Şeyxin "həqiqi müəllimliyi" və cəmiyyət üçün dəyərli olduğunun təsdiqi kimi çox əhəmiyyətlidir:  "O, mən uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi".

30-cu illərdə Azərbaycan dili dərslərini Şeyx Məhəmməddən alan Heydər Əliyev üzərindən uzun illər keçməsinə baxmayaraq müəllimini xatırlayarkən onun savadlı, eyni zamanda ciddi və tələbkar olduğunu  vurğulayır. "Şeyx Məhəmmədin ötkün müəllimlik bacarığı haqda ilk şəhadəti 1996-cı ilin oktyabrında Naxçıvanda Cavid məqbərəsinin açılışı səfəri zamanı Heydər Əliyevdən eşidən" akademik Rafael Hüseynov yazır: "O arada İran İslam Respublikasının birinci müavini, Baş nazir Həsən Həbibi Azərbaycan səfərini başa vurub Naxçıvandan vətəninə dönərkən yolüstü Azərbaycanın dövlət başçısı ilə görüşmüşdü, həmin qəbulda Prezident əsas mətləblərə keçməzdən qabaq Cavidin o siyasi kontekst üçün söylənilməsi önəmli cəhətlərindən bəhs etmiş, İran İslam Cümhuriyyətinin yüksək kürsülərindən birini tutan qonağa şairin ruhani ailədən çıxmasını Təbrizdə, Urmiyədə təhsil almasını demiş, yaradıcılığındakı islam, İran əks-sədalarından söz salmış, "Xəyyam", "Səyavuş", "Peyğəmbər"dən danışmış və əlavə etmişdi ki, Cavidin böyük qardaşı Şeyx Məhəmməd də İranda oxuyub:  "O, mən uşaqkən müəllimim olub". O günlərdə "Unudulmaz Heydər Əliyev R.Hüseynova bir xatirə də danışıb: "Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər dərsə gedəndə yola düşmüş bir kitab görür. Əvvəli və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən uşaq birdən arxadan tanış səs eşidir. Elə onun kimi məktəbə gedən istəkli müəllimi Şeyx Məhəmmədin səsini. Şeyx Məhəmməd də bu kitabı alıb baxır. Hansısa yazıçının ruscadan tərcümə edilmiş hekayəsiymiş. Və təcrübəli müəllim dərhal sevimli şagirdinə tapşırıq verir: "Sabah inşa yazımız var. Bu yarımçıq hekayəni oxu. Əvvəli-axırı yoxdur. Hadisələrin məntiqinə uyğun olaraq başlanğıcını və sonunu inşanda bərpa elə". Məktəbli Heydər Əliyev ertəsi gün həmin inşanı yazır, əvvəli və sonu olmayan hekayəni məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir və "əla" qiymət alır. Millət və Dövlət İnşasından da qiyməti "ƏLA" olan Heydər Əliyevə o biri "əla"nı şagirdinə qırmızı qələmiylə əziz müəllimi, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd yazmışdı". Tələbəsinin vurğuladığı kimi, ən çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyxin kiçik müasiri və tələbələrindən olan akademik Məmməd Cəfər Cəfərov ilk dəfə məktəbə getdiyi günü unutmur: "Yeddi yaşıma təzəcə  girmişdim. Atam məni bazar məscidinin həyətində yerləşən və "Məktəbi-xeyriyyə" adlanan məktəbə qoydu. Şeyx Məhəmməd də "Məktəbi-xeyriyyə"də dərs deyirdi". Lakin balaca Məmməd təhsilini yarımçıq qoyub işləməyə məcbur olur. Sonradan təhsilini davam etdirmək üçün texnikuma sənəd vermək istəsə də, mümkün olmur, çünki məktəbdə oxuması haqqında sənədi yoxmuş. Bu zaman tələbəsinin köməyinə Şeyx Məhəmməd çatır. Çətin günlərində köməyinə çatan müəllimini minnətdarlıqla xatırlayan akademik yazır: "Bir gün bərk xəstələmişdim, işə gedə bilmədim. İş yoldaşlarım Xəmirgir Hacı ilə dəxildar Bektaşı Bağır əmi məni yoluxmağa gəlmişdilər. Bağır əmi dedi ki, Cavidin qardaşı Şeyx Məhəmmədlə danışıb. Şeyx vaxtı ilə mənim məktəbdə oxumağım haqqında özünün və Molla Əlinin imzası ilə bir kağız verməyə və texnikuma daxil ola bilmək üçün bir ay da evində dərs deyib hazırlamağa razıdır". Sağalıb işə gedən Məmməd Cəfər bundan sonra Şeyx Məhəmmədlə gecə dərslərinə başlayır. "Birinci gecə o məni yoxlayıb dedi ki, ədəbiyyatı çox yaxşı bilirsən, sərf-nəhvdən başlayaq. Cümlə yazdırır, təhlil etdirirdi. Bir də müxtəlif məzmunlu xatirə, təəssürat və nağıl yazdırıb oxutdurur, cümlə xətalarını, yerində və düzgün işlənməyən sözləri qeyd edirdi. Yazılarımın çoxundan razı qalırdı. Ancaq nağıllara gələndə deyirdi ki, belə olmaz, öz sözlərinlə yazmısan, nağılı necə eşitmisənsə, gərək elə yazasan, əlavə özündən uydurmaq olmaz". Beləliklə, elmə doğru yol alan Məmməd Cəfər müəllimin taleyində maarifpərvər Şeyx Məhəmmədin böyük rolu olur.

