Yaddaş
Hekayə
Günün yorğunluğunu atmaq
üçün gəzintiyə
çıxmaq, bir az hava almaq istəyirdim. 88D aparatına daxil oldum, əvvəlcə Saturndakı lavanda plantasiyasında gəzdim,
sonra ünvanı
Genius qalaktikasındakı Qoqol
planetinə dəyişdim,
zaman sürətləndiricidə
vaxtı 1/1024 etdim. Yarım saat da burada
qaldım, ancaq zövq ala bilmədim.
Qoqola ikinci gəlişim idi, ilk səfərimdə bəyəndiyim
qırmızı qəsəbələr
indi boğuq rəng almışdı,
çox güman ki, daşqın olmuş, buralar lilli sudan
çıxmışdı.
Bir saata yaxın 88D-də qalsam da, zövq ala bilmirdim, sonda "adamın öz evi kimisi yoxdur"
deyib Yerə gəldim. Xəzər dənizinin sahillərini seçib zamanı 150 il əvvələ
2022-ə qurdum. Dənizin
sahili ilə gəzdim, ayağımı
yandıran qum,
dənizin sərin suyu, sahildə oynayan uşaqlar, qorxmadan suya girənlər... Eh... İndi
kim risk edib
suya girər, torpağa ayaq qoyar?!
Sonra Amazonu seçdim, sonra Cənubi Afrika Respublikasına getdim, zamanı 3 milyon il əvvələ
qurub Sesetolarla1 gəzdim,
atalarımızın ovunu
izlədim, çiy ət yedim (dadı çox pis idi).
Ekranda səyahət
balansımdan 50% istifadə
etməyimlə bağlı
xəbərdarlıq görəndə
"bu günlük bəsdir" deyib çölə çıxdım.
Hüceyrə yeniləmə proseduruna
başlayanda neçə
yaşımda öləcəyim,
necə qocalacağım
barədə heç
bir təsəvvürüm
yox idi, ortalama insan ömrünün 70-dən 180-200-ə kimi qalxacağı inandırıcı deyildi,
amma 180 yaşımda hələ uzun illər də yaşayacağımı düşünüb
sevinməmək olmurdu,
bəzən çox sıxıcı günlər
olsa da, hələ ki intihar barədə düşünmürdüm. Gözüm küncdəki
kapsula sataşdı.
Bizim kimi insanlar üçün
"intihar kapsulu"
məcburidir, mütləq
otaqda olmalıdır,
istifadə məcburi olmasa da, bu
kapsulun olması yaşamağı daha da yüngülləşdirir.
Bəzən niyə kapsuldan istifadə etmədiyimi düşünürdüm, yəqin
ki, sevə bilməsəydim, çoxdan
bu aparatda külə dönmüşdüm.
Düşüncələrdən divarda yanıb-sönən siqnal ilə ayrıldım. 6-cı nəsildən nəvəm 6 yaşlı Hestia zəng edirdi. "Açıl" komandası ilə nəvəmi divarda gördüm. Qucaqlaşdıq, günlərdir niyə zəng etmədiyini soruşdum. "Predən ekskursiyaya göndəriblər, dörd gündür ki, buradayıq", - dedi. Sonra həyəcanla davam etdi:
- Baba, bütün babalarıma yığmışam, onların qurşaqlarında ya iş saatı bitməyib, ya da yuxu maşınındadırlar, ona görə heç biri cavab vermədi. Mənə kömək lazımdır.
- Nə kömək? - Soruşdum, - bir az aramla
de, birlikdə bacararıq.
- Bax, baba, bu
arxada gördüyün
Ayda Yerin serveridir. 800 hektarlıq
ərazidə olan qurğularda yerdəkilər
üçün yaddaş
serveri.
- Hə, Hestia, bunu bilirəm, orada olmuşam, bunu mənə niyə danışırsan?
- Hə, əsas məsələyə gələk.
