Cənublu yazarların Qarabağ
çabası, ana
dilində
düşünmək, danışmaq və yazmaq dirənişi
Azəbaycanda 44 günlük İkinci Qarabağ
müharibəsi zamanı Azərbaycanın şanlı Ordusu
tərəfindən işğaldan azad edilməsi Güney Azərbaycanda
böyük coşqu və sevinclə qarşılandı və
şəhidlik xəbəri dərin kədərə səbəb
oldu. Cənublular açdıqları Qarabağ Cəbhəsindən
bütün cəzalara, təhdidlərə və sanksiyalara
meydan oxudular. 44 günlük müharibədə
çox fəallıq və canıyananlıq göstərən
soydaşlarımız böyük bir təbliğat işi
apardılar. İrandan Ermənistana silah
daşıyan yük maşınlarını təqib edib rəsmi
hökumətin siyasətini tənqid etdilər. O
günlərdə plakatlardan birində yazılanlardan:
Gəl
qardaşım, meydana
Silah gedir
İrəvana
Azərbaycan
yan-yana
"Nurduz" gərək bağlana.
Məhsa Mehdilinin Türkiyədə nəşr etdiyi
"44 Gün Qarabağ Savaşı Sürəcində
Güney Azərbaycan" adlı kitabında Güney Azərbaycanda
baş verən hadisələri yaxından izləyən bir
jurnalist-tədqiqatçının fikirləri yer alıb.
İkinci Qarabağ savaşından sonra Cənubi Azərbaycanda
şairlər ana dilində Qarabağa həsr etdikləri
şeirləri bir yerə toplayaraq "Araz
şaqqıldayır damarlarımda" adlı kitab çap
ediblər.
Şair Muxtar Sədrməhəmmədi kitabın ön
sözündə yazır: "Qarabağda müsəlman
xalqına qarşı törətdiyi cinayətlər
İranda olan azərbaycanlı şairlərin ruhunda çox
dərin təəssürat yaratdı... Şairlər
bu vəziyyətə qarşı laqeyd qalmayıb şeirləri
ilə xalqda yaranan hissiyyatı bədii cilvələrlə əbədiləşdirdilər".
Qiblə Ərbatanın "Qarabağ" şeirini bu
kitabın nəzmlə yazılan proloqu saymaq olar:
Qarabağda
güllə dəyəndə sənə,
Ürəyim
dolurdu kədərə, qəmə...
And olsun şərəfə,
həqqə, vətənə,
Dil birdir, din birdir, istəyimiz bir.
Vaxtilə
İran-İraq savaşında iştirak edib, müharibə fəlakəti
yaşayan Nadir Paşa Qarabağ dərdini öz dərdi
bilir, qələbə sevincinə şərik
çıxıb yazır:
Deyirdim bəs
yalnız xatirələrdə,
Bir də nəğmələrdə qaldı Qarabağ.
Otuz
qarlı-qışlı dağları aşıb,
Qolun
boynumuza saldı Qarabağ...
Aral
Qaradağlı, İsmayıl Mədədi Osalı şeirlərində
Qarabağda baş verən hadisələrin bədii təcəssümünü
yaratmışlar:
Otuz il bahara həsrət qaldığım.
Bugünkü günümə təzə yaz gəlir.
Habilin əlində nurlu bir kaman.
Ədalət qoynunda qara saz gəlir.
Qaldır,
gözəlim, bayrağımız dalğaya gəlsin!
"Bayraqdarımız"
kölgəsi üstdən quşa düşsün!
Yurd əsgəri!
Birdir Qarabağ, toy günümüzdə,
Könlüncə
sarıl, qoyma üzükdən qaşı düşsün!
İsmayıl
Mədədi Osalı
Xalqın
sevimli şairi Huşəng Cəfəri o günlər Cənubi
Azərbaycanın
səs bayrağı olmuşdu. Müharibənin
başlandığı ilk günlərdə öz səsi ilə
sosial şəbəkələrdə söylədiyi
şeirində düşmənə meydan oxuyurdu:
Ərməninin
zülmü başa çatacaq
Bir
gün Qarabağa Türklər dolacaq!
Qarabağ
bizimdir, bizim olacaq!!!
Qarabağ mövzulu bu kimi poetik örnəklər Azərbaycan
poeziyasını zənginləşdirmiş, ona yeni
çalarlar gətirmişdir.
Qeyd edək ki, Qarabağ həqiqətini obyektiv ifadə
etmək imkanları Cənubun qələm əhlində daha
çox idi.
Şimalda erməni qəsbkarlarının havadarları
üstüörtülü xatırlandığı halda, Cənub
şairləri M.Ə.Sabir kimi bu misli görünməmiş
irticanın "yol göstərənlərini", "ilham
verənlərini" açıq, birbaşa deməkdən çəkinmirdilər.
