Cari ədəbi proses barədə
düşüncələr:
dəyişən
relyefdə yerini tapanlar
2020-2021-ci ilin ədəbi
mənzərəsi əsasında
Mənzərə.
Son
yeddi ildə ədəbi yekunlarla bağlı ilk
müşavirədir ki, bir yox, iki ilin ədəbi prosesini tədqiq
etməyə yönəlib. Bunu bütün
dünyanı bürüyən koronavirus dalğasının yaratdığı
əngəllərdən çox, 2020-ci ilin sentyabrından
başlayaraq, tarixi taleyimizdə dönüş məqamı
kimi səciyyələnən mübarək Zəfərimizlə
əlaqələndirsək, yanılmarıq. Hələliksə, 2020-ci ilin lap əvvəlinə
qayıdaq. İl başlayan kimi,
dünyanın dörd bucağını öz məngənəsinə
salan Koronavirus dalğası bütün bəşəriyyət
üçün əsl xaos mənbəyinə çevrildi.
Gələcəyə apokalipsis baxış
önə keçdi. 2020-ci ilin ilk
vaxtlarında başqa mövzulara varmaq, sənətin, ədəbiyyatın
problemlərindən bəhs etmək qeyri-ciddi şəkil
aldı, məna yox oldu, söz kəsərdən
düşdü, fikir və ideallar mahiyyətini itirdi. Reallıq hər şeyi öz acı ironiyasına
tuş etdi. Bütün dünya
başına gələn fəlakət dalğasından
qorunmaq, kor Edip kimi ayağa durub yerimək üçün
güc tapmağın praqmatik yollarını fikirləşməyə
başladı. Tək ədəbiyyatımız
deyil, bütün dünya, bəşəriyyət Kamyunun
dediyi "qorxu çağını" yaşayırdı
və yaşamaqda davam edir.
Biz koronavirus dalğasının yaratdığı
xaotik və gərgin günləri yaşamaqdaykən
qarşıda bizi hansı böyük sevinc məqamları
gözləyirmiş. Azad olunan Qarabağ, fəth olunan Şuşa,
işğalçıdan təmizlənən Vətən
torpağı! Xəyallarımızın gerçəkləşdiyi
möhtəşəm 2020-ci il!
Qarabağ
uğrunda II Vətən müharibəsi! Ordumuz
bu dəfə tarix yazdı. Yalnız silah
deyil, qələm də əsgərlərimizin əlində
oldu. Son 30 ildə səbrimizə daş
basıb gözlədiyimiz, dünya birliklərinin inadla
susduğu Qarabağ kimi tarixi məsələnin aqibəti
xalqın və Ali Baş Komandanımızın əzmi, qəhrəman
oğullarımızın qanı və canı bahasına
yeni mündəricə qazandı.
Bir tərəfdən korona dalğası, digər tərəfdən
müharibə gərginlikləri ədəbi prosesin mənzərəsini,
onun xəritəsinin relyefini dəyişdi. Bu qələbə
Vətən amilinə həssaslığımızı
artırdı, poeziyamıza ideya, mövzu, problematika, məzmun
cəhətdən bir sıra yeniliklər gətirdi. Məlumdur ki, ağır sınaq məqamlarında,
millət taleyüklü problemlərlə üz-üzə
qalanda ilk operativ sözü poeziya deyir. Bu mənada,
yazılmış bir çox şeirlərdə son günlərə
aid olan notların yanaşı verildiyini görmək çətin
olmur: müzəffər ordumuz, igid əsgərlərimiz,
zabitlərimiz, qalib Baş komandanımız, düşmən
əsarətindən qurtulmuş vətən
torpaqlarımız, şəhidlərimiz, qazilərimiz, arxa cəbhənin
yaşantıları, qardaş Türkiyənin köməyi,
İlham Əliyev - Ərdoğan dostluğu və s. Türk,
turan simvolikasının poetik əksi şeirimizdə daha
aparıcı qata çıxdı. Ölüm, Azadlıq,
Müharibə, Şəhidlik kimi mövzular əvvəlki
kimi işlək olsa da, bütövlükdə şeirin
diskursu dəyişdi. "Məzlum xalq"
obrazı döyüşkən xalq obrazı ilə əvəz
edildi, qalib ordu, qalib əsgər, qalib xalq ifadələri
şeirimizdə önə keçdi. Qürur,
əzm hissi qabarıqlaşdı, Ali Baş Komandan obrazı
yarandı, qaçqınlıq, köçkünlük kimi
mövzular artıq yaddaş faktı kimi işlənməkdədir.
İllərdir Qarabağ münaqişəsinin
həll olunmaması, dünya ictimaiyyətinin, söz sahibi
olan beynəlxalq qurumların bu hadisəyə laqeyd münasibəti
poeziyada əsas problem kimi qalsa da, son hadisə
"türkün türkdən başqa dostu yoxdur", - kimi
fikirlərin prioritetliyi ilə önəm kəsb etdi. Azərbaycan-Türkiyə qardaşlığı,
İlham Əliyev-Ərdoğan dostluğu, türk
xalqlarının birliyi ideyası əsas mövzular oldu.
