Barometr
Oçerk günün ədəbi mənzərəsində
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun 2020-2021-ci illər ədəbi
prosesinə həsr olunmuş müşavirəsindəki məruzənin
ixtisar olunmuş variantı
XX əsrin
90-cı illərində cəmiyyətin sosializmdən, ədəbiyyatın
sosializm realizmindən xilas olması ilə mövcud ideoloji
stereotiplər aradan qaldırılaraq, milli-kulturoloji zəminə
söykənən yeni baxışlar sisteminin əsası
qoyuldu. Müasir ədəbi prosesin yenidən dəyərləndirilməsi,
bir sıra nəzəri məsələlərin yeni təfəkkür
işığında təhlilə cəlb olunması
aktuallaşdı. Cəmiyyətdə paradoksların tüğyanı
bütövlükdə humanitar mədəniyyəti dəb,
yoxsa dəyər dilemması ilə sınağa çəkdi.
İctimai-siyasi
təsisatlar mədəni mühitin yalnız məzmununa və
mahiyyətinə nüfuz etmir. Dəyişikliyin və trendin
leksik şərtiliyini yönləndirməsi ilə dövriyyədə
olan ritorik sistemi də dəyişir. Bu, hər şeydən əvvəl,
sənətin və yaradıcı fərdin üslubunda, dil
sistemində özünü göstərir. Ənənəyə
münasibətdə nihilist mövqe nümayişi mədəniyyət
intellektinin ötürülməsində, milli humanitar
düşüncədə rabitənin qırılması kimi
arzuolunmaz təhlükənin səviyyəsini artırır.
Bədii
yaradıcılıq janrlarının keyfiyyət dəyişikliklərinə
məruz qalması da tez-tez polemika predmetinə çevrilir.
Tarixin şəkli kimi qiymətləndirilən janrlar ədəbi
məktəblər, istiqamətlər çərçivəsində
canlı ədəbi prosesi tərk edir, canlanır, dominant
olur, əriyir... Müəyyən janrlar az qala survival qalıq
kimi qələmə verilir, onların arxivə göndərilməsi
təkliflərinin izahı siyasi-ideoloji ştamplarla
müşayiət olunur. İctimai-siyasi həyat məsələlərini
işıqlandıran ədəbiyyat növü - publisistika
janrlarına, xüsusilə oçerkə münasibət də
bu sıradadır. Təəssüf ki, janr nəzəriyyələri
yalnız üzdə olan, ilk baxışda nəzərə
çarpan nüanslar üzərində dayanmaqla,
"copy-past" yolu ilə, simulyativ effektlərə aludəçiliyi
təşviq edir. Humanitar elmlərin qarşılıqlı əlaqəsini
araşdıran komparativistikanın janrlararası əlaqə,
janrların transformasiyası problemini diqqətdə
saxlaması oçerki çıxdaş etmək
hökmündən xilas edə bilər. Xəsis açıq
lüğət məlumatları oçerki epik növün həcm
etibarilə hekayəyə yaxın janrı kimi təqdim edir və
hekayədən fərqini oçerkin faktiki həyat
materialı, sənədlilik əsasında yazılması
kimi izah edir. Sovet ideoloji təlimat materialları da ideoloji təbliğatın
ruporu kimi gördüyü oçerki ideya-məzmun səviyyəsinin
yüksəldilməsinə, eləcə də onun sənətkarlıq
xüsusiyyətlərinin, bədii keyfiyyətinin yüksəldilməsinə
xüsusi diqqət yetirirdi. Maksim Qorkinin "Heç kim
oçerki hekayədən fərqləndirən müəyyən
əlamətləri kifayət qədər
aydınlığı ilə verə bilməz" fikrini
vikipediya məlumatının təsdiqi kimi qəbul etmək
olar.
