Müharibə və ədəbiyyat

 

Zəfər diskursu  

 

Dünya elmində və ədəbiyyatında müharibə mövzusu həmişə fəlakət, ədalət və sülh problemi ilə ayrılmaz şəkildə ifadə olunmuşdur. Fəlakətlər seriyalı olan müharibə ədəbiyyatda məhz ona görə təsvir edilib ki, dünyada fəlakətləri sülh və ədalət əvəz etməsinə dair mövqelər və çağırışlar meydana qoyulsun. Bu mənada vaxtilə dahi Lev Tolstoyun müəyyən etdiyi "Hərb və sülh" formatı dünya ədəbiyyatında müharibə mövzusunun qəbul olunmuş əsas modelidir. Azərbaycan romantizminin əsas yaradıcılarından biri olan Hüseyn Cavidin 1916-cı ildə dahiyanə şəkildə yazdığı "Hərb və fəlakət" motivi isə ədəbiyyatda müharibə mövzusunun ümumi fəlsəfi əsaslarından ibarətdir. Təəssüf ki, yazıldığı vaxtdan bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, Hüseyn Cavidin "Hərb və fəlakət" şeirində ifadə olunan müharibə fəlsəfəsini hələ də əsas kimi qəbul edən böyük güclər vardır:

 

...Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir,

Fədayi-nəfs edərək haqq üçün qoşar, güləşir.

Yaxar, yıxar, əzilər, məhv olur, basar, basılar,

Vətən yolunda ölür, öldürür, asar, asılar.

...Siyasət ərləri gur-gur guruldayır hər an,

Böyük səadət umar bu qanlı fırtınadan.

...Qucaq-qucaq edilən dadlı vədlər həp çox,

Sakın inanma! Yalan ...yox, zəif üçün haqq yox!

İnanma! Aciz üçün yox hüquq, inanmax, ayır,

Cahanda haqq da, həqiqət də hamısı qüvvətdir.

 

Qüdrətli şair-dramaturq Hüseyn Cavidin bu qənaətləri XXI əsrdə də "siyasət ərlərinin" beynəlxalq hüquq pərdəsi altında gizlədilmiş müharibə fəlsəfəsinin əsaslarını təşkil edir. Müstəqil Azərbaycan Respublikası 30 il ərzində "gur-gur guruldayan" müharibə rejissorlarının beynəlxalq hüquq adı ilə törətdikləri məkrli oyunların əzablarını yaşamalı olmuşdur. Nəhayət, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vaxtilə Hüseyn Cavid tərəfindən bəyan edilmiş "Cahanda haqq da, həqiqət də hamısı qüvvətdir" siyasətinin mahiyyətini aydın şəkildə görmək və real olaraq göstərməklə xalqımızı və ölkəmizi bütün istiqamətlər üzrə əzəli-əbədi torpaqlarımızın işğalçılardan azad edilməsinə hazırlamaq və böyük bacarıqla qazandığı tarixi Zəfərlə nəticələnən müharibə strategiyası və taktikasını həyata keçirməklə təkcə regionda yox, dünya miqyasında müharibə fəlsəfəsini dəyişdirməyə nail olmuşdur. Məhz Ali Baş Komandan İlham Əliyevin ədalət və rəşadət rəmzi olan Dəmir yumruğu ilə idarə olunan Qarabağ müharibəsi - Vətən savaşı nəticəsində arxasında güclü havadarları olan ədalətsiz işğalçı yox, öz dövlətinin qüdrətinə, xalqının sarsılmaz birliyinə və ordusunun gücünə inanan və əsaslanan ədalətli ölkə - Azərbaycan qalib gəlmək imkanı qazanmışdır. Bütün bunlara görə Qarabağ savaşında Prezident İlham Əliyev dünyaya ədalətli müharibə aparıb qalib gəlməyin master klasını təqdim etmişdir.

Heç şübhəsiz, müharibədə qalib gəlməyin Azərbaycan gerçəkliyi dünya "siyasət ərlərini", müharibə bazarı həvəskarlarını dərindən düşünüb-daşınmağa vadar etdiyi kimi, ədəbiyyatın müharibə fəlsəfəsində də dəyişiklik etməyə çağırışa çevrilmişdir. Azərbaycan ədəbiyyatında müharibə mövzusunun son bir əsrdəki mənzərəsinin təhlili bu istiqamətdə baş vermiş dəyişmələri əyani şəkildə görməyə imkan yaradır.

