Hiddət
Film ssenarisi
Ejen İONESKO
(1909-1994)
Rumın əsilli fransız dramaturqu,
nasiri və esseçisidir. Fransız və
rumın dillərində yazdığı əsərlər
sayəsində XX yüzilin teatr sənətində
avanqardizmin və absurdizmin (absurd teatrın) banilərindən
biri kimi tanınıb. 1970-ci ildə Fransa
Akademiyasına üzv seçilib.
O, hələ uşaq ikən ailəsi
Parisə köçüb və gələcək yazarın
ilk dili fransızca olub. Yeniyetmə yaşlarında
Rumıniyaya qayıdan Ejen Buxarest Universitetinin Fransız dili
fakültəsində ali təhsil alıb.
O illərdə həm fransız, həm də rumın dillərində
qələmə aldığı şeirlərdə onun
dadaizm cərəyanına duyduğu rəğbət aşkar
şəkildə hiss olunmaqdadır.
1950-ci ildə
yazdığı "Daz müğənni" pyesi onun
dramaturgiya sahəsində ilk qələm təcrübəsi
sayılsa da, müəllifə görünməmiş
şöhrət gətirir. Bunun ardınca o,
"Dərs" (1951), "Stullar" (1952), "Yeni
sakin" (1953), "Gələcək yumurtalarda uyuyur"
(1957), "Təmənnasız qatil" (1959), "Kərgədan"
(1959), "Göylər yolçusu" (1962), "Kral can
üstədir" (1962), "Aclıq və susuzluq" (1964),
"Maqbet" (1972), "Çamadanlı kişi" (1975) və
"Ölülər arasında" (1980) pyeslərini
yazır.
Paralel şəkildə nəsrlə
də məşğul olan Ejen İonesko "Yalqız"
(1974) adlı romanın, absurd hekayələrin
("Oriflamma", "Polkovnikin fotosu" və sair),
uşaqlar üçün bir silsilə fantastik
nağılın, habelə esse və memuar kitablarının
da müəllifidir.
Onun zəngin ədəbi fəaliyyəti
Monako şahzadəsinin xüsusi mükafatına, Yerusəlim
(Qüds) ədəbi ödülünə (1973), Fransa və
Avstriya hökumətlərinin ədəbi mükafatlarına
layiq görülüb.
Əsərlərində təqdim
etdiyi ağlasığmaz, xəyali və təzadlarla dolu
durumlardan biri də real həyatda onun öz başına gəlib:
vəfatından 15 il sonra, yəni 2009-cu
ildə o, həyatda olmamasına rəğmən, Rumıniya
Akademiyasına üzv seçilib və bu fəxri adı hələ
də daşımaqdadır.
Hİddət
İlk kadrda biz yaz səmasını görürük,
gözlərimiz önündə saatının əqrəbləri
günorta vaxtını göstərən kiçik bir kilsə
peyda olur və qulağımıza zəng səsləri dəyir. Kiçik bir əyalət
şəhərində ucalan bu kilsənin önündəki
meydança yavaş-yavaş görüntüyə girir.
Zənglər yetərincə böyük
pauzalarla çalınır və buna uyğun olaraq, ilk hadisələr
xeyli ağır bir templə ekrana gəlir. Sakit və gülümsər üzlü insanlar dəstə-dəstə
kilsədən bayıra axışır, onlar bir-birinə
baxıb, başlarını tərpədir,
qarşılıqlı şəkildə xoş-beş edirlər. Bunların
ardınca ağbirçək xanımlar kilsədən
dışarı çıxır. Onlardan biri
üst-başı tökülən bir dilənçiyə:
"İsanın dirilməsi naminə bu sədəqəni
alsana, balası", - deyir. Üz-gözündən
razılıq ifadəsi yağan dilənçi də ona:
"Ürəyinizin bunca genişliyinə görə qoy Allah
öz nemətlərini Sizdən heç əsirgəməsin,
madam", - deyir. Xanım öz yoluna davam edir.