Əlbəttə, II Qarabağ savaşı ilə
bağlı yaşanan bütün situasiyalar, yaşantılar
zaman keçdikcə bədii sözün predmetinə
çevriləcək. Ədəbi prosesdə hakim olmuş həzin
bir içəçəkilməni heç şübhəsiz,
nə zamansa hadisə kimi qarşılanacaq bədii əsərlər
və həmin əsərlərlə bağlı
coşğun müzakirələr əvəz edəcək.
Baş verənlərə analitik
baxışın dramatizmi gücləndikcə bədii
idrakın və inikasın sualtı axını da sürətlənəcək.
Yalnız ərazimizin deyil, mədəniyyət
və mənəviyyatımızın da
dağılmış nizamı və səhmanını bərpa
etmək yalnız bu halda mümkün olacaqdır.
Buna
baxmayaraq, prosesi gerçəklərin, günün içindən
yazmağın nə qədər çətin iş
olmasına rəğmən bunu gerçəkləşdirən
bir çox nümunələr artıq meydanda var və bu
nümunələr qələbədən sonra yaranacaq ən
yeni ədəbiyyata artıq "ərəfə" mətnlər
qismində daxil olub.
Carilik. Müharibənin 44 günü ərzində ölkədəki
fikir həyatımız, xüsusilə ədəbi mətbuatımız
tam müharibə ovqatına kökləndi. Məsələn, "Ədəbiyyat qəzeti"
ilk sayından başlayaraq, manşetdən tutmuş son səhifəsinə
qədər müharibənin dinamikasını əks etdirdi.
Ard-arda qazanılan zəfərlər, bu əhval-ruhiyyəyə
hakim olmuş müxtəlif janrlı mətnlər tarixə qələbə
dövrünün ən mükəmməl örnəklərini
qazandırdı. Onsuz da qəzetdə baş
redaktorluğa gəldiyi gündən
türkçülüyü əsas ideya, məfkurə xəttinə
çevirən Azər Turan müharibənin ən həlledici,
ən kəskin dönəmlərində strateji olaraq bu
mövqeni möhkəmləndirən, ideoloji
dürüstlüyü meyar seçən mətnlərlə
çıxış etdi. Bu yazıları ya
özü yazdı, ya da digər müəlliflər. Bütün səhifələrdə Ali Baş
Komandan İlham Əliyevin səsləndirdiyi, devizə
çevrilən "Qarabağ Azərbaycandır"
nidası sərlövhəyə çıxarıldı.
44 günün ərzində ərsəyə gətirdiyi
7 sayın 2-si "Xüsusi buraxılış" kimi
hazırlandı. Birinci say - müharibəyə,
sonuncu say Şuşanın fəthinə - böyük Qələbə
gününə həsr olundu.
"Ulduz" jurnalının yanvar sayı
bütünlükdə vətən mövzusunda
yazılmış şeirlərə, fevral sayı Qarabağ
haqqında yazılmış esselərə həsr olundu. "Azərbaycan"
jurnalı İntiqam Qasımzadə ("Şuşanın
dolayları", 2020, ¹11), Vaqif Yusifli, Südabə Ağabalayeva
("Xüsusi təyinatlı söz", 2020, ¹11), Vüsal
Nuru ("Ağdam olmaq", 2021, ¹4) və digərlərinin mətnlərindəki
məna ağırlığı timsalında mövzunu hədəfdə
saxladı. Ramiz Qusarçaylının
"Vətən" poeması (2021, ¹8) da ilk dəfə bu
jurnalın səhifələrində yayımlandı.
"525-ci qəzet"də Rəşad Məcid, Vilayət
Quliyev, Rafael Hüseynov, Şahanə Müşfiqin məqalələri
üstünlük təşkil etməklə, elə şeir,
hekayə, elmi və publisistika nümunələrinə yer
verildi ki, başlıca amal qələbə əzminin
qorunması və bunun bədii düşüncədə təcəssüm
olunmasına yönəlmişdi.
Əli bəy Azərinin baş redaktor olduğu "Xəzan"
jurnalının adını çəkmək olar. Daim rəngarəng
materialların yer aldığı "Xəzan"
jurnalı son iki ildə səhifələrində daha
çox müharibə, qələbə, müzəffər
ordu, türklük kimi mövzulara üstünlük verdi ki, bu da estetik kredosu ümumən vətənpərvərlik,
mənəvi-tarixi dəyərlərimizin qorunması kimi
prinsipləri meyara çevirmək olan jurnalı cariliyə
kökləməklə bərabər, ona məfkurəvi siqlət
aşılamağa imkan yaratdı.