Orta əsrlər Azərbaycan poeziyasında müharibə mövzusu ümumi şəkildə və ya alleqorik bədii formada mənalandırılmışdır. Konkret olaraq müharibə mövzusu isə ədəbiyyatımıza əsasən Birinci Dünya müharibəsinin nəticəsində gətirilmişdir. Fikrimizcə, Hüseyn Cavidin məşhur "İblis" faciəsi XX əsrin əvvəlləri Azərbaycan müharibə ədəbiyyatının şah əsəridir. Hüseyn Cavidin 1918-ci ildə yazılmış "İblis" faciəsi dünya müharibəsi faciəsinin mənzum-poetik fəlsəfəsidir. "Hərb və fəlakət" şeirini "İblis" mənzum faciəsinin epiqrafı adlandırmaq olar. Hüseyn Cavidin fəlsəfəsində müharibə "cümlə xəyanətlərə bais" olan İblislərin - "qan püskürən, atəş sovuran kinli kralların" öz çirkin məqsədləri üçün yaratdıqları dəhşətli səhnədir. Bu, Azərbaycan romantiklərinin XX əsrin əvvəllərində müharibə məsələsinə münasibətinin yekun qənaətləri idi.

Azərbaycan realist ədəbiyyatında isə müharibə mövzusu: 1. Həyati əsasları ilə; 2. Mərhəmət hissinin önə çəkilməsi ilə səciyyələnir. Cəlil Məmmədquluzadənin 1920-ci ilin yanvar ayında Şuşada ikən yazdığı "Kamança" pyesi tənqidi-realist ədəbiyyatın Birinci Dünya müharibəsinin dalğasında meydana çıxmış növbəti erməni-müsəlman davasının gerçəklərini, "hər haramzadalıqdan çıxan" ermənilərin vəhşiliklərini canlı və əyani şəkildə əks etdirir. Eyni zamanda, "Kamança" pyesi Azərbaycan ədəbiyyatının müharibə mövzusunda yazılmış insanpərvərlik dərsliyidir. Realist ədəbiyyat müharibəyə "namərd dünya"nın ədalətsiz əməlləri kimi tənqidi münasibət bəsləmişdir.

Müharibə mövzusunun geniş yer aldığı Azərbaycan sovet ədəbiyyatında İkinci Dünya müharibəsi hadisələri geniş şəkildə qələmə alınmış, bu mövzu ətrafında "vahid sovet ailəsinin tərkibində" olsa da, xalqımızın igidliyi, sədaqəti, mərdliyi haqqında həqiqətlər yüksək bədii səviyyədə meydana qoyulmuşdur. Əbülhəsənin "Müharibə" trilogiyası, Həsən Seyidbəylinin "Cəbhədən-cəbhəyə" və İmran Qasımovun "Uzaq sahillərdə", İsmayıl Şıxlının "Ayrılan yollar", Hüseyn Abbaszadənin "General" romanları İkinci Dünya müharibəsinin hadisələri əsasında Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərlərini, dəyanəti və şücaətini əks etdirən əsl ədəbiyyat nümunələridir. Bu əsərlərdə müharibə faşist diktaturasının sovet dövlətinə qarşı törətdiyi vəhşiliklərin təzahürü kimi dəyərləndirilmişdir. Həmçinin geniş mənada sovet ədəbiyyatında, o cümlədən də sovet dövrü Azərbaycan ədəbiyyatında müharibə kapitalizm ilə sosialist düşərgəsinin qarşıdurması miqyasında da təsvir edilmişdir.

