Azərbaycan soneti
"Ədəbi proses - 2020-2021"
Yüz on
beş il bundan öncə - 1907-ci ildə
- "Füyuzat" jurnalının 20-ci sayında "Xəyali-mənfur"
adlı bir şeir oxuculara təqdim edilir. O şeirin müəllifi
əslən Cənubi
azərbaycanlı, Bakıda və Təbrizdə baş verən
inqilabi hərəkatların iştirakçısı, amma eyni zamanda lirik şeirləri ilə
də mətbuatda çıxış edən Səid Səlmasi (1883-1909) idi. Və bu
şeir sonralar tədqiqatçılarımızın qeyd
etdiyi kimi, Azərbaycan ələbiyyatında dərc olunan ilk
sonet nümunəsiydi. Yeri gəlmişkən qeyd edilməlidir
ki, vətəni İtaliya olan sonetin Azərbaycan ədəbiyyatında
nəşv-nüma tapması və illər keçdikcə əsas
şeir formalarından birinə çevrilməsi barədə,
ümumiyyətlə, sonetin bizim ədəbiyyatda keçdiyi
inkişaf yolu ilə bağlı bir neçə sanballı tədqiqat
əsərləri yazılmışdır. Bu
sırada ilk təşəbbüs akademik İsa Həbibbəyliyə
məxsusdur. Onun "Şeirimizdə ilk
sonetlər" (1977), "Poetik formalarda novatorluq" (1979) məqalələri,
həmçinin "Romantik lirikanın imkanları"
monoqrafiyası (1984) sonetin ədəbiyyatımızda
varlığını müəyyənləşdirən ilk
yazılardır. Professor Seyfulla Əsədullayevin "Azərbaycan
poeziyasında sonet janrı. Tarixi və nəzəriyyəsi"
kitabı da (2002) elmi məlumat və sonetin təbliği
baxımından mühüm elmi əhəmiyyətə
malikdir. Lakin professor Hüseyn Həşimlinin "Azərbaycan
poeziyasında sonet və terset" (2003) sanballı elmi tədqiqatı
mövzunu tam əhatə edir, monoqrafiyada elmi-ədəbi
materiallar əsasında Azərbaycan
ədəbiyyatında Avropa mənşəli sonet və terset ətraflı şəkildə
araşdırılır, sonet və tersetin mənşəyi,
poetik özəllikləri, dünya ədəbiyyatında
mövqeyi, poeziyamızda təşəkkülü,
inkişaf mərhələləri, ideya-sənətkarlıq
axtarışları barədə geniş söz
açılır. Azərbaycan sonetinin tədqiqatçılarından
biri də şair, ədəbiyyatşünas - sonetlər
müəllifi Elşad Səfərlidir. Onun "Azərbaycan
sonetinin poetik xüsusiyyətləri" dərs vəsaiti, həmçinin "Sonet
janrı və Azərbaycan soneti" monoqrafiyası da
artıq Azərbaycan ədəbiyyatşünaslığında
sonetşünaslığın yaranması barədə
xoş təəssürat yaradır. Bu tədqiqatlarda
Avropada çox populyar bir janr olan sonetin Azərbaycan ədəbiyyatında
hansı özəllikləri ilə diqqəti cəlb etdiyi
araşdırılır. Tədqiqatçılar
keçən əsrin əvvəllərindən başlayaraq
XX əsrin sonuna və bu əsrin iki onilliyinə qədər
sonetin bizim ədəbiyyatda keçdiyi inkişaf yolu və
ayrı-ayrı müəlliflərin sonet
yaradıcılığı barədə söz
açırlar.
H.Həşimli sonet şeir növünün kamilləşmə
və kütləviləşmə dövrünü
1960-1980-ci illərə aid edir və tamamilə
haqlıdır. Əliağa Kürçaylı, Adil Babayev, Zeynal Xəlil,
Abbasağa, Şəkər Aslan, Abbas Abdulla, Məmməd
Faiq, İlğifat Saleh... sonet yazan bu müəlliflər
sırasında heç şübhəsiz, həm keyfiyyət,
həm də kəmiyyət baxımından birinci yeri Adil
Babayev tutur.