Onun ardınca baxan dilənçi razılıq eləyir:
"Dünyada belə mərhəmətli könül sahibləri
varkən mənə dilənmək də xoşdur, vallah!".
İkinci
xanım üçüncüdən soruşur:
"Qadası, ərin indi necədir?".
Rəfiqəsi də ona: "Allah səndən razı olsun, ərim
öz həyatından
hədsiz dərəcədə razıdır. İflic
olmasıyla da artıq tamamilə barışıb" -
cavabını verir. Axın-axın
üzü bəri gəlməyə davam edən insanlar
şlyapalarını çıxararaq, bir-birilə
salamlaşır, əllərini sinələrinə qoymaqla,
bir-birlərinə təzimdə bulunurlar. Günəş
şüalarına qərq olan ağaclar, evlərin damları
da az sonra kadra girir, bu kəskin
işıqlanma sayəsində pəncərə
şüşələri bərq vurur. Pəncərələrdən
birində ziyafət paltarı geyinmiş bir qadın gözə
dəyir. O, aşağıya boylanır və binadan
yenicə çıxan bir gəncə üz tutaraq deyir:
"Bibinə gül almağı da unutmayasan ha!". Cavan oğlan ona: "Arxayın ol, ana. Sənin əvəzinə hələ onun
yanaqlarından da öpəcəyəm", - deyir. İstəyə görə, bu yerdə filmə bənzər
məzmunlu iki-üç epizod da artırmaq
mümkündür.
Şəhər meydanındakı kiçik kafe. Masalardan
birinin arxasında yaşlı bir cənab öz xanımı
ilə əyləşib, qonşu masa arxasında əyləşənlər
də elə eyni yaşlarda olan ər-arvaddır. Bu cənablardan
biri digərinə deyir: "Bazar günləri mən, sadəcə,
mineral su içirəm, ara günlərdə isə spirtli
içkilərə üstünlük verirəm".
İkinci kişi dillənir: "Mən isə
bunun tam əksini edirəm".
Nənəsi ilə bir oğlan uşağı
qarşımızdan keçir. Yoldan ötənlər
uşağı danışdırır, bir qadın isə
ona konfet uzadır. Oğlan təşəkkür
edir. Nənə həmin xanıma fəxrlə deyir:
"O, bu konfetlərə layiqdir, madam, çünki həm
özünü ədəbli aparır, həm də adam içində burnunu qurdalamır". "Elədir, nümunəvi davranışıma
görə mən hələ mükafat da almışam"
- deyən oğlan kiçicik bir xaç nişanını
qadına göstərir. Böyüklər
bundan təsirlənirlər. Nənə öz nəvəsini
tərifləməyinə davam edir: "O, hədsiz
ağıllıdır və artıq məktəbə getməyə
hazırlaşır". Kişilərdən biri
maraqlanır: "Hansı məktəbə?" Nənə
bunu xatırlamağa çalışır: "E-e-e, ali
anormal məktəbə".
Ər-arvadlardan
birinin yanında iti, digərinin isə pişiyi də ola bilər. Belədə sahibinə
yarınmaq üçün it arxa pəncələri üstə
dura, pişik isə belini donqar şəklə salaraq miyoldaya
bilər - heyvanlar arasındakı bu ilıq münasibət
insanların da könlünü oxşayar. Onların
sahibləri heyranlıqla deyərlər:
"Görürsünüz də, necə mehriban məxluqlardır!". Balaca itin sahibi olan qadın könül
xoşluğuyla əlavə edər: Nəciblik barədə
sizin itiniz bizim pişikdən heç geri qalmır".
Pişiyin sahibi olan kişi deyər:
"O, heç vaxt adama cırmaq atmaz". "Bizimki
isə hələ heç kəsi dişləməyibdir"
- bunu da itin sahibi vurğulayar. Pişiyin sahibi kişi
öz heyranlığını gizlətməz: "Necə də
nəcib məxluqmuş ey bunlar!".
