Bir daha xoş gördük, Poeziya Evi!
"Mən məna
yaradan tutiyəm, əfsus,
Şabran qalasında olmuşam məhbus".
Xaqani
Şirvani
"Azərbaycan bədii-fəlsəfi
fikir tarixində misilsiz yeri olan dahi mütəfəkkir Xaqani Şirvaninin
adını daşıyan bu müqəddəs ocağın -
Poeziya Evinin yaranmasından 10 il ötür. On il! Zaman
baxımından böyük müddət olmasa da mahiyyəti
və töhfələrinə görə yaşayan, yol gedən
möhtəşəm tarixdir.
Xaqaninin abidəsinin və Xaqani
Poeziya Evinin açılışının 15 İyun - Milli
Qurtuluş Günü ilə eyni zamana təsadüf etməsində
bir qanunauyğunluq var. Çünki ümummilli lider Heydər
Əliyev də ədəbiyyata, mədəniyyətə
xüsusi önəm verib, görkəmli ədəbiyyat
nümayəndələrinin adlarının əbədiləşdirilməsinə
diqqətlə yanaşıb. Bu gün bu ənənə
möhtərəm Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Böyük şair Xaqani Azərbaycanda
poema janrının ilk müəllifidir. Çox şadam ki, bu müqəddəs
məkanın ərsəyə gəlməsində
iştirakçı olmuşam. Biz bu evin təməlini
Xaqani Şirvaninin ayaqüstü abidəsi ilə yan-yana, bərabər
qoyduq. Və bu evi böyük şairin bu torpaqda, onun
adını daşıyan bu meydandakı ayaqüstü abidəsinin
qanadları altında yerləşdirdik. Fikrimdə nə qədər
haqlıyam, bilmirəm, ancaq düşünürəm ki,
Əfzələddin Xaqaninin sözə xidməti qədər
də elə bu qədim şəhərin əsilzadə
insanlarının da Xaqaninin zamanında var olmasında bir o qədər
xidmətləri olmuşdur.
Düşünürəm, nə qədər
Şabran var, onun Vətən sevgili yaradıcı ədəbiyyat,
sənət adamları da olacaq, Xaqani oxucuları da.
On ilin astanasından irəli
boylanmaq nə qədər duyğusaldır. Bunun yüz illiyi necə də ehtişamlı olacaq...".
Yazıçı-publisist
Novruz Nəcəfoğlu
Əbəs yerə yazımızı dəyərli
yazıçımız Novruz Nəcəfoğlunun Xaqani
Poeziya Evinin 10 yaşına ünvanladığı təbrik
məktubuyla başlamadıq. "Tikdim ki, izim qala...". Bu bayatının məna
yükü bir yaşam dünyasıdı. Bu dünyadan
yol alan insanlar vaxtdan da, zamandan da ucada
dayanarlar... 2012-2022... Azərbaycan ədəbiyyatının
böyük klassiki Əfzələddin Xaqaninin adını
daşıyan Xaqani Poeziya Evi keçən 10 il
ərzində bir-birindən gözəl, bir-birindən
maraqlı bir çox tədbirlərə ev sahibliyi etdi. Hətta 2016-cı ildə Azərbaycan
Yazıçılar Birliyi rəsmi olaraq Şabranda
özünün bölməsini də yaratdı. Bölməyə tanınmış
yazıçı Aydın Tağıyev rəhbərlik etməyə
başladı. Bölmə üç
rayonu -Şabran, Siyəzən, Xızı rayonlarının ədəbi
mühitini bir araya gətirmək üçün nəzərdə
tutulurdu. Xaqani Poeziya Evində keçirilən
görüşlər, aparılan müzakirələr
regionumuzda ciddi bir ədəbiyyat ab-havasının
yaranmasına səbəb oldu.
Xaqani
Poeziya Evində AMEA-nın Xaqani irsinə həsr
etdiyi möhtəşəm konfransla yanaşı, bir neçə
il ard-ardıyca təşkil olunan Beynəlxalq Şairlər
günü də həyata keçirilmişdir.
Bu gün də 11 iyun tarixi yaddaqalan və maraqlı
gün olacağından xəbər verirdi. Poeziya Evinin
önündə ucaldılmış şairin böyük
heykəli öz əzəmətli duruşu ilə gələn
qonaqları salamlayırdı. Açıq
havada kitab sərgisi hamının diqqətini çəkməkdəydi.
Sərgidə həm Şabran, həm Siyəzən
yazarlarının kitab külliyyatı yer almışdı.