Azərbaycan
Yazıçılar Birliyinin hazırladığı
"Qarabağ dastanı. Otuz ilin həsrəti
- 44 günün zəfəri", "Bütün yollar
Şuşaya aparır" kitabları işıq üzü
gördü. Şair Elşad Barat hər həftə
"Ədəbiyyat qəzeti"ndə çap etdirdiyi Vətən
müharibəsi şəhidlərinə yazdığı
şeirlərini "Ölümsüzlər" kitabında
toplayıb ədəbi ictimaiyyətə təqdim etdi.
Firudin bəy Köçərli adına
Respublika Uşaq Kitabxanası məktəblilərin
yazdığı esseləri "Ölümü fəth edənlər"
kitabında toplu şəklində nəşr etdi. Müharibə zamanı döyüşlərdə
olan şair Emin Pirinin canlı müşahidələrindən,
real fakt və təəssüratlarından "Müharibə
gündəliyi" kitabı hasilə gəldi. Rahid Uluselin "Vətən müharibəsi və ədəbiyyatda
milli özünüdərk problemi", Mərziyyə Nəcəfovanın
"Poeziyamızın Qarabağ savaşı - Vətən
müharibəsi" kitabları mövzuya elmi, Zemfira Məhərrəmlinin
"Bədii düşüncədə Qarabağ"
kitabı isə publisist yanaşmanın təzahürü
olmaqla çevik və operativ münasibət meydana qoydu.
Yazıçı-jurnalist Mirmehdi Ağaoğlunun "Zəfərin
izi ilə" kitabını bu sırada xüsusi qeyd etməyə
ehtiyac var. Azad olunmuş ərazilərdən ilk reportajlar
toplusu kimi hasilə gələn bu kitab həm
yazıçı baxışı, həm də
publisistikanın bədii-sənədli əsasda birləşdiyi
toplu kimi qiymətli nümunədir. Problemin qaynar
müasirliyi, reportajlardakı olduqca maraqlı psixoloji qat, səmimi
və sənədli bədii təhkiyə tərzi,
işğalçıdan təmizlənən yurd yerlərimizlə
bağlı ilkin informasiya, şəhadətli ovqat, təsirli
təlqin gücü Mirmehdi Ağaoğlunun kitabının səciyyəvi
məziyyətidir. Bu mənada, tarixi məzmun
və müharibə motivinin önə
çıxdığı, tarixi, etnoqrafiq bilgilərlə zəngin
olan "Zəfərin izi ilə" həm də vətəndaşlıq
hünəri ilə ərsəyə gələn kitabdır.
Bu operativliyi və vətəndaşlıq
missiyasını elmi-ədəbi məkana, estetik və
humanitar müstəvi üzərinə də keçirib eyni
dalğanı müşahidə eləmək
mümkündür. Son iki ildə Azərbaycan ədəbi
zehniyyəti Qarabağ amilinə daha dərindən nüfuz
etmək üçün ona müxtəlif rakursdan yanaşma
sərgilədi. İsa Həbibbəylinin
"Vətən savaşında tarixi zəfər",
"Şuşa - böyük qayıdışın şah əsəridir"
məqalələri proseslərə çevik bədii
reaksiya, günün cari axarına verilən təhlilin
dolğunluğu, siyasi analizin itiliyi ilə maraq doğurdu.
Belə bir siyasi-ideoloji rakursu akademik Nizami Cəfərovun
"Ali Baş Komandanın əmri",
"Sözümüzün Ali Baş Komandanı" məqalələri
də əks etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin
siyasi səriştə, dövləti təfəkkür və
intellekt miqyasında ehtiva etdiyi gücün mahiyyəti bu məqalələrdə
aydın və dürüst mövqedən şərhini
tapdı, dövlət başçısının təşkilati
vüsətinə və mövqeyinə real-əməli
mündəricə qazandıran əsas məqamlara
işıq salındı.
Siyasi-fəlsəfi
publisistikasının mükəmməl örnəklərini
yaradan Azər Turan "Milli mətbuat, Ayasofyada" namaz və
Tovuz hadisələri", "Burası Turan
qapısı", "Salam türkün bayrağına və
yaxud dağılan erməni mifi", "Tanrının evi -
Türk Qarabağ və Bir hilal uğruna batan günəşlər",
"Erməni məkrinə qarşı yüz il diri qalan
düşüncə - Əli bəy Hüseynzadə örnəyi",
"Zəfər Paradı və Nihal Atsız" məqalələrində
erməni məsələsinə - bu milli-xroniki və tarixi
anomaliyaya münasibəti yenidən aktuallandırdı,
yaddaşın məhvi ilə planlı şəkildə məşğul
olan tendensiyalara qarşı çıxaraq, torpaqla bərabər
itirilən yaddaşın fəsadlarını
açıqladı, daxili manqurdların, türklük
düşmənlərinin ssenarisi üzrə aparılan
oyunların sonuclarını analiz etdi, mədəniyyət və
tarixə münasibətdə millilik problemini sağlam elmi-nəzəri
əsaslarda irəli sürməyin nümunəsini sərgilədi.
