Çankırı səfərinin töhfəsi
Doğrudan da, elmin inkişafında elmi
toplantıların, elmi konfransların böyük əhəmiyyəti
vardır.
Çünki belə toplantılarda ən azından yeni elmi
mühitlə tanış olur, elmi
mübadilələr edir, bəzən də bu mübadilələrdən
yeni ideyalar, əldə etdiyin yeni faktlarla ayrılırsan. Bu dəfə də belə oldu. Mən və
yoldaşım, filologiya üzrə fəlsəfə doktoru
Yaqut Quliyeva 08-10 iyun 2022-ci il tarixində
Türkiyə Cümhuriyyəti Çankırı vilayəti
Karatəkin Universiteti Türkiyat İnstitutunun keçirdiyi 1.
Türkiyat Konqresində iştirak etdik. Konqres, həqiqətən də, çox gözəl
təşkil olunmuş və bu konqresə dünyanın
müxtəlif yerlərindən çox sayda alimlər,
mütəxəssislər dəvət edilmişdi. Yeri gəlmişkən,
mən bu konqresi təşkil edənlərə - Karatəkin
Universitetinin rektoru Prof. Dr.Harun Çiftçi bəyə və
Türkiyat İnstitutunun müdiri, Prof. Dr.Abdulselam Arvas bəyə
və bizim iştirakımızı orada təmin edənlərə
- Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə
və tədris işləri üzrə prorektor, professor Nərminə
xanım Quliyevaya təşəkkürümü bildirirəm.
Mən
konqresdə üç istiqamətdə fəaliyyət
göstərdim: 1. "Dədə Qorqud kitabı"nın 2018-ci ildə nəşr etdirdiyim Vatikan
nüsxəsinin Bakı nəşri türkoloji aləmə təqdim
olundu. 2. Azərbaycanda Oğuz damğalarının
varlığından bəhs edən, rejissoru və ssenari
müəllifi olduğum "Dədə Qorqud yurdu Azərbaycan"
adlı sənədli filmim nümayiş olundu və 3. Türkoloji mövzuda yazılmış məruzə
ilə çıxış etdim. Yaqut
Quliyevanın tədqiqat sahəsi isə Mahmud Kaşğarinin
"Divanü lüğat-it Türk" əsəri ilə
bağlı olduğuna görə, o, "Türkiyə
türkcəsi Səlcuq Oğuzlarının dilinin varisi
kimi" mövzusunda məruzə ilə
çıxış etdi.
Dediyim kimi, konqres çox gözəl təşkil
olunmuşdu. Biz hələ Çankırıya çatarkən
bizi təqribən 30-35 yaşlarında olan iki gənc,
Türkiyat İnstitutunun əməkdaşları - Serkan Cihan
və Esma xanım qarşılayıb, institutun müsafirxanasına
yerləşdirdilər. Sonrakı günlər
də konfrans zamanı bu iki gənc qayğımıza
qalır, konqresdə bizim iştirakımızın rahat
keçməsi üçün əllərindən gələn
köməyi əsigəmirdilər. Biz
konqresin keçirildiyi elmi mühitdən, məruzələrdən
çox böyük zövq aldıq. Nəhayət,
ayın 10-da Bakıya dönərkən, bizi
Çankırıdan Ankaraya, hava limanına qədər olan təqribən
iki saatlıq yol zamanı yenə də Serkan Cihan və Esma xanım
müşayiət edərək, Ankara Esenboğa hava
limanına gətirdilər. Bu iki saatlıq yol
zamanı söhbət əsnasında isə çox şey məlum
oldu. Məlum oldu ki, bu iki gənc
Türkiyat İnstitutunda çalışmaqla bərabər,
həm də gözəl alim, tədqiqatçıdırlar.
