Yeni Zamana giriş:
ədəbi tənqiddə diskurslar
1. Son illərdə
ədəbi tənqid proseslərini təsnifləndirməyə,
icmallaşdırmağa, dəyərləndirməyə cəhdlər
bircə burada, "İlin ədəbi yekunları"
konfranslarında, konkret olaraq mənim "2018-ci il: ədəbi
tənqid refleksləri" və "Tənqid və ədəbi
proses - 2019 (şikayət tezisləri)" məruzələrimdə
olmuş və şəksiz ki, buna qədər bu qəbil
az-çox cəhdlərə də bu məruzələrdə
baxılmış, münasibət bildirilmişdir. Bu kimi
başqa cəhdlər yox kimidir; vardırsa buyursun kimsə
yadımıza salsın.
Doğrudur,
ötən il "Ədəbiyyat qəzeti"ndə görkəmli
filosof, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilovun
"Elmilik, fəlsəfilik, bədiilik" (ƏQ, 2, 16 və
23 oktyabr 2021) və "Ədəbiyyatın fəlsəfəsi
və ədəbiyyatda fəlsəfə" (ƏQ, 30 oktyabr
və 20 noyabr 2021) məqalələrində Fəlsəfə,
Din, Elm, Ədəbiyyat fənlərinin bugünkü ictimai
şüurda kəsb etdiyi məna və realiyalar barədə
metafizik planda söylədiyi fikirlər, irəli
sürdüyü müddəalar sırasında ədəbi
tənqidə də müəyyən pay düşür.
Filosof, əvvəllər də toxunduğu kimi, ədəbi tənqidi
fəlsəfənin başqa bir təzahürü, fəal bir
qanadı kimi görmək istəyir; reallıqda bunu görə
bilmədiyindən də çağdaş ədəbiyyatın,
ədəbi-bədii proseslərin kəskin
parçalanmasının (ədəbiyyata və psevdoədəbiyyata)
səbəbini həm də bu suçla (tənqidin
özü, yəni fəlsəfə ola bilməməsi ilə)
bağlayır: "Ədəbiyyat öz həqiqi
missiyasını, özəlliyini unudub elmi düşüncə
və təsvirin təsiri altına düşəndə, bir
psevdoədəbiyyat yaranır... Əgər ədəbiyyat
hadisələri "olduğu kimi", "obyektiv surətdə"
təsvir edirsə, demək ki, elmi üslubun təsiri
altına düşmüş, özgələşmişdir...
Ədəbi tənqid özü də fəlsəfi
baxış səviyyəsinə yüksələ bilməsə
və elm çərçivəsinə düşsə, belə
kritik məqamlarda sənətkarın haqqını kim
müdafiə edər?..." (ƏQ, 20 noyabr 2021)
Göründüyü
kimi, bu bir metafizik passajdır, istəkdir, arzudur; Səlahəddin
Xəlilovun tənqid proseslərinin gündəliyinə
heç də enmək fikri-niyyəti yoxdur. "Ədəbi
yekunlar"ımızı isə məhz bu, son iki ilin tənqid
mənzərələri məşğul edir. Odur ki, öz məruzələrimə
qayıdıb dayandığım yerdən (bax:
T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri
- ƏQ, 29 iyun 2019; və Tənqid və ədəbi proses -
2019 (şikayət tezisləri) - ƏQ, 26 setyabr 2020) davam etməyə
məcburam.