Mətanət
Vahidin "Qalib ölkənin vətəndaşı
olmaq", Aygün Bağırlının "Möcüzəli
və saf Şuşa", "Mənim Şuşa
nağılım, mənim nağıl Şuşam" məqalələri
qalibiyyət ritmi üzərində pərvəriş
tapdısa, Tehran Əlişanoğlunun "Qalibiyyət və
ədəbiyyatın dərsləri", "Ədəbiyyatda
Ali Baş Komandan", "Qalibiyyət zamanı: ədəbiyyatda
diskursun dəyişməsi", "Çağdaş ədəbiyyat
dastanı" məqalələri bu qalibiyyətin bədii
düşüncənin təşəkkülünə təsiri
üzərində düşündürdü: Qarabağ zəfəri
yazıçı və şairlərin qarşısına
hansı missiya qoyur - həyat-sənət münasibətləri
yeni çalar və vurğular kəsb edəcəkmi, yaxud dəyişən
rakurs, ən yeni reallıq modeli ilə Azərbaycan ədəbiyyatı
növbəti tarixi borcunu yerinə yetirə biləcəkmi?
Cavanşir
Yusiflinin "Müharibə və ədəbiyyat
davası", Rüstəm Kamalın "Müharibə
savaşımız və sözümüz", "Ali
Baş Komandan, müqəddəs savaşımız və
simvollarımız", Vaqif Yusiflinin "Poeziya susmur.... Vətən
əsgərdən başlayır", Məti Osmanoğlunun
"Qələbədən əvvəl və sonra",
Əsəd Cahangirin iki hissəli "Qarabağ haqqında
esse", Qəşəm Nəcəfzadənin "Müharibə
ətirli şeirlər" yazılarında son otuz ilin ədəbiyyatına,
bir qədər də irəli getsək son iki yüz ilin tarixi
yaddaşına göstərilən münasibət öz nəzəri
və metodoloji əhəmiyyəti ilə seçildi. Ədəbiyyatın verdiyi ibrət dərsi, itkilərimizə
qarşı laqeydliyimiz, faciələrimizi doğuran və
şərtləndirən zaman və ictimai-siyasi mühit bu məqalələrdə
mənəvi və əxlaqi gerçəkliyin təhlili vasitəsinə
çevrildi.
Ədəbiyyat. 2020-ci ildə pandemiya səbəbilə
bir çox mədəniyyət ocaqları qapadılsa, ədəbiyyatda
müəyyən süstlük müşayiət olunsa da,
getdikcə ədəbiyyatın ritmi meydana qoyulan bir çox
nümunələrdə duyulmağa başladı. "Təmrin" jurnalı 2020-ci ildə Rəsul
Rza və Bəxtiyar Vahabzadəyə, 2021-də isə
Şirməmməd Hüseynov və Nurəngiz Günə həsr
olunmuş xüsusi buraxılışını təqdim
etdi. Xalq yazıçısı Anarın
"Yaşamaq haqqı" traktatı çap olundu,
Elçinin "Ədəbi düşüncələr"i,
Alpay Azərin esselər silsiləsi yenidən sənətə
köklənmək, həyata baxışın ideya-fəlsəfi
gücünü qorumaq baxımından faydalı oldu. Mətanət
Vahidin "Ədəbi "Kəpənək effekti",
Ülvi Babasoyun "Doğumun unuduluşu", Nargisin
"Metakədər"i çağdaş esseistikanın
intellektual simasını bəlirləyən kitablar kimi yadda
qaldı. "Səfər
Alışarlının "İkinci Respublikanın
generalı", Şərif Ağayarın
"Arıların səssizliyi", Rasim Qaracanın "Mənim
həyatımı yaz", Hədiyyə Şəfaqətin
"Kələ-kötür və hamar", Azad Qaradərəlinin
"Qadağan zonası", mərhum yazıçı Eyvaz
Əlləzoğlunun "Qırıq telefon" hekayələr
kitabı pandemiya və müharibə gərginliyini yaşayan
ədəbi mühitdə ədəbiyyatın ruhunu qoruyan
azsaylı nümunələrdən sayılmalıdır.
Birinci Qarabağ müharibəsində erməni vəhşiliyindən
əzab çəkən insanların dramını verən və
bir qədər də uzaqgörən notlarla,
yazıçı fəhmi sayəsində İkinci Qarabağ
savaşına dair işarələrin yer aldığı,
zamanlararası intertekstual əlaqə yaradan
"Başdaşı" romanından sonra Səyyad Aran
"İrəvanın yolları" əsərini yazdı.