İtin sahibəsi də bu fikirlə razılaşar: "Siz
tamamilə haqlısınız". Pişiyin sahibəsi əlavə
edər: "Təkcə danışmağı bacarmır da
bunlar". İtin sahibi olan kişi isə tərifdən nə
yorular, nə usanar: "Hərçənd hər deyiləni
başa düşürlər...".
Xoş görüntülərlə dolu kadrlar bir-birini əvəz
edir. Keşiş kilsədən bayıra
çıxır. Hansısa cənab könül
xoşluğuyla onu salamlayır: "Xoş gördük sizi,
cənab küre (katolik icmanın keşişi - A.Y.)!". "Xoş gününüz olsun, cənab
müəllim!". Dilənçi dərin
rəğbətlə polis məmuruna, o isə eyni şəkildə
qarşısındakı dilənçiyə tam səmimiyyətlə
baş əyir və mehribancasına hal-əhval tutur:
"İşlərin necədir, dostum? Özünə bir
sığınacaq tapa bildinmi barı?".
Dilənçi cavab verir: "Təşəkkürlər, hə,
ən nəhayət, məni də öz qanadı altına alan nəcib bir ürək sahibi
tapıldı". Polis məmuru deyir: "Bu dünya, həqiqətən
də, nəcib insanlardan xali deyilmiş". Dilənçi də
bunu təsdiqləyir: "Sırf bu səbəbə görə
biz Tanrıya şükürlər etməliyik!".
Polis də razılıqla başını tərpədir və
dilənçiyə təklif edir: "Vaxt tapanda bir ara bizim
bölməyə gəl, səninlə oturub, dərdləşək".
Şirniyyat dükanı. Cavan kişi indicə
satın aldığı pirojnalarla dolu qutunu bir əlində,
çiçək dəstəsini isə digər əlində
tutub. O, dükan sahibəsinə bildirir: "Bizim xanım
sizin pirojnalara bayılır, ən çox da çiyələk
cemli biskvitlərə". Dükan sahibəsi təəccüblə:
"Necə də diqqətcil həyat
yoldaşısınız belə! O dəqiqə
görünür ki, aranızda dərin bir anlaşma hökm
sürür". "Hə, artıq mən tələsməliyəm,
çünki indi yolumu gözləyir, onun təlaşlanmasına
könlüm əsla razı olmaz". Dükandan
çıxan kişi üzbəüzdəki
evin pəncərəsindən ona göz qoyan xanımına əl
yelləyir. Bir-birlərinə hava
öpüşü göndərirlər. Sonra
o, yeyin addımlarla meydanı keçib, öz evinə tərəf
üz tutur. Qonşu evlərə də əlində
eyni cür qutular daşıyan kişilər girir.
Cavan qadın qapını ərinin üzünə açır. "Salam, əziz
xanımım!". "Salam,
əziz ərim! Yenə də növbəti sürprizlə
gəlibsən!". Kişi
çiçək dəstəsini qadına uzadır. Qadın onu öpür. Cavan
xanım pirojna qutusunu nahar üçün
hazırladığı süfrəyə qoyur, çiçəkləri
isə bir güldana yerləşdirir.
Kişi kanotyesini (həsirdən hörülmüş və
sərt biçimli şlyapa növüdür. Fransada
geniş yayılan bu papağın orta qismi (gövdəsi)
silindr şəklində, günlüyü isə yetərincə
ensiz və əyimsiz olur - A.Y.) çıxarıb,
xanıma uzadır. Öpüşürlər.
Evin interyeri tamaşaçıların gözləri qarşısında
canlanır: parlaq rənglərdə divar kağızları və
mebel, son xəbərlərin verildiyi televizor
görüntüyə girir. Ev adama rahat və
xoş bir yuva təsiri bağışlayır, hər şey
göz-könül oxşayır. Kişi maraqlanır:
"Dünyada nələr olub-bitir?".