2. 2020-ci
ilin sentyabr-noyabr aylarında ölkəmizdə, Azərbaycan həyatında
misilsiz önəmli hadisə baş verdi; 44 günlük Vətən
müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
mövqeyi və iradəsi, Azərbaycan ordusunun qəhrəmanlıq
salnaməsi nəticəsində Azərbaycan xalqı qalib
oldu, Qarabağ torpaqları 30 illik erməni
işğalından qurtuldu. Azərbaycan həyatında
olduğu kimi, ədəbiyyatda da zamanın
parçalanması göz və söz predmeti oldu: Vətən
müharibəsindən əvvəlki dövr və Vətən
müharibəsindən sonra; Qarabağ ağrısı dolu 30
illik dekadans sürəsi və Qələbə ilinin ruh
yüksəkliyi... Hətta irəli düşüb ədəbi
tənqid "Ədəbiyyatda diskursun dəyişməsi"ndən
danışmağa başladı (bax: ƏQ, 2 oktyabr 2021). Həqiqətən
də Qələbə ilində Zamanın bu üzünə
köklənərək: Azərbaycan xalqının qalibiyyət
ruhunu ifadə edən, II Qarabağ savaşında Azərbaycan
əsgərinin qəhrəmanlıq dastanını əks
etdirən, Ali Baş Komandanın obrazını yaratmağa
çalışan, Azərbaycan insanının intəhasız
vətənsevərlik duyğularını qeydə alan, təcəssüm
etdirən yüzlərlə poeziya, nəsr, dram, esse, bədii
publisistika örnəklərinin ardınca, təzə və təzədən
yaranan Qarabağ ədəbiyyatını izləməyə
çalışan, şərh edən, qiymətləndirən
onlarla ədəbi tənqid yazıları da əmələ
gəldi, mövzunu bir an belə diqqətdən
qaçırmayan nə qədər də məxsusi
"Qarabağşünas" imzalar da (daha geniş bax:
T.Əlişanoğlu, Qalibiyyət zamanı:
çağdaş ədəbiyyatda diskursun dəyişməsi
- "Ədəbiyyat qəzeti", 2 oktyabr 2021).
Azərbaycan
Prezidentinin "Şuşa ili" elan etdiyi 2022-ci ilə ədəbiyyatımızın
belə bir önəmli baqajla girməsi, əlbəttə, təqdir
olunmalıdır. Amma həqiqət naminə, o da etiraf
olunmalıdır ki: bu ədəbiyyat ilk öncə məhz
Azərbaycan ordusunun, Ali Baş Komandanın, Azərbaycan əsgərinin,
Azərbaycan insanının tarixi qələbəsinin təzahürü,
bəhrəsidir; 44 gündə yaşananlar il boyu qələmə
gəlir, ürəklərdə və vərəqlərdə
əks-səda tapır, yazılır, şərh olunur.
Bununla belə, çağdaş həyatımızın və
ədəbiyyatımızın ana xəttini yönəldən
Qarabağ mövzusuna münasibətdə yalnız
medium-media-ötürücülük funksiyası ilə kifayətlənmək,
hadisələrin passiv tərcümanı mövqeyi tutmaq ,
şəksiz ki, ədəbiyyat üçün azdır.
O da təsadüfi
deyil ki, Qələbə ilinin ədəbiyyatına
bütünlükdə təqdiredici yanaşmaqla, ilin ədəbi
tənqidi "şikayət notları"nı da
özündə qapsayır. "Qalibiyyət zamanı:
çağdaş ədəbiyyatda diskursun dəyişməsi"
məqaləsində bu əsnada bir sıra tənqidçilərdən
(K.Abdulla, E.Akimova, Azər Turan, C.Yusifli, M.Vahid) gətirdiyim
sitatlara daha birisini artırmaq olar: "Başqa bir
mühüm cəhət isə bədii-tarixi
tonallığın dəyişməsidir. Ədəbiyyat
artıq kədər ab-havasından, itirilənlər
üçün əbədi təəssüf hissindən,
üzüntü və ağrılardan
uzaqlaşmalıdır. Vətəndaşlarımıza qalib
xalqın nümayəndəsi olmaq əminliyini
aşılayan, özlərini daha güclü və
vüqarlı hiss etmək imkanı verən, böyük
milli-mənəvi dirçəlişə hazırlayan əsərlər
qələmə alınmalıdır. Günün sosial
sifarişi budur..." (Vilayət Quliyev, Qarabağ bədii ədəbiyyatımızda
// Qarabağ dastanı. Otuz ilin həsrəti - 44 günün
zəfəri. Bakı, Təhsil, 2021; s. 120-133)
Belə
ki, Qələbə sevinclərindən danışırkən,
mənimcə, ədəbiyyatda Diskursun dəyişməsi o
zaman daha parlaq nəzərə çarpacaqdır ki, ədəbiyyat
Özü (o cümlədən də tənqidi) yeni Zamanı
dərindən, axıracan idrak edə, qalib xalqın
ardınca öz qələbələrini də bu sıraya
düzə, gerçəkləşdirə bilsin.
Vətən
müharibəsinin isti izi ilə yazılardan birində belə
bir tənqidçi proqnozunu oxuyuruq: "Bəlkə innən
belə ədəbiyyatımızın baş mövzusu elə
bu olasıdır - Kürəkçay...