Esma xanım divan ədəbiyyatı ilə, Serkan bəy isə
XII əsrin məşhur alimi, Carullah- Allahın qonşusu ləqəbi
ilə tanınan Zəməxşərinin "Müqəddimətül-ədəb"
əsəri ilə məşğul olur və hətta keçən il
Ankarada bu barədə, yəni Serkan bəyin tədqiqatını
da öz içinə alan və əsərin
trasliterasiyasını əhatə edən kitabı da
işıq üzü görmüşdür. Bu,
həqiqətən də, mənim üçün sürpriz
oldu və sevincimin həddi-hüdudu yox idi. Cünki mən bu əsər haqqında çox
eşitmiş, lakin müxtəlif səbəblər
üzündən onu əldə edə bilməmişdim.
İndi isə budur, kitab demək olar ki, əlimdə
idi. Həqiqətən də, Bakıya
çatdıqdan iki gün sonra Serkan bəy kitabı mənə
göndərdi. Və bu diqqətinə görə mən
Serkan bəyə bir daha təşəkkürümü
bildirirəm...
Əslən
türk olan Əbülqasım Mahmud bin Ömər bin Məhəmməd
əl-Xarəzmi əz-Zəməxşəri (1074-1144) orta əsrlər
Türk dünyasının, Orta Asiyanın və
bütövlükdə Şərq aləminin ən
böyük alimlərindən, mütəfəkkirlərindən
biridir. Tədqiqatçılar onun XI əsrin
sonları, XII əsrin birinci yarısında
yaşayıb-yaratdığını söyləyirlər.
Kasıb ailədən olduğuna görə ilk gənclik
çağlarında atası onu dərzi etmək istəmiş,
lakin Zəməxşəri atasına oxumaq istədiyini
bildirmişdir.
Bu səbəbdən də atası onu Xarəzmdə - Ürgəncdə
bir mədrəsəyə göndərmiş və o, burada
dövrünün görkəmli alimi, "fəridul-asr"
- "əsrin yeganəsi" ləqəbini qazanmış
Əbu Mudar Mahmud əd-Dabbi (vəfatı 1113) və digər
alimlərdən ədəbiyyat, qrammatika, poetika, fiqh, ilahiyyat
elmləri və s. öyrənmişdir. Elm
öyrənmək yolunda Zəməxşəri təkcə
Xarəzmlə kifayətlənməmiş, bu məqsədlə
o, Xorasan, Buxara, İsfahan, Bağdada və başqa şəhərlərə
gedib, dövrünün digər görkəmli alimlərindən
də dərs almışdır. Zəməxşərinin
gözəl xətti olmuş və hətta o, pul müqabilində
əsərlərin üzünü də
köçürmüşdür. Ümumiyyətlə,
ayağının şikəst olmasına baxmayaraq, Zəməxşəri
çox səyahət etmiş, hətta gedib beş
il Məkkədə yaşamışdır ki, buna görə
də "Carullah" - "Allahın qonşusu" ləqəbini
qazanmışdır. Ərəb dilini gözəl bilən, ərəb filologiyası, ilahiyyat elmləri sahəsində
ərəb dilində mükəmməl elmi əsərlər
yazan Zəməxşəri, Xarəzmin fəxri
sayılmış, "Şeyxül-ərəbiyyə"
-"ərəblərin şeyxi" adlanmış və hətta
ərəblərə "atalarınızın,
babalarınızın dilini gəlin, məndən öyrənin"
demişdir.
Tədqiqatçılar Zəməxşərinin qələminə
20-dən 60-a qədər əsərin aid olduğunu söyləyirlər. O bu əsərlərin
böyük əksəriyyətini ömrünün
sonlarına yaxın, təqribən 1120-1144-cü illər
arasında yazmışdır.
Təbii ki, bunlardan ən məşhurları kimi "əl-Mufəssal",
"əl-Kəşşaf", "Müqəddimətül-ədəb",
"əl-Qistas əl-müstəqim fi elm əl-əruz" əsərlərini
göstərmək olar. Akademik Vasim Məmmədəliyevin
yazdığına görə, ""Quran"a
yazılmış şərh olan "əl-Kəşşaf",
"Quran"ın iki cildlik müfəssəl təfsiridir.