Adil Babayev Azərbaycan sonetinin 220-dən artıq möhkəm
daşlar və sütunlar üzərində, həm də
gözəl naxışlarla bəzənən bir
binasının təməlini yaratmağa başladı və
əlbəttə, sonrakı sonet müəllifləri də
belə binanın ucalmasında istedadlarını əsirgəmədilər. Adil Babayevin
sonetləri nəinki 60-70-ci illərdə, elə indi də
maraqla oxunur, izlənilir. Onun sonetləri şeirimizin
S.Vurğun, R.Rza, B.Vahabzadə adları ilə təmsil olunan
"fəlsəfi şeir" tendensiyası ilə paralellik təşkil
edir və bu sonetlərdə V.Şekspirin təsiri olduğunu
danmaq olmaz. Zəmanədən şikayət,
yaxud məhəbbətin tərənnümündə oxşar
motivlərin olması dünyanın dəyişilməz
qanunları ilə bağlıdır.
Əzəldən
düşmənimdir riyakarlıq, xəyanət,
Onlar mənim gözümdə dəhşətlidir
ölümdən.
Tutar qəlbimi
ağrı, sarar fikrimi zülmət,
Məhv etməsəm, qaçsalar onlar mənim əlimdən.
Saxtakar qəlbə
girər, bəzən xoş duyğu kimi,
Dolanar
gözümüzdə şirin bir yuxu kimi,
İşvəsi çox, boyası çoxdur
riyakarlığın.
Ümumiyyətlə, Azərbaycan şairlərinin sonetə
məhəbbəti V.Şekspirin sonet
yaradıcılığından pərvəriş tapıb
desək, qətiyyən yanılmarıq. V.Şekspirin
anadan olmasının 400 illiyi bütün dünyada, o cümlədən
Azərbaycanda təntənə ilə qeyd olundu. Şair Tələt Əyyubov V.Şekspirin bir
sıra pyeslərini, həmçinin sonetlərini ruscadan Azərbaycan
dilinə tərcümə etdi. Deyilənə
və yazılana görə, T.Əyyubovun tərcümələrində
bəzi qüsurlar olub. Amma bu qüsurlara baxmayaraq, Tələt
Əyyubovun tərcümələrinin əksəriyyəti
V.Şekspirin poetik
ruhu ilə səsləşirdi.
Ulduza bənzəmir
onun gözləri,
Onun dodaqları deyildir mərcan.
Sinəsi
andırmır qarı, mərməri,
Qara saçlarına demərəm ilan.
Dəməşq
güllərinə onun yanağı
Bənzəməz, götürməz müqayisəni.
Deyil bənövşənin
incə yarpağı,
Bədən ətri verir onun bədəni.
Yoxdur surətində
xüsusi rənglər,
Yoxdur şəfəqlərin alnında izi.
Bilmirəm
necədir göydə mələklər,
Yer üstdə
yeriyir mənim əzizim!
O,
heç geri qalmaz - arxayınam mən, -
Yalan təşbihlərlə bəzənmişlərdən.
Şair-tərcüməçi Sabir Mustafa cəsarətli
bir addım atır, V.Şekspirin sonetlərini birbaşa
ingiliscədən dilimizə tərcümə edir. 1980-ci ildə
bu tərcümələr kitab halında nəşr olunur.
Ancaq S.Mustafa bununla kifayətlənmir, məhz
V.Şekspirə məhəbbəti onun özünü də
sonet yazmağa həvəsləndirir. 1998-2003-cü
illərdə S.Mustafanın "Türk sonetləri"
oxuculara təqdim edilir. Mövzu dairəsi geniş olan bu
sonetlərdə biz Azərbaycan sonetinin yeni bir səhifəsi
ilə tanış oluruq. Digər
sonet müəlliflərindən fərqli olaraq S.Mustafanın
sonetlərində ictimai-siyasi motivlər,
türkçülüyün təbliği mühüm yer
tutur.
Durub
dayanmışıq yolayrıcında,
Bir allah sənindir, bir allah mənim.
Yaman
qovruluruq ömrün sacında,
Bir tamah sənindir,
bir tamah mənim...
Bir
kökük, min yerə parçalanmışıq,
Bir budaq sənindir, bir budaq mənim.
Yadların
əliylə haçalanmışıq,
Bir calaq sənindir, bir calaq mənim.
Bütövlük
olsaydı əgər özündə,
Türk özü dünyaydı dünya üzündə.