Son
iki ilin ədəbi mənzərəsində oçerk
janrı necə təqdim olunur? Mövzu ilə bağlı
araşdırma araşdırarkən oçerkin
"qürubunu" əsaslandırmağa
çalışan arqumentlər sırasında "indi həcmcə
böyük yazıların oxunmaması" haqqında həcmcə
xeyli böyük bir yazı diqqətimi həm də
imzasına görə çəkdi. Müəllifin
adını etik baxımdan çəkməyəcəyəm,
əslində, bu arqument tez-tez səsləndirilir və müəyyən
həqiqət də var. Amma "oçerki "esse" əvəz
edir" fikrini birmənalı qəbul etmək də doğru
deyil. Oçerkin taleyinə "ölüm hökmü"
oxuyan bir müsahibədəki məntiq nə qədər təəccüblü
idisə, bir o qədər də təəssüf
doğururdu. Müəllif fikrini belə izah edir ki, publisistika
janrları arasında bircə "oçerk" sözü
ruscadır, elə bu məntiqlə də ümumiyyətlə
janrdan imtina etməyə dəyər(?!). İlk baxışda
Azərbaycan tarixinin meydan idarəçiliyi ovqatı ilə səsləşən,
amiranə tonla müşayiət olunan bu tipli yanaşmalar ən
yumşaq tərzdə deyilsə, mədəni müxtəlifliyə
dözümlü münasibətin müstəsna milli keyfiyyətini
şübhə altına alır. Müstəqilliyə, milli
maraqlara uyğun olmayan atributlardan imtina
çağırışları, eləcə də
onların arzuolunmaz təsirlərilə bağlı
narahatlıq başadüşüləndir. Amma bu
narahatlığın ifadə formaları tolerant mühit,
multikultural yanaşma ilə bağlı humanitar siyasətin
mövqeyinə kölgə salmamalıdır. Cəmiyyətin
qaynar, mürəkkəb həyatında baş verən yenilənmələr,
əsaslı dəyişikliklər oçerki - elə bir
oçerki ki, burada həyat həqiqəti dərindən dərk
edilir, hadisələrin mahiyyəti elmi yolla və sənət
yolu ilə açılır, bu iki yol daim
qarşılıqlı surətdə bu gün də sosial
sifarişə səfərbər edir; müasir münaqişələrin
təbiətini daha cəsarətlə açmaq, həll
yollarını daha ciddi şəkildə axtarmaq, ekoloji və
mənəvi böhran həddini səciyyələndirən
çoxsaylı aktual problemlər, reallığın
simulyasiyası fonunda yeni insanın obrazının cizgilərinin,
onun cəmiyyətdə baş verən dəyişikliklərə
münasibətinin müəyyən edilməsi və s.
mövzular.
Azərbaycan
oçerkinin təsnifatında ədəbi, fəlsəfi,
portret-oçerklər, səyahət oçerkləri, elmi
tarixi oçerkləri son iki ilin mənzərəsində daha
çox nəzərə çarpır.
Yazıçı-dramaturq, filosof Firuz Mustafanın bədii-mənəvi
mədəniyyətin aktual problemləri ilə bağlı
oçerklərini də daxil etdiyi "Fəlsəfə
işığında" kitabı 2020-ci ilin nəşr məhsuludur.
Onun oçerklərinin səciyyəsi kimi dil və
düşüncə sadəliyi, mövzu ilə bağlı
qənaətlərini hökm səviyyəsinə
qaldırmaması, xalqın, millətin özünüdərkində
elmin, mədəniyyətin rolunun düzgün, ardıcıl
şərhidir.
zərbaycan
ədəbi-bədii təcrübəsində səyahətnamələrin
parlaq nümunələri xalqların və ölkələrin
tarixini, həyat və yaşayışını, dövrlərin
ictimai-mədəni həyatını, məişətini,
etnoqrafik mənzərələri öyrənmək,
tanımaq və tanıtmaq baxımından maraqlı bələdçidir.
