Günay Əfəndiyeva Qazax ədəbiyyatı
kitabxanasının təqdimatında
çıxış edib
M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan dilində
rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat
mərasimi keçirilib. Təqdimat Azərbaycan-Qazaxıstan diplomatik
münasibətlərin 30-cu ildönümünə həsr
olunmuş tədbirlər çərçivəsində
baş tutub.
Tədbirdə
çıxış edən Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan-Qazaxıstan
arasında mövcud olan münasibətlərdən
danışıb: “Bu il Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu üçün əlamətdar ildir.
Çünki Fonda üzv dövlətlərin əksəri
cari ildə diplomatik münasibətlərin qurulmasının
30-cu il dönümünü yüksək səviyyədə
qeyd edirlər. Bu otuz il ərzində qardaş ölkələr
arasındakı siyasi, ictimai, mədəni əlaqələr
böyük və şərəfli yol keçmişdir. Bu
qarşılıqlı münasibətlər ən müxtəlif
sahələrdə bu gün də davam edir. İlk növbədə
dövlət başçıları səviyyəsində,
qurumlar səviyyəsində və əlbəttə, xalqlar
arasında. Biz xalqlarımızın qarşılıqlı
dəstəyini 30 ildə daim müşahidə etmişik. Məsələn,
Azərbaycanın 44 günlük Vətən Müharibəsi
zamanı, yaxud bu ilin əvvəlində baş verən
Qazaxıstandakı son hadisələr zamanı.
Bu gün
qazax ədəbiyyatının elektron kitabxanası Azərbaycan
Milli Kitabxanası vasitəsi ilə bütün dünyaya təqdim
edilir. Bu mənbə əsasında Azərbaycan və
dünya oxucuları qazax ədəbiyyatını daha
yaxından tanıyacaq və nəticədə ədəbi
körpülər, mədəni sütunlar möhkəmlənəcəkdir.
Arzu edirəm ki, bu layihə digər Türk dövlətləri
ilə davam etsin.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da mədəni layihələrə daim dəstək verir. Ötən il Fond tərəfindən İspaniyada Abayın markası nəşr olundu və böyük şairin ad günündə Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə birgə ictimaiyyətin diqqətinə təqdim edildi. Bu o deməkdir ki, Avropa Abay yaradıcılığı ilə, Qazax adət ənənələri ilə və bütövlükdə Türk Dünyasının mədəniyyəti ilə daha yaxından tanış olacaq. Fond iki ildir ki, Abayın həyat və yaradıcılığı ilə bağlı əhatəli bir nəşri çapa hazırlayır. Həmin kitab bu il dahi şairin ad günündə – 10 avqustda oxucuların ixtiyarına veriləcək.
Eyni zamanda təşkilatımız “Üç ozan bir arada” adlı böyük bir ədəbi layihəni həyata keçirir. Layihə 3 böyük şəxsiyyətin: Yunus Əmrənin, Aşıq Ələsgərin və Cambul Cabayevin həyat və yaradıcılığını ehtiva edir.”
Tədbirdə Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov-Tağısoy, Mahmud Kaşqari adına Uluslararası Fondun sədri, yazıçı, şair Elxan Zal Qaraxanlı, BDU Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, BDU Türkologiya kafedrasının professoru Firuzə Ağayeva və başqaları çıxış edərək, Azərbaycan və Qazaxıstan arasında mədəniyyət sahəsində əlaqələrindən söz açıblar.
Ədəbiyyat qəzeti.- 2022.- 25
iyun.- S.25