Ölkəmizdə dövlət müstəqilliyi ərəfəsində başlanıb, müstəqilliyin başlanğıc dövründə genişlənərək böyük güclərin dəstəyi sayəsində erməni işğalçılarının Qarabağ ərazisində Azərbaycan torpaqlarını zəbt etməsi ədəbiyyatda da, siyasətdə də sovet imperiyasının dağıdılması üçün "siyasət ərlərinin" məkrli planlarının ifadəsi hesab edilmişdir. Bu məqamda ədəbiyyat dirəniş göstərən müsəlləh əsgərə çevrilməkdən çox, məyusluq, ümidsizlik, çaşqınlıq, bədbinlik dövrünü yaşamışdır. Birinci Qarabağ savaşındakı acı məğlubiyyət Azərbaycan ədəbiyyatında əsasən dekadentizm ədəbi cərəyanını, çöküş ədəbiyyatını doğurmuşdur. Siyasi hakimiyyətdəki səriştəsizliklə birlikdə Qarabağ məğlubiyyəti ölkəmizdə dövlət müstəqilliyinin itirilmə təhlükəsini də yaratdığı üçün Azərbaycan ədəbiyyatı dilemma qarşısında qaldığı üçün xalqı hansı cəbhəyə səfərbərliyə çağırmağa, arzu edilən istiqamətə doğru qəti seçim etməkdə müəyyən çətinlik çəkmişdir. Nəhayət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimizin sabahına xalqımızın bəslədiyi ümidlərlə birlikdə ədəbiyyatımız da tədricən özünü toparlayaraq, ümidsizlikdən inama və vətənpərvərliyə doğru ciddi dönüş etmişdir. Bundan sonrakı mərhələnin ədəbiyyatında Qarabağ uğrunda mübarizəyə həsr edilmiş əsərlərdən çox, Qarabağda baş vermiş faciələrin təzahürlərindən və dərslərindən bəhs edən bədii əsərlər meydana çıxmışdır. Fikrimizcə, həmin dövrün ədəbiyyatını sözün əsl mənasında ədəbi fikirdə torpaqlarımızın azad edilməsi uğrunda mübarizə ədəbiyyatına keçid dövrü adlandırmaq olar.

Xalqımızın müstəqil dövlətimizin ərazi bütövlüyü, Qarabağda itirilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizə ruhunda tərbiyə olunmasında ölkəmizdə aparılan düşünülmüş, məqsədyönlü və uğurlu dövlət siyasəti ilə yanaşı, Azərbaycan ədəbiyyatının da mühüm rolu vardır. Azərbaycan ədəbiyyatı xalqımızı Qarabağ - Vətən müharibəsində tarixi Zəfər qazanmağa kökləmişdir. Xüsusən, müstəqil Azərbaycan Respublikasının gənc nəslinin millilik, vətənpərvərlik və qəhrəmanlıq ruhunda formalaşmasına ədəbiyyatımız öz təsirini göstərmişdir. Beləliklə, Prezident İlham Əliyevin haqlı olaraq qətiyyətlə və inamla dediyi kimi, artıq yeni tarixi epoxada ölkəmizin ərazi bütövlüyü naminə hər cür vətənpərvərlik və igidlik nümunəsi göstərməyə hazır olan yeni nəsli yetişmişdir. Müharibə və ədəbiyyat münasibətlərində yaxın tarixin dərslərindən lazımi dərslərin çıxarılması, müstəqillik və Vətən anlayışlarının daha dərindən dərk olunması, nəhayət, Qarabağ uğrunda savaşa səfərbərlik üçün hazır olmaq çağırışları bu tarixi mərhələnin ədəbiyyatının ana xətlərini müəyyən edir. İkinci Qarabağ müharibəsi ərəfəsində baş vermiş uğurlu Lələtəpə və Naxçıvan hərbi əməliyyatları ədəbiyyatda səfərbərlik və vətənpərvərlik çağırışlarını daha da qüvvətləndirmişdir.

Göründüyü kimi, Azərbaycan ədəbiyyatında müharibə mövzusuna münasibət bir neçə mərhələdən keçərək, hər tarixi dövrün reallıqlarına uyğun şəkildə formalaşıb inkişaf etmişdir. Ümumiyyətlə, müharibənin mahiyyətinin dərk və şərh olunmasından başlayaraq, müharibə gerçəkliklərinin təsvir edilməsinə, xalqımızın xarakterindəki sədaqət və igidliyin müharibə hadisələri vasitəsilə canlandırılmasına, nəhayət, işğal edilmiş Vətən torpaqlarının azad olunmasına çağırışların səsləndirilməsinə qədər keçilmiş çətin və şərəfli yol Azərbaycan ədəbiyyatının məsuliyyətli hərb və sülh dərsləridir.

