“Mən səni sevirəm azadlıq qədər"

 

Bu, hansı azadlıqdır?

İdealla mövcudluğun eyniliyi? - Ola bilər.

Bəlkə, ideala ucalmaq əzmidir? - Mümkündür.

Bəlkə, idealı vəsf etmək səriştəsidir? - Niyə də yox?!

Doğrudanmı, idealla reallıq arasında qıy vuran bu hiss sözə çevrilənədək gözəldir? - Yəni canatmanın leksik şərtiliyidir?!

Özünü, ətrafını dərketmə və bunun gətirdiyi özünəinam, ölçülərin itdiyi, sərhədlərin bitdiyi zamansızlıq necə?

 

Daşqın könlüm bənzər mənim

                        sahili yox ümmanlara.

 

Ruhun intəhasızlığısa əgər azadlıq, deməli, şair könlü aləmlərin fövqündə.

 

Uç, ey xəyal, tut qolumdan,

                        buludlara apar məni,

Yol salamat, gün aydındır,

                        kim bu yerdə çapar məni?!

Mən insanlıq yollarında

                        cəfa çəksəm, düşsəm dara,

Nə dərdim var, gər itsəm də

                        ürək yenə tapar məni...

 

Bu, hər nədisə, üzü göylərə bir gedişdi. Bu gedişə qol qoyan istəyin kökünü yerdə gəzmək nə gərək?!

 

İnsan övladına müjdəsi vardır,

Hər batan axşamın, doğan səhərin.

 

Ona düşən müjdənin tamı... acı dadırdı. Bu acı tama batırıb yavanlıq etdiyi ömrün eskizlərini qaralayırdı hərdən.

 

Görənlər danışır, bir yaz axşamı,

Vəfasız bir ölüm, qarlı bir külək,

Söndürdü ömründə yanan şamı,

Qırdı qanadını o zalım fələk.

 

Sonralar "dalğa kimi ağ varaqda tunc qələmi gəzə-gəzə" sözə pıçıldadıqları da xırdalığa varmaqdan uzaqdı.

 

Əzablı günlərimə yerlər, göylər ağlardı,

Dolandıqca başıma göylərin buludları.

Bir ana sevgisiylə öpərdim göy otları,

Bəzən kölgəliyində çinarların gizlincə

O dərdli günlərimi düşünər, ağlayardım,

...aman, bilsəniz nələr,

Nələr çəkdi həyatım bəxti qara yaşımda...

 

...Kim bilir, bəlkə "göy otları bir ana sevgisiylə öpüb-oxşamaq" qədərində yalqızlıq anında istedad yazılmışdı fitrətinə? Bəlkə, "yerin-göyün əzablarına göz yaşı axıtmasıyla" xarakteri yoğrulmuşdu? Onun adı dərd idi, ağladan o idi. Bununsa adı sevgidi, yazdıran o idi:

 

Mən deyirəm: ölsün ölüm, növbə gəlsin yaşamağa,

Yalnız onu tərifləsin sinəmdəki çarpan ürək.

Fələyin də əkdiyini biçəcəyi bir gün olmamış deyildi və ulu Nizam üç yaşlı tifili anasız qoymuş fələyə bunun bədəlini yaman ağır ödətdi: dəyirmanın çarxını tərsinə fırlatmalı olan fələk əvvəl əlindən aldığı haqqın əvəzini illər ötdükcə qəlbinə qaytardı - azadlıq qədər sevə bilmək şəklində! İlahi xoşbəxtlik deyilən, bəlkə elə bu imiş?!

 

Ana, sən ayrılıb gedəndən bəri,

Gördüyün dövranın çarxı dolandı.

 

Azadlıq, bəlkə, elə... tənhalıqdır?! Hər sevənin içindən bir tənhalıq boylanır. Əsas odur ki, həqiqəti özündə tapasan - öz daxilində:

Sitəmli qəlbimin təkcə çarəsi.

Bəs, fərdin, etnosun tapındığı əxlaq necə olsun? Burdan azadlıq qədər sevmək necə görünər?

 

Yenə kim saldı, könül, söylə bu sevdayə səni?

Yenə vurğun görürəm bir saçı leylayə səni?

 

Böyükağa Qasımzadədən baxanda görünən azadlıq qədər sevmək istedadı Böyükağa Qasımzadəyə qayıtmağa, onun təlqinedici

 

Gözəldir suların xoş təranəsi,

Gözəldir yaşamaq, sevmək həvəsi

 

- misralarında çağlayan həyat eşqinə şövqləndirir. Və bu sayrışan ulduz dolu işıq başqa bir şairin misraları ilə qoşalaşıb-birləşib təvazökar susqunluğa fokuslanır.

 

İnsan göydə Ay kimidir -

Görünməyən tərəfi var.

 

B.Vahabzadə

 

Hətta "Dünyanın ancaq öz qəlbimizlə işıqlandırdığımız hissəsi bizə məxsusdur" fikri də bizi görünməyən tərəfə meyillənmək həvəsindən saxlaya bilmir. Əslində, insanın başqalarına marağı... özünü görmək arzusundan başqa bir şey deyil. Böyükağa Qasımzadənin

 

Eşqin, məhəbbətin, səmimiyyətin

Ürəyi məndədir, canı məndədir

 

- misraları oxucunun marağına məharətlə atılmış tilov misalındadır. Amma fərqinə varmırıq; arxa tərəfə keçid göz qabağında olan ərazini səhih öyrənmədən mümkündürmü? Ayın üzü oxunmuş kitabdırmı? Elə bu misralar adamı yaman yerdə yaxalayır və biz heç vaxt düşünmədiyimiz bir məqamla - qəfil sualla üz-üzə qalırıq: bu misraları arada tutub şair-oxucu məmnunluğunu da unutmayaq bəlkə? Şairin sözünü bəyənmək, sevmək işin bir tərəfidir, o söz necə, sənin qəlbində özünü "yad", sıxılmış hiss etməyəcək ki?..