Hətta müəllimi Məmməd Cəfər Cəfərovun ilk şeirini də nəşr etdirir. Akademik xatirələrində dəfələrlə o günlərə səyahət edir: "Bir gün təzə yazdığım bir şeiri də Şeyxə göstərdim. Bəyəndi, dedi: "İşçi-kəndli müxbiri" məcmuəsinə göndərəcəyəm. Misralarda heç bir dəyişiklik aparmadı. Təkcə imzanı dəyişib "Kündəgir" qoydu. Əlavə etdi ki, "Böyük yazıçılar birdən-birə açıq imza ilə əsər çap etdirməmişdir. "Şeir "Kündəgir" imzası ilə çapdan çıxdı. Özü bir şey, sənət əsəri olmasa da, məndə özünə, öz qüvvəsinə inam hissini artırdı". Şeyx Məhəmmədin tələbəsinə göstərdiyi kiçik bir qayğı gənc Məmməd Cəfərdə özünə, gələcəyə inam hissi yaradır. Hər kəs öyrəndikləri üçün ilk sinif müəlliminə daha çox minnətdar olduğu kimi, akademik Məmməd Cəfər Cəfərov da Şeyx Məhəmməd Rasizadəni hər zaman minnətdarlıqla xatırlayıb.

İşdən çıxarılana qədər məscid həyətindəki (Naxçıvan Cümə məscidi) məktəbdə müəllimliklə məşğul olan Şeyx Məhəmmədin kiçik müasirlərindən olan mərhum professor Yavuz Axundlu ilə bu ruhda köklənən söhbətimiz zamanı onun anlatdıqları Şeyxi tanımaq, tanıtmaq və anlamaq baxımından dəyərlidir: "O zaman məktəb məscid həyətində yerləşirdi, yəni Naxçıvanın mərkəzindəki indiki şəhər məscidi. Bazar çayı düz məscidin yanından axıb gedirdi. Məktəb yeddiillik idi. Şeyx Məhəmməd arıq, hündür bir adam idi. Gözünün birində də balaca bir xal vardı. Çox savadlı, elmli, səviyyəli bir insan idi. 1935-36-cı illərdə mən beşinci sinifdə oxuyurdum. Yadımdadır, Şeyx Məhəmməd bizə dərs deyirdi. Maraqlı dərs deməyi vardı. Bəzən öz şeirlərindən bizə oxuyardı. Bir dəfə bizə qara sözünü başa salırdı. Başa salmağa çalışırdı ki, qara sözü cümlədə həm isim, həm də sifət kimi işlənə bilir. Danışa-danışa mənə yaxınlaşdı, saçlarımı əlləri ilə sığalladı və dedi: məsələn, "Yavuzun saçı qaradır".