Siyasi-ideoloji sərhədlərin uzaq saldığı ölkələr
və xalqlar arasında, bir növ, mənəvi körpü
rolunu oynayan səyahət oçerkləri parlaq bədii
publisistika faktı kimi qiymətlidir. Dilarə Adilgilin
"Şərqdə 36 gün" (jurnal variantı "Azərbaycan"
jurnalında dərc olunub) kitabı (2020-ci il) bədii mətn
kimi oxunmaqla yanaşı, müəllifin
dünyagörüşü, zövqü, intellekti haqqında
təqdimatdır. Telman Orucovun "525-ci qəzet"də (17
oktyabr 2020-ci il) "Yunanıstan: səfər təəssüratları
və zəngin keçmişi barədə düşüncələr"
oçerki də janrın maraqlı nümunəsi olmaqla
yanaşı, süjet ardıcıllığı və
kompozisiya bitkinliyi ilə yadda qalır. Əlbəttə,
nümunələrin sayını artırmaq olar.
Sosioloji
oçerkin mükəmməl nümunələri olan
"Katarsis" (2019), "29-cu gün" (2019),
"Ağıldan bəla" (2020), "İslam və
elm" (2021) yazıları ixtisasca riyaziyyatçı olan
professor Fuad Vəliyevin vətəndaş - alim kimi böhran həddini
yaşayan insanlığın, təbiətin və mənəviyyatın
ekologiyası ilə bağlı xəbərdarlığıdır.
Kommunikasiya tipi, üslub xüsusiyyətləri və auditoriya
ünvanlılığı baxımından xüsusi kurslarda
öyrənilməyə tövsiyə oluna biləcək bu
oçerklərin sosial marağın ifadəçisi kimi
çıxış edən müəllifinin intellektual
bazası ayrılıqda nümunə kimi təqdir olunacaq səviyyədədir.
Bir
vaxtlar tənqidçi-ədəbiyyatşünas kimi ədəbi
prosesə fəal və obyektiv müdaxilələri ilə
yadda qalan Nizaməddin Mustafanın "Türk - islam mədəniyyətinin
cüt gücü: şeir və musiqi" ("Azərbaycan"
jurnalı. 2020-ci il N 10-11) adlı elmi-publisistik tədqiqatı
mövzuya konseptual baxışı və şərhi ilə
oçerk müəllifinin fərqli-fərdi psixoloji tipini də
uğurla təqdim edir.
80-ci
illərin sonu, 90-cı illərin əvvəllərindən
başlayaraq, Azərbaycan mətbuatında tarixi oçerklərin
yer alması tarixi keçmişə maraq, tarixi
yaddaşın bərpası və milli mənlik
şüurunun inkişafında xüsusilə əhəmiyyətli
idi. Onlar həm də oçerk müəlliflərinin
intellektual səviyyəsi, elmi dünyagörüşü,
obyektivliyə söykənən şərhləri, polemik
mövzularda ədalətli mövqeyinin aydın ifadəsi olan
publisistik üslubu ilə yadda qalır. Ziya Bünyadov,
Aydın Məmmədov, İlyas Babayev, Nəcəf Nəcəfov
və başqa müəlliflərin bu janrda yazıları
milli azadlıq hərəkatının vüsət
almasına böyük təkan verirdi. Nurəddin Babayevin, Ziyəddin
Göyüşovun, Adil Əsədovun mənəviyyat, əxlaq,
sosial təzadlar, fəlsəfə mövzularını əhatə
edən oçerkləri ictimai müzakirələrə səbəb
olmaqla, cəmiyyətdə sağlam mənəvi mühitə
nail olmaq, polemika mədəniyyəti, plüralist
yanaşmalara yol açırdı. Müstəqillik
dövrü bədii fikrində və ədəbiyyatşünaslığında
yazıçı publisistikası, o cümlədən ədəbi
oçerklər maraq doğurmaqla yanaşı, eyni zamanda
portret oçerkinin maraqlı nümunələri
yaranmışdır. Janrın təkamülünü izləməyə
imkan verən biblioqrafik nəşrlərlə
tanışlıq deməyə əsas verir ki, "Azərbaycan"
jurnalının, "Ədəbiyyat qəzeti"nin,
"525-ci qəzet"in səhifələrində
oçerkin onlarca nümunəsi qorunur.