S.Əsədullayevin bir fikri ilə sözümüzə
davam edək.
"Azərbaycan poeziyasında sonet dəniz
dalğası kimi gah qabarır, gah da çəkilir".
"Çəkilmə" prosesi 60-cı illərin
sonlarına qədər davam edibsə, bu da səbəbsiz
deyil. Həmin dövrə qədər Azərbaycan
soneti "təcrübə mərhələsində" idi.
Bu mərhələdə Azərbaycan şairləri
soneti milli şeirimizin digər formalarından ayırmır,
onun texniki normalarına əməl edir, lakin yazdıqları
sonetlərdə milli varlığımızın, milli
ruhumuzun və bizi düşündürən problemlərin bədii
inikasına üstünlük verirdilər. Amma 60-cı illərin sonlarından başlayaraq, məhz
Adil Babayevin sonet yaradıcılığı şairlərimizi
sanki həvəsə gətirdi. Xüsusilə
yurdumuzun Cənub bölgəsində sonet
"fırtınası" gurladı. Şəkər
Aslan, Vaqif Hüseynov, Abbasağa, Mirhaşım
Talışlı, Elşad Səfərli, Ağamir Cavad,
Balayar Sadiq, Tərlan Əbilov, Qorxmaz Kadusi, Əhməd Haqsevər,
Əli Nasir ...bu şairlərin hər birinin ayrıca sonetlər
silsiləsi (13 sonet) və sonetlər çələngi (15
sonet) var. Təbii ki, burada o bölgənin ədəbi
mühitinin istedadlı nümayəndəsi Şəkər
Aslanın təsirini unutmaq olmaz. Onun "Lənkəran
sonetləri" və "Sonetlər çələngi"ndən
sonra elə bil, Lənkəranda yaşayan şairlər
arasında "sonet yarışı" başlandı.
Bu sonet müəllifləri müxtəlif mövzulara
müraciət etmişlər: yaşadıqları Lənkəranın
təbii gözəllikləri, məhəbbətin, sevginin tərənnümü,
vətənpərvərlik, yurdsevərlik duyğuları,
ayrı-ayrı mənəvi keyfiyyətlərin poetik təsviri,
son illərdə isə şəhidlik və müharibə
mövzuları. Burada Şəkər Aslanın
sonetlərini xüsusilə fərqləndirmək
lazımdır. Onun sonetləri (əsasən
italyan sonetləri formasında) öz bədii-sənətkarlıq
tamlığı, mövzu-ideya bütövlüyü, bədii
təvir vasitələrinin rəngarəngliyinə görə
seçilir. Bunu S.Əsədullayev də, H.Həşimli
də, E.Səfərli də etiraf edirlər.
Hər
ölüb gedənlə ölər məhəbbət,
Yox, belə
düşünmə, düşünmə belə!
Ölüm
məhv eləyir hər şeyi, fəqət
Bircə bacarmayır məhəbbət ilə.
Ölüm
qəzəblənib gələrsə əgər,
Ölməzlik gətirər sevənlər
üçün.
Elə
buna görə deyildir məgər,
Leyli də yaşayır, Məcnun da bu gün.
Sevən
ürəklərin harayı, səsi,
Ən
kiçik, ən zərif sevgi nəğməsi
Əsrdən-əsrə gedən ox olar.
Dünyada
sevginin heç itmir izi,
Hər
bir ölənin də büllur sevgisi,
Hər bir doğulanla yenə doğular.
Bu sonet Şəkər Aslanın "Ömrün
yayında" sonetlər çələngindəndir (XIII
sonet).
Bütün çələng boyu Ş.Aslan məhəbbəti
- bu ali hissi tərənnüm edir. Və deyək ki, məzmunu formaya qurban vermir.
Burada qeyd edək ki, Azərbaycan ədəbiyyatında
sonetlər çələnginin ilk nümunəsini
("Ömrün yayında") 1978-ci ildə Şəkər
Aslan yaratmışdır. H.Həşimli
adını çəkdiyimiz həmin monoqrafiyada sonetlər
çələnginin də yaranma tarixindən söz
açır. Məlum olur ki, sonet kimi,
sonetlər çələngi də İtaliyada
yaranmışdır və bir sıra Avropa ədəbiyyatlarında,
xüsusilə rus poeziyasında geniş
yayılmışdır. Şəkər Aslan hansısa
yazısında qeyd edir ki, onun sonetlər çələnginıi
yazmasında rus şairi V.Solouxinin təkidi və təsiri
olmuşdur. Ş.Aslanı ondan artıq sonetlər
silsiləsinin və sonetlər çələnginin
ımüəllifidir.
