Xan qızı Natəvanın İrəvan

xanlığı ilə qohumluğu

 

Prezident İlham Əliyev martın 14-də Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: "Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır".

Natəvanın doğulduğu və əsası ulu babası, Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri 2020-ci ilin 8 noyabr tarixində işğaldan azad edildikdən sonra Xan qızının ruhu da sakitlik tapdı.

Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi, Şuşa şəhərinin qurucusu Pənahəli xanın nəticəsi, əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşa şəhərində doğulub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Natəvanın dünyaya gəlişi ailəsinə və Şuşa camaatına Tanrının sanki bir töhfəsi idi. Çünki Natəvan dünyaya gələndə Mehdiqulu xan 60 yaşında idi. Natəvan onun illərlə gözlədiyi övladı idi. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu varisi olduğu üçün, onu sarayda "Dürrü yekta" ("Tək inci"), el arasında isə "Xan qızı" çağırıblar.

Xurşidbanu ana tərəfdən Gəncə hakimi Cavad xanın nəslindəndir. Anası Bədircahan bəyim Cavad xanın nəvəsi, Uğurlu bəyin qızıdır. Natəvan iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyırdı.

Xurşidbanunun fitri istedadının üzə çıxmasında Şuşa ədəbi mühiti böyük rol oynamışdır. Natəvan şairliklə yanaşı, istedadlı rəssam idi. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda M-117 şifri altında mühafizə olunan "Gül dəftəri" albomu bunu təsdiqləyir.

Natəvanın rəsmləri barədə tədqiqatçı Bəylər Məmmədov yazır: "Xurşidbanuya qədər rəssamlar dini, romantik mövzular ətrafında dolanır, div, pəri və əsatiri döyüşlər çəkməklə kifayətlənirdilər. Lakin Natəvanın naturadan işlədiyi "Budaq", "Üzüm salxımı", "Ağac", "Ev", "Gül", "Çiçək" təsvirləri Azərbaycan incəsənətində yenilik hesab olunurdu".

AMEA Əlyazmalar İnstitutunda saxlanan bu albomun cildindəki tirmə üzərində rəngli saplarla bir tərəfdən nərgiz, qızılgül və miladi tarixlə "1886-cı il", digər tərəfdə isə küknar, qovaq, şam ağacı və hicri tarixlə "1304-cü il" toxunmuşdur.

Rəsmlər Şərq ornamentləri ilə haşiyələnmişdir. Şeirlərin düzülüşündə klassik ədəbiyyatın qaydalarına riayət edilməmişdir. Dəftərin VIII səhifəsinə qədər nəstəliq, şikəstə xətti ilə Mirzə Rəhim Fəna, Məşədi Əyyub Baki və Natəvanın növhə, sinə zən və çarparələri yazılmışdır.

Sonra "Gül", "Yasəmən", "Qərənfil", "Süsən", "Lalə" və s. rəsmlərin ardınca 214-cü səhifəyə qədər müxtəlif peyzaj, miniatür və etüdlər çəkilmişdir. Xan qızı Natəvan bunları nazik karandaş ilə çəkmişdir. Albomdakı mənzərə şəkillərin Tiflisdə çəkilmiş "Kür qırağı", "Metex qalası", "Narınqala", "Müctəhid bağı", "Şeyx Sənan dağı" xüsusilə diqqətəlayiqdir.

Əlyazmalar İnstitutunda saxlanan "Gül dəftəri" adlı albomundakı rəsmlər reproduksiyaları ilə birlikdə "Neçin gəlməz" kitabına daxil edilmişdir. Bu kitab 2012-ci ildə "Təhsil" nəşriyyatında nəfis şəkildə çap olunmuşdur. Əlyazmalar İnstitutunda saxlanan "Gül dəftəri"i albomunu Xan qızı Natəvan 1886-cı ildə tərtib etmişdir.

