Ədəbiyyat nəzəriyyəsi:
2020-2021-ci ilin
görünən faktları və
perspektivləri
2020-2021-ci illərdə ədəbiyyat nəzəriyyəsinin
aktual problemlərinə həsr olunmuş monoqrafiya və məqalələr
yazılmış, dissertasiyalar müdafiə olunmuş, tərcümələr
edilmiş, elmi seminarlar keçirilmişdir.
Akademik
İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud":
yazılı epos və ya epopeya", Moskvada rus dilində nəşr
edilən "Ədəbiyyat: zaman və müasirlik",
Cavanşir Yusiflinin "Sözdən əşyaya", Tahirə
Məmmədin "Milli kimlik və bədii mətn", Suad
Əfəndiyevanın "XX əsr rus və Azərbaycan
poeziyası qarşılıqlı əlaqələr
kontekstində" kitabları aktuallığı və
müasir elmi-nəzəri səviyyəsi ilə diqqəti
çəkir.
"Kitabi-Dədə
Qorqud": yazılı epos və ya epopeya",
monoqrafiyası həm poetika problemləri, həm də humanitar
elmi fikrin, ədəbiyyatşünaslığın nəzəri-strateji
istiqaməti baxımından maraq doğurur. "Kitabi-Dədə
Qorqud" əsasında epos və epopeyanın tipoloji
müqayisəsi və qarşılıqlı əlaqəsi
probleminə aydınlıq gətirmək üçün
müəllif abidəni sistemli elmi təhlilə cəlb edir.
Folklor və yazılı ədəbiyyat, mif və epos, tarix və
dastan, invariant-variant, tarixi şəxsiyyət-müəllif
obrazı-övliya-ədəbi qəhrəman, söyləyici
və yazıya alan, mədəni coğrafiya və ərazi
coğrafiyası, mədəniyyətlərin sivilizasiyası,
ümumtürk mədəniyyətinə, ədəbiyyatına
"Dədə Qorqud"la verilən töhfə, dastanda
dövlətçilik şüuru, əsərin dili, nəsr
və şeir texnikası, boy-dastan-oğuznamə əlaqəsi,
mətn və ya nüsxə variantları, dünya
xalqlarının qədim yazılı eposlarının janr və
müəlliflik məsələsinin Azərbaycan abidəsi ilə
müqayisəsi və s. kimi mühüm problemlər
monoqrafiyada bir-birilə əlaqədə, tipoloji müqayisədə
tədqiq olunur. Tədqiqatın
çoxplanlılığı araşdırmanın
özünə epik çoxplanlılıq gətirir və
yeni elmi tədqiqatları stimullaşdırır.
Qədim abidələrin - istər arxaik-mifoloji, istərsə
də tarixi mərhələyə aid olsun, janrları haqda nəzəri
fikir və mülahizələr mövcuddur. Orxon-Yenisey
abidələri, uyğur ədəbiyyatına aid mətnlər
yazılı ədəbi mətnlərin janrlaşması
problemi ilə əlaqədar tədqiqat predmeti olmuş və
bu sahədə qətiyyətli, həm də mübahisəli
görüşlər irəli sürülmüşdür.
Daha çox yazıya alınmış epos kimi
qəbul edilməklə, Dədə Qorqud dastanlarının
janrı məsələsi ətrafında da tədqiqatçılar
maraqlı müddəalar irəli sürmüşlər.
Lakin eposun janrı məsələsi ilk dəfə
monoqrafiya probleminə çevrilmişdir.
İsa
müəllimin Moskvada rus dilində nəşr edilən
"Ədəbiyyat: zaman və müasirlik" (2020)
kitabında mövzuların əksəriyyəti nəzəriyyəyə
həsr olunmuşdur. Son illər üzərində
ardıcıllıqla durub araşdırdığı nəzəri
problemlər, xüsusən Azərbaycan ədəbiyyatının
dövrləşdirmə konsepsiyası, satiranın ədəbi
növ olması ilə bağlı nəzəriyyə kitabda
yer almaqla rusdilli auditoriyada Azərbaycan ədəbiyyatının
öyrənilməsi, tədqiqi imkanlarını
artırmışdır.
Cavanşir Yusiflinin "Sözdən əşyaya"
(2020) kitabında poetik mətnin təşkili, yaranması və
qavranılması mexanizminin nəzəri prinsipləri nəzərə
alınaraq Səlim Babullaoğlunun şeirləri təhlil
olunmuşdur.
Mətnə canlı orqanizm kimi yanaşan tədqiqatçı
onunla ünsiyyətə girərkən sanki özü də
mətnləşir və qarşı mətnlə - şeirlə
səmimi dialoq qurulur. Müəllif mətni
dəyərləndirərkən diqqəti sözün, səsin
musiqisinə, ətrinə yönəldir, boşluqlarda,
sükutda gizlənən dərinliklərə dalır.