Aktuallığını itirmək bilmir. İnnən belə
də Ədəbiyyatımızda bir mövzu varsa,varsa,
güman, elə bu olasıdır. Çün belə
görünür ki, kürəyində Kürəkçayı
daşıyan Milləti hələ də, hələ də
yaza bilməmişik..." (T.Əlişanoğlu, Qalibiyyət
və ədəbiyyatın dərsləri - ƏQ, 12 dekabr
2020)
Bu məqam
Vilayət Quliyevin məqaləsində daha konkretdir: "Məsələn,
nə üçün bizdə son yüz ildə Qarabağda
baş verənləri, yaşanan insan faciələrini, tarixi
torpaqlarımızın əldən-ələ keçməsini,
insanlarımızın ürəyində heç zaman
sönməyən Qarabağ sevgisini, bütün
varlığı ilə bu torpağa bağlı olan, onun
uğrunda iztirablara qatlaşan, ölümə gedən fərdlərin,
ailələrin, nəsillərin ömür yolunu tam dolğunluğu
və ziddiyyətləri ilə təsvir edən ailə
saqaları yaranmasın? Tarixi roman və epopeya niyə xarakter
və hadisələrlə zəngin olan ucsuz-bucaqsız
mövzudan bəhrələnməsin?" (Vilayət Quliyev,
Qarabağ bədii ədəbiyyatımızda // Qarabağ
dastanı. Otuz ilin həsrəti - 44 günün zəfəri.
Bakı, Təhsil, 2021; s. 120-133)
Başqa
bir aspektdən misal. "Ədəbiyyat qəzeti"nin
"müzakirə saatları"nın birində "Milli-ədəbi
düşüncə tariximizə baxış"
keçmişin təməl prinsiplərinin
araşdırılmasından sonra bugünə gəlib dirənir
və tənqidçi sual edir: "Çağdaş dönəmdə
bu prosesdə, yəni Cümhuriyyət təfəkkürünün
qorunmasında, təbliğində ədəbiyyat nə dərəcədə
impulsu saxlaya bilib?" (Elnarə Akimova, ƏQ, 15 fevral 2020)
Suallar
ritorikdir. Birbaşa cavablar yoxsa, ədəbi-bədii və tənqidi
prosesdə qalib ruhun, qalib düşüncənin, qalib
yanaşma və təfəkkürün axtarışı
sorağında hələ ki davam edəcəyiz...
Dayandığımız yerdən.
3. Gəlirik
geniş mənzərələrə. Ədəbi-bədii və
tənqidi proseslərin iki il öncəki durumunu təsəvvürə
gətirmək üçün əhatə və ehtiva etdiyi
bir neçə kontekstlər və müstəviləri qeydə
almış, cızmışdıq (bax:
T.Əlişanoğlu, 2018-ci il: ədəbi tənqid refleksləri
- ƏQ, 29 iyun 2019; və Tənqid və ədəbi proses -
2019 (şikayət tezisləri) - ƏQ, 26 sentyabr 2020)
Dayandığımız yerdən gəldikdə: yanılmadığımızı,
iki ilin davamında eyni proseslərin daha da dərinləşdiyini
görür, çağdaş ədəbiyyatımızda tənqidi
təfəkkürün bir neçə konseptual istiqamətdə
gəlişdiyinin şahidi oluruq.
1)
Bunlardan birisi ədəbiyyatımızın ümumtürk
müstəvisinə qayıtmaq, doğma konteksti bərpa etmək
cəhdləridir. Bu istiqamətdə "Ədəbiyyat qəzeti"nin
baş yazarı Azər Turanın az qala hər sayda dərc
olunan ardıcıl, konseptual, bir-birini tamamlayan elmi-tənqidi-publisist
esse yaradıcılığını (...) ilk növbədə
qeyd etmək gərəkdir. Akademik Nizami Cəfərovun
ara-sıra prosesə qatılan ədəbiyyat və dil
yazıları da, tənqidçinin hələ ötən əsrin
80-ci illərindən, müasir ədəbiyyatımızda bu
yöndə başlatdığı çabalarını
davam etdirir. Tənqidçi Elnarə Akimovanın intensiv, bəhərli,
konkretliyə köklənən fəaliyyətini də (...),
şəksiz ki, bu xəttə aid etmək gərəkdir.