Bu əsər müsəlman aləmində
böyük şöhrət qazanmışdır. Əl-Kəşşaf indinin özündə belə
"Quran"a yazılmış təfsirlər içində
ən məşhurlarından biri sayılır. Təfsirdə
"Quran"ın leksik-qrammatik məsələlərinə,
qiraət variantlarına geniş yer verilmiş, Zəməxşəri
müxtəlif qiraət variantlarını tutuşduraraq və
qədim ərəb poeziyasından külli miqdarda misallar gətirərək,
hansı variantın daha düzgün olduğunu, orijinala daha
uyğun olduğunu sübut etməyə
çalışmışdır. Zəməxşəri
"əl-Kəşşaf"da ərəb dilinin elə
leksik-qrammatik cəhətlərinə toxunmuşdur ki, əsəri
oxuyan adam onun müəllifinin qeyri-ərəb olduğuna, bu
dili, əsasən, Orta Asiyada öyrəndiyinə inana bilmir".
"Əl-Mufəssal" əsəri isə ərəb
dilinin qrammatikası haqqında yazılmış ən
gözəl kitablardan biri hesab olunur ki, onun da qısaldılmış
variantı olan "Unmuzəc fin-nəhv" ("Nümunəvi
qrammatika") Şərqdə geniş yayılmış və
uzun müddət mədrəsələrdə ən gözəl
tədris vəsaiti kimi istifadə edilmişdir.
"Müqəddimətül-ədəb" əsərinə
gəldikdə isə, bizcə, bu əsərin istər Zəməxşərinin
öz yaradıcılığında, istərsə də,
ümumiyyətlə, bütovlükdə türkologiyada
xüsusi yeri vardır. Belə ki,
Xarəzmşahlar sülaləsindən (1097-1231)
olan Əlaəddin Atsız bin Məhəmməd Xarəzmşahın (1128-1156)
xahişi ilə saray kitabxanası üçün
yazılan bu əsər, əslində ilk növbədə ərəbcə-farsca-türkcə lüğətdir. Zəməxşəri
bu əsərlə elmə, ədəbiyyata, ərəb dilinə
böyük önəm verən Xarəzmşaha bir növ ərəb
dilini öyrətmək istəmiş və bu əsərlə
onun adının tarixdə əbədi qalacağını
söyləmişdir. Tədqiqatçılara
görə, əsər təqribən 1128-1144-cü illər
arasında yazılmışdır.
"Müqəddimətül-ədəb"
türkoloji baxımdan, özündə türk dillərinə
aid leksik vahidləri əhatə etdiyinə görə,
türkologiya tarixində 1072-74-cü illər arasında qələmə
alınan Mahmud Kaşğarinin "Divanü lüğat-it
Türk" əsərindən sonra ikinci əsərdir. Belə ki, özündə
"Divanü lüğat-it Türk"dəki kimi ensiklopedik
xüsusiyyətlər daşımasa da, hər halda bu əsərdə ərəbcə
kəlmələrin altında ərəbcə sözün
farsca lüğəvi mənası ilə yanaşı,
türkcə də tərcümələri, izahları
verilmşdir ki, türkcə sözlərin verilməsi an
azından bu əsəri leksikoloji nöqteyi-nəzərdən "Divanü lüğat-it
Türk"ə bərabər edir. Bu baxımdan, əsərdə
türkcə yüzlərlə söz, söz birləşmələri
öz əksini tapır ki, ən geci XII əsrin birinci
yarısına aid edilən bu kəlmələrin öyrənilməsinin
də təbii ki, ilk növbədə türkologiya
üçün, dolayısı yolla isə Azərbaycan
dilinin tarixinin araşdırılması üçün əhəmiyyəti
olduqca böyükdür. Tədqiqatçılara görə,
türkcə bu sözləri bilavasitə Zəməxşəri
özü qələmə almış, bununla da Xarəzmşaha
ərəb dilini öyrətmək istəmiş, ona görə
də ərəbcə sözlərin türkcə tərcüməsini
ərəbcə kəlmələrin altında özü
yazmışdır.