O, mətnin struktur-semantik qatlarını şeirə xələl
gətirmədən, şeiri öldürmədən
açmağa çalışır. Kitab məqalə,
esse, mətn incələnməsinə aid dialoqlardan ibarət
olsa da, poetik mətnin təhlil mexanizmini öyrənən
bütöv bir əsər təəssüratı oyadır.
Mənim tamamlayıb çap etdirdiyim "Milli kimlik və
bədii mətn" (2020) monoqrafiyasında müəllifin, həm
də mətnin milli kimliyi, milli kimliyin mətndə
proyeksiyası kimi məsələlər fərqli mərhələlərin
ədəbiyyatı əsasında təhlil olunur. Monoqrafiyada ana
dilində yazmayan müəllifin milli kimliyinin müəyyənləşdirilməsi,
formaca milli, məzmunca sosialist prinsipinin əsas tələblərdən
biri olduğu sovet ədəbiyyatında, milli kimlik üzərində
siyasi basqı olan cəmiyyətlərdə milli kimliyin ədəbiyyatda
ifadə yolları kimi aktual problemlər
araşdırılır.
Suad Əfəndiyevanın 2021-ci ildə müdafiə
etdiyi fəlsəfə doktorluğu dissertasiyası əsasında
hazırlayıb çap etdirdiyi monoqrafiyada rus və Azərbaycan
ədəbiyyatlarında şeir şəkillərinin,
janrların qarşılıqlı əlaqəsi tədqiq
olunur. Monoqrafiyada əlaqələrin bir yönlü yox,
qarşılıqlı götürülməsi tədqiqatın
aktuallığını şərtləndirib. Müəllif Şərq, o cümlədən Azərbaycan
şeir şəkillərinin rus ədəbiyyatına təsiri
və qarşılıqlı şəkildə əks təsir
məsələlərini araşdıraraq əhəmiyyətli
elmi nəticələrə gəlib.
2021-ci ildə ədəbiyyat nəzəriyyəsinin
uğurlu faktları sırasında müdafiə olunan
dissertasiyalar önəmli yerə sahibdir.
Azərbaycan Dillər Universitetinin dissertantı
f.ü.f.d., dosent Şəhla Nağıyevanın "Poetik tərcümədə
obrazların verilməsi üsulları (Azərbaycan və
ingilis poeziyasının qarşılıqlı tərcüməsində
adekvatlığın saxlanması)" dissertasiyasında bədii
mətnlərin iki dildən qarşılıqlı tərcüməsində
rast gəlinən problemlər, forma və məzmun
adekvatlığının qorunması,
obrazlılığın itməməsi və obrazlar sisteminin
verilməsi üsulları araşdırılır.
Ədəbiyyat nəzəriyyəsininin aktual problemlərinin
həlli, Azərbaycan elmi fikrinin müasir nəzəri
paradiqmalarla zənginləşməsi sahəsində gənc
mütəxəssislər öz fəallıqları ilə
seçilirlər. Bu sahədə AMEA, xüsusən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu xüsusilə
fərqlənir. Elmimizin gəncləşməsi,
tədqiqatların müasirləşməsi sahəsində ədəbiyyat
nəzəriyyəsinin inkişafı qənaətbəxşdir.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun dissertant və
doktorantları Suad Əfəndiyeva, Nərminə Hüseynova,
Aysel Qurbanova, Mehri Quliyeva, Ədəbiyyat Muzeyinin doktorantı
Təranə Rüstəmovanın 2021-ci ildə müdafiə
olunan fəlsəfə doktorluğu dissertasiyaları ədəbiyyat
nəzəriyyəsinin aktual problemlərinə həsr
olunmuşdur.
Nərminə
Hüseynovanın "Bədii ədəbiyyatda artıq adam problemi" dissertasiyası Azərbaycanda bu
sahədəki ilk tədqiqat işi kimi diqqətəlayiqdir.
Dissertant Azərbaycan ədəbiyyatında artıq adam
obrazının milli spesifikasını müəyyənləşdirmək
məqsədilə folklor və divan ədəbiyyatı ənənələrini,
maarifçi ziyalı obrazını, ədəbi mühit və
kontekst şərtlərini tədqiqata cəlb etmiş, XX əsrin
ilk onillikləri Azərbaycan ədəbiyyatında, xüsusən
tənqidi realizm cərəyanında artıq adam
obrazının təsnifatını aparmış, 60-cı
illər Azərbaycan ədəbiyyatında artıq adam
probleminə diqqət yönəldərək "qəribə
adam" və ədəbiyyatda faciəviliyi ehtiva edən qəhrəmanları
artıq adam tipajlarının daşıyıcıları
kimi xarakterizə etmiş, 70-ci illər və Müstəqillik
dövrü ədəbiyyatımızda artıq adam
obrazının yeni təzahürlərini araşdırıb
üzə çıxarmışdır. Bir sıra problemlər,
xüsusən XX əsrin son onillikləri və Müstəqillik
dövründə artıq adam
obrazının mövcudluğu, artıq adamın qadın
tipi məsələləri ilk dəfə bu dissertasiyada
araşdırılıb müəyyənləşdirilmişdir.