Keçilmiş bir əsrlik yolda hər tarixi mərhələnin ədəbiyyatının öz məntiqi və ona uyğun çağırışları olmuşdur. Bu böyük müharibə ədəbiyyatı salnaməsinə İkinci Qarabağ savaşı ilə tam yeni səhifələr yazılmaqdadır. Belə ki, Azərbaycan ədəbiyyatı doğma ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan azad olunması uğrunda müharibədə sözün əsl mənasında "müsəlləh əsgər" kimi iştirak etmiş və döyüşmüşdür. Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi "Dəmir Yumruq" müharibə hərəkatı Azərbaycan ədəbiyyatının mübarizlik ruhunu, vətəndaşlıq qayəsini ön mövqeyə çıxarmışdır. Beləliklə, bir əsrlik müharibə ədəbiyyatı tarixində ilk dəfə olaraq diskurs dəyişmişdir. İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr 2020-ci ildən Vətən savaşının tarixi Zəfərlə bitdiyi 8 noyabradək Azərbaycan ədəbiyyatı döyüşən və qalib gələn əsgər qismində çıxış etmişdir. Yazıçı və şairlərin müxtəlif janrlarda yazılmış əsərlərində Vətən müharibəsinin hər günü, bütün tarixi məqamları cəsarətli bədii sözün iştirakı ilə müşayiət olunmuşdur. Azərbaycan ədəbiyyatı Qarabağ müharibəsi dövründə bədii sözün PUA-sı funksiyasını yerinə yetirmişdir. Demək olar ki, Ali Baş Komandanın Dəmir yumruq əməliyyatının hər anında düşmənin başına mərmilərlə yanaşı, ədəbiyyat da güllə kimi yağdırılmışdır. Ona görə də İkinci Qarabağ savaşı dövründə və ondan sonra yaradılmış vətəndaşlıq mövqeyinin önə çəkildiyi Azərbaycan ədəbiyyatı döyüşən, vuruşan, qəhrəmanlıqlar göstərən və qələbə qazanmağa qadir olan fərqli bir müharibə ədəbiyyatı nümunəsinə çevrilmişdir. Bu baxımdan Xalq şairi Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poeması İkinci Qarabağ müharibəsi dövrünün ədəbi diskursunun mükəmməl nümunəsidir. "Qarabağa dönüş" poemasının üzvi tərkib hissəsi olan və Vətən müharibəsinin davam etdiyi günlərdə yazılmış "Qələbə tvitləri" şeiri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan müharibə prosesində qəhrəman əsgər qismində iştirak edən mübariz şeirin canlı obrazıdır:

 

Bu bizim haqq işimiz, ədalət savaşımız,

İntiqam ala-ala dikələcək başımız.

Vur, əsgərim, vur! - deyə əmr eləyir Komandan,

Qoy bir də yurdumuza tökülməsin nahaq qan.

Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,

Başımızın üstündə üçrəngli bayrağımız!

Qovur öz yuvasına quduzlaşan itləri,

Ali Baş Komandanın qələbə tvitləri!

 

İkinci Qarabağ müharibəsi günlərində neçə-neçə Zəfər marşları tarixi Zəfərin qazanılmasından əvvəl yazılmışdır. Bu, xalqımızın və ədəbiyyatımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı haqq-ədalət müharibəsindəki yenilməzlik əzminə, sərkərdəlik məharətinə və qüdrətinə dönməz inamının real poetik ifadəsidir. Buna görədir ki, Azərbaycan ədəbiyyatının tarixində ilk dəfə olaraq ədəbi əsərlərdə mənsub olduğu xalqın əsl qalib rəhbəri mənasında Ali Baş Komandan obrazı canlandırılmışdır. İkinci Qarabağ müharibəsi başlanan ilk anlardan bu günədək Azərbaycan ədəbiyyatında Ali Baş Komandan haqqında yazılmış əsərlərdən çoxcildlik bir kitab bağlamaq olar. Bu mənada Zahid Xəlilin "Dəmir yumruq dastanı" poeması bir şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatında Ali Baş Komandan mövzusunda yaranmış ədəbiyyat külliyyatının ümumiləşdirilmiş adı kimi səslənir. İstedadlı şair Barat Vüsalın "Dəmir yumruq" şeirindəki aşağıdakı misralar Ali Baş Komandan mövzusunda yalnız ədəbiyyatın yox, Azərbaycan xalqının ürəkdən gələn inamlı sözünün mükəmməl poetik diskursudur:

 

Ən qədim olan silahdı,

Ən müasir son silahdı

Dəmir yumruq!