Cavabında: "Həmişəki kimi ancaq xoş xəbərlər
gəlir". Xanım diktorun səsi ucalır:
"Bütün ölkələrin dövlət
başçılarının qatıldığı
görüşdən sonra əldə olunan ümumi
barışığın şərəfinə böyük
bir ziyafət verilib. Çıxışlardan
sonra isə dövlət başçıları
qucaqlaşıb-öpüşüblər". Kadrlar
sürətlə bir-birini əvəzləyir: hökumət
başçıları və generallar tam səmimiyyətlə
öpüşərək bir-birlərini əmin edirlər:
"Biz sizin bütün şərtlərinizə
razıyıq!". Ev sahibi deyir: "Bunu
görmək necə də xoşdur! Son üç il boyu
bunlar hər gün və durmadan barışıq elan edirlər!".
Kiçik
bir sevgi səhnəsinə şahid oluruq: cavan ər öz
arvadıyla öpüşür, bir-birlərinə nəvazişlə:
"mənim quşcuğazım", "göyərçinim
mənim", "pişiyim", "matahım",
"dovşancığım",
"canım-gözüm", "çiçəyim"
kimi sözlər pıçıldayırlar.
Bu səhnədən bir qədər əvvəl və
cavan ərin mənzillərdən hansınasa gəlişindən
sonra, həm də qısa epizodlarla, əlində gül buketi
tutan yaşlı bir kişinin evə gəlməsini göstərmək
məsləhət görülür. Ahıl ər də,
eynilə cavan ər kimi pencəyini çıxarıb,
arvadına uzadır. O arada tamaşaçılara daha
bir ər-arvadı göstərmək lazım gələcək:
saqqalı sinəsinə düşən keşiş öz
xanımının yanağından öpüş alır.
Bundan əlavə, daha bir mənzildə kişi arvadından xəbər
alır: "Dünyada nələr olur?".
Aydın məsələdir ki, bu sual cavan ərin
eyni məzmunlu sualından bir qədər sonra səslənməlidir.
Cavan ər-arvad arasındakı sevişmə səhnəsi
isə həmin binanın bütün mərtəbələrində
eynən təkrarlanmalıdır. Cavan kişi
deyəcək: "Quşcuğazım mənim".
Saqqallı keşişin arvadı pıçıldayacaq:
"Gözümün nuru". Bəstəboy qoca isə
"dovşancığazım" əzizləməsinin
ardınca öz toppuş arvadına pıçıldayacaq:
"Fərəmsən sən mənim".
Cavan
qadın deyəcək: "Hə, əzizim, yemək süfrəsinə
keçək. Öpüşmələri
sonraya saxlayaq". Cavan ər əlüstü
razılaşacaq: "Həqiqətən də, mən yamanca
acmışam". Cavan qadın
önlüyünü çıxaracaq. Ancaq
əri ondan aralanmadığı üçün təkrar
öpüşəcəklər. Qadın onu yola gətirməyə
çalışacaq: "Haydı, canım, axı mən sənin
acından ölməni istəmərəm".
Eyni dialoq bütün qalan mənzillərdə də birəbir
təkrarlanacaq. Cavan qadın qəfildən nə isə
xatırlayıbmış kimi: "Of! Axı mən
də sənə bir hədiyyə almışdım", -
deyə ərinə bir qalstuk uzadır. "Əcəb
gözəldir!" - deyən
kişi təzə qalstuku boynuna bağlamağa başlayır.
Arvadı xoşhallanır: "Təzə pencəyinə də
yamanca yaraşacaq bu!". Əri
pencəyini də əyninə geyir. Ər
ilə arvad təkrar öpüşür və bir-birinə
xoş sözlər deyirlər. Şlyapasını taxan
kişi güzgünün önünə
keçir. "Həqiqətən də
yaraşırmış ha!". Arvadını öpür. Cavan qadın
onu süfrəyə tərəf çəkib aparır.
Əyləşirlər. "Şlyapanı
unutdun, əzizim! Bəlkə onu çıxarasan?". Kişi deyir: "Ah, bağışla!". Şlyapasını
çıxarıb, arvadına uzadır. Qadın
onu yerinə qoyur. Kişi pencəyini də
soyunub, xanımına uzadır. Qadın
onu da asılqana keçirir. Kişi qalstuku da açmaq
istəyir, ancaq sonra fikrindən daşınır: "Yox, qoy
qalsın; o, elə göz oxşayır ki!".