Serverlərdə yer azalır.
İnsanlar hər cür
məlumatı gərəksizcə
depolayırlar. Yaxın gələcəkdə
serverdə yer qalmayacaq, təzə serverin qurulması isə çox vaxt alacaq. Yaxın 20 ilin ən qlobal
problemi yaddaş qıtlığıdır.
- Hestiam, ağıllı balam, nə etməliyik?
- Mən 10.000 nəfəri arxivini 50 % azaltmağa inandırmalıyam. Müəllim bu tapşırığı
yerinə yetirmək üçün dörd gün vaxt verib.
- Aydındır, mən sənə kömək edərəm, inandırarıq,
arxayın ol.
- Afərin sənə, mmmm.
- Timur.
- Hə, - gülümsədi,
- Timur babam. Hələlik. Sənə Ay pomidoru gətirəcəyəm.
Adımı da yadda saxlamır,
eh, o qədər babası
var, məni necə yadda saxlasın. Düşündüm ki, işə
başlamaq vaxtıdır,
ən yaxşısı
vloqda canlı yayım açım, izləyicilərə öz
arxivimin 50 %-ni siləcəyimi deyim, hər kəsi bu çelencə qoşulmağa dəvət
edim. O qədər
izləyən var, hər 100 kişidən biri qoşulsa, 10.000 düzəlir. İlk öncə arxivimə
daxil oldum. 440 yottabayt2. Deməli, ən azı
220 yottabayt silməliyəm.
88D ilə bağlı
bütün arxivi bir papkaya ayırdım,
təkcə bu 100 YB-a
yaxın etdi. Sonra mahnılara keçdim, heç vaxt dinləməyəcəyim
mahnılardan 1 petabayt3 ayırdım,
mesaj arxivi, filmlər, sənədlər
- bütün faylları
gəzib 222 YB saf zibil çıxardım. Bir də toxunulmaz qovluğum var idi. Orada hər günün kameralardakı qeydini saxlamışdım, sevgilimlə
- mənə 132 il yoldaşlıq edən birdənəmlə
bağlı hər şey orada idi. İlk tanışlığımızın
şəkilləri, hələ
qapalı həyata keçid etmədiyimiz günlərdəki gəzişmələrimiz,
ilk dəfə əl-ələ
tutmağım, ilk öpüş,
ilk sevirəm sözü,
ilk ev, ilk uşaq, bir mərhələdən sonra
hər gün, hər saniyə, birlikdə yaşadığımız
hər şey. Bu arxiv 180 YB-a yaxın
idi. Digərləri də vacib olan bir neçə
sənəd. Yaddaş kartımı
iki yerə ayırdım, birinin adını "önəmli
1", ikincisinin adını
"önəmli 2" qoydum.
Saat
14:00-da canlı yayım
açdım. Yayımın adını "yaddaşımın
50%-ni silirəm" qoydum. Bir anda yayıma
maraq yarandı. Hər kəs dəvət göndərib yayıma qoşulanların sayını
artırdı. Əsas ekranda
Hestianın da yayım açmasını
istədim. Əvvəlcə sözü Hestiaya verdim. 6 yaşlı
Hestia serverlərdəki problemdən,
yaddaşı azaltmaqdan
və qənaətlə
istifadədən danışdı.
İllər öncə
hava və sudan düzgün
istifadə edilməməsi
nəticəsində yaranan
problemlərdən, qapalı
həyata keçməzdən
əvvəlki azadlıqlarımızdan
danışdı, hər
kəs duyğulandı,
sonra sözü yenidən mənə verdi.
- Əziz izləyicilərim,
bu gün Hestia üçün bu addımı atıram və həm gələcəyimiz, həm
özünüz, həm
Hestia, həm də bütün dünyamız
üçün sizdən
xahiş edirəm. Yaddaşınızı silin, sizə heç bir faydası olmayacaq faylları tapın, onları həyatınızdan
çıxarın, dünyamızı
qoruyaq.