Bəs Görünən tərəfində Böyükağa Qasımzadə kimdir?

 

Böyükağa Məmməd oğlu Qasımzadə - ədəbiyyat tariximizin yaradıcılarından biri - XX əsr Azərbaycan sovet ədəbiyyatının ikinci dalğasına mənsub gözəl bir şair və tərcüməçi.

30-cu illərin ədəbi nəsli 20-ci illərin şeirindəki yeni ictimai həyatın bədii düşüncəyə transformasiyasının nikbin axarını daha qətiyyətli şəkildə davam etdirməklə yanaşı, yeni realist ədəbiyyata döyüşkən ideya-məzmun çaları qatırdı.

 

Biz günəşdən yoğrulmuşuq,

Bizdə günəş qüdrəti var!

Üstümüzdən keçə bilməz

İldırımlar, qasırğalar.

 

20-ci illərin sonunda zamanın, ictimai həyatın xaosunda çaş-baş qalıb, səmti tutmağa çətinlik çəkən, nəhayət, ədəbiyyatın yeni səhərinə sosializm realizminin köməyi ilə, "gülə-gülə ələmdən-nəşəyə keçən" poeziya əsgərlərinin nizamlı sırasında, onların arxasınca gedən bu nəsil realist şeirin ideoloji bayraqdarına çevrilirdi.

 

Döyüşlərdə qalib çıxan

Oba bizdə, el bizdədir.

Azad ömür, azad hüquq,

Azad qələm, dil bizdədir.

 

Böyükağa Qasımzadə yeni dövrün, yeni quruluşun yeni insanın obrazını ədəbiyyata gətirdi. Onun Muradı ("Murad" poemasının qəhrəmanı) azad hüququn sayəsində azad ömür sürməyə başlamış gəncliyin rəmzinə çevrilmişdi. Poema bir neçə dəfə kitab şəklində nəşr olunmuşdu. Muradın şöhrəti şairin şöhrətinə qarışmışdı. Böyükağa Qasımzadənin şeirində zamanın ritmi vururdu və bu ritm poetik şəklin marş ovqatını tamamlayan 8-likdə də ifadə olunurdu.

 

Azad insan! Gün sənindir,

Kükrə coşqun çaylar kimi.

Gözlərindən sevinc daşsın

Bizim illər, aylar kimi...

Açsın səhər, doğsun günəş,

Nur çilənsin yaşıl düzə.

Qoy boğulub qəzəbindən

Yad ürəklər dönsün közə.

 

Bu ritm dövrün ritmi ilə nə qədər üst-üstə düşsə belə, o illərin acı rüzgarı görünmürdü. Bəli, zamanın ritmi vardı, 30-cu illər şeirinin mahiyyətini təşkil edən pafos vardı, amma ağrı-acılar yox idi. Şair bu ruhu tuta bilmirdimi, duymurdumu, yoxsa bunu istəmirdimi? Demək çətindir. Yaradıcılığının müharibəyəqədərki dövründə o, ictimai həyatın ritmini dinləyərkən, sürəti izləyərkən daha çox təbiətə sığınır, ona üz tuturdu. Şüuraltıda bu, insanın gücsüz, köməksiz qalanda, çıxış yolu axtaranda təbiətə üz tutmasıdır (Füzulinin Məcnunu da cəmiyyətdə sıxılanda, özünü bu cəmiyyətdə tənha hiss edəndə insanlardan qaçıb təbiətə sığınırdı!). Təbiətdə azadlıq, ədalətli nizam hökm sürürdü! Bu, təkcə insan- cəmiyyət-təbiət ayrılmazlığını dolayısı ilə xatırlatmaq cəhdi deyildi. Fikrimizcə, ziddiyyətlərin pafos və ideoloji nəzarət hesabına ört-basdır edilməsi güruhundan mümkün qədər uzaq durmaq niyyəti ilə izah olunmalıdır. Həm də Böyükağa Qasımzadə sosialist inqilabının da, bu inqilabın sosial-ictimai-mədəni mühitin inkişafı ilə bağlı direktivlərinin də səmimi tərəfdarıydı. Stalin konstitusiyasının ölkə vətəndaşlarına bəxş etdiyi hüquq və azadlıqları, sosial məsuliyyətin kriteriyalarını da alqışlayırdı.

 

Bəxtiyar yurdumun bir şair oğlu,

Sənət ordusunun əsgəriyəm mən.

 

Sənətkar və vətəndaş mövqeyini aydın dərk edən və bunun məsuliyyətindən geri çəkilmədən mövqeyini uca səslə bəyan edən şairin yaradıcılığı mənsub olduğu ədəbi nəslin ovqatını düzgün müəyyən etməyə imkan verən şəxsiyyət - sənət harmoniyasını ifadə edirdi. Yaradıcılığının əsas xüsusiyyəti ənənə və novatorluq, köhnə ilə yeni, forma və məzmun anlayışlarının maraqlı sintezinə nümunə idi. Bu yaradıcılığın əsas qida mənbəyi şair şəxsiyyətində ifadə olunan poetik ruhdu. Böyükağa Qasımzadə ədəbi mühitə daxil olduğu andan bu mühiti formalaşdıran, şəxsiyyət və sənət meyarlarının təbii uzlaşması ilə mühiti təyin edən çox az insanlardan olub.

