"Bütün
yazarlar üçün qonorar maddi gəlir
olmaqla yanaşı, həm
də motivasiya mənbəyidir"
"Fikir bucağı" layihəsinin
qonağı AYB Oğuz bölməsinin sədri
yazıçı Vüsal Oğuzdur
- Vüsal müəllim, hekayələriniz
maraqla oxunur. Siz həm də
tarix müəllimisiniz. Oğuzda
yaşayırsınız. Müəllimlik
fəaliyyətiniz yaradıcılığınıza mane
olmur?
-
Oğuzda doğulmuşam və hal-hazırda doğulduğum
kənddə - Xaçmaz kədində yaşayıram və
bir zamanlar oxuduğum məktəbdə 20 ildən çoxdur
ki, müəllim kimi fəaliyyətdəyəm. İxtisasca tarixçiyəm, eyni zamanda direktor
müaviniyəm. Müəllimliyim ədəbi
yaradıcılığıma qətiyyən mane olmur. Nəinki mane olmur, əksinə müəllimlik fəaliyyətim
ədəbi fəliyyətimə müsbət təsir edir deyərdim.
Belə ki, müəllimlik fəaliyyətim
zamanı apardığım müşahidələr,
qarşılaşdığım hadisələr və
maraqlı insan (şagird) tipləri mənə bəzən
hekayələrimin baş qəhrəmanlarının xarakterlərini
yaratmağa, "formalaşdırmağa" kömək
edir. Sözsüz ki, istisnalar həmişə
var. Bəzən əsərin baş qəhrəmanını
özüm görmək istədiyim kimi
yoğurub-yapdığım hallar da vardır. Hekayələrimin maraqla oxunduğunu eşitmək
bir yazar kimi mənə də, təbii, xoşdur. Amma düşünürəm ki, daha yaxşı
hekayələrimi oxucuların ixtiyarına bundan sonra verə
biləcəyəm. Çünki illər keçdikcə
nəsr sahəsində püxtələşdiyimi hiss edirəm
və mənim üçün kəmiyyət həmişə
əsasdır. Hərdən elə olur ki, 3-4 ay ərzində
bir hekayə belə yaza bilmirəm və mən bundan qətiyyən
narahat olmuram. Ədəbiyyatda plan deyilən
bir şey yoxdur. Yazar yaza bildiyi qədər
yazmalıdır. Özünü
yazmağa məcbur etməməlidir.
- Uzun müddətdir ki,
yaradıcılıqla məşğul olursunuz. Ancaq imzanız ədəbi tənqid tərəfindən
o qədər də təhlil olunmayıb. Bu nə ilə
bağlı ola bilər?
- Fikrimcə,
bunun bir neçə səbəbi vardır. Əvvəla
əyalətdə yaşayıb-yaratmağım və daimi
aktiv ədəbi mühitdə olmamağım tənqidçilərin
diqqətini çəkməyə bilər. Həmçinin onu da qeyd edim ki, Azərbaycan ədəbi
mühitinin öz reallıqları var və bu hər bir sahədə
olduğu kimi, ədəbi tənqid sahəsinə də
öz təsirini etməkdədir. Tənqidçilər
də, daha çox şəxsən və yaxından
tanıdıqlarını təhlil edir. Haqqında
yazı yazırlar. Gəlin etiraf edək
ki, bu, belədir. İstisnalar söz yox ki,
vardır.
- Qonorar alırsınızmı?
- İlk qonorarımı 1988-ci ildə almışam. 1 manat 80 qəpik.
O dövrün pulu ilə. Hal-hazırda
yalnız "Ulduz" və "Azərbaycan"
jurnallarında gedən yazılarıma görə qonorar
alıram. Desəm ki, qonorar mənim
üçün vacib deyil və ya maraqlı deyil, səmimiyyətdən
uzaq olmuş olaram. Bütün yazarlar
üçün qonorar maddi gəlir olmaqla yanaşı, həm
də motivasiya mənbəyidir. Üstəlik,
Azərbaycan yazarının, şairinin böyük əksəriyyətinin
maddi durumunun yaxşı olmadığı bir dövrlərdən
keçiriksə, qonorar hamı kimi mənim üçün
də maraqlıdır. Amma çox təəssüf
ki, ciddi bir qonorar almıram. Kitablarımızın
satışından gələn gəlir isə ən
yaxşı halda nəşriyyat xərclərini və təqdimat
xərcini ödəməyə çatır.
- Bəzi hekayələrinizdə kənd
mühiti, təbiət təsvirləri, insan xarakterləri
ümidizlik fonunda təqdim olunur. Sizcə,
"ümidsizlik" nədir, yaxud niyə yazıçı
ümidsiz olur?