 

O zaman mənim 11-12 yaşım olanda Şeyx Məhəmmədin "Şərq qapısı" qəzetində tez-tez şeirləri dərc olunardı. Atam  (Şeyx Məhəmmədin müasiri və müəllim yoldaşı İbrahimxəlil Axundov) qəzet alıb evə gətirərdı, mən də bu şeirləri oxuyardım. 1936-cı ildə Azərbaycanın 15 illiyi ilə əlaqədar  Səməd Vurğuna Lenin ordeni verilməsini də müəllimimiz Şeyx Məhəmməddən eşitdik. Hətta o da yadımdadır, müəllimimiz dedi ki, Lenin ordeni alanlara ayda 25 manat pul da verirlər. Bunu ilk dəfə idi ki, duyurduq və mən də bunu ilk dəfə sizə deyirəm", - deyə xüsusi vurğulayan  professor Yavuz Axundlu deyir: "1937-nin əvvəllərində bir də onu görmədik. Atam (Yavuz Axundlunun atası da bu məktəbdə dərs deyib) deyirdi ki, Şeyx Məhəmməd Arteldə fəhlələrə dərs deyir. Şeyx məktəbdən çıxarılanda məktəbin direktoru Səkinə Rzalı idi" (Şeyxin qızı Rəna xanımdan da atasının işdən çıxarılması və Rəna xanımın təqaüdünün kəsilməsi haqqında əmr verənin Səkinə Rzalı olduğunu duymuşdum, lakin aydındır ki, Səkinə Rzalıya da bu təlimatı verənlər vardı). Şeyx ən son 1938-ci ildə Naxçıvandakı 4 saylı məktəbin nəzdində təşkil olunan yaşlılar məktəbinə müəllim təyin edilmişdi. Yavuz müəllim yaxşı xatırlayır: "Şeyx hələ məktəbdə dərs dediyi vaxtlarda məktəbdə bir hadisə baş vermişdi və bu üzdən direktor işdən çıxarılmışdı. Məscid məktəb olduğundan minarə də uşaqlar üçün əyləncə yeri olmuşdu. Bir dəfə uşaqlardan Əyyub adlı biri minarəyə çıxıb, kağızdan düzəltdiyi  "kağız quşlar"ı oradan uçurarkən düşüb ölmüşdü". Məscidlərin məktəbə çevrildiyi bir zamanda "Şeyx"in müəllimliyə üz tutması təbii idi (Şeyxlik və müəllimlik... hər ikisi də müqəddəs sənət idi). Lakin Şeyxin müəllimliyə başlaması (1906) bununla əlaqəli deyildi. O, insanlara xidmət etmək, elm, təhsil vermək, öyrəndiklərini öyrətmək, insanları maarifləndirmək naminə müəllimliyə başlamışdı və mükəmməl müəllimlərdən idi. Mükəmməl müəllimliyi ilə yanaşı, həm də xeyirxah bir insan olan Şeyx Məhəmməd tələbələrinə yalnız dərs verməklə kifayətlənməyib, onlara diqqət, qayğı və doğru yol göstərib. Tələbələri ilə arasındakı müəllim tələbə münasibətləri, sonralar "Zəngəzur" romanının müəllifi kimi tanınan Əyyub Abbasovun öz müəlliminə bağışladığı "Mübarizə" adlı şeir kitabına yazdığı avtoqraf dediklərimizin təsdiqi kimi diqqət çəkir: "Ədəbi yaradıcılığımın yardımçısı, müəllimim Rasizadəyə...". Hər bir yetirməsinin uğuruna öz balalarının uğuru kimi sevinən "Şeyx Məhəmməd həm də qızların oxumasının, maariflənməsinin tərəfdarı olub, dərs dediyi tələbə qızların oxumasında elmə, sənətə yönəlməsində müstəsna xidmətlər göstərib. Şeyxin dərs dediyi xanımlardan Zəroş Həmzəyeva (Xalq artisti), Şəmsinur (həkim), Zərqələmin (müəllimə) adını çəkmək olar.