Əvvəllər də vurğulamışam, əgər Azər
Turanın yazıları prosesdə tarixi aspekti bugünlə
ilgiləyir və ilgələyirsə, Elnarə Akimova tarixən
gəlişən dəyərləri bugündən, yeni Azərbaycançılıq
işığında süzgəcdən keçirməyə,
bir növ ideoloji bəzəyini təmin etməyə
çalışır. O da təsadüfi deyil ki, ötən
il Elnarə Akimovanın Azər Turan haqqında məhz "əqidə
birliyi"nin təzahürü və təsdiqi olaraq
"Uzun, incə bir yolda" adlı monoqrafiyası (Bakı,
Elm və təhsil, 2021) işıq üzü gördü.
Kollektiv əməyin
bəhrəsi olan və müstəqillik dövrü türk
xalqları ədəbiyyatlarının ortaq təcrübəsini
əks etdirən "Türk Dünyasında Çeyrek
Asırlık Edebi Tecrübe: Milli Ruh ve Edebiyata
Yansıması" (Ankara, 2020) monoqrafiyasında akademik
İsa Həbibbəylinin
"Bağımsızlığın şerefli yolu ve
bağımsızlık dönemi Azerbaycan edebiyatı" məqaləsi
və bu istiqamətdə yazıları, Nizami Tağısoy,
Almaz Ülvi, Yaşar Qasımbəyli, Bədirxan Əhmədov,
Mahirə Quliyeva, Tahirə Məmməd, Mehman Həsənli və
b. ədəbiyyatşünasların bu ortaq təcrübəni
bölüşən məqalələri çağdaş
prosesdə ümumtürk zəmininin möhkəmlənməsinə
xidmət edir.
Ötən
iki ildə ümumtürk müstəvisində ədəbi-tənqidi
təfəkkürün ən böyük hadisəsi isə,
şəksiz ki, ölkənin baş yazarı Anarın iri həcmli
"Yaşamaq haqqı" (Bakı, Qanun, 2020) və iki cilddə
"Söz dünyası" (Bakı, Şərq-Qərb nəşriyyatı.
I cild-2018, II cild-2020) roman-traktatları hesab olunmalıdır.
Hadisənin rezonansı da böyük oldu, birinci kitab
haqqında Əjdər Olun, Azər Turanın, Kənan
Hacının "Ədəbiyyat qəzeti"ndə,
"Söz dünyası" haqqında "525-ci qəzet"də
Tehran Əlişanoğlunun (və bəlkə nəzərdən
qaçırdığım daha neçə) maraqlı, əhatəli,
təfərrüatlı təhlil-şərh yazıları dərc
olundu. "Ədəbiyyat qəzeti" görkəmli ədəbiyyatşünaslar:
akademik Nizami Cəfərov, akademik Teymur Kərimli,
türkoloq-alim professor Tofiq Məlikli, AMEA-nın müxbir
üzvü Tehran Əlişanoğlu, qəzetin baş
yazarı Azər Turan və baş tənqid yazarı Elnarə
Akimovanın iştirakı ilə "Söz
dünyası"nın geniş və uğurlu
"müzakirə saatı"nı keçirdi (ƏQ, 4
dekabr 2021).
Və
müzakirələrdən, elə ümumən də
qabartmağa çalışdığım mətnlərdən
bir daha o hasil olur ki, çağdaş ədəbi prosesdə
ümumtürk məxrəcindən danışılanda
heç də zamanı geri çəkib ortaçağlara
dönməkdən söhbət getmir; əksinə, ötən
əsrin əvvəllərində(n) aktuallaşan, bugün də
tələblərini diktə edən müasirlik kontekstinə,
Dövlət bayrağımızın rənglərində də
rəmzləşən modernləşmə müstəvisinə
sədaqətdən bəhs olunur. M.F.Axundzadəyə, H.Zərdabiyə,
C.Əfqaniyə, İ.Qaspralıya, Ə.Hüseynzadəyə,
C.Məmmədquluzadəyə, Ə.Ağaoğluya, Z.Göyalpa,
M.Ə.Rəsulzadəyə, Cümhuriyyət təfəkkürünə
dönüşüb, bütün sovet dönəmindən
keçirib bu dəyərləri müstəqillik illərimizə
qovuşdurmaqdan söhbət gedir. Türklük,
ümumtürklük altməxrəc olaraq daim olmuşdur, ədəbiyyatda
məxsusən olmuşdur. Milli varlığın içində-mahiyyətində-mayasında
olan necə yoxa çıxa bilər?! Müasirlik,
bugünlülük, modernləşmə deyəndə də
məhz bu tendensiya izlənməlidir. Ümumi tənqidi pafos
bundan ibarətdir.