Savaş baş verdiyi dönəmdə "Ədəbiyyat qəzeti"nin səhifələrində silsilə şəkildə
çap olunan roman bizi adekvat olaraq müharibə ovqatı, cəbhə
xəbərləri, günün reallıqlarına köklənməyə
kömək etdi. Müharibədən sonra ərəfə
mətnlər də meydana çıxdı. Azad Qaradərəlinin
"Cəbrayıl əfsanəsi" romanı müharibənin
və real qəhrəman olan Cəbrayıl Dövlətzadənin
obrazının ədəbiyyata gətirilməsi və bədii
təcəssümün predmetinə çevrilməsi,
müharibə hekayələrinin yer aldığı
"Sevgilim Vətən" kitabının çapı isə
ən ağrılı müasirliyin prozada dərkinin verilməsi
baxımından ilk örnək mətnlər sayıla bilər.
Belə mətnlərdən daha sonra İlqar Kamilin "Polad
necə bərkidi" povestini, eləcə də Çingiz
Abdullayev, Kamal Abdulla, Azad Qaradərəli, Kənan Hacı, Təranə
Vahid, Alpay Azər, Mirmehdi Ağaoğlu, Cəlil Cavanşir, Həmid
Piriyev, Yaşar Bünyad, Kamran Nəzirli, Xəyyam Rəfili,
Əli bəy Azəri, Orxan Saffari, Orxan Həsəni, İlhamə
Nasir, Günel Natiq, Murad Muradov, Sevinc Nuruqızı, Səhər
Əhməd, Hüseynbala Mirələmov, Mənzər
Niyarlı, Sadıq Elcanlı, Qərib Mehdi, Bahəddin Salman,
Nüşabə Əsəd Məmmədli, Günel
Anarqızı, Kamran Yusifzadə, İradə Aytel, Vahid Məmmədli,
Azər Qaraçənlinin hekayələrinin də
adını çəkmək həm də o mənada
lazımdır ki, onlar müharibə dövrünün ilk təəssürat
yazıları kimi ərsəyə gəliblər. Hər halda gələcək nəsil,
günümüzlə bağlı yaşananları qəzet
və jurnal səhifələri ilə bərabər adı
çəkilən bədii mətnlərdən alacaqlar.
Ümumiyyətlə,
son iki ili nəsrdə hekayə
janrının yüksəlişi kimi səciyyələndirə
bilərik. İndi ön ədəbi xəttə
daha çox nəsrin bu kiçik janrı çıxıb
desək, yanılmarıq. Məncə,
bunu zəfərin gətirəcəyi yeni keyfiyyət dalğasına
keçid, yenidən doğulmaqda olan gerçəkliyin epik
vüsətli təsvirinə səmtlənən yolun əvvəli
də saya bilərik. Ataqamın "Dişlək
alma", Sərdar Aminin "Atamın əlləri", Samirə
Əşrəfin "Saturasiya", Tural Turanın
"Anamın vəsiyyəti", Xəyyam Rəfilinin
"Görünməyən kölgələr", Adəmin
(Nizami Hüseynov) "Kitabın fleksiyası", Sənan
İsmayılovun "Parçalanma hüdudu" kimi hekayələr
yeni nəsrin, yeni düşüncə tərzinin ifadəsi
baxımından uğurlu nümunələr sayıla bilər.
Bu hekayələr öz fəlsəfi-intellektual
məzmunu və estetikası ilə dünyəvidir, gözlənilməz
rakurs, fərqli düşüncə konteksti, qeyri-xətti
süjetlərlə nəsrin yönünü dəyişmək,
estetik məkanını genişləndirmək cəhdinə
malikdir.
Adı
çəkilən hekayələrlə bağlı il boyu müəyyən tənqidi yazılar
yazılsa da əsasən, həcmli əsərlərə olan
diqqət, maraq da istisna olmadı. "Ədəbiyyat qəzeti"ndə
Anarın "Söz" ikicildliyinin, Kamal Abdullanın
"Laokoon", Əjdər Olun "Lo" əsərlərinin
müzakirəsi, ötən illərdə çap
olunmasına baxmayaraq, Zahid Sarıtorpağın
"Quşların intiharına ağlamayın", Şərif
Ağayarın "Ağ göl", Aqşin Yeniseyin
"Tarix və tale", Pərviz Cəbrayılın "Məryəm
surəsi", Səyyad Aranın "Başdaşı"
romanları haqqında yazılmış məqalələr ədəbi
prosesin canlı, dinamik gedişatına öz töhfəsini
vermiş oldu.
Yəqin
ki, yazıçı Natiq Məmmədlinin ötən il çapdan çıxmış
"Sev" romanının prosesə yeriməsi, müzakirə
və bədii təhlil predmetinə çevrilməsi 2022-ci
il və daha sonrakı zamanların payına düşər. Çünki ehtiva etdiyi bəşəri məzmun,
epik panoramlı təsvirlərin yer aldığı, eyni
zamanda Qarabağla bağlı son hadisələrin bədiiləşdiyi
və ümumi süjet xəttinə uğurla birləşdiyi
bu əsər, haqqında daha geniş müstəvidə bəhs
etməyə əsas verən layiqli nümunədir.