Digər tələbəsi Hidayət Kərimlinin albomuna yazdığı aşağıdakı sətirlər Şeyx Məhəmməd Rasizadənin kimliyinə və məsləyinə işiq salır: "Öyrənmək, öyrətmək mənim məsləkim, Sizlərdən də budur mənim diləyim".  Azərbaycanın vətənpərvər şairi Abbas Səhhət yazırdı: "Məsləkim tərcümeyi-halımdır, Lütfi-həq qayeyi-amalımdır". Şeyx Məhəmməd Rasizadənin də "öyrənmək və öyrətmək"  məsləki onun tərcümeyi-halıdır. XX əsrin əvvəllərində qardaşı, Azərbaycan ədəbiyyatının filosof şair-dramaturqu  Hüseyn Cavid "Şeyx Sənan"da yazırdı: "Etiqad, məzhəb, inam. Kimsiniz? Məsləkü təriqətiniz; Nə imiş? Söyləyin, rica edəriz". Bunu Şeyxə ünvanlasaq cavabı belə olar: Elm-etiqad-din. Etiqadı, elmi mükəmməl olan Şeyxin məsləki elmli, vətənpərvər gənclər yetişdirmək, vətənə, xalqa xidmət idi: "Məsləkim, şüarım ucadan uca // Mən getdim, yoldaşlar, gəlin arxamca! (A.Şaiq). Azərbaycan cəmiyyətinə işıqlı ziyalılar - dövlət rəhbəri, siyasətçi, akademik, alim, həkim, müəllim, şair və b. yanaşı, Şeyx Məhəmməd Rasizadə eyni zamanda bir-birindən ağıllı, savadlı, yüksək təfəkkürə malik: Zəhra, Tahir, Şəfiqə, Rəna, Gövhər, Hamid və Yasir kimi övladlar bəxş edib. Şeyx Məhəmməd övladlarının yaddaşına möhtəbər şəxsiyyət, mükəmməl müəllim, "Şərqli bir filosof" kimi həkk olunub:

 

"Geniş və qabarıq alnında zəka,

Yorğun gözlərində dərin bir məna

əsəri duyardı şübhəsiz hər an.

Pək doğru söylənmiş olurdu sözsüz

Tələtin atası haqqında bu söz".

 

"Şərqli bir filosof" olan Şeyx Məhəmməd Rasizadədən bəhs edərkən daha çox "Şeyx" kəlməsindən istifadə etmək istəyirəm, onun təfəkkürümdə, beynimdə yaşatdığım əzəmətini, böyüklüyünü daha dərindən hiss etmək üçün. Bir tərəfdən   bu söz hər dəfə o illərin şeyxlərimizə qarşı nə qədər qorxunc, acımasız olduğunu da xatırladır. Bu qədər müqəddəs bir məsləkə xidmət etməsinə baxmayaraq rejim onun üzünü heç güldürməyib. Qızı Rəna xanımın atası ilə bağlı xatirələri nisgillidir. Hüseyn Cavid əfəndinin təbirincə desək: "İblisə uymuş" rejmin qorxusu Şeyx Məhəmmədin canına elə hopub ki, canı qədər sevdiyi "qardaşı və dostu" Cavidin xatirələrini və özünün arxivinin əksəriyyətini, evlərində axtarış aparılsa şübhə doğura biləcək bütün yazılarını, kitablarını, şəkillərini yandırıb, məhv edib. Növbə mütəfəkkir şairin 1936-cı ildə qardaşı qızı Rənaya avtoqrafla bağışladığı kitablara  gəlib çatanda Rəna xanım əmisinin kitabını yandırmaması üçün ağlayıb atasına yalvarır. Qızının yalvarışlarını nəzərə alan Şeyx Məhəmməd onu bir dəmir qutuya yığıb və yerdə çala qazaraq basdırır. 1936-cı ildə basdırılan qutu bir də 20 il sonra, 1956-cı ildə, əmisinin bəraətindən sonra açılır. Əmisi Cavidin avtoqrafla Rəna xanıma bağışladığı "Səyavuş" əsəri hazırda Hüseyn Cavidin Naxçıvandakı ev-muzeyindədir.

Xidmətləri Məhəmməd Rasizadəni bədxahların əməlindən uzaq tuta bilməyib. "Allahsızlar cəmiyyəti"ndə "Allahı öldürənlər zəmanəsinin işıqlı ziyalısını, imanlı bir din adamını, Cavid əfəndinin "fəzilətpərvər qardaşını", maarif xadimi Şeyx Məhəmməd Rasizadəni 1939-cu il dekabırın 24-də, "çovğunlu bir qış günündə" çərlədib öldürdülər. Çəkdiyi əziyyətlər, sıxıntılar Azərbaycan ədəbiyyatının filosof şair-dramaturqu Hüseyn Cavid əfəndi üçündü və Cavid sürgündə də olsa Şeyxdən sonra 3 il yaşadı.