Hər iki rayonun Vətən müharibəsində şəhid
olan oğullarının fotoşəkilləri yer alan lövhələr, həyat və
döyüş yolunu özündə əks etdirən
kitablar da sərgilənirdi. "Şabran"
mahnısının sədaları altında qonaqlar zala daxil
olurlar. Tədbir gözəl bir tamaşa
ilə açılır. 2019-cu ildə Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
keçirilən lll Xalq Teatrları Festivalında 1-ci yerə
layiq görülmüş Şabran Xalq Teatrı tərəfindən
hazırlanmış tamaşa Xaqani zindana həbs
olmamışdan öncə ömrünün bir
parçasını özündə əks etdirirdi. Bədxah saray şairlərinin haqsız
hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə
Məkkəyə ziyarət bəhanəsi ilə
Şirvanı tərk etmək məcburiyyətində
qalır. Lakin gizlincə Şirvanı tərk
etməyə cəhd göstərərkən I Axsitanın əmri
ilə həbs olunur və Şabran qalasına salınır.
7 ay zindanda saxlanılan şair məşhur
"Həbsiyyə" şeirlərini də məhz burada qələmə
alır.
Beləcə, Poeziya Evinin yubileyində də simvolik
olaraq Xaqani obrazı zala daxil olur. Sanki öz-özüylə
danışırmış kimi adına
ucaldılan bu məbədgahdan və onu yaradanlardan razı
qaldığını şeir diliylə izhar edir və onun
üçün xüsusi təmtəraqla döşənmiş
hücrəsinə çəkilir. Bundan sonra
Poeziya Evinin direktoru, şair Aybəniz Əliyar tədbir
iştirakçılarını və qonaqları salamlayaraq
çıxış edənlərə söz verməyə
başlayır. İlk
çıxış etmək üçün söz
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi
Vüsal Hüseynova verilir. V.Hüseynov
klub müəssisəsində maraqlı tədbirlərin
keçirildiyini qeyd edərək Poeziya Evinin 10 illiyi
münasibətilə hazırlanmış Fəxri Fərmanı
müəssisənin direktoruna təqdim edir. Alqışlarla tədbir davam edir. Bu dəfə söz filologiya üzrə elmlər
doktoru, professor Məmməd Əliyevə verilir. Alim
Xaqaninin gəlmiş-keçmiş ömrünün
bütün incə nüanslarına toxunaraq, eləcə də
10 il bundan öncə Poeziya Evinin
açılışında da necə ürəklə
iştirak etdiyini maraqla təsvir edir. Xaqani
haqqında yazdığı əlyazmanı və son illərdə
çıxan kitablarını Poeziya Evinə
bağışlayır. Alimin ətraflı
çıxışından sonra söz musiqi nömrəsinə
çatır. Tarda ustad tarzən Bayram
Ağasıyevin müşayiətilə xoş avazlı xanəndə
Natiq Əliyevin canlı ifası hisslərin, duyğuların,
ovqatların rəngini dəyişir sanki.
Yeni bir
sabahın qızılı qaymaq vaxtında Poeziya günəş
kimi doğur Şabrana... Bütün qaranlıq hüznlü
kədərlər qürub edir Sözün qüdrətindən
doğan Şeirdə... Söz ucaldıqca ucalır... Muğam bitir, yenə də çıxışlar
başlayır. Tanınmış ədəbi
tənqidçi Vaqif Yusifli onun hekayələrini
"kiçik janrın milli kolorit naxışları"
olan qiymətli örnəkləri kimi dəyərləndirir.
Ölkə miqyasında yeni hekayəçiliyin
tanınmış yaradıcılarından biri kimi qəbul
olunan Azərbaycan Yazıçılar Birliyi Şabran Bölməsinin
sədri Aydın Tağıyevə söz verilir.
Aydın müəllim Poeziya Evinin 10 illiyinə hesabat kimi
çıxarılan "ŞƏM" kitabından söz
açaraq, bu ocağın ədəbiyyata verə biləcəyi
töhfələrdən söz açır. Onun
ardınca Siyəzən ədəbi mühitindən Əməkdar
müəllim, şair Nəcməddin Mürvətov
çıxışları davam etdirir. Sonra
Şabrandan olan Əməkdar müəllimə Həqiqət
xanım Adıgözəlovaya söz verilir. Özünəməxsus
sevgi ilə məclisi ələ alan Həqiqət
müəllimə yenə də maraqla fikirlərini onu dinləyənlərə
çatdırır.
Bildiyimiz kimi, Xaqaninin bir çox şeirlərində
özünütərif və bədxahları məzəmmət
ayrıca mühüm yer alır. Xaqani yazar:
Söz
mülkünün məndən yaxşı yoxdur
özgə
şəhriyarı,
Bu
dünyada tək mənimdir
söz
mülkünün ixtiyarı.
Yer
üzündə kölgə kimi sakinəmsə,
diqqət
et bir,
Əsərlərim
günəş kimi
mənzil-mənzil
dünya gəzir.