Eyni cümləni bütün qalan mənzillərdəki
kişilərin də təkrarlaması arzuolunandır.
Ən nəhayət, cavan ər-arvad keçib, süfrə
arxasında əyləşə bilir. Kamera gənc
qadının əlini iri planda göstərir - o, şorba dolu
boşqabı süfrəyə qoyur. Cavan kişinin
üzündə xəfif bir kinayə sezilir: "Yenə də
şorba!". Bunun
ardınca fərqli əllər və boşqablar dalbadal
göstərilir - təxmin eləmək çətin deyil ki,
bütün bunlar həmin binanın digər mənzillərindəki
başqa-başqa qadınlara məxsus əllərdir.
Cavan arvad
xəfif bir incikliklə deyir: "Amma adi günlərdə sən
şorba yemirsən axı. Bu şorbanı mən
təzə-tər tərəvəzlərdən
bişirmişəm ey". Əri barışıq
yolunu tutaraq dillənir: "Nə gözəl!" və həmin
dəm baxışları boşqabdakı iri milçəyə
dikilir və ödü ağzına gəlir. Arvadı narahat
halda soruşur: "Nə oldu yenə? Başqa
nə var?" Təmkinini qorumağa çalışan
kişi dillənir: "Həqiqətən
də ey, başqa nə var axı?! Bunda qeyri-adi
nə var ki?! Hər bazar günü
olduğu kimi, yenə də şorbamda milçək
üzür". "Milçək
üzür! Vay səni yalançı!".
Kişi deyir: "Bəs bu nədir, səncə: bəlkə
milçək deyil, hə? Özün
baxsana". Qadın lap tövrdən çıxır:
"Onu boşqaba sən özün atıbsan ki, mənim
qanımı qaraldasan". "Heç sənin
ağlın başındadır?! Niyə belə
sarsaqlayırsan axı?!". Cavan qadın
səsini yüksəldir: "Məni alçaltmağa
cürət eləmə ha!" Kişi altdan alır: "Səni
alçaltmaq fikri mənim heç ağlımdan da
keçmir".
Sonrakı kadrlarda biz digər kişilərin də hər
birinin öz qabında milçəyi gördüyünün
şahidi oluruq. Üstəlik, hər biri bağırır:
"Milçəyə bax!". O
saqqallı mömin də, müəllim də, keşiş də,
itin sahibi də. "Bir özün bax!".
"Düz otuz ildir ki, hər bazar günü...". "Axı bu nə vaxta qədər təkrarlanacaq?!". "Sən yalan deyirsən, bunu qəsdən eləmisən
ki, illah mənə bir irad tutasan!" - bütün
bunlar qəlbi qırılan qadınların dilə gətirdiyi
replikalarıdır.
Cavan ər-arvadın evində qanqaralıq
düşür. Qadın heç cür sakitləşmək istəmir:
"Hansısa milçəyə görə bu qədər mərəkə
qoparmaq olar?! Baxan da düşünəcək ki, sən əslzadə
birisən! Halbuki valideynlərinin kimliyi
bütün el-aləmə bəllidir". Ər
soruşur: "Kim idi ki, onlar?".
"Kim olacaqlar: köhnə-kühnə əşya
satıcısı!". "Hə,
indi nə olsun axı?! Əvvəla, indi
onlar təqaüdə çıxıblar, ikincisi,
bütün peşə sahibləri eyni dərəcədə
hörmət-izzətə layiqdir. Bir də ki, sən mənim
valideynlərimi rahat buraxsana!". Ancaq
qadın dil-boğaza qoymur: "Bəyəm mən onları nə
cürsə aşağıladım ki?".