Sonra "önəmli
2" faylını seçdim. "Sil" əmrini verdim. Fayllar silinməyə başladı,
1%... 4%... 7%... saniyələr sonra ekranda yalnız
bir fayl "önəmli 1" qaldı.
Canlı
yayım şəxsi izlənmə rekorduma çatdı. Bəyənmə
yağışı... Qoşulacağıq, qoşulduq, biz də silirik... ifadələri ilə şərh bölməsi doldu.
Canlı yayımı saxlayıb ayağa qalxdım. Özümdə bir rahatlama, yüngüllük hiss etdim,
sanki çiynimdə daşıyırmış kimi
bir yükdən xilas olmuşdum. İndi əsl istirahət vaxtı idi. Buzlu kofedən içib yerimə uzandım.
Birdən
qəribə narahatlıq
içimi bürüdü,
ayağa qalxıb ekrana "açıl"
əmri verdim, tez yaddaşa daxil oldum, "önəmli 1" qovluğunu
açdım, içində
ilk qovluğun adını
görəndə məni
soyuq tər basdı - "88D". İkinci qovluqda
"mahnılar", üçüncüdə
"filmlər".
Qorxu, həyəcan,
kədər, üzüntü
- bütün pis hissləri eyni anda yaşadım. Yanlış faylı silmişəm, bütün xatirələrim,
onunla keçirdiyim hər şey silinib.
Geri qaytarmağın yollarını
axtardım, tanıdığım
İT mühəndislərinə zəng vurdum, aləmi bir-birinə qatdım, heç bir xeyri olmadı. Ay serveri
üzrə nümayəndəlikdən
kömək istədim,
günlərlə məktub
göndərdim, zəng
vurdum, hər cür əlaqəni işə saldım, ancaq mümkün olmadı. İlk günlər içimdə
ciddi inam var idi, inanırdım
ki, qayıdacaq, amma... Həftələr keçdikcə ümidimi
tam itirdim, hər kəs birmənalı şəkildə "yox"
dedi.
İşdən çıxdım, günlərlə
ancaq bir məsələni düşünməyə
başladım, gah özümü qınadım,
gah onun qarşısında nə
qədər utandığımı
düşündüm, onunla
bağlı hər şeyi itirmək onu itirmək qədər ağır gəlirdi.
Və bu gün yaşamağıma
heç bir səbəb qalmadığını
anladım. İntihar kapsulu məni
gözləyir.
Bu otağın yeni sakini kim
olacaqsa, ondan xahiş edirəm, məktubumu Hestiaya çatdır.
Əlvida.
***
Hestia otağa daxil
olanda babasını görə bilmədi, hamama getdi, "88D"-ə
baxdı, amma babasını tapmadı. Gözü küncdəki
kapsula sataşdı.
Qapağı bağlı idi.
Hestia hər şeyi başa düşdü, babasının kapsulun içində olduğunu,
kim bilir
neçə gün əvvəl intihar etdiyini qəbul etdi. Ekranın qarşısındakı məktubu
oxudu, özünü
babasının ölümündə
günahkar bildi, hönkürtü ilə ağladı, kapsulun yanına gəlib "baba, bağışla, mənim səhvim idi" dedi. Atasına zəng vurub məlumat verdi, 30 dəqiqə
sonra atası, digər qohumları, babasını tanıyanlar
otağa gəldilər.
Ertəsi gün Yaşam İdarəsindən iki əməkdaş otağı
təhvil almaq üçün gəldilər. Yeni sakinin
hələ 40 yaşı
olduğu üçün
intihar kapsulunu otaqdan çıxardılar.
Kapsulu yerindən oynadanda nəsə dığırlanıb yerə düşdü. Hestianın babası üçün gətirdiyi Ay pomidoru çürüməyə başlamışdı.
ADƏM (Nizami Hüseynov)
Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.24.