Savaş sözdən başlayır
Şair dostum Elxan Zalın ad
gününə
Təxminən
20 il öncə Elxan Zal Qaraxanlının
"Savaş ayələri" kitabında toplanmış
şeirləri ilə ilk dəfə tanış olanda öz
türkçü məzmunu, mistik-tarixi ruhu, özünəməxsus
dil-üslubu ilə seçilən bu şeirlər məni
sözün yaxşı mənasında təəccübləndirmişdi.
Ona görə yox ki, onlar mənim üçün gözlənilməz
idi, əksinə, əski türk daş bitiklərini az qala əzbər bilən biri və Mahmud
Kaşqarlı "Divan"ı haqqında Azərbaycanda ilk
monoqrafiyanın müəllifi kimi mən bu şeirləri
gözləyirdim. Amma bu tezliklə yox, 10-15 ildən
sonra və məni təəccübləndirən də
şairin gözləntilərimi qabaqlayaraq, belə qəfil
peyda olması idi. Təəccüblənmişdim ki, Azərbaycan
şeirinin minillik inkişaf məntiqindən doğmayan, nəinki
Nizaminin epik, Füzulinin lirik poeziyası, Cavidin
türkçü şeirləri, Səməd Vurğunun xalq
şeiri ənənələri üstündə köklənməyən,
hətta Rəsul Rzanın modernist poeziyasından da gəlməyən
bu şair kimdir, hardan belə peyda oldu? O, Ərgənəkondan
çıxıb bütün dünyanı bürüyən
türklər kimi birdən-birə yerin təkindənmi
çıxıb, yoxsa Boz qurd kimi qəfil göydənmi
düşüb?
Çünki
mən onda Elxanı nəinki hələ yaxşı
tanımır, ümumən, tanımırdım və
bilmirdim ki, o bu şeirlərə doğru onillərlə yol gəlib
və bu şeirlər 40 yaşın hüdudunda ona nənələrimizin diliylə desək,
bir vergi kimi verilib, yaxud Yunqun psixoanalitik təlimi üzrə
desək, daxili yaradıcılıq enerjisi olan libidonun sözə
sublimasiyası şəklində üzə
çıxıb. Bilmirdim ki, Elxanın şeirlərində
Nizamiyə məxsus epizm də, Füzuliyə məxsus lirizm
də var, o öz türkçülüyü ilə Cavidin,
xəlqiliyi ilə Vurğunun, modernizmi ilə Rəsul
Rzanın, bir sözlə, "min beş yüz illik Oğuz
şeiri"nin varisidir! Diqqət edin - təkrarçısı
yox, məhz varisi, davamçısı! Biz gəlişmədən
ibarət olan ənənəni çox zaman təkrarçılıqla
qarışdırırıq, elə buna görə də
Elxanın şeirləri bizə bu qədər gözlənilməz
gəlirdi! Sonralar gördüm ki, Elxan Zal öz
gözlənilməz gəlişi ilə təkcə məni
yox, çoxlarını heyrətləndirib. Gözlənilməzlik
heyrətləndirmək, heyrətləndirmək isə qalib gəlmək
deməkdir! Elxan Zal qalib gəlmişdi! Amma bu, 40 yaşlı
şairin "tam qələbə"siydi, o özünün
"qəti qələbə"sinə mənəvi
sıxıntılar, maddi məhrumiyyətlərdən
keçərək hələ daha 20 il yol getməli, 60-ı
aşırmalıydı! Eynən bu qələbəyə
doğru əzabla, ümidlə, həsrətlə dolu
20 illik yolu olan Azərbaycanımız kimi! Nə mutlu sənə,
şair, taleyin xalqın taleyi ilə üst-üstə
düşürdü!
Bizdə uzun əsrlər boyu
"türkçülük" sözü olmayıb,
türkçülüyün özü olub, daha dəqiq desək,
türk poeziyası olub. Füzuli "türkçü bir poema" yox, "Leyli və
Məcnun"u türk dilində dastan kimi yazıb. Xətainin, Vaqifin poeziyası "türkçü
poeziya" yox, türk poeziyası idi. Ərəb-islam fütuhatı
türklüyü nəinki "türkçülüklə"
əvəzləmədi, bizi özümüzə
yadlaşdırmadı, əksinə,
doğmalaşdırdı. Türkün bir
qövm olaraq özünüdərki islamla qovuşandan sonra
başa çatdı. Çünki İslamın
"cihad" və türkün "savaş"
anlayışları doğma idi, İslam türkü,
türk islamı qoruyurdu, müəyyən zahiri fərqlərə
baxmayaraq, mentalitet eyni idi - səhra da çöl,
çöl də səhra kimiydi! Elxanın
"Qurdar uluşan gecə" kitabından sonra ikinci
kitabına məhz "Savaş ayələri" adı verməsi
təsadüfi olmayıb, şairin aydın dərk olmuş, məqsədyönlü
türkçü-islamçı konsepsiyasından xəbər
verirdi. Savaş burda türklüyü, ayələr
isə islamı təmsil edirdi.