Bu əsər
hələ XII əsrdə türk dillərinin necə
böyük bir arealda yayıldığını göstərməklə
yanaşı, eyni zamanda onun necə böyük kommunikativ
imkanlara malik olduğunu və Şərqdə ərəb-fars
dilləri ilə yanaşı, müxtəlif səviyyələrdə
bərabərhüquqlu işlənə bilmə
imkanlarını da sübut edir. Tədqiqatçılar əsərdə
verilən türkcə sözləri, əsasən, Xarəzm
türkcəsinə, türk tədqiqatçıları isə
Batı Türkcəsinə aid edirlər. Məncə,
dərindən tədqiqat aparılsa, bu sözlərlə Azərbaycan
dili arasında da çox sayda paralellər tapmaq olar. Tədqiqatçılara görə, əsərdə
oxuna bilinməyən, mənası məlum olmayan, lakin
türk mənşəli olduğu güman edilən onlarca
söz də vardır ki, bu sözlərin araşdırılması
da olduqca böyük maraq doğurur.
Məncə, əgər səhv etmirəmsə (təki
səhv edim), Azərbaycanda bu əsər türkoloqların
diqqətindən, demək olar ki, tamamilə kənarda
qalmışdır. Yalnız Yusif Ziya Şirvani adlı tədqiqatçı
1966-cı ildə bu əsər haqqında qısa bir məlumat
vermiş və bir də akademik Vasim Məmmədəliyev
1985-ci ildə çap etdirdiyi "Ərəb
dilçiliyi" kitabında Zəməxşəridən
danışarkən bu əsərdən də bəhs
etmişdir. Beləliklə, mən bu
qısa məlumatla bir daha türkoloqların diqqətini bu əsərə
cəlb etmək istəyir, "Müqəddimətül-ədəb"in
Azərbaycanda da geniş şəkildə tədqiq
olunmasını arzulayıram. İndi isə əsərdən
bir neçə nümunəni, söz və söz birləşmələrini
oxucuların nəzərinə çatdıraq:
Qarın
bağı, saç bağı, ortalıq, təsbeh
muncuğu, baş bağı, yüzük, qaşsız
yüzük, yüzük qaşı, ayaq bağı, küpə,
ısırqa, yol, genq yol, yol ortası, uluğ yol, bir
yığac yer, yığacınq üçtə biri, oq
çəkimi yer, iki yerinq arası, yıraq səfər, yol ərənləri,
yol əri, yoldaş, aşlıq karvanı, yük,
ötetlük, alaçuq, evninq türü, evninq bir yanı,
evninq adanı, aran yörəsində qoymuş kərpiç,
ocaq təgrəsindəki yığac, konukluq, uzun ev, tünək,
taq, törtən, gizləngü yer, tamdurluq, otunluq, axur,
yaşırlıq, yunluq, sazaq,
ağırlıq, kiçik ağırlıq, örə,
öcək, tünqlük, yügrük, üzəngü, bir
tiş, üzenqü, yarım kapuğ, uluğ kapuğ,
süyək, altın eşik, üstün eşik, kapuğ
öncəsi soqutluq, kapuğ öncəsi, kapuğ arqası,
zincir, kəsməlik, kiliddan, kilid, kirit dişi, evdeki uşaq
təvşək, təgirman, təgirmanlıq, tişəgüçi,
təgirman təlüki, anquk, tükü tegirmeni, əl tegirməni,
yarğucaq, yığac soqu, sapı, təmur
soqu, təmur sapı, ğalbir, geng ğalbir, çənbər,
çənbərçi, səksənək, ələk, təmdur,
kösegü tənur aşluk, təknə, pazı, oqlağu
və s.
Tərlan QULİYEV
Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.22-23.