Aysel Qurbanovanın "Azərbaycan romantizmində milli
ruhun bədii ifadəsi" tədqiqat işində əsas məqsəd
Azərbaycan romantizminə nəzəri kateqoriyaların
sabitliyi və dəyişkənliyi paradiqmasından nəzər
salıb ondakı milli-genetik yaddaşı üzə
çıxarmaq, ədəbiyyat və cəmiyyət, ədəbiyyat
və ideologiya məsələlərinin poetik strukturda ifadəsi
problemlərinə aydınlıq gətirməkdir. Dissertant Qərb,
Osmanlı-türk romantizmi ilə müqayisədə Azərbaycan
romantizminin özünəməxsusluqlarını onda öz əksini
tapan milli ruh və onun qaynaqları, ifadə vasitələri
ilə izah edib üzə çıxarmışdır.
Mehri Quliyeva "XX əsrin əvvəlləri Azərbaycan
hekayəsinin poetikası" dissertasiyasında Azərbaycan ədəbiyyatı
faktları dünya ədəbiyyatında təsdiqini
tapmış Mopasan, Çexov, Kafka hekayə modelləri ilə
müqayisə olunur, milli model müəyyənləşdirilir. Azərbaycan hekayəsində
milli modelin mövcudluğunu və özünütəsdiqini
əsaslandırmaq üçün dissertant Mirzə Cəlil,
Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir, Süleyman
Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Abbas Səhhət,
Əli bəy Hüseynzadə və b. hekayə mətnlərini
Şərq-Qərb kontekstində müasir təhlil metodları
ilə araşdırır və ciddi elmi müddəalarla
çıxış edir.
Təranə Rüstəmovanın "Azərbaycan təmsillərinin
tipologiyası" dissertasiyasında fərqli regionlardan
başlanğıc götürən ənənələrin əlaqələndirilməsi,
milli ədəbiyyatda gerçəkləşən sintezləşmə,
fərdi yaradıcılıqda üzə çıxan
spesifik xüsusiyyətlərə aydınlıq gətirilməyə
çalışılmışdır. Dissertasiya
işində təmsilin janrlar sistemində yeri, ədəbiyyatda
ona geniş müraciətin səbəbləri, sosial əsasları,
dəyişən kontekst şərtlərində
qazandığı yeni keyfiyyətlər aparıcı təmsilçilərin
yaradıcılığı əsasında elmi təhlilə
cəlb olunur.
2020-2021-ci illər ədəbiyyat nəzəriyyəsinə
aid dərs vəsaitlərinin yazılıb çap
olunması ilə də əlamətdardır.
Asif Hacılının dərsliklərinin Rusiya
Federasiyası universitetlərinin sifarişi ilə
yazılması alimimizin və elmimizin respublikadan kənardakı
nüfuzunu göstərən qiymətli faktlardandır. Alimin "XX əsrin ikinci
yarısı rus nəsri: mifopoetika problemi", "XX-XXI əsrin
kəsişmələrində rus nəsri: əsas cərəyan
və təmayüllər" dərs vəsaitləri 2021-ci
ildə Saratov Universitetinin sifarişi ilə
yazılmış və universitetdə tədris olunur.
2021-ci ildə mərhum ədəbiyyatşünas Məhəmmədəli
Mustafayevin müəllifi olduğu "Ədəbiyyat nəzəriyyəsi"
dərs vəsaiti də işıq üzü
görmüşdür. Azərbaycanda ədəbiyyatşünaslığın
bir elm sahəsi kimi formalaşıb inkişaf etməsində
Məhəmmədəli müəllim Türkiyə elmi
mühiti ilə əlaqələri yüksək qiymətləndirir
və bu əlaqələrin, inkişafına öz tədqiqatları
ilə də töhfələr verirdi. Onun
"Ədəbiyyat nəzəriyyəsi" dərsliyi də
bu bütövlüyü nümayiş etdirir. Türkiyə ədəbiyyatşünaslığında
hazırda mövcud olan bölgü və təsnifatları Azərbaycan
ədəbi-nəzəi fikri ilə uzlaşdırmaq, dərsliklərdən
irəli gələn ortaqlıqları təmin etmək Məhəmmədəli
müəllimin bu kitabının əsas məziyyətlərindən
biridir.
2021-ci ildə Azərbaycan ədəbiyyatşünaslığını
zənginləşdirən elmi faktlar sırasına başqa
dillərdən edilən tərcümələr də
daxildir.