Özündə
müəyyən yadlıq, ögeylik daşıyan
"türkçülük" anlayışı Türkiyədə
fransızların mənəvi, Qafqazda, Rusiyada və Türküstanda
rusların həm də hərbi
işğalından sonra başladı. Türkçülüyə
münasibətin ən neqativ forması sovetlərin repressiya
dönəmində "pantürküzm" damğasında
meydana çıxdı. 60-cı illərdən sonra
B.Vahabzadə, Ş.Əkbərzadə, S.Rüstəmxanlı
kimi şairlərin, böyük fikir mücahidlərinin
yaradıcılığında baş qaldıran özünəqayıdışın
fərqinə varılmadan "türkçülük"
adı altında təqdimi də
məhz bu proseslərin məntiqi davamı idi. Elxan
Zal Qaraxanlı poeziyasında biz artıq
türkçülük yox, ülküçülükdən
danışa bilərik. Bu, millətin özünüdərkinin, özünəqayıdışının
inkişafında yeni mərhələnin
başlanğıcı, Elxan Zal isə bu mərhələnin
poeziyada ilk qaranquşu idi.
Millətin özünüdərki, eləcə də bədii
özünüdərkinin paradoksal bir cəhəti var -
özümüzdən, sözümüzdən
uzaqlaşdıqca ona yaxınlaşırıq (İnkişaf
düz xətt yox, dairə modeli üzrə gedir). Məhz buna görə Səməd
Vurğunun şair idealı Vaqif, Ramiz Rövşəninki
Füzuli, Murad Köhnəqalanınkı Yunis Əmrə, Həmid
Herisçininki Mövlana idi. Bəzən bu ümumi qayıdış çevrəsini
qabaqlayan sıçrayışlar da olurdu - Vaqif Bayatlı Odərin
Dədə Qorqud poeziyasına dönüşü kimi. Amma ən genəldə bədii-tarixi
yaddaşımızın daha dərin qatlarına zamanla
ardıcıl eniş qanunauyğunluğu pozulmurdu. Elxan
Zalın poeziyası
bu qayıdışın yeni mərhələsi -
Mahmud Kaşqarlı
"Divan"ındakı savaş şeirlərinə
dönüş idi. Ordu günü - 26 iyunda doğulan bir
şairin savaş şeirləri yazmasından məntiqi nə
ola bilər ki?
Bu dönüş prosesi təkcə şeir yox, nəsrdə
də gedirdi, məsələn, Anarın "Dədə
Qorqud"a qayıdışı kimi. Anarla Elxan Zalı birləşdirən
məqam - birincinin
Beynəlxalq Mahmud Kaşqarlı Fondunun sədri,
ikincinin isə onun müavini olması da, görünür, təsadüfi
olmayıb, sənətdəki prosesin sənədləşməsi
demək idi.
Amma Mahmud Kaşqarlı məsələsinin tam izahı
janr və coğrafi baxımdan daha geniş - ümumtürk
alanına çıxmağı tələb edir.
Elxan Zal Qaraxanlının şeirlərinin əski ruhu
istənilən Azərbaycan şairi və
yazıçısından daha çox, Türkiyə
şairi Mustafa Necati Yıldırımın poeziyası və
türk nasiri, ünlü "Bozqurdlar" romanının
müəllifi Hüseyn Nihal Adsızın nəsri ilə daha
yaxından səsləşir. Bu amil onu
ümumtürk dünyası şairinə çevirir. Heç kəs öz yurdunda peyğəmbər
olmur. Bəlkə, elə buna görə
Elxan Qazaxıstanda Azərbaycanda olduğundan daha məşhurdur.
Məhz buna görə onun haqqında "Hər zamanın
öz Elxanı doğulur" adlı ilk və hələ ki
son monoqrafiyanı Azərbaycan yox, Tatarıstan ədəbiyyatşünası
Çolpan xanım Zərif hələ neçə illər
öncə yazıb. Məhz buna görə
Elxanın səsi gah bu, gah digər türk respublikasında
keçirilən beynəlxalq əhəmiyyətli tədbirdən
gəlir, şeirləri müxtəlif türk xalqlarınn
dillərində yayımlanır. Amma Elxan Zal da bu diqqətə,
güvənə borclu qalmır, türk-islam dünyasının ünlü ədəbi
və siyasi təmsilçilərindən Oljas Süleymenov,
Ataol Bəhramoğlu, Çingiz Bektaş, Məhəmməd
İqbal, Abay Kunanbayev və digərlərinin əsərlərini
dilimizə çevirərək xalqlarımız arasında ədəbi-mədəni
yollar çəkir, körpülər salır. Şairlərinki ipək yolu yox, ürək yolu
salmaqdır. İnanıram ki, bu gün hər hansı
türk respublikasına Elxan Zalın saldığı ürək
yoluyla getsən, səni ən doğma adam
kimi qarşılar, ən sayqılı şəxs kimi
ağırlarlar. Öz qələm
dostlarını tez-tez belə səfərlərə aparan
Elxan insafən bir neçə dəfə mənə də
yol yoldaşı olmağı təklif edib, vaxt məhdudiyyətindən
gedə bilməmişəm, amma bir də belə təklif
olsa, şansımı qaçırmaq, imtina eləmək
fikrim yoxdur. Elxan qələm əhli
arasında bir ölkədən digərinə birlikdə gedə
biləcəyim yəqin ki, yeganə adamdır.