Əlyazmalar İnstitutunun arxivində Xurşidbanunun qız nəvəsi Əkbər xan Naxçıvanskinin nənəsi haqqında xatirələri saxlanılır. Bu xatirələr "Neçin gəlməz" kitabına "Əkbər xan Naxçıvanskinin Xurşidbanu Natəvan haqqında xatirələri" adlı başlıqla salınmışdır. Əkbər xan Naxçıvanski xatirələrdə nənəsinin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilinə, musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söyləmişdir ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Bu xatirələrdə Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev, övladları Mehdiqulu xan Vəfa, Xanbikə, nəvəsi Ağbikə, "Məclisi-üns"ün üzvləri - İskəndər bəy Rüstəmbəyov, Əbdüssəməd bəy, Mirzə Rəhim Fəna, qohumları və yaxınları barədə çox dəyərli məlumatlar vardır.

Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində "Məclisi-üns"ün yeddi məclisindən danışılsa da, görünür ki, burada o, məclislərin ayrı-ayrı fraqmentlərini yazıya köçürməyə çalışmışdır.

Gözəlliyi ilə dillər əzbəri olan Xurşidbanu həyatda öz xoşbəxtliyini tapa bilməmişdir. Xurşidbanu özünə "Natəvan" sözünü (yəni kimsəsiz, köməksiz) təxəllüs götürmüşdür. Tale onu qəribə sınaqlarla üz-üzə qoymuşdur. Natəvanın yaşadığı dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi, xan ailələri üzərində nəzarəti gücləndirmiş və Xurşidbanu Xasay bəy Usmubəylə izdivaca məcbur edilmişdir.

Bəzilərinə görə isə Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşidbanuya evlənmək təklifi etmişdir. 1850-ci ildə Xasay bəy Şuşaya gəlib toy etmiş, sonra isə Xurşidbanunu Dağıstana, doğma kəndinə, oradan da Tiflisə aparmışdır. 18 yaşlı Natəvan həyatının çiçək açdığı bir dövrdə vətənindən uzaqda yaşamağa məcbur olmuş, çox vaxt tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Gənc ailənin bir müddət övladlarının olmaması Natəvana bir dərd olmuşdur. Deyilənlərə görə, Natəvan müqəddəs ocaqlara ziyarətə getdikdən (1854-cü il Bakının Şıx kəndindəki Bibixanım məscidi) 5 il sonra onun bir oğlu dünyaya gəlir. Adlını Mehdiqulu qoyurlar (1855). Sonra isə qızı Xanbikə (1856) dünyaya gəlir.

Bəzi mənbələrdə Xanbikənin adı Fatmabikə kimi verilib. O, qızı Xanbikəni İsmayıl xan Naxçıvanskinin böyük oğlu Əmanulla xan Naxçıvanskiyə verir [9, 54]. Çünki Xan qızının atası Qarabağ xanları olmuş Cavanşirlərdən, anası isə Ziyadoğlu Qacarlardan olan Gəncə xanı Cavad xanın nəvəsi Bədircahan bəyim idi. Aman xanın atasının nənəsi Tükəzban xanım İrəvan xanlarından - Dəvəli Qacarlardan olduğundan Kəngərlilərlə bu tayfalar arasında qohumluq, bir növ, təzələnmişdir. Elə bu səbəbdən də Xurşidbanu Natəvan qızını ata-babalarının (hər iki tərəfdən) qohumları və sədaqətli dostları olan general İsmayıl xanın oğlu Aman xana ərə vermişdir.

Əmanulla xan Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvanda anadan olmuş, 1865-ci ilin may ayında hərbi xidmətə başlamışdır. 1869-cu ilin 21 avqustunda oradakı xidmət müddətini bitirib, ordu süvariliyinə yüksəldilmişdir. O, "Alihəzrət İmperator Aleksandr Nikolayeviçin konvoyunda xidmətə görə" gümüş medal ilə mükafatlandırılmış və Anninskaya lenti hədiyyə olunmuşdur. 1877-ci ildə Rus-Türk müharibəsinin başlamasından sonra yenicə yaradılmış İrəvan Süvari Qeyri-Nizami Alayına qəbul edilmiş və 6 iyun 1877-ci ildə Bəyazid döyüşündə ciddi formada yaralanmışdır. O, 23 günlük Bəyazid mühasirəsinin iştirakçısı olmuşdur. Həmin ilin 19 iyununda xidmətdə göstərdiyi igidliyə və cəsarətə görə qılıncla birlikdə III dərəcəli Müqəddəs Anna ordeni ilə mükafatlandırılmış, 19 dekabr 1877-ci ildə imperial əmrlə Kazak alayına təyin edilmişdir. 28 mart 1882-ci ildə Kazak Alayının korneti olan Əmanulla xan Naxçıvanski Qafqaz Hərbi Dairəsinin təklifi ilə leytenantlığa, 9 aprel 1889-cu ildə isə ali sərəncam ilə Ştabs-rotmistr rütbəsinə yüksəldilmişdir. Əmanulla xan Naxçıvanski məşhur azərbaycanlı şairə, Qarabağ xanları nəslindən olan Xurşidbanu Natəvanın qızı Xanbikə xanım Usmiyeva (1855-1921) ilə ailə həyatı qurmuşdur.

