Nəsr və nəzəriyyə: müqəddimə
"Onu sevsəniz də, ona nifrət etsəniz də, ədəbiyyat nəzəriyyəsinin
əhəmiyyəti inkar
edilə bilməz".
Paul Murray
Nəsr və nəzəriyyə ikilisi arasındakı
"soyuq müharibə"dən
danışmaqla başlasaq? "Nəzəri
yanaşma"nı anlaşılmazlıqdan
xilas etməyə cəhd etsək?
Nəzəriyyə qəlizdir deyirlər, haqlıdırlar. Lakin təcrübəsinin yaddaşında
mühafizə etdiyi terminlər, modellər, sxemlər, metodlar, konsepsiyaların adları deyil onu qəlizləşdirən...
Nəzəriyyə ona
görə qəlizdir
ki, daha qəliz olan ədəbiyyatı öyrənir.
O, gerçək ədəbiyyatı
sevir! Bir az düşkündür mətndə ruhun bədənlə, şüurun
şüursuzluqla, sadənin
mürəkkəblə, görünənin
görünməyənlə, düşüncənin dillə,
fikrin sözlə, bütünlükdə, zidd
ucların bir-birilə
harmoniyasına. Nəzəriyyə
üçün ədəbiyyat
fəth olunmalı yüksəklik, kəşf
edilməli dərinlikdir!
Bəlkə də budur, nəsrimizi "nəzəri yanaşma"dan
çəkindirən?!
Nəzəriyyə sualbazdır, həm də çox. Məsələn,
hər dəfə ədəbiyyat haqqında
nəsə yazmaq istəyəndə "Ədəbiyyat
nədir?" sualından
başlamağa məhkumdur.
Sonra bu sualdan törəyən başqaları gəlir: Niyə yazırıq, niyə oxuyuruq? Yazılan nədir? Necə oxunur? Yazar yazdığının
oxunuşunu öncədən
görə bilir? Yazının enerjisi varmı? Yazılanlarla yanaşı, yazıla bilməyənlərin ağrısını
müəllif hiss edirmi,
görürmü? Müəllif
mətni kərpic-kərpic
hörməyi bacarır?
Ən azından, cəhd edirmi? Və başqa yüzlərlə suallara cavab axtara-axtara mətnlərin içində
dolaşır, nəzəriyyənin
hər sualında ədəbiyyatı anlamaq
istəyi var, niyyətində ədəbiyyat
təəssübkeşliyi yatır. Amma cavablarda dərinlik, yenilik, bənzərsizlik, təkrarsızlıq axtarmaq
kimi vərdişi də var. Bəlkə də, budur nəsrimizlə nəzəriyyə
arasındakı soyuq münasibətə şərait
yaradan?!
Həqiqət isə budur ki, bütün nəzəriyyələr mətndən
doğulur, yaxşı
mətnlər nəzəriyyəni
özünü yeniləməyə
vadar edən mətnlərdir. Çağın
ritmini duymayan, səsini zamanın səsinə qatmayan, "köhnə"nin içində
israrla ayaq döyən mətnlər
(sözün geniş
mənasında mətn)
nəzəri yanaşmanı
qəbul etmirlər, xoşlamırlar. Nəzəriyyə
də öz növbəsində onları
ədəbi mətn adlandırmamaqda israrlıdır.
Özünü dünyaya
ifadənin yarımçıqlığı
ilə dünyanı özünə anlatmağın
natamamlığı arasında
əziyyət çəkən
mətnlər nəzəriyyənin
suallarına dözümlü
olmur. Nəzəriyyə
etalon fikirlər və
qəliblərlə düşünmür,
qəbul edilən ümumi rəyin əksinə, qəliblərə
uyğunlaşdırılmış,
"səliqəli-ütülü" cümlələrin içində
sıxışıb qalmış
mətnlərlə ünsiyyət
qurmaqda əziyyət çəkir. Nəzəriyyə,
sözün əsl mənasında, cəsarətli
mətnləri sevir, tərəddüdləri, qorxuları,
şübhələri ilə
savaşan mətnlərlə
dialoqda olmağı xoşlayır. Nəzəriyyə
bilir ki, müəllif fikirdən sözə gedərkən
özündən əvvəlkilərin
getdiyi yolla gedəndə oxucu da artıq çoxdan
hamıya məlum bu tapdanmış yolla sözdən fikrə qayıdır, ədəbiyyatsızlaşma başlayır.
Müəllif fikirdən
sözə yeni yollar salanda, yolları özü axtarıb tapanda, oxucusuna da sözdən
fikrə aparan yollar yaratmaq şansı və imkanı verəndə hər şey dəyişir, ədəbiyyat
yaranır. "Nəzəri
yanaşma" suallarına
cavab tapmaq üçün nəsrdə
oxucu tərəfindən
darmadağın olacağını
bilə-bilə, kərpic-kərpic
mətn hörənləri,
yazdıqları ilə
yanaşı yaza bilmədiklərindən xəbərdar
olanları, dillə savaşanları, oxucunu sətirlərarası səyahətə
çıxarmağa cəhd
edənləri, bir sözlə, əsl ədəbiyyatı axtarır,
tapanda isə uşaq kimi sevinir.
Sevindiricidir ki, ötən iki ilin nəsrində
nəzəriyyənin "zəhlətökən"
suallarına tab gətirəcək
mətnlər oldu. Nəsrlə
nəzəriyyənin debatına
şərait yaradan belə mətnlər haqqında məruzənin
geniş variantında
ətraflı danışılacaq,
qısaca olaraq belə deyək: Bu mətnlərdən bəziləri,
nəzəriyyə (elmi
olanla) və ədəbiyyat (bədii olan) arasında dolu və ya
boş nə varsa, hamısını hörümçək toru
kimi toxuyub qarşımıza çıxarır,
bəzilərində üslub
parodiyası və müəllif mifinin funksionallığı bir-birinə
qarışır, bəzilərində
dilin qəlibləşmiş
ifadələrindən qaçmaq
cəhdi, dilin poetikliyinə qarşı
çıxaraq, onu çılpaqlaşdırmaq, dilin
intellektual düşüncəni
əks etdirmə potensialını aşkarlamaq
istəyi üzə çıxır, bəziləri
əksinə, dilin metaforik layında yeni dünya qurmağa can atır, bəziləri mətnqurma
və anlatma mexanizmi ilə fərqlənən təhkiyəçilər
qalereyası yaradır,
bəziləri texnokrat
gələcəyin dili
ilə bugünü görür və göstərir. Belə mətnlərdə adi situasiyalar mətnləşə
bilir, müəlliflərin
mühəndis həssaslığı
və sənətkar incəliyi ilə qurduqları bu dünyada təhkiyə içindəki harmonik enerjini mühafizə edən qəsrə bənzəyir. Nəzəriyyə
isə bu qəsrləri kəşf
etməkdən həzz
alan səyyaha!
Deməli,
mətnə nəzəri
yanaşmaq mətnin zirvələrini görməkdir,
mətnin ən dərin çökəkliklərində
axtarış etməkdir
və sonda əliboş qalmamaqdır!
Nəzəriyyəni tapıntıdan
məhrum etməyən
nəsrimizə minnətdarlıqla...
Maral YAQUBOVA
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.11.