...Nə qədər ki, yumruqlar var,

Hamısını yenib olub - Dəmir yumruq!

Azərbaycan özü bu gün

Dönüb olub - Dəmir yumruq!

İndən belə yaşamalı zamandı lap,

...Həyat olub, ömür olub - Dəmir yumruq!

Qarabağın çiçəkləri açıldıqca açılacaq,

Düzəlməyən çox işləri düzəldəcək,

Aşılmayan aşırımları aşıracaq,

                        Dəmir yumruq!

Qələbənin bayrağıtək dalğalanıb,

Qələbənin simvolutək yaşayacaq

                        Dəmir yumruq!

 

Son iki ildə, 2020-2021-ci illərdə və bizim günlərədək Azərbaycan ədəbiyyatında İkinci Qarabağ - Vətən müharibəsi mövzusunda ən müxtəlif janrlarda bədii əsərlərin yazılması işi davam etdirilməkdədir. Yeni dövrün müharibə ədəbiyyatının uğurlu nümunələrindən olan Abuzər Turanın "Zəfər nəğməsi" poemasında İkinci Qarabağ savaşının taleyində xüsusi rolu olmuş və şairin nəzərlərində "müqəddəs qalib üçlük" kimi mənalandırılan Azərbaycan-Türkiyə və Pakistan həmrəylik və müttəfiqliyinin xüsusi əhəmiyyəti ilhamla tərənnüm edilmişdir. Bundan başqa, akademik Teymur Kərimlinin "Şuşanamə" şeirlər silsiləsi müstəqillik dövrü Azərbaycan poeziyasının klassik üslubda ən müasir fikirləri və mətləbləri obrazlı şəkildə ifadə etməyin mükəmməl bir nümunəsidir. "Şuşanamə" şeirlər külliyyatı yeni tarixi epoxanın müasir ruhlu klassik poeziyasıdır. Ramiz Qusarçaylının "Vətən" tarixi-fəlsəfi poemasında isə Qarabağ savaşı dalğasında Vətənin bütövlüyü və alınmazlığı poetik baxımdan məharətlə ümumiləşdirilmişdir. Rafiq Yusifoğlunun "Təzə tarix yazırıq", "Zəfər yallısı", "Zəfər paradı" şeirlər silsiləsi, Vüqar Əhmədin "Şuşadan duman çəkilir" şeiri, Vaqif Bəhmənlinin "Bu qala - bizim qala" publisistik essesi və başqa əsərlər yeni müharibə ədəbiyyatı diskursunun təbii əks-sədasıdır. Elşad Baratın "Ölümsüzlər" şeirlər silsiləsi müharibə gündəliklərinin qəhrəmanlarına həsr edilmiş ibrətamiz epitafiyalardır.

Artıq müasir dövrün müharibə mövzusunda əhəmiyyətli nəsr əsərləri də yaranmaqdadır. Son vaxtlarda ayır-ayrı mətbuat orqanlarında çap edilmiş hekayələr müharibə dövrünün hadisələrinin və simalarının epik vasitələrlə daha canlı olaraq təsvir edilməsinə xidmət edir. Fikrimizcə, müharibə hekayələri bu mövzuda geniş həcmli bədii əsərlərin yazılmasının ilk məşqləridir. Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin hazırlayıb nəşr etdirdiyi "Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri" və "Bütün yollar Şuşaya aparır" kitabları ilə təqdim edilən məqalələr müasir publisistikanın Vətən müharibəsinin hadisələri və proseslərinə fəal müdaxiləsini əks etdirir və bədii yaradıcılıq sahəsində daha masştablı əsərlərə hazırlıq üçün zəmin yaradır. Artıq Azərbaycan ədəbiyyatında Qarabağ müharibəsi dalğası ilə ilk povest və romanların meydana çıxması nəsr sahəsində bu mövzudakı axtarışların genişlənməkdə və dərinləşməkdə olduğunu göstərir. Güllü Məmmədovanın "Azərbaycan" jurnalında çap edilmiş "Oğurlanmış Zəngəzur" romanı ədəbiyyatımızda müharibə mövzusunda böyük həcmə malik bədii əsərlərə keçidin mənalı bir paroludur. Hələ ki dramaturgiya sahəsində müharibədən söz açan az sayda bədii əsər yazılsa da. ədəbi prosesin gedişatı müharibə və Zəfər mövzusunda bütün janrlarda geniş həcmə malik yeni-yeni əsərlərin yaradılmasına dərin inam bəsləməyə əsas verir. Heç şübhə yoxdur ki, Qarabağ savaşı - Vətən müharibəsi mövzusunda daha geniş əhatəli, dərin və ümumiləşdirilmiş bədii əsərlər bundan sonra yaranacaqdır.