Yaradıcı insanın özünə bənzər birisinin istedadını etiraf etməsi - ucadan və ürəkdolusu etiraf etməsi nadir rast gəlinən haldır. Amma zaman-cəmiyyət-xalq tələblərini bir yaradıcılıqda birləşdirə bilmək istedadının şəriksiz lideri Səməd Vurğun Böyükağa Qasımzadənin ilk şeirləri dərc olunan kimi onun fitri istedadını, yüksək təbini nəinki görüb-alqışlayır, hətta gənc şairə "Bala Səməd" deyib, onu mənəvi varisi kimi təqdim edir. Təkcə Səməd Vurğun yox, ədəbi proses və oxucu onun simasında parlaq istedadı olan şairi, klassik ədəbiyyat bilicisi və mahir tərcüməçini təqdir edirdilər. "Murad", "Şirin sözlər" kitabları, hər yeni şeiri əl-əl gəzirdi, o dövrün oxucularından bu gün yaşayan insanlar var ki, onun şeirlərindən əzbər deyirlər. Şeirin Vurğun Səmədini belə səxavətli bənzətməni dilə gətirməsinə Böyükağa Qasımzadənin çox erkən parlamış istedadı, parlaq uğuru ilə yanaşı, onun şəxsi keyfiyyətləri, xüsusən də, münasibətlərdə əndazə və məsafəni qoruya bilmək mədəniyyəti də təsirini göstərirdi.

Böyükağa Qasımzadə ömrünün, həyatının hər səhifəsini həyat tərzi, alın yazısı kimi qəbul edib yaşayan insanlardandı. Şəxsi taleyini ictimai düşüncəyə müstəsna diqqət və xüsusi sosial status tələbi ilə təqdim etmirdi. Tərcümeyi-halının müəyyən məqamları vardı ki, bunları dramatik ovqatla təqdim etməyi heç vaxt düşünmədi və sonralar da bunu etmədi; xalq düşməninin qızına vurulmuşdu. Şuşalı Nəsir bəyın qızı Sonaya. Tərslikdən, Laçın rayonunun yaradılmasında iştirak etmiş, torpaq şöbəsinin müdiri olmuş Nəsir Əsədov təşkil olunmuş mərdimazar çuğulun qurbanı olmuşdu; ocağına uzunqulaqla odun daşıyan miskinin birisini üzünə durdurmuşdular ki, guya Nəsir bəy Şura hökumətini söyüb. Sonralar, Uzaq Şimal şaxtasında min bir işgəncə verilib qətlə yetirildikdən çox sonra, 1957-ci ildə bəraət alandan sonra istintaq sənədləri ilə tanış olan yaxınları Nəsir bəyin müstəntiqə verdiyi sualı oxuyublar: "Nökərin bəy süfrəsində nə işi ola bilərdi ki, orda nədən danışıldığını da eşidə?!". Bunlar çox sonralar olacaqdı. Hələliksə, atasına yemək aparmaq, onunla görüş almaq üçün həbsxana qapılarını döymək, bacı-qardaşına analıq etmək və onları oxutmaq yükünü zərif çiyinlərində mətanətlə daşıyan bu gözəl şuşalı qızı, tələbə yoldaşı Sona xanım - Nəsir bəyin böyük övladı onun ilham pərisinə çevrilmişdi. İdeoloji cəbhənin əsgəri olan şairin "sayıqlığını itirməsi" ona baha başa gələ bilərdi... İctimai mövqeyi ilə "bir badə tapıb eşq odunu ondan içirkən" halı onu ləyaqət, heysiyyət, mərdanəlik sınağına çəkmişdi və heç biri güzəşt haqda düşünmürdü. Yeganə dayağı... azadlıq qədər sevə bilmək istedadı idi.

 

Mən sığmadım gecələrin

                        qara gözlü dar qoynuna,

Ələm, kədər keçdi məndən,

                        nəsib oldu sar qoynuna.

 

İl dolandı, bahar gəldi, mən şeh oldum,

                        gülə düşdüm,

Yırtıb qorxunc buludları girdim

                        gözəl yar qoynuna.

 

 Amma... axı, ətrafda baş verənləri də görürdü, "gecə döyülən qapılardan" asılan qara qıfıllar, xalq düşməni ovu, "çistkalar" da günün reallıqları idi... Bu reallıqların ağırlığını bizlərin hiss etməsi - Abdulla Faruqu, Süleyman Rüstəmi, Səməd Vurğunu, Rəsul Rzanı, ümumən o dövrün qələm adamlarını... anlaması deməkdir. Susmağın və görməməyin nə olduğunu başa düşmək - baş verənləri qəlbinlə, ruhunla yaşamaq deməkdir. Şairi başa düşmək - onu siyasətin və ideologiyaların fövqünə qoya bilmək, onu siyasətlərə və ideologiya oyunlarına bulamadan görüb-göstərmək deməkdir. Böyükağa Qasımzadə gördüklərini yaşaya-yaşaya susmaq qədərində dözümlüydü. Böyükağa Qasımzadənin şair qəlbi siyasətlərin çirkin oyunlarının sərhədlərinə sığmırdı. Qəlbindəki azadlıq qədər sevmək hissi də, elə bu boyda, bu sərhədlərin içində boğulan Azərbaycan boyda qəriblik içindəydi.