AMEA-da "Şəxsiyyətin pasportu"
seriyasından Xanımana Əlibəyli, Əziz Mirəhmədov,
Çingiz Aytmatov haqda kitablar çap olundu. "Dünya ədəbiyyatı"nın
"Elmi baxış" adlanan yeni sayı oxucuların
ixtiyarına verildi. 25-dən artıq
ölkənin ədəbiyyatını təmsil edən 50-yə
yaxın yazıçı haqqında məqalələrin yer
aldığı bu say özündə AMEA Ədəbiyyat
İnstitutunun alimlərinin dünya ədəbiyyatı ilə
bağlı son dövrə aid tədqiqatlarını əks
etdirir. Yeri gəlmişkən, ötən il "Yeni dəb"
(Dünya Ədəbiyyatı Kitabxanası) seriyasından
altı kitab çap edildi: Luici Pirandello, Luiza Qlük, Nikolae
Spetaru, Tumas Tranströmer, Nizar Qəbbani, Maqsud İbrahimovun
kitabları.
Sabir Əhmədlinin 90, Kamal Abdullanın 70, Sabir Rüstəmxanlının
75 illiyi ədəbi mətbuatda geniş rakursda qeyd olundu. Şairlərdən mərhum
Fikrət Qoca, Nəriman Həsənzadə
"İstiqlal", Baba Vəziroğlu, Musa Urud
"Şöhrət", yazıçılardan Kamal Abdulla
"Şərəf" və Səyyad Aran "Şöhrət"
ordeni ilə təltif edildi. Xalq şairi Vahid
Əzizə Prezidentin fərdi təqaüdü verildi.
Dünya və biz. Beynəlxalq Buker Mükafatı hollandiya
yazıçısı Marika Lukas Reyneveldə, 2020-ci il ədəbiyyat üzrə Nobel
mükafatı isə amerikalı şair Luiza Qlüka təqdim
olundu. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan
Yazıçılar Birliyinin katibi, Xalq
yazıçısı Çingiz Abdullayevi "Dostluq"
ordeni ilə təltif etdi. Fransa
Senatının sərəncamıyla 1980-ci ildə Parisdə
yaradılmış Avropa Elm, İncəsənət və
Ədəbiyyat Akademiyasının növbəti yubiley
sessiyasında Azərbaycan yazıçısı Afaq Məsud
qurumun həqiqi üzvü seçildi. Şərif
Ağayarın "Arzulardan sonrakı şəhər"
romanı, Mübariz Örənin "Sodomor", Nadir
Adilmanın "O gələcəkmi?", Reyhan Həsənovanın
"Göydən üç alma düşdü"
kitabları Fransada işıq üzü gördü.
Nizami ili. 2021-ci ili
bütünlükdə sənət bayramı kimi xarakterizə
edə bilərik. 2021-ci il girər-girməz ölkə
başçısının bizləri "Nizami ili"
sevinci ilə müjdələməsi mədəni iqlimə
köklənməyə gözəl bir vəsilə olmaqla bərabər,
maraq dairəsində olduğumuz indiki zamanda dünyaya bir də
Nizami xalqı, Nizami milləti olaraq üz
tutmağımızın mesajı kimi simvolik çalar kəsb
edir. Ötən il Nizami Gəncəvinin
880 illiyi ilə bağlı silsilə elmi tədbirlər
keçirildi. "Ədəbiyyat qəzeti" Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu və "Ulduz"
jurnalı ilə birlikdə Nizami Gəncəviyə aid
"Xüsusi buraxılış" hazırladı və
nizamişünas alimlərin iştirakı ilə
İnstitutda həmin buraxılışın təqdimat mərasimi
keçirildi. "Azərbaycan" jurnalı il
boyu nizamişünas alimlərlə ədəbi söhbətlər
təqdim etdi. "525-ci qəzet" iki nömrəsində
tam olaraq nizamişünas alim Siracəddin Hacının məqalələrini
yayınladı. "İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı
ilə Azərbaycan, eləcə də rus tədqiqatçılarının
elmi araşdırmalarının toplandığı
"Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə"
adlı kitab işıq üzü gördü.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının
məqalələri il boyu müxtəlif yerli mətbuat
orqanlarında çap olunmaqla yanaşı, Nizami Gəncəviyə
həsr olunmuş "Qardaş qələmlər",
"Türk ədəbiyyatı", "İrfan",
"Üç cizgi" jurnallarında da yer aldı. "Sənətkarın elmi pasportu"
seriyasından "Nizami Gəncəvi: həyatı və
yaradıcılığı" monoqrafiyası çap
edildi. "Azərbaycan ədəbiyyatşünaslığı"
jurnalının 2021-ci il üzrə II
sayı Nizami Gəncəviyə həsr edilmiş xüsusi
buraxılış kimi hazırlandı. Ümumilikdə
"Nizami ili" ilə bağlı Humanitar Elmlər Bölməsi
üzrə 45 kitab, 4 jurnal işıq işıq üzü
gördü.