Amanxan Naxçıvanski ilə Xanbikə xanım Usmiyevanın nikahından Bəhramxan, Əkbərxan, Xaqanxan, Kamran xan, Ənvər xanım, Sənubər xanım adlı övladları olmuşdur. Amanxan Naxçıvanski təxminən 1891-ci ildə Naxçıvan şəhərinin cənubunda yerləşən, İmamzadə türbəsinə bitişik olan I Kalbalı xan Kəngərlinin ailə sərdabəsində dəfn edilmişdir .

Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin İrəvan və Naxçıvan xanlığı haqqında müdrik kəlamı var: "...İrəvan xanlığı var, Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-birilə çox bağlı idi. İndi ermənilər deyirlər ki, yox, orada ermənilər olubdur. Amma, həqiqətən, İrəvan xanlığıdır. Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var".

Naxçıvanskilərlə olduğu kimi, Xan qızının İrəvanski və Makinskilər nəsilləri ilə də qohumluq əlaqələri var.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Ofeliya xanım Bağırbəyova Abbasqulu xan İrəvanski, Pənah xan Makinskinin nəticəsi, Əli xan və Tacı xanımın nəvəsidir. Ofeliya xanım anası İrəvan şəhərinin iki məşhur zadəgan ailəsinin - İrəvanskilər və Makinskilər nəsillərinin nümayəndəsidir. Azərbaycanda yeganə "İzotop geologiyası və geoxronologiya" laboratoriyasının yaranmasında Ofeliya xanımın böyük əməyi olmuşdur. Apardığı radioxronoloji və geoloji analizlərin həm nəzəri, həm də praktiki baxımdan mühüm əhəmiyyəti olmuşdur. O, üç monoqrafiyanın və 110-dan çox elmi məqalənin müəllifidir. Rusiyada, Türkiyədə, İranda, Yunanıstanda, Çində, Avstraliyada və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfransların və simpoziumların iştirakçısı olmuşdur.

Ofeliya xanımın elmi fəaliyyəti ilə yanaşı, pedaqoji sahədə, gənclərin elmi bilik və bacarıqlarının artmasında, təlim-tərbiyəsində mühüm xidmətləri olmuşdur. Bakı şəhərində yerləşən Nəcib Xanımlar Kollecində direktor müavini vəzifəsində çalışmışdır. Ofeliya xanım Bağırbəyova hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda işləyir.

İrəvanskilər və Makinskilər də öz növbəsində Naxçıvanskilərlə yaxın qohum idilər. Həmin nəslin nümayəndələrindən olan Pənah xan Makinski 1905-ci ildə İrəvanda ermənilər tərəfindən azərbaycanlıların qətliamı ilə bağlı dövlət və hökumət orqanları qarşısında çıxış etmiş və bu məsələyə öz münasibətini kəskin formada bildirən şəxslərdən olmuşdur. Ofeliya xanımın babası Əli xan Makinskinin Azərbaycanın mədəni həyatında, o cümlədən teatr sənətinin inkişafında mühüm xidmətləri olmuşdur. İrəvanda ilk Azərbaycan təhsil ocağı olan Haşım bəyin məktəbinin yaradılmasında da Abbasqulu xan İrəvanski və Pənah xan Makinskinin köməyi olmuşdur. Abbasqulu xan Mehbalı xan oğlu İrəvanski tarixə İrəvanın qurucu xanı kimi adı yazılan Hüseynəli xanın nəslinin nümayəndəsidir. Hüseynəli xan 1776-cı ildə İrəvanda Göy Məscidi tikdirmişdir. Bu məscidə Hüseynəli xan məscidi də deyilir. Hazırda İrəvanda İrəvan xanlığından qalan yeganə abidədir.