 

Bir badə tapıb eşq odunu ondan içirkən,

Kim vurdu daşa sındı qızıl eşq piyaləm?

 

İnandıqlarına sonacan sadiq, əqidəsində sabit insanların aldandığını hiss edəndə duyduqlarının, yaşadıqlarının adının-dadının nə olduğunu bilməyəndə, onları təftiş etmək iddiasına düşəndə, biz başqa zamanın və başqa dəyərlərin ölçü üsullarından - arşınından istifadə etməkdə nə qədər haqlıyıq?

 

Ruhi, qəlbin dilə gəlsə, səni sövq etsə, çəkil,

Aldanarsan, sonra bir gün salar ah-vayə səni.

 

Ehtiyatın, başı daşdan-daşa dəymiş inamın özünüqoruma instinktini başa düşməkdir Böyükağa Qasımzadəni bilmək.

 

Qalx, gülüm, girmə gözəllər bağına, min qan olur,

Tutub axır salacaqlar qana, qovğayə səni.

 

Bu beyti şair Böyükağa Qasımzadənin - 20 yaşlı söz sevdalısının ətrafında baş verənlərə dolayısı ilə münasibəti kimi qavrayıram. Əslində, belədir, hansı ovqatda və hansı şəraitdə yazılmasından asılı olmayaraq, illər keçdikcə istənilən mətni, sözü, fikri müəllifin qələmə aldığı zaman və məkan kontekstindən çıxarıb qavramaq olar, ilkin məqsədin müstəvisini dəyişmək olar, zamanın səsi, nəfəsi kimi yozula bilər, bir sözlə, yaradıcı enerji çeşidlənə, tirajlana bilər. Məhz belədə sənətin və yaradıcılığın mahiyyəti haqqında düşünmək olur. Yozuma yer qoymayan sözün sehri, çəkici ahəngi yoxdur! Şairi, yazıçını ümumiyyətlə ədəbiyyatın sərhədləri daxilində aramaq və anlamaq - doğru olan budur.

20 yaşlı Böyükağa sözü və həyatı azadlıq qədər müqəddəs bilirdi, həyatının mənası bildiyi bu sevginin ucalığından görüb seçmişdi sevgili Sonasını da. Və bu ilahi səadətin sevinci, bir də, "halını Tarixdən sorduğu Vətənin" şərəfi Qələmə əmanət olmuşdu.

 

Düşmənin külünü sovurub göyə,

Qələmim olacaq dayağın sənin.

 

Onun Qələmi tökülən qanlardan, viran yurdlardan, tapdanmış namusdan, kəsilmiş başlardan, qandallanmış arzulardan, uçurulmuş heykəllərdən, qocalmış göz yaşlarından, ütülmüş ümidlərdən, ideologiyaların kor hikkəsindən, miskin iddiaların tüstüsündən... keçərək İnsanlığın zəfər yürüşünə səsləyirdi.

 

İrəli, var olsun böyük məhəbbət,

Yaşasın azadlıq, yaşasın səhər!

İrəli, qardaşım! Gülsün təbiət,

Bizimdir gələcək, bizimdir zəfər!

 

Onun həqiqəti peşmanlıq dadmırdı. Ondan əvvəlki nəslin həqiqətində dalğa-dalğa gəlib keçən, ideala inamın ərazisini yalayıb-yaralayan şübhənin izləri görünmürdü bu nəslin səsində.

 

Ömründə ilk bahar yelləri əsən

Sənət ordusunun əsgəriyəm mən.

 

Amma bu şeirdən bir az sonra yazdığı başqa bir şeirində ("Coşqun könül") başqa xallar sezilir. İki il ərzində (1937-1938) yazılmış bu şeirin epiqrafı gənc şairin cəmiyyətdə baş verən anlaşılmaz vaqeələrə münasibətini dolayı yolla ifadə edir: "Namusu, insafı olmayan insanlar arasında hər şey mümkündür". Maksim Qorkinin bu fikri məhz bu şeirdə, bu seçimdə 37-nin havasını duyurur, şeirin havasında bir elegiya ruhu oturur. Sətirlər sanki Müşfiqi və müşfiqlərin taleyini ağlayır.

 

O ki ilhamını günəşdən alan,

Azad bir vətənin təranəsiydi.

Günlərin eşqilə vurub çağlayan

Coşqun könüllərin ifadəsiydi.

 

Müəmmalı gedişlərin, ağlın və qəlbin çətin sinirə biləcəyi dönüşlərin həzmi müşkül təəssüfüylə dolu olsa da, onun fəhminin dərin, duru, dolğun işığı var.

 

Nə qəm, bir gün yüksələrək həqiqətin gur səsi,

Verər yenə əksi-səda torpağında, daşında.

 

Böyükağa Qasımzadə ideologiyanın mahiyyəti ilə bu ideologiyanı yönləndirənlərin xislətini fərqləndirməyi də elə fəhminin işığı hesabına bacarırdı. O, məhz bu məqamda hərəkətin yox, sükutun ifadə etdiyi məna üzərində dayanmağı məqbul bilir və bu yanaşması ilə şairdir, şeirindəki şairdən daha çox şairdir. Deyəsən, həyat fəlsəfəsinə aparan yolun ədəbiyyatdan keçdiyini də erkən duymuşdu, daha doğrusu, ona çox böyük şöhrət gətirmiş "Şərq poeması" tərcümə edərkən. Elə ona görə də Azərbaycan Sənaye İnstitutundan gələcəyə aparan cığırın səmtini dəyişmiş, Ədəbiyyatın vətəndaşı olmağı seçmişdi. Və Taleyinin Yoluna çıxmışdı. Burada onu şöhrətin yaz nəsimi salamlamışdı.