Kişi deyir: "Həm də köhnə əşya satmaq
ara düzəltməkdən daha yaxşıdır". Arvad
soruşur: "Sən indi kimi nəzərdə tutub bunu deyirsən
ki?". "Kimi nəzərdə
tutacağam? Sənin o dəyərli
atanı. Onu hamı yaxşı
tanıyır. Köhnə əşya
satıcılığına girişsə də, bundan bir
şey çıxmadı. Bu iş dürüstlük tələb
etdiyindən adamın çörəyi daşdan
çıxır axı". Qadın səsini başına
atır: "Utansana barı! Niyə mənim
ata-anama qara yaxmağa çalışırsan? Sən
ta ölənə qədər onlara minnətdar olmalısan
ey! Ay vecəyaramaz hərif, əgər mənim o cehizim
olmasaydı, kim bilir indi sən haralarda sülənirdin!". Kişi deyir: "O vaxt onlar
başımı tovladılar, mən də əlimdəki
vekselləri yarı qiymətinə satmalı oldum".
Qadın deyir: "Ancaq buna rəğmən, xeyli qazanc da
götürdün". Kişi özünümüdafiəyə
qalxır: "Ancaq bu fakt da sənin hər bazar günü
şorbama milçək atmana əsas vermir". Qadın deyir:
"İlahi, axı o vaxt mənə demişdilər, məni
fikrimdən daşındırmağa
çalışmışdılar ki, sən sarsağa ərə
getməyim. Axı niyə mən öz
dayımın məsləhətini dinləmədim?! O,
necə də haqlı imiş!". "Sənin
o dayın özü qoca əbləhin biri idi! Mən
həmişə inanırdım ki, o, ağıl barədə
nə isə bir problem yaşayır". "Hər necə
olsa, dayım sənin xalaqızından daha
ağıllıdır - bax, o qadın isə... əsl ipləmədir!".
Digər
mənzillərdə də qınaqlar səslənir: "Sən
öz xalanı yadına sal!" (bunu
möminin xanımı deyir), "Axmaq sənin ulu babandır!"
(hakim), "Sənin bütün qohum-əqrəbanın
yeri - qoduqluqdur!" (hakimin xanımı),
"Sizin ailə bütünlüklə nadürüst və
dinsizlər yığnağıdır!" (keşiş
bunu xidmətçi qadına deyir), "Sizmişsiniz nəcib
ailə?! Sizlər - özündən deyən,
düdəmə adamlarsınız, ay xanım!" (dilənçi bunu nəcib görkəmli bir
xanıma deyir). İtin sahibəsi o heyvanı ərinin
üstünə qısqırdır. Pişik
isə öz sahibinin xanımına hücum çəkir.
Təzədən cavan ər-arvadın mənzilinə
dönür kamera. Kişi şorba ilə dolu boşqabı
arvadının başına əndərir. Eyni hadisə digər mənzillərdə də təkrarlanır.
Mənzillərin kandarlarına qədər
axıb-gələn şorba pilləkənlə
üzüaşağı axıb, gedir. Bu iş
qaçılmaz sonluqla nəticələnir: kişilər
öz yumruqlarını işə salırlar. Qadınlar
da onlardan heç geri qalmırlar. Hər
iki tərəf bir-birinə qarşılıqlı şillələr
yağdırır. Sonra növbə
qab-qacağa gəlir. Qadınlardan və
ya kişilərdən birinin vızıldatdığı
boşqab pəncərədən çıxıb, bayıra
uçur və gəlib, asayişə cavabdehlik daşıyan
polisin düz ayaqlarının altına düşür.
Bunun ardınca uçuşan ikinci,
üçüncü və növbəti boşqab da gəlib,
polis məmurunun təpəsində qırılır. Fıştırığını çıxaran
polis nəfəri nəfəsi yetdikcə onu üfləməyə
başlayır. Hadisələr artıq
fasiləsiz şəkildə cərəyan edir - elektrik
sobasına düşən əski parçası alovlanır
və binada yanğın başlanır. Kadrlar
böyük sürətlə bir-birini əvəzləyir.