AMEA
Elm Tarixi İnstitutunun hazırladığı "Təbiətşünaslığın
tarixinə dair oçerklər"i cari təqvimin uğurlu nəşri
həm də bu sahədə ilk mühüm mənbə kimi
qiymətləndirilir.
"Azərbaycanın
hərb tarixi. Tarixi oçerklər" kitabı da 2021-ci ilin
nəşrləri sırasındadır.
Azərbaycanın
siyasi müstəqilliyinin 25 illiyi münasibətilə AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr
etdirdiyi ikicildlik "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı" kitabında toplanmış ədəbi
oçerklərin müəyyən nümunələri bu
janrın aktuallığını itirmədiyindən, forma-məzmun
axtarışlarının dinamikasından danışmağa
əsas verir və elmi tədqiqat predmeti kimi dəyərləndirməyə
açıqdır.
Əlbəttə,
janrın inkişafı, hər şeydən əvvəl,
müəllif yaradıcılığı və müəllif
mövqeyi ilə birbaşa bağlıdır. Azərbaycan
oçerkistikasında kifayət qədər ciddi adların kəmiyyət
çoxluğu həm də janrın bədii sənətkarlıq
mövqeyindən qiymtləndirilməsində keyfiyyət
göstəricisi ola bilmişdirmi? Mirzə İbrahimov, Rəsul
Rza, Mehdi Hüseyn, Əli Vəliyev, Əvəz Sadıq, Mir Cəlal
Paşayev, Qulu Xəlilov, Gülhüseyn Hüseynoğlu,
Şamil Şahməmmədov, Nuhbala Quliyev, İmran
Qasımov, Məmməd Araz, Əlfi Qasımov, Əfqan, Yusif
Əzimzadə, Səyavuş Sərxanlı, Anar, Hidayət,
Rafiq Səməndər, Seyfulla Şamilov və onlarca
imzaların sırasında Rafael Hüseynov, İsa Həbibbəyli,
Qəzənfər Paşayev, Nizami Cəfərov, Nizaməddin
Şəmsizadə, Niyazi Mehdi, Vilayət Quliyev, Qurban Bayramov,
Rüstəm Kamal, Tofiq Nurəli, Loğman Rəşidzadə
- predmetin ictimai əhəmiyyətinin dəqiq
aydınlaşdırılması, mətn sözlüyünə,
"ictimai əxlaq" anlayışına həssaslıq, ədəbi
dilin imkanlarını peşəkarcasına səfərbər
edən, elmi-publisistik dil və üslub özünəməxsusluğu
təqdim edən portret oçerkləri janrın taleyi il
bağlı nikbin düşünməyə əsas verir.
Niyazi Mehdinin "Ədəbiyyat qəzeti"nin 18 fevral 2020-ci
il tarixli sayında dərc olunmuş ""Mən"
olmağımın tarixçəsindən" oçerki
öz baxışı və sözü, faktla işləmək,
çoxsaylı məlumat, müşahidər arasında birləşdirici
tendensiyanın məharətlə təqdiminə asanlıqla
nail olan fikir və intellekt sahibinin obrazını ifadə edir.
Şirindil
Alışanovun elmi-publisistik üslubuna xas olan həmişə
linqvistik obrazlılığın mənadan
uzaqlaşmaması ilə intuitiv və təcrübi biliyin səriştəli
uzlaşması nümunələrindən biri, "Azərbaycan"
qəzetində dərc olunmuş (22.12.2020) "Şərəfli
ömür yolu" oçerkini qeyd etmək istəyirəm.
Professor
Asif Hacılının Axıska türklərinin ernoqrafik
yaddaşına xüsusi diqqətin növbəti nümunəsi
olan "Yaxın və uzaq Borçalı" oçerki
("525-ci qəzet", 17 oktyabr 2020-ci il), Qəşəm Nəcəfzadənin,
Valeh Bahaduroğlunun "Azərbaycan" jurnalında dərc
olunmuş etnoqrafik oçerkləri Tərəkəmə həyatının
yaddaşını yaşatmaqla, bədii nəsr
üçün zəngin material vəd edir.