 

Dost məni soruşsa, nişan ver ona -

Məni xəbər alsın dağ küləyindən.

Dağlara hay salan o küləyəm mən.

 

Onu bu meydana "ağzından süd iyi gələn" bir iddia çəkmişdi: Azərbaycan ədəbi-fəlsəfi fikrinin böyük islahatçısı Mirzə Fətəli Axundzadənin rus ədəbiyyatının ən böyük hadisəsi Aleksandr Puşkinin ölümünə yazdığı "Şərq poeması" fars dilindən çevirmək üçün elan olunmuş müsabiqədə iştirak etmişdi. Onun bu müsabiqədə iştirakı Axundovun "Şərq poeması" Azərbaycan mədəniyyətinin parlaq faktına çevirdi.

Gənc tələbənin bu yarışda əldə etdiyi uğurdan sonra ədəbi aləmdə onun xeyrinə belə bir qənaət möhkəmləndi: tərcümə yalnız mənsub olduğun xalqın ədəbiyyatının bədii təcrübəsi ilə alınmır. Tərcümə sənətinin tanınmış adları arasında fərqlənməsi, hər şeydən əvvəl, Böyükağa Qasımzadənin özünə inamını artırdı. Söhbət bir yaradıcının digər yaradıcı haqqında nə dediyindən getmirdi, onu necə deməyini çatdırmaq daha vacibdi. Puşkinin ölümünə "Şərq poeması" adi ədəbi əsər kimi səciyyələndirilməməlidir. Bu, Şərq-Qərb münasibətlərinin ifadəsi, Şərq-Qərb anlaşmasında dialoqa bir addımdı. Bu dialoq qütblərin yaxınlaşmasına xidmət edən ortaq dəyərləri xatırlatmaqla Şərqin mahiyyətini ifadə edirdi.

 

Şərq necə vurğunudur bir gecəlik hilalın,

O da istəklisiydi soyuq, qarlı şimalın.

 

Matəm qəsidəsinə üç tərcüməçinin yanaşmasındakı özünəməxsusluqlar bu şeirin nəşr taleyinə çevrilə bildi. Belə ki, Mikayıl Müşfiq qəsidənin vəznini saxlamamışdı, - hecaya üstünlük vermişdi. Cəfər Xəndana təbinin meydanı, - izafilik irad tutulmuşdu. Böyükağa Qasımzadənin uzun illər ədəbiyyat dərsliklərinə salınmış tərcüməsi orijinala yaxınlığı ritmi daha dəqiq tutması ilə qiymətləndirilmişdi. Yeri gəlmişkən, latın qrafikalı yeni nəşrlərdə ədəbiyyatşünasların tərcüməyə verdikləri qiymət yox, subyektiv meyarlara söykənən yanaşma rol oynayıb! Görünür, klassiklərin yeni dövrə "vəsiqə qazanması"nın "varis" diribaşlığı və gözüaçıqlığı ilə şərtlənməsinə də öyrəşməli və bunu adi qəbul etməli olacağıq bundan sonra.

Böyükağa Qasımzadə fəlsəfi klassikanın tələblərinə və "eqoizminə" daha həssaslıqla yanaşa bildiyindən, Məhəmməd Füzulinin ömrünün və yaradıcılığının kamil dövründə yazdığı "Yeddi cam" (Həft-cam) əsərini tərcümə etmək təklifinə cəsarətlə razılaşdı. Söhbət ondan getmir ki, fars dilini, dahi şairin sufi görüşlərini incəliklərinə qədər bilmək vacibdir, söhbət ondan da getmir ki, öz dilinin incəliklərini də həssaslıq qədərində duyasan və təqdim edə biləsən. Söhbət həm də ondan gedir ki, bütövlükdə fəlsəfi klassika tərcüməçidən onun özünü alır. Və bu şərtlə razılaşmaq - özünü real aləmdəki gündəlik həyatdan könüllü şəkildə təcrid etməkdir. Şair bu işə özünü bütövlükdə həsr etdi - peşəkar yanaşması ilə tutduğu vəzifədən azad olunmasını xahiş etdi, ömrünün bir ilini bu əsərin tərcüməsinə qurban verdi. Bu təcrid cəsarəti son nəticədə onun adını Füzulinin Hammler, Mirzə Kazımbəy, Qulak, Antokolski, Dolmatovski, Luqavskoy kimi mahir tərcüməçiləri sırasında Azərbaycandan yeganə tərcüməçi yazdı. Ən əsası, farsca yazdığı bu əsəri ilə Füzulinin azərbaycandilli ədəbiyyatın parlaq tarixində sanballı mövqeyinə bir daha möhür vurdu. Bəs, illər keçdikdən sonra bu əsərin tərcüməsi necə qiymətləndirildi? Füzulini bilən, Azərbaycan əruzunun yaradıcısı Əkrəm Cəfərin tənqidçi Vaqif Yusifli ilə söhbətində bu məsələyə toxunulub və zənnimizcə, həmin söhbətə istinad etmək sualın ən düzgün cavabı olardı: "Füzulinin ərəbcə, farsca olan əsərlərinin çoxusu təzədən tərcümə edilməlidir, bircə "Yeddi cam"dan başqa; onun tərcüməsi nöqsansızdır".

 

Bir mey, məzə ki, hər kəsə ta ruzi-əzəldən,

Keyfiyyəti məlumdur, o heç düşmədi əldən.