Təqdirəlayiq haldır ki, Azərbaycan tənqid və ədəbiyyatşünaslıq elmi də bədii yaradıcılıq prosesləri ilə paralel olaraq müharibə və ədəbiyyat mövzusunda ilk sanballı örnəklərini yaratmış və ədəbi ictimaiyyətə təqdim etmişdir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun "Ədəbiyyatda Ali Baş Komandan", "Qalibiyyət və ədəbiyyat dərsləri", "Çağdaş ədəbiyyat dastanı" və sair məqalələri ədəbi tənqidin Vətən müharibəsinin təhlili dərslərinin əhəmiyyətli səhifələridir. Vaqif Yusiflinin "Poeziya susmur, Vətən əsgərdən başlanır", Rüstəm Kamalın "Müharibə savaşımız və sözümüz", Cavanşir Yusiflinin "Müharibə və ədəbiyyat davası", Elnarə Akimovanın "Yalnız Qarabağ uğrunda", Əsəd Cahangirin "Qarabağ haqqında esse" məqalələri, Rahid Uluselin "Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi", Mərziyə Nəcəfovanın "Poeziyamızın Qarabağ savaşı - Vətən müharibəsi" kitabları Azərbaycan tənqid və ədəbiyyatşünaslığının Qarabağnaməsinin yaradılmaqda olmasının mühüm göstəriciləridir. Heç şübhəsiz, bədii yaradıcılıq sahəsində olduğu kimi, tənqid və ədəbiyyatşünaslıq istiqamətində də Vətən müharibəsi mövzusunda daha böyük və sistemli elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə olunacaqdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu müstəqillik illərində keçirdiyi IX Ədəbi proses yaradıcılıq müşavirəsini 2020-2021-ci illərin ədəbiyyatına həsr edir. Bəlli olduğu kimi, bu illərdə Azərbaycan ədəbiyyatında müxtəlif janrlarda yaranan bədii əsərlər içərisində Qarabağ savaşı - Vətən müharibəsi mövzusu aparıcı mövqeyə malikdir. Bu mənada IX Ədəbi proses konfransı Ədəbiyyatda Qarabağ müharibəsi mövzusunda keçirilən Birinci Respublika Yaradıcılıq müşavirəsi kimi mühüm əhəmiyyətə malikdir. Bu yaradıcılıq müşavirəsində ədəbiyyatın bütün janrlarında və ədəbiyyatşünaslıq elminin əsas sahələri üzrə meydana çıxmış əsərlərin sistemli təhlili əsasında ədəbi prosesin real gedişatı, ümumiləşdirilmiş elmi mənzərəsi əhatəli şəkildə canlandırılır. Ona görə də IX Ədəbi proses yaradıcılıq müşavirəsi Qarabağ savaşı haqqında müxtəlif elmi baxışların geniş miqyaslı toplantısı da hesab edilə bilər. İlk dəfə olaraq 4-5 mart 2022-ci il tarixlərində 2 gün ərzində keçirilən IX Ədəbi proses konfransı yeni tarixi epoxanın Dəmir yumruq - Qarabağ Zəfəri forumudur. Bu yaradıcılıq müşavirəsi ədəbiyyat sahəsində olduğu kimi, tənqid və ədəbiyyatşünaslıq üzrə də elmi diskursun dəyişilmə, yeniləşmə proseslərini əyani şəkildə əks etdirir.

IX Ədəbi proses yaradıcılıq müşavirəsində dinlənilib müzakirə edilən məruzələr Qarabağ Zəfəri haqqındakı ədəbi diskursun ədəbiyyatşünaslıq baxımından dəyişilmiş elmi-nəzəri mətnləridir.

Bu, Azərbaycan ədəbiyyatşünaslıq elminin Zəfər diskursudur.

 

1-3 mart 2022-ci il

 

İsa HƏBİBBƏYLİ

 

Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.2-3.