2020-2021-ci
illərin çap məhsulları sırasında Babək
İslamınin "Yara", Çalğın Məhəmmədin
"Mən qadınların tərəfindəyəm",
Hüseyn Rəzminin "Evimdən evinə", Əmin
Hacılunun "Hər qırmızı bir az qandır",
Mehdi Əziminin "Əsgərin döyüşdən
dönməməsi", Arəş Sainin "Saat 25",
Əziz Səlaminin "Solmayan ulduzlar", Duman Ərdəmin
"Sevgiyə fatihə", Hafiz Xiyavinin "Alça
gözündən gəlsin", Nasir Davəranın
"Şifahi sevgi", Rza Həmrazın tərtib edib
çapa hazırladığı "Tağıxan Rüfət
Təbrizi", "Şəms xanım Kəsmai", "Cəfər
Xamneyi", "Mücahid şair Səid Səlmasi" və
başqa şeir toplularının adını çəkə
bilərik.
Həsən
Muradiyanın "Mən bir kişiyəm", Leyla Kəramətinin
"Öpmək zamanı sovuşdu", İsmayıl Xurrəminin
"Ayaq üstə ölülər" hekayə
topluları, Səid Fevzinin "Qanlı günlər",
Rüqəyya Kəbirinin "Mirra ağacının kəhraba
gözləri" "Ölüm baratası" romanları
ötən son iki ilin ədəbi nümunələrindəndir.
Cənubi Azərbaycanda nəsr poeziyaya nisbətən zəif
inkişaf etmiş, ədəbi-bədii dilin ləng
inkişafı da Cənubda epik əsərlərin
yaranmasını ləngitmişdir. Son illər Rüqəyya
Kəbiri Cənubda çətin janr hesab edilən roman və
hekayə, onlarca nəsr nümunəsi yarada bilmişdir.
Səid
Fevzinin "Qanlı günlər" əsəri
yazıçının 10 il müddətində
ərsəyə gətirdiyi tarixi mövzuda
yazılmış romandır.
Roman Pəhləvilərin
İranda hakimiyyətə gəlməsindən sonra 20 il ərzində olan dövrü, yəni 1945-ci
ilədək olan dövrü əhatə edir. Romanda
o illərdə baş verən, tarixi və ictimai əhəmiyyət
daşıyan 50-dən çox hadisə, olay qələmə
alınıb. Yazıçı əsərdə
müxtəlif yerli əsatirlər və xalq arasında
yayılmış nağıllardan da faydalanıb.
Rüqəyya Kəbiri çağdaş Cənubi Azərbaycan
ədəbiyyatında mifik qaynaqlardan bəhrələnən,
psixoloji detallara önəm verən yazarlardan biri kimi
tanınır.
O, Cənubi Azərbaycan ədəbiyyatında roman və səfərnamə
janrını qələmə alan ilk
qadın yazıçıdır. "Yerdən uca torpaq",
"Evim", "Quşlar daha qorxmurlar", "Mirra
ağacının kəhrəba gözləri",
"Aclıq Baratası" kimi romanların müəllfidir.
Yazıçı nəsr əsərlərində
insanların keçirdiyi psixoloji durumları,
yaşadığı ruhi sarsıntıları bacarıqla qələmə
alır. Dərin müşahidə,
peşəsindən irəli gələn (Rüqəyya
xanım tibb işçisidir) insanın düçar
olduğu fiziki və mənəvi
ağrı-acılarını duyma, bəlli struktur qurmaq
qabiliyyəti, yaratdığı obrazları, eləcə də
təsvir etdiyi peyzajları həqiqi və
inandırıcı edir.
"Mirra ağacının kəhrəba gözləri"
romanında hadisələr totalitar rejimlə idarə olunan
Nivak adlı bir ölkədə baş verir. Nivak ölkəsı
yalnız müəllifin xəyalında, mətndə yaranan
bir ölkədır, amma dünyanın bir çox ölkəsinə
də bənzərliyi vardır. Müəllif
əsərdə xunta rejiminin despot mahiyyətini açmaqla
ictimai mətləblərə toxunmuşdur. Romanda
tanınmış yazıçı Anarın
"Yaxşı padşahın nağılı" əsərinin
müsbət mənada təsiri hiss olunur.
Rüqəyya xanım əsərlərində modernizm ədəbi
priyomlarından sayılan "şüur axını"ndan
geniş istifadə edir. Monoloqlar vasitəsilə qəhrəmanın iç
dünyası, daxili aləmi açılır,
düşüncəsinə nüfuz edir.
"Aclıq Baratası" romanında nəql olunur ki,
Birinci Dünya müharibəsi zamanı Təbriz Rus ordusu tərəfindən
işğal edilən günlərdə minlərlə insan
öldürülmüş və aclıq nəticəsində
dünyasını dəyişmişdir. Romanda Təbriz
ətrafında geniş yayılan Zorxana və güləşçi
pəhləvanların yaşam fəlsəfəsi və
aclıqla apardığı mücadilələr göstərilir.