Elxan Zal
Qarabağ zəfərinə qədər türk
döyüş poeziyasına dönüşün milli şeirimizdə, sadəcə,
ilk nümayəndəsi yox, həm də son təmsilçisi
olaraq qalırdı. Nədən
ki, qaranquş gəlmişdi, amma hələ də
düçüncəmizin baharı gəlməmişdi, hələ
qardələnlər qar altındaydı, hələ də
İlhan Mansızın Koreyanın qapısından
keçirdiyi topun önəmi, Alparslanın boynuna kəfən
dolayıb Malazgirtdə döyüşə girməsindən
bizim üçün daha önəmliydi! Nədən ki, döyüş ruhumuz,
milli-tarixi yaddaşımız hələ də uyqudaydı.
Elxan Zal öz həyəcan təbili ilə bizi bu uyqudan
oyadır, nə qədər paradoksal səslənsə də,
bu dəfə artıq Sabirin varisi kimi çıxış
edirdi:
Cəngin
zamanı gəldi,
Tonqalı
yandır!.. daram!
Daram,
daram, dam, daram!
Yuxlamış
ruhumuzu
Titrət
oyandır... daram!
Daram,
daram, dam, daram!
Cəngin
zamanı gəldi! Ali Baş Komandanımız cənab
İlham Əliyev bu əmri vermək üçün 20 ilə
yaxınıydı ki, əlverişli fürsət gözləyirdi!
Bu, məntiqiydi! Ov bərəyə gəlməliydi! Şair
isə tələsir, heç bir diplomatik, iqtisadi sorunun
çözümünü gözləmədən öz bədii
əmrini 20
il öncə verirdi! Bu da məntiqiydi! Çünki əmr
öncə sözdə, ədəbiyyatda, sonra döyüş
meydanlarında verilir! Çünki hər şey kimi,
savaş da sözlə başlayır və sözdən
başlayır!
Savaş şairi Elxan Zalın bütün həyatı
döyüş içində keçib. O, Birinci Qarabağ
müharibəsində özüylə, İkinci Qarabağ
müharibəsində isə şeiri, sözüylə
iştirak edib. O, kirayə evlərdə keçirdiyi bu
ömür savaşında gəncliyini,
sağlamlığını, həyata keçməyən
arzularını, 60 illik ömrünü verib və
qarşılığında heç nə istəməyib -
nə layiq olduğu fəxri adı, nə uğurla
daşıyacağı vəzifəni, nə qürurla gəzdirəcəyi
orden-medalları. Amma başının
üstündə türk əcdadları kimi bir planetlik səma
olan şairin ayağının altında 60-70 kvadrat metrlik bir
olacaq olmalı deyilmi? Axı, bu dünyada
hər şey kimi insan da ağac metaforasına bənzəyir
- budaqları ilə göylərə baş vursa da, kökləri
ilə yerə bağlıdır. Elxanın neçə
ildən bəri Baş redaktorluq elədiyi "Ulu
çinar" jurnalının əsas ideya qaynaqlarından
biri olan Rəsul Rzanın ünlü "Ulu çinar"
şeirində dediyi kimi:
Belə məğrur
dayanmağa haqlıyam,
Öz
kökümlə bu torpağa bağlıyam!
Bütün
dünya bədii fikri min illərdir ki, iki mövzunun ətrafında
fırlanıb - qəhrəmanlıq və məhəbbət!
Bunlardan biri sözün "in", o biri
"yan" başlanğıcı, biri sözün xəncəri,
o biri qızılgülüdür. Elxan Zal bu iki zidd
anlayışı belə özünəməxsus şəkildə
qafiyələndirərək, öz
yaradıcılığını "savaş" və
"seviş" şeirləri deyə iki yerə
bölür. "Qurdlar ulaşan gecə",
"Savaş ayələri" kitablarında şairin
savaş, "Torqovı peyzajı" şeirlərində isə
seviş şeirləri toplanıb. Bu kitablar
üçü bir yerdə isə Azərbaycan deməkdir. Nədən ki, birinci
kitab dövlət bayrağımızdakı göy, ikincisi
yaşıl, üçüncüsü qırmızı rəngə
uyğun gəlir.
Elxanın təkcə "Azərbaycan dastanı"
poeması yox, əslində bütün yazdıqları Azərbaycana
həsr olunub:
Qazilər
qan tökdülər
Ölümə
can dedilər!
Bölünmüş
torpaqlara
Azərbaycan dedilər.
Əziz
Elxan! Arzu edirəm gün o gün olsun ki, Qarabağ zəfəri
İrəvan, Zəngəzur, Dərbənd, Təbrizdə də
təkrar olsun və sən bundan sonra ancaq seviş şeirləri
yazasan!
Ad
günün qutlu olsun!
Əsəd CAHANGİR
Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.21.