2)
Çağdaş ədəbi prosesdə ikinci bir tənqid
müstəvisini şərtən "qərbləşmə",
bilavasitə müasir təfəkkür, modernləşmə
çabaları kimi xarakterizə etmək olar. Əgər
ümumtürk baxışı kimi səciyyələndirdiyimiz
birinci xətt milli varlığın içindən
dünyaya çıxışı şərtləndirirsə,
"qərbləşmə" dediyimiz tendensiya müasir
dünya pəncərəsindən milli varlığa (o
cümlədən ədəbiyyata) nəzərləri təmin
edir. Modernləşmənin yüz ili, ikiyüz ili boyu
özümüz, sözümüz Qərb standartlarında nə
qədərdir, necə görünür; ümumən Qərb
model və mexanizmləri (Qərb maşını)
içimizdə necə işləyir, işləyirmi? Bu
sarıdan da ədəbi-tənqidi prosesdə iki sıra
aktivlik meyilləri müşahidə edirik.
Birisi
klassik paradiqmadır. Cavanşir Yusiflinin müasir ədəbiyyat
təzahürlərini hər həftə "Ədəbiyyat
qəzeti"ndə nəzəri çək-çevirə
salan yazılarını (...), Rüstəm Kamalın ədəbiyyatımızın
müasirlik mənzərəsini impulsiv tezliklərdə mozaik
-kaleydoskopik parıltılarla görükdürən
passajlarını (...), paralel haşiyələrdə Səlim
Babulaoğlunun və Həmid Piriyevin dünya ədəbiyyatını
intensiv müasir ədəbi prosesə çevirən və təqdimatını
edən ardıcıl praktik fəaliyyətini (və s.) nəzərdə
tuturam. Son ildə çox da aktiv görünməsə də,
əvvəllər də diqqət cəlb etdiyimiz kimi,
müasir ədəbi-tənqidi prosesdə Qorxmaz Quliyevin, Asif
Hacılının, Ülviyyə Rəhimovanın nəzəri-tətbiqi
ədəbiyyatşünaslığını da güclü
zəmin hesab edirəm. Kamal Abdullanın ardıcıl davam edən
esse yaradıcılığı (...), artıq
vurğuladığımız kimi: Azərbaycan ədəbiyyatının
bütövü üzərində
düşündürür; burada da rakurs çağdaş
dünya nəzərləri, təfəkkür tərzidir.
Çağdaş
Qərb ədəbiyyatşünaslığı,
baxışlar sistemi, model və sxemlərini müasir ədəbiyyatımıza
tətbiq və daxil edən ikinci bir paradiqma təzədir və:
Mətanət Vahid, Maral Yaqubova, Ülvi Babasoy, Elnarə
Qaragözova, Qismət və bu kimi ədəbiyyatşünas-tənqidçilərin
artıq püxtələşmiş yeni nəsli ilə təmsil
olunur. Həmin sıradan günün ədəbiyyat mənzərəsini
vərdiş olunmuş çərçivə
ölçülərindən (ədəbiyyatın
üç növü və janrlar sistemi, ədəbiyyatşünaslığın
üç qolu və sahəsi və s.) fərqli, tamam
başqa hermenevtik dildə, kateqorial aparatda təhlil və
şərh edən, müasir ədəbi tənqidin tərzini
və dilini dəyişməyə yönəlik bir çox səylər
görürük (). Nəticə olaraq meydanda ilk kitablar da
vardır: Maral Yaqubovanın ardıcıl "Ədəbi
proses" məruzələri, Mətanət Vahidin "Ədəbi
Kəpənək effekti" (Bakı, Elm və təhsil, 2020)
, Ülvi Babasoyun "Doğumun unuduluşu", Qismətin
"Ədəbi cərəyanların tarixi: antik dövrdən
bugünə", Elnarə Qaragözovanın "Məqalələr"
(Bakı, 2020) və "Postmodernizm" (Bakı, 2021)
kitabları yeni platformanı görükdürən
başlanğıclardır.