Bu gün də belədir, söz deyilər, qalmaz, ancaq
sözü yazarsan, qalıcı olar. 15 İyun - Qurtuluş
bayramı ərəfəsindəyik. Bu
yaxınlarda isə həm Şabran
Tarix-Diyarşünaslıq muzeyinə, həm də Poeziya Evinə
bir kitab hədiyyə olunur - "Zamana sığmayan
Lider". Elə ilk səhifələrindəcə
diqqəti çəkən bir abzas var - Dühalıq nədir?
"Dühalıq - Yüksək
düşüncə bacarığına sahib olmaqla
yanaşı, əql və qüdrət sahiblərinin öz
ömür yollarında qazandıqları ən kamil
davranış vərdişi, milli-mənəvi dəyərlərə
sahib olmaq, bəşəri ideyaların sirlərini mənimsəmə
qabiliyyəti, qavradıqları ən dərin bilikləri,
düşüncə, dərrakə süzgəcindən
keçirərək həyata tətbiq etmək
bacarığıdır". Nə gözəl tərif...
Həmin kitabı araya-ərsəyə gətirən, Ruhu
Poeziyayla bir vəhdət halında olan millət vəkilimiz
Sadiq Qurbanov Poeziya Evinin "Xatirə Kitabı"nda öz
ürək sözlərini yazdıqdan sonra məclisin son
sözünü, əsas sözünü söyləmək
üçün ayağa qalxır. "Zamana
sığmayan Lider" kitabını da təqdim edərək
Şabranda keçirilən Poeziya bayramına bir başqa
bayram qatır.
Cıdır
düzündə "Xarıbülbül"
festivalının və Vaqifin möhtəşəm məqbərəsi
önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin
bərpa olunması bir daha onu göstərir ki, poeziya, musiqi
harda varsa, orda gözəllik var. Şuşa da sürətlə
dirçələrək əvvəlki dolğun mədəni
həyatına qovuşmaq yolundadır. Bildiyimiz kimi, Azərbaycanın
mədəniyyət paytaxtı elan edilən
Şuşamızın şərəfinə 2022-ci il "Şuşa İli" elan olundu. Bu
münasibətlə Xaqani Poeziya Evinin təşkilatçılığı
ilə Şabran rayonunda yerləşən 40 məktəb
arasında "Şuşa sətirlərdə" adlı
esse müsabiqəsi baş tutmuşdur. Həmin
müsabiqədə seçilən və fərqlənən
məktəbliləri təltif olunmasına qonaqlarımız
da cəlb olunur. Yenidən muğamın sədaları
Poeziya şöləninə öz "yağı"nı qatmaqla ocağın alovunu
nurlandırır. Millət vəkilimiz Sadiq
Qurbanovun təkidi və arzusuyla yerli yazarlara şeirlərini səsləndirmək
imkanı yaradılır. Sanki məclis
yenidən canlanır. Yerbəyerdən
şairlər, buna bənd imiş kimi ayağa qalxaraq tarın
"zümzüməsi" altında bir-birilə
yarışırmış kimi şeir səsləndirirlər.
Beləcə, şeirlə alqışlayır
dünyanı gülümsər insanlar. Duyğular Poeziya rəngində
çökür dodaqlara, Poeziya rəngində təbəssüm
yayılır Yer kürəsinə... Sabahların özü
belə sətirlənir, misralanır qəlbində Şeir
doğan insanlarla - Şairlərlə... Yaddaşı
xatirələr olan qələm adamlarının -
Yazıçıların ilhamı sərgərdan,
könlü narahat, duyğuları pərişan qalır.
Hər kəs və hamı dünyanın gəlimli-gedimli,
bir ucu ölümlü üzündə RUH
doğmalarını axtarmaqla ömür sərf etdi, Ruhunu
rahatlığına qovuşduranı gəzməklə həyat
qazandı. Həm
ömür sərf edənlər, həm həyat qazananlar Poeziya
adlanan günəşin işığında bir daha, bir daha
yeni sevgilərlə doğuldu, köhnə ayrılıqlarla
köç etdi... Əbədi yaşayanlar,
dirilik suyu içmiş kimi ölməzliyi qazananlar da oldu.
Nə yaxşı ki, bu gün kölgələndiyimiz
Şeirin əbədiyaşar bir ocağındayıq... Bizi
qoruyanlar, bizi sevənlər, qayğımıza qalanlar
vardır... Nə yaxşı...
Yaxşı söz dəyərdə qızıldır,
ləldir. Bir
daha Xoş gördük, Poeziya Evi!
Həmişə
işıqların gur yansın, qonaqların bol olsun, qəlbin
Şeirlə isinsin!
Ay Bəniz ƏLİYAR
Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.30.