Qısaca sonetlər çələnginin özəlliyindən
söz açaq. Sonetlər çələngi on beş
sonetdən ibarətdər və bu on beş sonet bir-birilə
eyni ideya ətrafında əlaqələndirilir. Amma bu çələngdə formal -
qaçılmaz bir qayda var ki, ona mütləq əməl etməlisən.
On dörd sonetin hər birinin
başlanğıc misrası on beşinci sonetdə təkrar
olunur və sonuncu sonet yaranır. Bundan
başqa, birinci sonetin sonuncu misrası ikinci sonetin əvvəlində,
ikinci sonetin sonuncu misrası üçüncü sonetin əvvəlində
(sonrakılar da beləcə) təkrarlanır. Əlbəttə, sonet çələngi yaratmaq
çox çətindir, - deyə düşünə bilərik.
Təbii ki, çətindir, amma Cənub
bölgəsində yaşayan şairlərimiz "Şəkər
Aslan dərsini" yaxşı mənimsəməyə
çalışmışlar. Şəkər Aslanla
yanaşı, Vaqif Hüseynovun sonetlər çələnginin
də ("Məhəbbət əyləncə deyil",
"İnsan", "Lənkəran") Cənub bölgəsi
şairlərinə təsiri az olmayıb.
Onun oğluna həsr etdiyi "İnsan"
sonetlər çələngi həm şeiriyyət
baxımından, həm məzmunca, həm də sonetlər
çələnginin formal qaydalarına əməl etmək
baxımından Azərbaycan sonetinin ən sanballı nümunələrindən
biridir.
Xalı
döşənməyib ömür yoluna,
Büdrəyib aşanda əzilməyəsən.
Qüvvət
yığ dizinə, güc ver qoluna,
Dolayda təngiyib üzülməyəsən.
Qorxunc bir
dərədə yolunu azsan,
Zülmət qurşun kimi çökər üstünə.
Qranit
qayanın köksünü qazsan
Zirvə daş qalağı tökər üstünə.
Ancaq
heç vaxt olma zirvə girinci,
İnci ol, zirvədə nə gəzir inci?
İncini bağrında gizləyir ümman.
Şairin
sözünü yadda saxla gəl:
Hamıdan
ağıllı, hamıdan gözəl,
Hamıdan güclüsən, insan, ey insan.
Təbii ki, bu yazıda Cənub bölgəsində
yaşayan digər şairlərin sonetləri barədə
geniş söhbət açmaq fikrində deyilik. Ancaq son iyirmi ildə az qala bütün
yaradıcılığını sonetə həsr edən
Elşad Səfərlini və Balayar Sadiqi də unutmayaq.
Elşad Səfərlinin 2017-ci ildə "Lənkəran
sonetləri" kitabı çapdan çıxıb və
bu kitabda Elşadın 60 müstəqil soneti və iki sonetlər
çələngi cəm olub. Hüseyn Həşimli
həmin kitaba yazdığı ön sözdə E.Səfərlinin
sonet yaradıcılığındakı
axtarışlarından söz açır. Bu
axtarışlar həm onun mövzu-tematika və bədii-sənətkarlıq
xüsusiyyətlərini əks etdirir, sonet haqqında sonet,
çevrilmiş sonet, yarımçıq sonet, başsız
sonet, məsnəvi sonet, sonet-verlibr, sonet-broxokolon, yaxud
monostix, axsaq sonet, birbaşa sonet, quyruqlu sonet, ikiqat sonet...
növlərini ilk dəfə Azərbaycan poeziyasına gətirir.
Əlbəttə, bu sonet növlərini Azərbaycan
poeziyasında görüntüləmək maraqlı təşəbbüsdr.
Üstəlik, E.Səfərlinin bir sıra
sonetləri ayrı-ayrı sənətkarlara ithaf olunub
(V.Şekspir, B.Pasternak A.Babayev, N.Həsənzadə, Xəlil
Rza Ulutürk Ş.Aslan, V.Hüseynov və b.). Biz E.Səfərliyə onu arzulayaq ki, onun "sonet əməliyyatları"
izsiz qalmasın, digər sonet müəllifləri də
sonetin bu növlərindən istifadə etsinlər.