3) Daha bir
müstəvini stixiyalı gəlişən cari tənqid
prosesi adı ilə ümumiləşdirmək olar. Söhbət
heç də ədəbi tənqidin hadisələrə kortəbii
münasibətindən getmir. Günün ədəbi-bədii
gedişatının özü dağınıq, çoxsəsli,
çoxyarusludur; bu və ya digər estetik baza və təcrübəyə
malik tənqid də bu prosesin üzə
çıxardığı ədəbiyyata hövlnak,
reaktiv, adekvat stixiyalı cavablar verməli olur. Bu
sıranın da azmanları var; tənqidçi Vaqif Yusiflinin
yarım əsrdən bəri fasiləsiz, fəal, prosesi
çözməyə yönəlik tənqidinin ötən
illərdə də səngimədiyini görürük.
1960-1980-ci illərin zəngin elmi-ədəbi arsenalından
çıxış edən ədəbiyyatşünas tənqidini
də (Qəzənfər Paşayev, Rəhim Əliyev, Nizaməddin
Şəmsizadə, Şirindil Alışanlı, Qurban
Bayramov, İslam Qəribli, Əlizadə Əsgərli, Salidə
Şərifova, Aygün Bağırlı, Pərvanə Məmmədli
və b.), hər birisi öz yaradıcılıq təcrübəsi
və ədəbiyyat baxışlarından təkanlanan
yazıçı tənqidini də (Anar, Elçin, Sabir
Rüstəmxanlı, Rəşad Məcid, İlqar Fəhmi,
Fərid Hüseyn, Şərif Ağayar, Rasim Qaraca, Qan
Turalı, Kənan Hacı və b.) bu sıraya aid etmək olar.
Müxtəlif
Ədəbiyyat institusiyasının: başda Ədəbiyyat
İnstitutu olmaqla elmi-akademik korpusla yanaşı, başda AYB
olmaqla "525-ci qəzet", "Azərbaycan" və
"Ulduz" jurnallarının , yaradıcılıq
qurumları: Yaradıcılıq Fondu, Dövlət Tərcümə
Mərkəzi, ədəbi dərgilər: "Yazı",
"Ustad", ədəbi portallar: Kulis.az, Simsim.az, Yeniyaz,
Ədəbiyyat.az və s. kimi lokal ədəbi dairələrin
formalaşdırdığı proseslər də
özlüyündə stixiyalı səciyyə
daşıyır, ümimi dağınıqlıq içərisində
bu və ya digər notlar, ədəbi-tənqidi qatqılarla
yadda qalırlar. Konfransımızın menyüsü zəngindir;
və bütün bu çeşidli məqamlar məruzələrdə
yəqin ki, görünəcək, əksini tapacaqdır.
Sonda diqqətimi
çəkmiş daha iki kitabı vurğulamaq istərdim. Gənc
idealistlər adlandırdığım Nicat Həşimzadənin
Nemət Mətinin çəpəki suallarına cavablar
üzərində qurulmuş "Düşünən
insanlar ölkəsində" (Bakı, 2021) və Nəcəf
və Nicat Həşimzadənin polemik söhbətlərindən
ibarət "Fikir cinayəti-1" (Bakı, 2021)
kitablarını müstəqillik epoxası və
düşüncəsinin yetirdiyi gəncliyin zamana
refleksiyası hesab etmək olar. Gənc ədiblər azad, sərbəst
düşüncədən, ideal istəklərdən
çıxış edirlər, bu məni sevindirdi; amal və
əməl ehtirası ilə alışıb-yanırlar,
yaxşıdır. Amma nə kədərləndirdi: bu
düşüncədə milli varlıq, irs, az əvvəl
sadaladığım tarix yox kimidir, varsa da
dağınıqdır, kasaddır, bir az ictimai, bir az da məişət
şüurundan yansımış, süxurlaşmamış
şəkildədir. Əvəzində, bu düşüncədə
bolluca "qərb" var, ötən otuz ilin yaxşı mənada
mühitə yansıtdığı Qərb; fikir adamı
olmağa cəhd edən müəlliflərin təkcə ədəbiyyatı,
sənəti, filosofları geniş mütaliəsi, müzakirəsi,
mühakiməsində deyil, həm də gənclərin əsrləri
(yaşadığımız son üç əsri) bizə
saxlayıb, təzədən "fransız ensiklopedistləri"
olmaq kimi həvavü həvəslərində də... Təkcə
gənc idealistlərinmi?!.
Bir
yazımda da vurğuladığım kimi: İdrak dəmidir.
Ədəbi-tənqidi təfəkkür həyatdan da, ədəbiyyatdan
da bunu gözləyir.
Tehran ƏLİŞANOĞLU
Ədəbiyyat qəzeti: xüsusi buraxılış.- 2022.- 5 mart.- S.6-7.