Ədəbiyyat nəzəriyyəsinə aid tərcümələr
içərisində Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Aqşin Dadaş-zadənin Boris İvanoviç
Ordınskinin "Poeziya haqqında" əsərinin yüksək
elmi səviyyədə dilimizə tərcüməsi
xüsusilə təqdirəlayiqdir. Aqşin Dadaş-zadə kitabı
rus dilindən Azərbaycan dilinə tərcümə
etmiş, yeri gəldikcə, əsərdə rast gəlinən
ədəbiyyatşünaslıq və incəsənətlə
bağlı terminlərə, şəxs, etnoqrafik, coğrafi
və s. adlara izahlar vermişdir. Bir hissəsi Poetika.İzm
jurnalının 2021-ci il 2-ci sayında dərc
olunan həmin əsər akademik İsa Həbibbəylinin elmi
redaktorluğu və geniş ön sözü ilə
çapa təqdim olunmuşdur.
Boris İvanoviç Ordınski (1823-1861), antik yunan ədəbiyyatı
üzrə mütəxəssis, qədim yunan dilinin mahir
bilicisi, Aristotel yaradıcılığının ən
yaxşı tədqiqatçılarından olmuşdur. Kazan
Universitetinin professoru idi. Onun "Poeziya
haqqında" elmi əsəri büsbütün Aristotelin
"Poetika" traktatı ilə bağlıdır.
Ordınski bu əsəri çərçivəsində
"Poetika"ya müqəddimə yazmış, onu şəxsən
qədim yunan dilindən rus dilinə çevirmiş,
kitabın ikinci yarısında isə "Poetika"nın mətnində ayrı-ayrı mübahisəli
yerlərlə (bütün fəsillər üzrə) əlaqədar
geniş izah və şərhlər vermişdir. Ordınski bütün əsəri boyu Aristotelin mətnində
sual doğuran hər bir cümlə, söz və hərflə
bağlı digər mütəxəssislərlə (şərhçilərlə)
mübahisəyə girişir, öz versiyasını irəli
sürür, onun doğruluğunu əsaslı surətdə
sübut etməyə çalışır.
"Poeziya haqqında" kitabı ilk dəfə
1854-cü ildə Moskvada, W.Guatier nəşriyyatında
çap olunmuşdur.
2020-2021-ci illərdə elmi jurnallarda, xüsusən
Poetika.İzmdə ədəbiyyat nəzəriyyəsinin
aktual problemlərinə həsr olunmuş çoxsaylı məqalələr
çap olunmuşdur. Əlamətdar haldır ki, ədəbiyyat
nəzəriyyəçilərimizin məqalələri, beynəlxalq
konfranslarda etdikləri məruzələr Azərbaycandan kənarda
nüfuzlu, yüksək indeksli jurnallarda və nəşrlərdə
də çap olunmuş, elmimizin dünya miqyasında
tanınmasına töhfə vermişdir. Bu sahədə
İsa Həbibbəyli, Rəhilə Qeybullayeva, Asif
Hacılı, Tahirə Məmməd, Pərvanə İsayeva,
Maral Yaqubova, Ətrabə Gül, Ülviyyə Rəhimova, gənc
tədqiqatçılardan Günel Əhmədova xüsusilə
fərqlənmişlər.
Ədəbiyyat
nəzəriyyəsinin aktual problemləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda daima diqqət
mərkəzində saxlanılmış, Elmi Şura və
sessiyalarda müzakirəyə
çıxarılmışdır. 2020-ci ilin fevral ayında
"Ədəbi cərəyanlar: poetikası və
estetikası" mövzusunda növbəti elmi sessiya
keçirilib. Elmi sessiyada İnstitutun direktoru İsa Həbibbəyli,
əməkdaşlar Tahirə Məmməd, Cavanşir Yusifli,
Pərvanə İsayeva, Maral Yaqubova, Elnarə Qaragözova,
Şəfa Əliyeva, Dilarə Əliyeva maraqlı elmi məruzələrlə
çıxış ediblər.
Nəzəriyyə hər bir elm sahəsinin
inkişafında mühüm rol oynayır və Azərbaycan ədəbiyyat
nəzəriyyəçiləri öz elmi fəaliyyətləri
ilə təqdirəlayiq fəaliyyət göstərirlər. Öz məsləkdaşlarıma
uğurlar arzulayıram, xahiş edirəm diqqətdən kənarda
qalan faktları pandemiya dövrünün zəiflətdiyi ünsiyyətlə
əlaqələndirəsiniz və məruzənin kitab
üçün hazırlanan variantına qədər
2020-2021-ci illərdə çap olunmuş elmi tədqiqatlarınızı
bizə çatdırasınız.
Tahirə MƏMMƏD
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5 mart.- S.13.