- Fikrinizlə
tam razıyam. Mən bir yazıçı kimi,
insan kimi də realistəm. Hekayələrimin, həmçinin
hələlik başa çatmayan romanımın əsas
özəyi real kənd həyatından və bu həyatın
doğurduğu çətinliklərdən, həmçinin
bu çətinliklər qarşısında aciz duruma
düşərək "ümidsizlik" azarına
düçar olan kənd insanı və onu bu duruma salan
mühitdən bəhs edir. Həmçinin hekayələrim
təbiət təsvirləri ilə də kifayət qədər
zəngindir. Niyə hekayələrimdə
insan xarakterləri ümidsizlik fonunda tədim olunur? Deməzdim ki, bu, tam olaraq belədir. Amma əksərən dediyiniz kimidir. Yuxarıda qeyd etdim ki, mən realistəm. Bütün bunları hər gün və
yaxından müşahidə edirəm. Nəinki
müşahidə edirəm, bəzən özüm bu
insanlarla tez-tez təmasda olduğum üçün
reallıqlarla üz-üzə qalıram və bu məni
çox düşündürür. Hələlik
gücüm bu cür insanları və onların
düşdüyü çətinliklər
burulğanlarını, onların həyatın ağır
sınaqları ilə mücadiləsini ədəbiyyatda təsvir
etməyə çatır. Bir
yazıçı kimi, insan kimi ümidsiz deyiləm,
düşünürəm ki, hər şey
yaxşılığa doğru gedəcək və dediklərim
düzələcək. Amma bu cür
düşünmə hamıda olmur. Və bəzən
insanlar özü də bilmədən sonuncu ümidini də
hansısa marketin kassasında sonuncu manatı ilə birlikdə
qoyub çıxır... sonra isə, dediyiniz kimi, ümidsizlik
başlayır və bu, insanı hər gün bir qədər
də çox kamına çəkən bir quyudur...
- Qeyd edirsiniz ki,
yazdıqlarınızı çap etdirməyə həvəsli
deyilsiniz... Bu, nə ilə bağlıdır?
- Hərdən
mənə elə gəlir ki, indi deyil, gələcəkdə
çap etdirsəm ortaya daha sanballı nəsr nümunələri
qoya bilərəm. Düz vurğuladınız,
hal-hazırda əlimdə hazır hekayələr kitabı və
bir roman olsa da, bu yaxınlarda onları çap etdirməyə
maraqlı deyiləm və tezliklə olacağını da
düşünmürəm. Bunun bir
neçə səbəbi var. Birincisi maddiyyatla
bağlıdır. Yuxarıda dediyim kimi, nəşriyyat
xərcləri kifayət qədər yüksəkdir və ən
yaxşı halda kitab satışından gələn gəlir
ilə yazarın nəşriyyata borclu qalmadan qurtarması
yaxşı nəticədir. Ölkədə
müəllifə yaxşı qonarar verərək kitab
çapı və satışı ilə məşğul
olan nəşriyyat da yoxdur. Ən
yaxşı halda müəllifə 10-20 kitab verməklə
"söhbəti" bağlamağa çalışırlar.
Bir şeyi də qeyd edim. İndi gənc yazar və şairlərin
az qala hər il "kitab" təqdimatı
ilə gündəmə gəlməyə
çalışdıqlarını görəndə təəccüblənirəm.
Şair, yazar oxucu qarşısında məsuliyyətli
olmalıdır və heç bir qələm adamının
oxucunu mənasız yazıları ilə yormağa haqqı
yoxdur. Kəmiyyət yox, keyfiyyət önəmlidir
mənim üçün. Daha çox
deyil, daha yaxşı kitab ortaya qoymaq lazımdır.
- Bəlkə ədəbi mühitdə
sizi narazı salan məqamlar var?
- Qətiyyətlə
deyərdim ki, ədəbi mühitdə məni narazı salan
səbəblər ədəbiyyata ciddi yanaşan əksər
qələm sahiblərini narazı salan səbəblərlə
üst-üstə düşür. Məsələn,
yerlibazlıq, "çevrəbazlıq" və tərəfkeşlik...
Bundan başqa, şəxsi-qərəzliyi ədəbiyyata
gətirmək. Şəxsi münasibətlərin ədəbi
müstəvidə çözülməsi və s. Azərbaycanın
ədəbi mühit tarixini az-çox bilənlər
yaxşı bilir ki, istər 37-ci, istər 60-70-ci illərdə,
lap elə post sovet dövründəki qələm adamları
arasında olan soyuq münasibətlər nə ilə nəticələndi?
Ədəbiyyatımızın ən
yaxşı "qaymaqları" arasında vəzifə,
mövqe üstündə olan davaları, şəxsi zəmində
baş verən mübahisələr sonradan nələrə gətirib
çıxartmadı?
Bundan başqa, istər nəsr, istərsə də
şeirdə ciddi və obyektiv müsabiqələrin təşkil
edilməməsi, daha doğrusu, təşkil edilə bilməməsi
də məni ciddi narahat edir. Düşünün,
hansısa bir sayt, qəzet və ya təşkilat müsabiqə
təşkil edir. Bir çox qələm
sahibləri bəri başdan burda iştirakdan imtina edir. Niyə? Səbəb gün kimi
aydındır.