"Aclıq Baratası" romanı minlərlə
insanın öldüyü aclıq fəlakətindən bəhs
edir. Roman həm Təbriz, həm də
İstanbulda çap olunmuşdur.
R.Kəbiri bir hadisənin, faktın quru tarixini deyil,
duyğuların tarixini yazır. Onu İrandakı
qadınların səsi, dili adlandırmaq olar. Müəllifin yazdıqları əsərlərin hər
biri kiçik bir insan taleyinin hekayəsidir.
R.Kəbiri çağdaş dünya ədəbi cərəyanlarına
yiyələnmiş və əsərlərində bu
baxımdan bədii eksperimentlər aparmaqdan çəkinməmişdir. Rüqəyya Kəbirinin
yazdıqları ilə Qilamhüseyn Saidi, Vircinia Vulf, Ceyms
Coys, Uilyam Fokner, Svetlana Alexieviç və Anarın
yazdığı əsərlər arasında bir
oxşarlıq vardır.
"Solmayan ulduzlar" şeir toplusunda Almaniyada
yaşayan şair, yazıçı, mütərcim Əziz Səlamı
Amerikanın köklü sakinləri - qırmızı dərili
şairlərin yüzdən çox şeirlərini
toplayıb dilimizə çevirmişdir. O, "Yol üstündə
ağac", "Susmaz mahnı", "Öldürməyin
bu daşı", "Uçanlar", "Anamın yurdu
uzaqlardan", "Torpaq duyur addımın" adlı
şeirlər, "Axar kitab" və "Bahara
yazdıqlarım" adlı nəsr kitablarının müəllifidir.
Mühacirətdə yaşayan tanınmış güneyli
şair Hadi Qaraçaya görə, "Güney Azərbaycanın
yaradıcı gəncliyinin özünə görə dərgisi,
qəzeti yoxdur, kitabxanası, kültür evi, filmi, kinosu,
tamaşası yoxdur. Dili yoxdur, vətəni yoxdur, sevəcək,
masasına qoyacaq bayrağı yoxdur. Kərəm kimi
yanıb yaxılmalıdır..." Onun yazdıqlarına
misal olaraq Mehdi Əziminin bir şeirindəki kimi:
Bizim, kim olduğumuz belə bəlli deyil!
Gecələr
yataqda
danılar varlığımız
gündüzlər öz başımıza fırlanarıq
biz,
üstü örtülmüş bazarıq
başqa
yerlər titrəyər
biz
uçarıq...
"Mən,
saçlarımda sazaq yellərindən bıçaq yontayan əllərin
həsrətini daşıdım" söyləyən
Əmin Hacılunun "Hər qırmızı bir az
qandır" kitabındakı bir şeirinin timsalında
modern şeirin özəlliklərini ustalıqla sərgiləməsinin
şahidi oluruq:
O döngə
son dönüm
xəzəllər artist
addımlar yönətmən
yaşam
ekran olur bölüm-bölüm.
"O
döngə son dönüm" - adlı bir bölüm:
mən
ekrandayam
ürəyim xəzəl qoxusu...
Rəhim
Həqqi ənənəvi sevgi şeirlərinin təptəzə,
yeni poetik çalarlarını yarada bilir:
Yuxuma gələndə
səssiz gəl, gözəl
Ulduzun yuxusu çox yüngül olur.
O gündən
gözləri sataşıb sənə
Hələ də gecələr mənə göz vurur.
Çalğın
Məhəmməd də məhəbbət şeirlərinə
ayrı bir naxış gətirir:
Hey!..
Gözləri
uzaqlara bənzəyən xanım
Sən,
uçuşuna davam et
Mən, qanadlarımdan küsmüşəm.
Yağışa həsr edilmiş şeirlər
çoxdur.
Aydın Baxışın bu silsilədən olan şeiri isə
özəl deyim tərzi ilə seçilir:
Bilmir
vaxtı, saatı
Doğum
günü, vəfatı
Hər
yağışın həyatı -
Göydən yerə gəlincə.
Tanınmış şair və tənqidçi Hümmət
Şahbazi iki cildlik "Azərbaycan şeirində
modernizm" kitabında ədəbiyyatımızın 200
illik dövrünə işıq salıb araşdırmaya cəlb
edir. Bundan öncə o, "Çağdaş Azərbaycan
şeirinin tənqidi" kimi ciddi araşdırma məhsulunu
ortaya qoymuşdur.
Ötən 2020-2021-ci ilin mənzərəsi fonunda
Güney Azərbaycanda olan ədəbi proseslə bağlı
imkan daxilində təəssürat və fikir yaratmağa səy
göstərdik. Daha çox sayılıb-seçilən
yazarların əsərlərindən örnəklər verib,
təhlil etməyə çalışdıq.
Pərvanə MƏMMƏDLİ
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.9.