Ötən
ilin sonunda Mədəniyyət Nazirliyinin bir qrup ədəbiyyat
adamını "Nizami medalı", AMEA Rəyasət Heyətinin
Nizami ilində fərqlənən alimləri "Fəxri
diplom"larla təltif etməsi başa çatmaqla olan ilə
yekun vurmağla bərabər, çəkilən əməyə
verilən dəyərin səciyyəviliyi baxımından əlamətdar
sayılmalıdır.
Ötən
il Şuşada keçirilən "Xarıbülbül"
musiqi festivalı, "Vaqif Poeziya günləri", təşkil
olunan Beynəlxalq Kitab Sərgi Yarmarkaları da bu baxımdan
milli sabahımıza hədəflənmiş amallar
sırasında qeyd olunmalıdır.
Avqustun 29-31 tarixlərində Şuşada Molla Pənah
Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və
yenidənqurma işlərindən sonra
açılışı çox əlamətdar hadisə
sayıla bilər. Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri
isə ədəbiyyat tariximizdə mühüm əhəmiyyət
kəsb edir. Qeyd edim ki, poeziya günləri
çərçivəsində müxtəlif tədbirlər
keçirildi. Şeir məclisləri təşkil
olundu, musiqi dinlənildi, həmçinin avqustun 31-də
Şuşada ilk elmi simpozium keçirildi. "Ədəbi
müstəvidə Qarabağın dünəni və
bugünü" adlı simpoziumda iştirak edən
ziyalılar (Nizami Cəfərov, Tehran Əlişanoğlu, Azər
Turan, İlqar Fəhmi, Elnarə Akimova, Əsəd Cahangir,
Adil Cəmil, Mustafa Çəmənli, Ələmdar
Cabbarlı, Ramil Əhməd) ədəbiyyatımızın
qarşısında duran vəzifələrdən, son 30 ildə
yaradılmış ədəbi nümunələrdən,
Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi
stimuldan və Molla Pənah Vaqifin bənzərsiz
yaradıcılığından bəhs etdilər. Qoyulan məsələlərdən biri Vaqif
yaradıcılığını yeni düşüncə
kontekstindən elmi-nəzəri analizin predmetinə çevirmək
oldu.
Əlbəttə, Vaqif elə bir parlaq ədəbi
istedada malik sənətkardır ki, özü ilə
bağlı ədəbiyyatşünaslıqda fərqli və
modern sənət prinsipləri kontekstində
araşdırmalara imkan verəcəkdir. Bu sırada, Vaqiflə
bağlı meydanda olan son uğurlu faktları - akademik İsa
Həbibbəylinin "Molla Pənah olan Vaqif"
monoqrafiyasını və "Ədəbiyyat qəzeti"ndə
çap olunan dörd yazını qeyd etmək istərdim:
Cavanşir Yusiflinin "Formanın müqəddəs
sirri" silsiləsindən Vaqif haqqında yazdığı
II məqaləni, Azər Turanın "Poeziyada "Görmədim"
müxəmməsi ilə başlayan estetik qürub, yaxud Vaqif
ömrünün və türbəsinin faciəli aqibəti",
Tahirə Məmmədin "Şuşa ədəbi məclisləri:
funksiya və missiyası" və Səadət
Şıxıyevanın "Nisgilli könüllərin tərcümanı
Şuşa Qarabağ şairlərinin şeirləri əsasında"
məqalələrini. Vaqif
yaradıcılığı ilə bağlı gələcək
tədqiqatçılara geniş müstəvilərə
adlamağa impuls verən mətnlər kimi bu kitab və məqalələrin
xüsusi yeri var.
Bakı
Kitab Sərgisi. Ölkə
başçısının "Nizami ili" ilə
bağlı verdiyi qərar ölkədə əsl kitab
bayramına çevrildi. Oktyabrın 1-10
tarixlərində Bakı Əl Oyunları Sarayında I Milli
Kitab Sərgisi, oktyabrın 6-10 tarixlərində isə Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
baş tutdu. Daha sonra Azərbaycan Yazıçılar
Birliyi və Mədəniyyət Nazirliyi yanında İctimai
Şura, "Əli və Nino" mağazalar şəbəkəsi
və "Qanun" Nəşrlər Evinin təşkilatçılığı
ilə dekabrın 15-də yenidən Yeni il
Milli Kitab Sərgisi təşkil olundu.