Ədəbi
tənqidin oçerki "xatırlaması" faktına gəlincə,
Tehran Əlişanoğlunun və Anarın "Söz
dünyası" haqqında "qeydlərim" ("525-ci
qəzet", 10. 2021-ci il) yazıçının kitaba daxil
etdiyi ədəbi oçerklərini təhlil edir, onların ədəbi
fikir tariximizdə yeri və rolu haqqında söz
açır.
2020-2021-ci
illər ədəbi mənzərəsində oçerkin ən
parlaq mövzusu 44 günlük Vətən müharibəsində
Azərbaycan ordusunun Azərbaycan tarixinin ən parlaq zəfərinə
həsr olunmuş "Qarabağ dastanı. Otuz ilin həsrəti
- 44 günün zəfəri" (Bakı, "Təhsil",
2021) hesab oluna bilər. Yenə də Tehran
Əlişanoğlu kitabına daxil edilmiş yazıların
janr təsnifatını apararaq, oçerklərin bədii məziyyətlərindən
"Ədəbiyyat qəzeti"nin səhifələrində
söz açır.
Bununla
belə, izlədiyimiz bu dövrdə tanış olmaq
imkanı əldə etdiyimiz oçerklərdə rast gəlinən
bəzi qüsurları belə ümumiləşdirmək
olar: müəllif məramına xidmət etməli olan publisistik
elementlərdən düzgün istifadə olunmaması, fakt-
problem arasında əsaslandırılmış daxili əlaqənin
olub-olmaması nəzərə alınmır, fikir-fakt
uyğunsuzluğu, materialla səriştəsiz, səthi
davranmaq, kompozisiyanın düzgün qurulmaması. Sanki
"oçerk necə yazılmalıdır?" sualına
cavab kimi, qısa avtobioqrafik faktların vikipediyadan
götürülmüş xəsis məlumatlara
ayrı-ayrı yazılardan montaj yolu ilə
naşıcasına pərçimlənmiş mətn
"yaradılır".
Janrlar
arasında özünəməxsusluqların nəzərə
alınması, klassik formalardan imtina cəhdləri mətbuatımızı,
ədəbi dilimizi bəsitləşdirməklə
yanaşı, bədii-estetik mənzərəni
solğunlaşdırır. Şou-biznesin əsas janrı kimi
təqdim edilən müsahibə insanı, onun
düşüncə və duyğularını verməkdə
nə qədər gücsüzdürsə, robot- jurnalist nəslinin
yetişdirilməsi jurnalistikanın elm, yaradıcılıq
sahələri kimi inkişafını şübhə
altına alır. Zamanın, mühitin obrazının
yaradılması ilə dövrlər və nəsillərarası
əlaqə və bağların möhkəmləndirilməsi
kimi tarixi missiyanın yerinə yetirilməsində jurnalistikanın,
mətbu sözün vəzifə və rolunu unutmaq tarix və
zaman qarşısında cavabdehlik məsuliyyətindən
imtina etməkdir. Konkret olaraq oçerk janrına diqqət
artırılmasına gəlincə, sovet dövrü
oçerkinin ritorika və pafosundan imtina etmək kifayətdir,
onun mədəniyyət tariximizdəki rolunu ideoloji ittihamlarla
heçə endirməklə ədəbi-bədii
düşüncəmiz, jurnalistikamız heç nə
qazanmır. Nəticədə, ədəbiyyatın, yaxud
jurnalistikanın janrı olmasının əhəmiyyəti
yoxdur, əsas odur ki, hər ikisinin materialı söz,
ünvanı insandır.
Yüksək
texnologiyalar, əcnəbi dillər, brend markaların mənimsənilməsi
ilə yanaşı, milli dildə düşünüb
danışmaq, yazmaq vərdişlərini peşəkar fəaliyyət
tərzinə çevirmək mühümdür. Mühüm
olan milli məzmuna malik jurnalistikanın inkişafında
forma-məzmun ahənginə nail olmaqdır.
Südabə AĞABALAYEVA
Ədəbiyyat qəzeti: xüsusi
buraxılış.- 2022.- 5
mart.- S.14-15.