Nəhayət,
son on ildə sonet yaradıcılığında az qala maksimum həddi də keçən
Balayar Sadiqin sonetlər çələngləri haqqında. Onun "Allahın unutduğu adam" və
"Payız məktubları" kitablarında 12 sonetlər
çələngi toplanıb. Amma bu, nisbi
saydır, 2016-dan üzü bəri Balayarın bir o qədər
də sonetlər çələngi ilə
rastlaşmışıq. Balayar müasir
poeziyamızda heç kimə bənzəməyən, poetik
üslubunun özünəməxsusluğu ilə seçilən
şairdir, Onun şeirlərində poeziyamızın
yaşarı ənənələri ilə modern şeir
çalarları vəhdət təşkil edir. Bu cəhət
özünü onun sonetlər çələnglərində
də hiss etdirir. Biz elə bu jurnalda (2020, ¹ 3-4) dərc
etdirdiyimiz bir resenziyada Balayar Sadiqin Əli Kərim yolunu davam
etdirdiyindən, onun assosiativ şeirə meyil etdiyindən, bənzətmə
və metaforalara üstünlük verdiyindən söz
açmışdıq və onu da qeyd etmişdik ki, Balayar
sonetlər çələngində də uğur qazana bilir. Təbii ki, şair şeirin hansı növünə
müraciət edirsə, onun, əgər belə demək
mümkünsə, poetik sifəti dəyişmir. Şeirlərində olduğu kimi, B.Sadiq sonetlər
çələngində də maraqlı, hətta gözlənilməz
metaforalara, bir sözlə, bədii təsvir vasitələrinə
meyil edir. Təbii ki, onun istər şeirlərində,
istərsə də sonetlər çələngində
içində uğursuz olanları da az
deyil. Amma istər şeir olsun, istər poema, istərsə
də sonetlər çələngi, hər bir poetik əsər
bədii tamlığı və bütövlüyü ilə
diqqəti cəlb etməlidir. Balayarın "Şəhid
arzusutək gülümsə, Vətən",
"Ömrün dan yerinə məktublar", "Həsrət
qoxulu misralar", "Tənhalıq rəngləri" sonetlər
çələngi həm ideya-məzmun, həm də bədii
ustalıq baxımından razılıq doğurur. Necə deyərlər, "çələng" hörülür,
son ilmə də tamamlanır. Bir nümunə:
Ömrün
süd qoxulu uzaqlığından,
Xatirə çayları hönkürüb axır.
Taleyin ot basmış binələrindən,
Bir səs qərib-qərib üzümə baxır.
Yamanca
qarışıb yolların alnı,
Suallar bürüyüb dağı, dərəni.
Uşaq
yaddaşımın əlindən tutub,
Yamyaşıl bir sual aşır bərəni.
Külək
göy çəmənin darayır saçın,
Sürüşüb alnından yaşıl yamacın.
Yetim uşaq kimi çəhlim
çığırır.
Könül,
bu harayın başına dolan,
Bəyaz saçlarımdan o tayda qalan.
Bir kəndçi uşağı məni
çağırır.
Bu sonet Balayarın "Ömrün dan yerinə məktublar"
sonetlər çələngindəndir və Balayarın bir
şair kimi özünəməxsusluğunu bəllədir.
Amma Balayarın poetik ustalığı heç də
bütün sonetlərində aşkara çıxmır.
Yaxşı olar ki, Balayar Sadiq hərdənbir
nəfəsini də dərsin, tez-tez sonetlər çələnginə
üz tutmaq təkrarçılığa da aparıb
çıxarır.
Azərbaycan soneti haqqında oxuduqlarımızı,
müşahidə etdiklərimizi, düşündüklərimizi
ifadə etdik.
"Uzaqdan gələn qonağın" milli
şeirimizdə yerini müəyyənləşdirdik. Sonet müəllifləri haqqında söz
açdıq. Nəticədə, mərhum tədqiqatçı
Hüseyn Həşimlinin Azərbaycan soneti ifadəsinə
haqq qazandırırıq...
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.10-11.