Belə
uğurlu ilklər sırasına "Azərbaycan Nəşriyyatları"
İctimai Birliyinin təşkilatçılığı
(ANİB-2021) keçirilən kitab sərgilərini də qeyd
etməyə ehtiyac var. 30-31 oktyabr tarixlərində
Sumqayıtda "I Sumqayıt Kitab Sərgisi"nin,
noyabrın 26-dan 28-dək isə Gəncə Dövlət
Filarmoniyasının Urban Mərkəzində "Azərbaycan
Nəşriyyatları" İctimai Birliyinin (ANİB) təşkilatçılığı,
Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət
İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti
və Gəncə İctimai İştirakçılıq Məclisinin
dəstəyi ilə I Gəncə Kitab Sərgisinin təqdimatları
böyük ədəbiyyat bayramı, kitab ehtişamı kimi
yaşandı. Bakıdan başlayan bu tədbirlərin
digər şəhərlərdə davam tapması etiraf edək
ki, xüsusən, pandemiya gərginliyi ilə
yaşadığımız indiki vaxtda bütünlükdə
ruhu və ovqat çaları, ədəbi-mədəni
sferası, elm və ədəbiyyatın təbliği
baxımından böyük missiya
daşıyısıcıdır deyə bilərik.
Müsabiqələr. Müsabiqələrin
ədəbi prosesdə oynadığı rol
danılmazdır. Ədəbiyyatı yeni
auditoriyalara çıxarır, ədəbiyyatı
özünəqapanma xəstəliyindən xilas edir, yeni
imzalar qazandırır, təzə-tər mətnlərlə
tanışlığa imkan yaradır. Eyni
zamanda, predmet kimi seçilən janrın hərəkət
dinamikasının mənzərəsini
görükdürür. Müsabiqələrin
digər cəhətlərindən biri də budur ki,
yaxşı mənada, rəqabət yaradır və bu rəqabətdən
ən yaxşı mətnlər qalib çıxır, yaxud
çıxmalıdır.
Ötən iki ildə baş tutan ədəbi müsabiqələrdən
ikisinin mövzusu elə dövrün özünün iki əsas
faktını çevrələmiş oldu. Hər iki
müsabiqə Mədəniyyət Nazirliyi tərəfindən
gerçəkləşdi. 2020-ci ildə
koronavirusla bağlı təşkil etdiyi hekayə müsabiqəsinin
qalibləri ədəbi mühitdə kifayət qədər
istedadlı imza sayılan Cavi Dan və Sevinc Elsevər oldu.
2021-ci ildə baş tutan ikinci müsabiqə isə
vətənpərvərlik mövzusunda ən yaxşı
şeir, hekayə və esselərin dəyərləndirilməsi
ilə yadda qaldı.
"Kulis.az" saytının ötən ilin sonunda
gerçəkləşdirdiyi hekayə müsabiqəsini isə
ilin ədəbi prosesinə vurulan uğurlu yekun, ədəbi
hadisə adlandıra bilərik. Bu müsabiqə
oxucularına 209 hekayə təqdim edərək ilk növbədə,
hekayə janrının hərəkətliliyində xüsusi
rol oynadı, çağdaş dövr hekayə
janrının hansı mövzu, fikir və ideya kontekstində
gəlişdiyini göstərdi. Müsabiqədə
Fəridə (I yer), Sənan İsmayılov (II yer), Bircə
(III yer) və Nihad Pir (müsabiqənin xüsusi
mükafatı) qalib seçildilər. Bir
mühüm məqamı qeyd edim. O müsabiqə cəmiyyətin
və ədəbiyyatın xeyrinə işləyir ki, orda
şəffaflıq qorunur, imzalar, adlar deyil, ədəbiyyatın
uğuru üzərində qərar tapmağa
çalışılır. Bu baxımdan seçilən
dörd münsifə (Elnarə Akimova, Əsəd Cahangir, Fəxri
Uğurlu və Maral Yaqubova) təqdim olunan hekayələrdə
adların gizli saxlanması mətnlərə verilən qiymətdə
obyektivliyin maksimum qorunmasına nail olmaq baxımından
çox önəmli hal sayılmalıdır.
Yeri gəlmişkən, "Kulis.az" saytının hər
həftə bir yeni hekayə təqdim etməsi, eyni zamanda onu
tanınmış qələm adamlarının
iştirakı ilə müzakirəyə
çıxarması janrın hərəkətliliyinin, mənzərə
bütövlüyünün təmin olunmasında mütərəqqi
addımlardandır.
***
Son iki ilin ədəbi mənzərəsi əsasən,
bu hadisə və çalarlarla xarakterik oldu. Biz tarixi
proseslərin axarını, milli aqibətimizi dəyişən
bir Vətən müharibəsinin, Qarabağ
savaşının içindən keçdik. Ədəbiyyatımıza bu mənada, bir çox
yeni tip və obrazların gələcəyi, özləri ilə
bərabər yeni süjet, mühit, dil xüsusiyyətləri
və nəhayət, mədəniyyət gətirəcəyi
şübhəsizdir. Bu mədəniyyəti
gətirənlər, həm də növbəti dəyişən
relyefdə yerini tapanlar olacaq.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.4-5.