"Cavidnamə" kitabında Azər Turan belə bir məqama da diqqəti cəlb edir: "Sibir buzlaqlarından, sürgün yollarından "qaydıb gələn" qardaşından fərqli olaraq, ömrünün sonunacan burada qalmış, Naxçıvanda dünyasını dəyişmiş Şeyx Məhəmmədin məzarı yoxdur. Cavidin məqbərəsi var. Amma Şeyxin məzarı yoxdur".

Vaxtilə Albert Eynşteyn yazırdı: "Elmsiz din topal, dinsiz elm kordur". Bu iki perspektiv arasında ümumi cəhətləri tapmaq, onları bir araya gətirmək gözəl bir dünyaya aparan yoldur (dinlə elmin vəhdəti). Həyat və fəaliyyətləri ilə buna müvəffəq olmuş möhtəbər şəxsiyyətlər var və Azərbaycanın işıqlı şəxsiyyətlərindən elm və din yolçusu Şeyx Məhəmməd Rasizadə də bunlardan biridir.

A.Turan "Cavidnamə" kitabında Şeyx Məhəmmədin qızı Rəna xanımla söhbətini təqdim edir. Rəna xanım deyir: "O illərdə rəhmətə gedən müəllimləri musiqi ilə basdırırdılar. Öləndə belə özünü deyil, övladlarını düşünən atam, anama vəsiyyət edir ki, "işdi, hökumət "muzıka" göndərsə, etiraz etməyin, yoxsa bunu da söz edərlər". Lakin nə Şeyxi yada salan olub, nə də "muzıka" göndərən. Şükürlər olsun ki, Şeyx Məhəmməd Rasizadə başqa müəllimlər kimi "muzıka" ilə deyil, Allahın "yasin"i ilə dəfn edilib...

...Hər Naxçıvana getdiyimdə ilk ziyarət etdiyim yerlərdən biri də Hüseyn Cavidin ev-muzeyi olur. Əslində, bu müqəddəs məkanı ziyarət etmək Hüseyn Cavidlə bərabər, həm də Şeyx Məhəmməd Rasizadənin ocağını ziyarət etməkdir. Ən son getdiyimdə, məqsədimiz Şeyx Məhəmməd Rasizadənin muzeydəki qovluğunu incələməkdi.buna nail olduq. Şeyxin bir xeyli əlyazmasını, folklor nümunələri topladığı dəftərləri - bayatı, nağıl, "İlan balası qənim olsun" hekayəsi, atalar sözləri, El ədəbiyyatı dəftərləri və şeirlərini əski əlifbadan latına çevirmək üçün üzlərini köçürdük (Haliyədə bu işlə məşğuluq). Bu zaman Şeyxin fondun divarına vurulmuş bir fotosu diqqətimi çəkdi. Fond müdiri Naibə xanım şəklin muzeyə Şeyx Məhəmmədin nəticəsi Aysel Cavid tərəfindən hədiyyə edildiyini bildirdi. Aysel xanım şəklin yanına Şeyxə həsr etdiyi şeiri əlyazması ilə yazmış və çərçivəyə saldırmışdı...

Dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik bir ifadə var: əbədi və ya əbədilik. Maarif xadimi, elm və din yolçusu Şeyx Məhəmməd Rasizadə də əməlləri və xidmətləri ilə xalqının tarixində və könüllərdə əbədiyyən yaşamaq haqqı qazanmışdır. "Fani ikən əbədi olanlara eşq olsun!".

Amma o həm də böyük bir şairdir. Azər Turan doğru deyir: "Yazdıqlarını yandırıb, külünü Bazar çayına tökən Şeyx Məhəmməd tariximizdə əbədi və böyük sirlərdən biri olaraq qalacaq".

 

Lütviyyə ƏSGƏRZADƏ

 

Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi

adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi

 

Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.10-11.