Ofeliya xanımın ulu babası Abbasqulu xan İrəvanskinin iki həyat yoldaşı olmuşdu: Bilqeyis xanım və Tərlan xanım. Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev "Tarixi fotoşəkil ən yaxşı tədqiqat əsəridir" adlı məqaləsində Abbasqulu xan İrəvanskinin Bilqeyis xanım, Tərlan xanım və Zərrintac bəyim adlı üç həyat yoldaşı olduğunu yazır. Abbasqulu xanın iki həyat yoldaşı: Tərlan xanım, Zərrintac bəyim Naxçıvanlı olub. Tərlan xanım general İsmayıl xan Naxçıvanskinin, Zərrintac bəyim isə general-mayor II Kalbalı xan Naxçıvanskinin qızlarıdır.

Bu tarixi fotoşəkildə Abbasqulu xan İrəvanski ortada əyləşmişdir. Abbasqulu xandan sağda əyləşən qızı Gövhərtac xanımdır, qucağındakı uşaq oğlu Əziz xandır. İkinci cərgədə solda ayaq üstə dayanan ikinci şəxs Gövhərtac xanımın həyat yoldaşı Bəhrəm xan Naxçıvanskidir. Bəhrəm xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızıdır. Uşaqlıq illəri 1886-cı ildən etibarən Şuşada keçmişdir. Bəhrəm xandan sağda ayaq üstə dayanan Abbasqulu xanın oğlu Həsən xandır. Onun qarşısında oturan qadın həyat yoldaşı Nuraleyin xanımdır. Ön cərgədə soldan birinci Abbasqulu xanın oğlu Xanlar xandır, qucağındakı oğludur. Abbasqulu xanın qarşısında əyləşən isə sonbeşik qızı Tacı xanımdır.Tacı xanım Pənah xan Makinskinin oğlu Əli xan ilə ailə qurmuşdur.Arxa cərgədə solda ayaq üstə dayanan Rəhim xan Naxçıvanskinin kiçik qızı Xurşidə, ondan sağdakı isə Fəxrəntac xanımın həyat yoldaşı Cəfərqulu xan Naxçıvanskidir. Fəxrəntac xanımın yanında Cəfərqulu xanın ikinci həyat yoldaşıdır. Fəxrəntac xanımın qarşısında oturanlar onun qızı Nazbəyim, oğlu III Kəlbalı xandır. Abbasqulu xan İrəvanski 1905-ci ildə İrəvanda və Naxçıvanda xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşmuş, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını almışdır. Abbasqulu xan hər iki tərəfin ağsaqqalı sayılırdı.

Tərlan xanımın 6 övladı olub. 3 oğlu - Böyük oğlu Həsən xan, Kərim xan, Xanlar xan və 3 qızı - Fəxrəntac xanım, Gövhərtac xanım, Tacı xanım (Ofeliya Bağırbəyovanın nənəsidir. Qeyd edək ki, Ofeliya xanım Bağırbəyova bu nəsildən qalan yeganə yadigardır). Digər mənbələr isə 7 övladı: 4 oğlu - Kərim, Əli, Həsən və Xanlar xan və 3 qızı - Fəxrəntac, Gövhərtac və Tacı xanım olduğunu yazır.

Ofeliya xanım Bağırbəyovanın ana nənəsi olan Tacı xanım Pənah xan Makinskinin oğlu Əli xan Makinski ilə alə qurmuşdur.

Bu izdivacdan Süleyman xan adlı bir oğlu, Tamara, Səltənət və Dövlə xanım adlı üç qızları olur.

Ofeliya xanımın anası Dövlə xanım Xan qızı Natəvan ilə ana tərəfdən qohum olurlar.

Dövlə xanımın xalası Gövhərtac xanım Əmanullah xanın oğlu Bəhrəm xan ilə ailə qurur. Bəhram xan 1872-ci ildə Naxçıvan şəhərində İsmayıl xanın oğlu Aman xanın ailəsində anadan olmuşdur. Anası Xanbikə Xurşidbanu Natəvanın qızıdır. Beləliklə, Əziz xan Abbasqulu xanın nəvəsi, Xan qızının isə nəticəsidir.

 

Rübabə ŞİRİNOVA

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

 

Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.28-29.