Bina sakinləri pilləkən qəfəsinə
qaçışır, bir-birini təqib edərək, yolboyu
da qarşılıqlı şəkildə
yumruqlaşırlar. O lənətə gəlmiş
şorba seli isə hələ də pillələr boyu
üzüaşağı axmağa davam edir.
Polis dəstəsi tez özünü ora yetirir. Pəncərələrdən
boylananlar bunu sezirlər. Növbəti şilləni
arvadına ilişdirmək əvəzinə, kişilərdən
biri qaraqışqırıq salır: "Polis gəldi!". Qadınlardan biri də onun
sözünü təkrarlayır: "Polis gəldi!".
Furqonlardan yerə tökülüşən polislər
binaya tərəf cumurlar. Bir neçə dəqiqədən
sonra geri dönərkən onlar ipə-sapa yatmayan, itaətsizlik
göstərən ər-arvadları sürüyüb,
maşına tərəf gətirirlər. Həmin sakinlər
isə əl-qol ataraq, qışqırışırlar:
"Kömək edin! Bizi bunlardan qurtarın!".
Binanı alov bürüyüb. Yanğınsöndürənlər gəlir, şəhərin
digər sakinləri isə həbs olunanları hər nə
cürsə xilas eləməyə çalışırlar.
Bütün məhəllə əlbəyaxa dalaşa
girir. Bu yerdə arxivləri eşələyərək,
tapılan hansısa qiyamlarla, qarşıdurmalarla, məsələn,
Cənubi Afrikada ağlarla qaradərililər arasında gedən
dalaşlarla və sair və ilaxırla bağlı sənədli
lentlərdən istifadə eləmək də yerinə
düşər. Alışaraq
yanğına səbəb olan əski bu səfər iri planda
bizlərə təqdim edilir. Yanğınsöndürənlər
getdikcə artan alovu ram eləməyə hələ də cəhdlər
göstərirlər (bu mövzu ilə bağlı hazır
çəkilişləri də arxivdə tapmaq
mümkündür).
Sonra müharibə başlanır. Puankare və
Klemanso sıraya düzülmüş əsgərlərin
önündən keçirlər. Hitler və
Mussolini izdiham qarşısında çılğınca nitq
söyləyirlər. Londona və Hamburqa
bombalar yağdırılır. Sel və zəlzələ
fəlakətlərinin ardınca... atom bombası da
partlayır.
Qısa
sürən bu film boyu, ara-sıra, həm
də nisbətən əhəmiyyətli məqamlarda ekranda
daha iki iştirakçı - Tənha cənab və
televiziyanın qadın diktoru növbə ilə ekrana gətirilməlidir.
Həmin cənab kafedəki bir masa arxasında əyləşib.
Əvvəl-əvvəl nəcib və təmkinli
görünən bu kişinin üzündə daha sonra
narahatlıq və əsəbilik ifadəsi nəzərə
çarpacaq. Bu hiss get-gedə güclənib, ekranda
göstərilən səhnələrə uyğun olaraq, dərin
hiddətə və qəzəbə çevrilməlidir. Ən nəhayət, cənabın gərginlikdən
pörtüb-qızaran üzü sanki partlayır və tikə-tikə
olub dağılır.
Diktor qadının sakit tərzdə və gülümsəyərək çatdırdığı xəbərlər isə o ara ekranda göstərilən görüntülərlə tam ziddiyyət təşkil etməlidir. Bu qadın öz tamaşaçılarına güllü bahardan, çiçəkləyən çəmənlərdən və daşıb-çağlayan çaylardan söz açır. Ən sonda, yəni ən faciəvi məqamda qadın özünün ecazkar təbəssümü və məxməri səsiylə bildirir: "Hörmətli xanımlar və cənablar! Bir neçə dəqiqədən sonra dünyanın sonu gələcəkdir".
Və bunun ardınca... planetimiz dağılır.
Ruscadan
çevirdi: Azad YAŞAR
Ədəbiyyat qəzeti.- 2022.- 25
iyun.- S.16-17.