- Bölgələrdə ədəbi
fəaliyyətlə aktiv məşğul olanlar varmı?
- AYB
Oğuz Bölməsinin rəhbəri kimi 3
(İsmayıllı, Qəbələ və Oğuz) rayonun ədəbi
mühiti və gedən prosesə bələd olan adam kimi onu deyə bilərəm ki, hər
rayonda ədəbi fəaliyyətlə aktiv məşğul
olan ən azı bir neçə qələm sahibi var. Amma bu
bir-iki nəfərin olması bir rayonda ədəbi mühiti
formalaşdırmağa və canlandırmağa kifayət
etmir. Sonda bu insanlar (əsasən gənclər)
ya paytaxt mühitinə inteqrasiya olunur və ya
yazdıqları əyalət mühitinin təsiri ilə
"sandıq" ədəbiyyatına çevrilirlər.
Nəzərə alsaq ki, paytaxt ədəbi
mühitini də elə həmişə əyalətdən gələn
istedalı və həvəsli insanlar formalaşdırıb,
dediklərimlə razılaşarsız. Amma
əyalətdəki ədəbi mühitlə bağlı o qədər
də ümidsiz deyiləm. Müasir
internet imkanlarından istifadə etməklə istər paytaxt,
istərsə də dünya ədəbi mühitinə
inteqrasiya olmaq mümkündür. Amma hər
bir istedad xammaldır. Onu cilalamaq
üçünsə mütləq peşəkar mühit və
ustad dərslərinə ehtiyac vardır.
- Kimləri oxuyursunuz?
-
Mütaliə dəyişilməz və gündəlik
işimdir. İşlərimin
çoxluğundan və zehni yorucu olmasından asılı
olmayaraq hər gün mütaliə edirəm. Bu, bəzən
30-40 səhifə, bəzən isdə dəfələrlə
çox ola bilir. İş
masamın üstünə gələn qəzet və jurnallar
da gündəlik mütaliə etdiklərimin
siyahısındadır. Daha çox nəsr
oxumağa üstünlük verirəm. Şeirlər
kitabını oxumağım ən çox ovqatımla əlaqədardır.
Yaxşı əhval-ruhiyyəm varsa sevdiyim
şairlərin kifayət qədər şeirini oxuyuram. Bəzən də səsli dinləmələr daha
çox məni cəlb edir. Nəsrə gəldikdə
isə, istər yerli imzalardan, istərsə də Qərb və
dünya ədəbiyyatından maraqla oxuduğum imzalar
çoxdur. Xarici imzalardan Knut Hamsun, Markes, Corc Orueli, Səhər
Delicani, Nəcib Məhfuz, Herman Hesse, Folkner və adını
qeyd etmədiyim bir çox imzalar. Son vaxtlar
Türkiyə yazarlarının əsərlərinə daha
çox üstünlük verirəm. Əsasən
də tarixi mövzuda yazılan əsərlərə. Yerli imzalardan əsasən əlimə keçənlərdən
deyərdim. Amma bəzi imzalar var ki,
onların hər yeni çıxan kitablarını əldə
etməyə çalışıram. İstər
XX əsr Azərbaycan nəsrinin sevdiyim imzalarını, istərsə
də müasir dövr yazarları diqqətdə
saxlayıram. Əlabbas, Şərif Ağayar, Natiq Məmmədli,
Cəlil Cavanşır, Kənan Hacı, Yaşar Bünyad,
Varis, İlqar Fəhmi, Mübariz Örən və bir
çoxlarını. Təbii ki,
sadaladıqlarım müasir Azərbaycan nəsrində
oxunmalı imzaları tam əhatə etmir. Yaddan çıxan, adlarını çəkmədiklərim
də vardır.
- Siz ədəbi mühitdə
qalmaqaldan, səs-küydən, müəyyən mübahisələrdən
həmişə uzaq olmusunuz. Yazıçı
və şairlər arasında olan mübahisələrə
necə baxırsınız?
-
Ümumiyyətlə, xaraktercə qalmaqalı, saxta pafosu və
reklamı sevməyən biriyəm. Dediyinizdən
uzaqda olmağımın ilk səbəbi, məncə, elə
budur. Ədəbi mühitdəki
qalmaqallardan uzaq olmağımın ikinci bir səbəbi də
bəlkə də paytaxt ədəbi mühitindən uzaqda - əyalətdə
fəaliyyət göstərməyimdir. Amma
düşünürəm ki, qalmaqalı sevən biri
üçün məsafə və mühitin fərqi yoxdur.
Qalmaqalı sevən harda olmağından
asılı olmayaraq özünü bu işlərin mərkəzində
görməyi sevir. Mənim ədəbiyyatla
bağlı düşüncələrimə və
baxışıma görə ədəbiyyatda oxucunu heyrətləndirəcək
yazılarla yadda qalmaq daha yaxşı olar.
Söhbətləşdi: Tural CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2022.- 25 iyun.- S.31.