 

Şərh və yanaşmaları, təhlilləri hamı tərəfindən qəbul olunan görkəmli alim Əkrəm Cəfərin bu qənaəti bir müdrik kəlamını yada salır: Nədən və kimdən yazılması əsas deyil, əsas odur ki, kim yazıb. Böyükağa Qasımzadənin tərcümələrinin (xüsusən klassik ədəbiyyatdan etdiyi) əsas xüsusiyyəti onların zərgər işini xatırlatmasıdır. Onların tərcümə olduğuna, ikinci nəfəsdən doğulduğuna inanmaq çətindir. Xatırlayıram, universitetdə ədəbiyyat müəllimimiz deyirdi ki, mən "Şərq poeması"nın tərcümə olduğunu eşidəndə auditoriyada professorla mübahisə etmişdim ki, bəlkə o, başqa əsəri nəzərdə tutur? Professor da gülüb demişdi ki, sənin bu təəccübün Böyükağa Qasımzadənin parlaq qələbəsidir. Eyni hissi mən onun tərcüməsində tatar şairi Musa Cəlilin "Quşcuğaz", "Mənim nəğmələrim", "Çiçəyin məzarı", "İnanma", "Məhkum"... şeirlərini oxuyanda, Həsənoğlunun

 

Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?

Aparıb fikri bütün səbrü qərarım, nə edim?

 

- beyti ilə başlayan qəzəlinin şeiriyyətinə valeh olanda keçirmişəm, bunların tərcümə olunduğuna inanmamışam.

Böyükağa Qasımzadənin poetik istedadı xalqlar və poeziyalar arasında cığırları Yola çevirmək kimi gözəl bir mərama da qüvvət verirdi. A.S.Puşkinin "Tunc atlı", "Taun zamanı işrət", "Kolomnadakı daxma", "Xoşbəxt o adamdır...", "Mən tezliklə susaram", o cümlədən onun Azərbaycan dilində tərtib olunmuş iki cildliyinə daxil olan şeirlərinin böyük əksəriyyətini Böyükağa Qasımzadə tərcümə edib. Frankonun sonetlərini, Nekrasovun yaradıcılığından nümunələri dilimizə çevirib. Onun Raynisdən də etdiyi xeyli tərcüməsi var. "Əbədiyyət" şeirini isə sanki tərcüməyə sərf etdiyi vaxtın arasına girib öz sözünü, şair inamını ifadə etmək üçün seçib.

 

Ömrümün gündüzünə,

Qanad gərəndə axşam,

Bir şəfəqə çevrilib

Əbədi yaşayacağam.

Mən əcəldən qorxmuram,

Nə edəcək o mənə?

Mən öləndən sonra da

Yaşayacağam yenə.

 

Əslində, bu, istedadla təxəyyülün ölüm üzərində birgə qələbəsidir və bu qələbədə zaman, məkan çərçivələri görünməz olur. Və bir də, azadlıq qədər sevə bilmək ucalığında bir ilahi pıçıltını yadda saxlamışdı: ölümdən qorxmayan bir şey var: eşq!

Böyükağa Qasımzadənin tərcümələrində təqdim etdiyi şeiriyyət fikrin şeiriyyətidir və o, sözün yox, fikrin şeiriyyətini verməkdə ustadır. Bu mənada poetik və süjet baxımından mürəkkəb strukturlu, fəlsəfəsi etibarilə çoxqatlı, "Yeddi cam"ın tərcüməsi ədəbiyyatımıza və füzulişünaslığa misilsiz töhfədir.

 

Qəflət yuxusundan o zaman ki oyanıb mən,

Söz mülkünü qaldırdım uzaq göylərə yerdən,

Güldü nəzərimdə mənim hər elm və hikmət,

Gəzdim yol alıb sənət ara xeyli imarət.

Meyxanə kimi dəbdəbəli, sevgili mənzil,

Həm piri-muğan tək üzü xoş mürşidi-kamil,

Mən görmədim heç yerdə; şikayətlə dedim: dövr

Neyçin bu qədər zülm edərək vermədədir cövr?

 

Bu, Füzulinin İnsana və Zamana sualı idi. Böyükağa Qasımzadə bu sualın aləmlərin yeddi qatında aramağa çalışdığı cavabını Yaradan və Yaradılan arasında gözəgörünməz tellərlə bağlı münasibətin açılmaz və qarışılmaz ecazına bağladı.

 

Füzuli kimi mən də qalıb dəhrdə çün lal,

Gəlmir hünərim nəql edib aşkar eləyim hal.

 

Sirr içində boğulan insanı Böyük Sirrin əlində aciz qoyub dünya ilə söhbətini bitirdi.

 

Dost sirrini dostun ürəyindən eşit hər an,

Öz sirrini açma neyə saxla onu pünhan.

 

"Yeddi cam" Allahı öz içində aramağa səsləyən, insanı özü ilə, onu heç vaxt tərk etməyən əbədi sualla baş-başa qoyan bir hikmətdir və bu hikmətin dərki insanın özünü dərkidir, bu hikmət insanı "Yeddinci qata" yüksəldə biləcək ümid, inam Yoludur, Kamalın təntənəsidir.

 

Bilmir ki, bu dünyada nədir möhnəti-hicran,

Heç bir xəbəri yoxdu vüsal ayrılığından.

 

 Salamın rüşvətdən ucuz olduğunu anlayan könül memarının hər sətri sirr düyünü olan bu əsərini "oxuya bilmək"də Böyükağa Qasımzadəyə kömək edən bir qüvvə də sarsıntı olmuşdu, zənnimizcə. Onu cavan yaşında bu hikmət qapısını açmağa, müdrik qocanın həyat haqqında, dünyanın faniliyi, insanın Aləmlər içrə yeri ilə bağlı düşüncələrini anlamağa kömək edən sarsıntı… Şair müharibənin od-alovundan keçmişdi, siyasətlərin feilindən sarsılmışdı, insanın qiymətini, xislətini bu siyasət oyunları göstərmişdi ona. Onun şair təbiəti

 

Cəbhələr nə qədər acı olsa da,

Şirindir mərdanə vuruşun dadı

 

- əqidəsi ilə müharibə alovlarında sınağa çəkilirdi və bu sınaqdan qalibiyyətlə çıxmaq üçün Yeri - Göyü yaradanı köməyə çağırırdı.

 

Siz ey göylərdəki parlaq ulduzlar,

Mənə qüvvət verin, güc verin, aman!

Sən ey bu dəhşəti seyrə dalan su!

Burax, bir ildırım olsun hər ləpən!

 

...Müharibə başlayanda o, tələbə idi, sonuncu dövlət imtahanını verirdi, amma qəlbinin səsi onu imtahan meydanını dəyişməyə səslədi, bu səsi Vətənin və Zamanın səsinə qatdı:

Bizi intiqama çağırır zaman, - dedi.

Yox, o, "qələmi süngüyə çevirmədi", o, bir əlində qələm, bir əlində avtomat, döyüşən ordunun ön sıralarına getdi. Cənub cəbhəsində piyada batalyonunda vuruşdu. Rota komandiri kimi Ukraynanın strateji əhəmiyyətli üç kəndinin alman faşist işğalından azad edilməsində qəhrəmanlıq göstərdi. Döyüşə-döyüşə qələmi ilə də döyüşçülərini zəfər yürüşünə ruhlandırdı.

 

Hücum! Mərd igidlər, qeyrət çağıdır,

Sizi döyüşlərə çağırır Vətən!

 

Bu, şüar deyildi, şair-vətəndaş əqidəsi idi ki, onu hələ müharibədən əvvəl də bəyan etmişdi.

 

Faşistlər qızışsa ölüm, qan deyə,

İki cəbhə gəlsə pəncə-pəncəyə,

Düşmənin külünü sovurub göyə,

Qələmim olacaq dayağın sənin.

 

(1937)

 

Ukrayna onun nəzərində yalnız "düşmən atlarının tapdağından solan böyük yurdun bir parçası" deyildi, bu yerlər həm də Taras Şevçenkonun vətəni idi, Şevçenko poeziyası naminə vuruşmaq elə Vətən uğrunda vuruşmaqdı. Böyükağa Qasımzadə bu məhəbbəti Şevçenko nəfəsini şeirimizdə canlandırmaq ənənəsini başlamaqla - onun poeziyasından gözəl tərcümələr etməklə yaşadırdı.

Müharibə Böyükağa Qasımzadə üçün təkcə yaradıcılıqda növbəti mərhələ olmadı, onun dünyagörüşündə, inamında dərin izlər qoydu və şair müharibədən sonra - ömrünün sonuna kimi - bu izləri tərcümə sənətinin köməyilə silməyə çalışdı sanki. Daxilində baş vermiş sarsıntılar və köklü dəyişiklik ən çox da müharibədən sonra Cənubi Azərbaycana ezamiyyə vaxtına düşürdü. Bu barədə şairin oğlu İntiqam Qasımzadə belə yazır: "...Cənublu qardaşlarımızın inqilabi hərəkatı sovet diplomatiyasının məkrli planlarının qurbanı olduqdan sonra B.Qasımzadə Vətənə qayıdır. Həmin xəyanət şairi bərk sarsıdır və ömrünün sonuna qədər bu sarsıntının acısını ürəyində gəzdirir".

Müharibədən sonra cəbhə yenə ədəbiyyat idi; "Ədəbiyyat qəzeti"ndə ədəbiyyat və incəsənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinə rəhbərlik və nəhayət, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində işlədi.

Onun yaradıcı gəncliyə, gənc şairlərə diqqəti, qayğısı haqqında bu gün də ağızdolusu, ürəklə danışırlar; səmimiyyətindən, bütövlüyündən, təmənnasız xeyirxahlığından, sahmanlı yaraşığından, dostluğundan, sədaqətindən. Jurnalda cəmi üç il işləyə bildi. Cəbhəçi zabitin, şairin normal məişət şəraiti ilə bağlı arzularının bircə addımlığında... cəmi 41 yaşında namərd əcəl xislətini göstərdi...

Bütün insanlar, hamı onu gözləyir, sadəcə, nə vaxt gələcəyini, harda görüşəcəklərini heç kəs bilmir. İnsanın cavan getməsi də... ağrılı deyil (!) nə qədər ki, sənin qiymətini, dəyərini bilənlər - ətrafın var, sən də yaşayırsan. Tanıyanların sırası seyrəldikcə, təklənib, mahiyyətindən xəbərsiz insanların əhatəsində qalmaq... Böyükağanın ölümü qabaqlayan, əcəlin niyyətinə gülən toxtaq iradəsində bir az da bu əminlik vardı. Onunçün hönkür-hönkür göz yaşı tökən Dost vardı, məhəbbətini uca tutan həmdəmi - Sonası vardı və, deyəsən... inandıqlarından ən etibarlısı, seçdiklərinin xası Sonası oldu. Böyükağanın yadigarlarını onun Adına, məhəbbətlərinə layiq böyütdü, çırağını gur yandırdı. Nə olsun ki, ölən kimi cəbhəçi şairin ailəsini yazıçılarçün tikilən, tikilib qurtarmasını səbirsizliklə gözlədikləri evin gələcək sakinləri siyahısından sildilər, daha utanacaq üz yox idi axı - başqa bir yazıçının kommunal şəraitdən məhrum, boşalmış evini Böyükağanın ailəsinə rəva gördülər...

Böyükağa Qasımzadə həyata Şərin qabağına çıxarılan Xeyirin mücəssəməsi kimi gəlmişdi. Elə ona görə də qəlbi də, qələmi də, insanları həyata, xeyirxahlığa, sevgiyə, dostluğa səsləyirdi.

 

Dostluq! Bu söz nə qədər mənalıdır, a dostlar!

Varmı qiymətli bir söz cahanda bu söz kimi.

Dostluq! Onun günəşdən böyük bir qüdrəti var,

Gəl, qardaşım, qoruyaq onu bir cüt göz kimi...

 

Onun poetik nəfəsi sevgidən su içir, onun ilkin məcazı sevgidir. Predmetin mövzusu - Qələbə bayrağı, məktub, bayram, şair ölümünün acı xəbəri, lirik mən, xatirələr, qisasa çağırış, təbiət, gələcəyin səsi, vətən... böyük insan sevgisindən doğulurdu.

Böyükağa Qasımzadə süjetli şeirin gözəl örnəyini yaradıb: "Qarı sənəyini çırpdı daşlara".

Böyükağa Qasımzadə əruzda təmiz azərbaycanca qəzəllər yazıb.

"Böyükağa Qasımzadənin ədəbi İrsi məzmun cəhətdən olduğu kimi, bədii sənətkarlıq cəhətindən də diqqəti cəlb edir. O, həm klassik şeir üslubunda, həm də xalq şeiri üslubunda bir çox məzmunlu şeirlər yazmışdır. Onun şeir intonasiyası çox qüvvətli, şeir dili səlis və təsirlidir. Poetik formalar, vəzn, şairanə cümlə quruluşu orijinaldır". (Akademik Məmməd Cəfər Cəfərov).

Böyükağa Qasımzadə yaradıcılığının birinci mərhələsində könlünün səsi - arzusu ilə mətin iradəli, böyük hünərli xalqına ruh vermək haqqında düşünürdü. Həm də bu zaman ideya və bu keyfiyyətin passiv daşıyıcısı olaraq bəyan etmişdi fikrini.

 

Biz mübariz əsgərik, poladdandır qəlbimiz,

Kədərlərdən tapılmaz zərrə qədər iz məndə.

 

Yaradıcılığının ikinci mərhələsində onun qıy vuran səsi şeirin səfərbər, qələbə əzmini qüvvətləndirir.

 

Əssin nərəmizdən dağlar, qayalar,

Ərisin düşmənin qəlbinin yağı.

Azad nəfəs alsın o sevgili yar,

Azad nəfəs alsın vətən torpağı!

 

Sonuncu mərhələ isə... (qəribədir, 41 illik bir ömrün üçüncü mərhələsi)... Onun səbri... ümidə yox, dözümə sığınırdı. Amma şair bilirdi ki, səbr ömür boyu dözmək üçün deyil, məqamı düzgün seçə bilməkçündü! O da seçimini etmişdi: Yaşamağa tələsirdi. Ehtiyacın və müharibənin ucbatından balalarına verə bilmədiklərinin əvəzini çıxmağa tələsirdi. Sonasını yaşamaqçün, atalıq duyğusunu dopdolu yaşamaqçün həyatın, şəraitin, vəziyyətin verdiyi ən kiçik imkanı belə, ürəkdolusu səadətə çevirməyə tələsirdi...

 

Qələmə sığmayan bu sevgi nədir?

Hansı ana doğdu bu məhəbbəti?

 

Bir də... özündən qaçmaq istəyirdi; içində ağlayan keçmişin onu qarabaqara izləyən kölgəsindən uzaq... uzaq olmaq...

 

Xeyli ötüb keçsə də son döyüş illərindən,

Yenə də xatirimdən çıxmır o dərdli çağlar.

Başımdan keçənləri bəzən düşündükcə mən,

Ürəyimin başında qəmli bir kaman ağlar.

 

Elə bil hiss edirdi ki... ayrılıq... uzaq deyil. Şair qəlbi insanlığa son sözünü söyləməyə tələsirdi.

 

Çatdır qocalara bu sözlərimi,

Öz xalqı, öz eli, yurdu naminə

Mənimtək yaşayıb ölənlər ölmür,

Bu gün də, sabah da yaşayır yenə.

 

İstəyirdi insanlar unutmasınlar bir sadə həqiqəti: gələcəyə keçmişin çiynində gedərlər...

İnsan xislətinə bələddi, həm də bilirdi ki, nəfinə olanı gec götürür, - kamillik zirvəsinin uzaqlığına da bələddi. Hər halda, ehtiyatını görmüşdü. Xəbərdarlığını unutmadı.

Qorx ki, bu qəza çərxi dolanmışda xilaf var.

41 illik bir ömür üçün bu nəticələr tez deyildimi?

Adi adamlar üçün, bəlkə də. Amma heç kəs bilmirdi ki, Böyükağa Qasımzadə Yerin də nəhayətsizliyini çoxdan fəhm eləmişdi.

...Azadlıq qədər sevə bilmək nəydi bəs?

 

Südabə Ağabalayeva

 

Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.12-14.